Arzuya, istəyə qol-qanad verən Bahar
Bahar!.. Ana təbiətin işvəkar, nazənin,
istəkli gözəli! Elimin, ulusumun həyat eşqinin ilki, əzəli!
Həyat rişəsi, yaranışın ibtidası,
yaşatmaq həvəsi... Qoy fəsillər inciməsin
heç biri: qarlı qışım, Qələbə
müjdəsilə baharlaşan barlı payızım,
qorabişirən yayım. Bu fəsillərin hər birindən
min bir çalar, rəng alan baharın
xalqımın xilqətində, ruhunda bir özgə yeri var. Bəlkə
ona görə ki, bu xalq yaranışdan təbiət
aşiqi, torpağa bağlı olub? Bəlkə ona görə
ki, bahara bənzərlik - torpağa könül verib,
can verib torpaqdan güc alıb ucalmaq, halal zəhmətlə
min büsat qurmaq, yaratmaqdan, yaşatmaqdan usanmayıb zövq
almaq, saflaşmaq, paklaşmaq istəyi bu xalqın xislətindədir?
Nuh babamın "torpaq" deyib qədəm
basdığı həyatın ilkinindən, Atəşgah
odundan, "Əshabi-kəhf" müqəddəsliyindən,
Haçadağ vüqarından, Əlincə əyilməzliyindən,
Möminə xatın ehtişamından, Araz məhrəmliyindən,
Batabatımın mərcan gözlülüyünə,
Bakı xəzrisinə, aynagözlü masmavi Xəzərimə,
Göygölümə, başıqarlı Kəpəzimə,
Şuşanın şüşətək, incitək saf
bulaqlarına, əzəmətli dağlarına,
yamyaşıl meşələrinə heyranlıqdan gəlir
bu sevgi? Yoxsa, illərlə yasaq edilsə də,
qəlbimizin, ruhumuzun odunda-qorunda yaşada bildiyimiz,
türkün mədəniyyət qədimliyinin etalonu olan
Novruz bayramından gəlir bu munislik, doğmalıq? Bir
də axı, neçə-neçə Vətən oğlu təbiətin
payız fəsli, xəzan çağında illərdir, həsrət
qaldığı Vətən torpağına baş qoyub, son
anda bir əli tətikdə, bir əli ilə vüsalına
yetdiyi Vətən torpağını ovuclayıb
baxışları son dəfə Vətən göylərinə
sancılan igidlərimin bu xalqa ömürlük bahar nəsib
edən nakam ömürlərisən, bu xalqa əmanətisən,
Bahar! Şəhidimin son nəfəsindən, son təbəssümündən
açan Xarıbülbülümsən, bahar!
Vətən
bağı al-əlvandır,
Var
üstündə xarıbülbül!
Ömür
sürməli dövrandır,
Səsin
gəlsin barı bülbül.
Azad
bülbüllərin susmayacaq cəh-cəhi, durnanın yurd
yerinə əminliklə dönüşüsən, bahar!
İgidlərimin al-qanından rəng almış,
bağrı qara al-qırmızı lalələrin səhər
mehindən titrəşə-titrəşə əllərinin
xınası, duvağının rəngi hələ
solmamış bir gözəlin köksündə bir şəhidin
məzarına yürüşüsən, bahar! Azad Vətən
səmasında dalğalanan yaşıl donlu, mavi
gözlü, alyanaqlı gözəlimin - səcdəgahımın
köksündəki ay-ulduzun göy üzündəki
ay-ulduzla yarışısan, bahar!
Elə ki havanın şaqqı sındı,
dağların güney qarı sellərə dönüb
şaqqıldaya-şaqqıldaya özünü yamacların
qoynuna atdı, Bahardır demək. Novruzgülü qar
altından çırpınıb çıxanda, bənövşə
yaz müjdəçisi kimi ellərin gözünün ona
dikildiyini görüb ifallanıb boynunu bükəndə, ləçəkləri
mehin nəvazişindən nazlana-nazlana torpağa baş əyəndə
bahardır demək. Buludlar şuxluq,
şıltaqlıq edib göyü qeyzləndirər,
ildırım çaxar, gözlərindən leysan
tökdümü, açılar göy üzünün
qaşı-qabağı. Bahardır demək.
Elə ki sular oyanıb, bumbuz bulaqlar durulub səmanın
çöhrəsinə güzgü tutdu, xırmanları
sovurub dənini dən, samanını saman edən Yel baba
çağırışımıza hay verib dəyirmanları
işə saldı, qarı nənənin yun əlçimini
qaçırdı, bahardır demək! Elə ki torpaq qar
yorğanını başından atıb cana gəldi, isti nəfəsini
göylərə leysan ərməğanı
üçün göndərdi, Odlar yurdunun od oğlu Günəşdən atəş
alıb bayram tonqalını çatdı, bahardır demək!
Elimin-yurdumun əziz Novruz bayramı gəlir, deməli.
Həyat, yaşıllıq nişanəsi olan səmənimizlə
bərabər, gündə bir boy cücərər ümidlərimiz,
arzularımız, diləklərimiz. Evlər,
həyətlər təmizlənər, abadlaşar, baharın
pişvazına çıxmağa tələsər. Analar-nənələr sandıqlarında,
düyünçələrində yığıb
saxladığı bayramçalıqları ortaya tökər,
sevinər qız-gəlinlər, nəvələr. Dünyadan köç edənlərin ruhu anılar,
ağsaqqallar, ağbircəklər, yada salınar. Bayramlaşmaq, umu-küsüləri unudub
barışmaq, xətir-könül almaq, xəstə,
ahıl ziyarəti, böyükdən kiçiyə
qayğı, nəvaziş xalqımın incə ruhlu, bahar təbiətli
olmasından, saflaşmaq, paklaşmaq, halallaşmaq istəyindən
deyilmi?! Başlayar yurdumun min bir
büsatlı Novruz növrağı. Nişanlı
qızların evinə yol alan bir-birindən
bəzəkli xonçaların tamaşası göz
oxşayar. Qapıpusduya, qulaq falına
çıxanlar, üzük falına inananlar nəsiblərini
bu bahardan alacaqları sevinci ilə şadlanar, bacadan şal
sallayanlar deyiklilərindən bayramlıqların alıb
toxtayar. Dəcəllər bir küncə
çəkilib çaqqışdırıb udduqları rəngbərəng
yumurtaları qalib qəhrəman ədasıyla soyub ləzzətlə
yeməyə başlar, sonra da baba-nənə sovqatı
kişmişi, noğulu, çərəzi
bölüşdürərlər. İlaxır çərşənbə
axşamı qalanan tonqalların alovu şaxə qalxar,
"Atıl-matıl, çərşənbə, Ayna təkin
bəxtim açıl, çərşənbə" deyib
niyyət edən kim,
"Ağırlığım, uğurluğum odlara"
deyib tonqaldan atlanan kim. İlaxır çərşənbənin
səhəri sübh tezdən Qızlar bulağına su
üstünə gedən gözəllər yarışa
çıxıbmış kimi durna qatarıtək səf-səf
düzülər.
Elə ki
qışla yazın mübarizəsində yazın,
torpağın rəmzi Kosa ölməyib dirildi, qəlblərdə
bu yazın xeyir-bərəkətinə ümid cücərər,
bayram şənliyi daha da coşar. El
aşığı telli sazı sinəsinə sıxıb
salamlayar könül yazını:
Budur gəldi
bahar fəsli,
Dağların lala vaxtıdı.
Açılıbdır
qızıl güllər,
Bülbülün bala vaxtıdı.
Əlincə ətəklərində, Şərur
çöllərində, Cıdır düzündə halay
vurub, yallı gedər qız-gəlinlər, qurşaq tutar cəngə
çıxar, cövlan edər igidlər. Qolça qopuzlu Dədəm
Qorqud meydana gəlib alqış edib xeyir-dua verər:
"Axmaz ikən, Qazılıq dağı, sənin
suların, axar oldu! Bitməz ikən, sənin otların, bitər
oldu, Qazılıq dağı, daşa dönmüş keyiklərin
qaçar oldu, Qazılıq dağı! Torpaq adlı
vüsalımıza yetdik artıq! Naxçıvanla, Kəlbəcərlə,
Şuşamızla bir olduq, bölünməz olduq! "Vətən"
deyib qara başın bu toprağa qurban, - deyən ərənlərin
ruhlarına, torpağına sahib çıxan məğrur
xalqa, qalib xalqa salam olsun! Ulu Tanrının
yazdığı torpaq haqqın halal olsun! Əzəli
yurd yerlərimizdə Vətən sevgisinin hərarəti ilə
alovlanan odumuz-ocağımız daim yanar olsun!" Atəşgahda,
Əlincəqalada, Haçadağda, Bəlkə
dağında, Ağrıdağda, Kəpəzdə,
Qoşqarda, Şuşa dağlarında el olub, bir olub,
Tanrı haqqı torpaqlarımızda qurmaq-yaratmaq diləyi ilə
yandırdığımız üç tonqalın alovunun
şöləsi Zəngəzur dağlarına düşər.
Beləcə, od-ocaq qoxusu ana-nənələrimizin əlinin
dadı hopmuş şəkərbura, paxlava, şorqoğal,
badambura, fəsəli, içli bayram çöçəsi
ilə bayram plovunun məstedici ətrinə qarışar. Süfrələrə
yeddiləvin düzülər. Ulularımız
dünyanı, həyatı, kainatı dərk etməyə
can atmaq müdrikliyi ilə bu bayramda süfrələrimizdə
Yerlə Göyü qovuşdurub, Ana torpağın, cücərtinin
rəmzi olan yaşıl səməni ilə kainatın -
Günəşin, ayın, ulduzun, nişanəsi olan şorqoğalı,
şəkərburanı, paxlavanı bir süfrədə
görüşdürüb.
Elə ki tumurcuqlar düymələdi, qönçələrin
gül dodağı qaçdı, "Bu yaz bir başqa
yazdır, ellərin kefi sazdır" deyə
pıçıldayan sevdalı könüllərin də qəlbindəki
arzu-dilək tumurcuqlayar, qönçələyər, pöhrələyər. Elə ki arılar
çiçəkdən-çiçəyə qonub zəhmət
zümzüməsi ilə gülləri, çiçəkləri
oxşayar, bu sevdanın şəhdindən bal
süzülər, ağaclar bara dolar. Təbiət şehlə
yuyunub, mehlə quruyan, günəşin zərrin şəfəqləri
ilə arınıb-daranan gül-çiçəklə bəzədilmiş
min bir rəngli xalı salar çölə-düzə.
O xalının göyqurşağı rəngi düşər
göy üzünə.
Təbiət
özü də bir kitabxana,
Hər dərə məktəbdir, hər dağ müəllim.
O ilk ana
dilim, o kitab-anam,
Bir də əlinizə yetərmi əlim?
- deyən böyük şairimiz Məmməd
Arazın təbirincə söyləsək, "macqal dilində
çöl əlifbam"ın təbiət dərsi
başlayar beləcə. Bu dərsi keçməyən
oxuya bilməz Gəmiqaya adlı daş kitabəmi. Bu
günümdən dünənimə qulaq dinlədikcə qədim
tarix dərəsindən eşidərsən rəncbər,
çölçü, maldar babamın halal zəhmət səsini:
"Orağı yağla", "dəryazı döy",
"cütü qulaqla", "qoşqunu sazla", "dəstələ
yemişan kolunu".
Qara
öküz aranda,
Çıxar
gün qızaranda,
Hodaq
murada çatar,
Torpaqdan
bar alanda.
Sübh erkəndən çoban tütəyinin
yanıqlı səsi quşların cəh-cəhinə
qarışanda qoyun-quzu yarpız, əvəlik,
baldırğan ətirli dağ döşünə, bulaq
başına, yamaclara yayılar. Yenicə
torpağın altından baş qaldıran quşəppəyidən,
cincilimdən, yarpızdan qırpıdan mal-davar axşam
qaş qaralanda yelinləri dolu qayıdarlar örüşdən.
Mənim sağıcı, sayaçı nənəm
onları oxşaya-oxşaya:
Dağlardan
endi qoyun
Dolaşdı
bəndi qoyun
Süd-qaymağı
bol eylə,
Sevindir kəndi, qoyun.
Beləcə, dolub daşar badyalarda, sərniclərdə
süd, bulama, ağüz. Bol olar kəndlinin pendiri,
qatığı, qaymağı.
Vaxt olub, yarpız, kəklikotu, əvəlik, quşəppəyi, cincilim, çiriş, cacıq - dağların ruzi payı, bağların ərik, tutqurusu, tənəklərin kişmişvarı son ümid yeri olub bu elin, bu ulsun. Amma sınmayıb, əyilməyib, qanıyla, canıyla satın alıb torpağını yağılardan. Babalarımızın zəhmət əlifbası ilə öyrəndiyimiz halallıq dərsi doldurub təknələrimizi. Həm bu yurdu qoruyub, həm yurda dayaq olmuşuq, bu torpağın al dilini, ver dilini öyrənməklə artırmışıq ruzimizi, gözəlləşib abad olub yurd yerimiz. Tanımarsan indi boz çöllərdən zəmi-zəmi dalğalanan, ting-ting yaşıllaşan, qabarlı əllərlə, alıntəri ilə gülüstana döndərilən yurd yerini. Bir vaxt insan mehri üçün qəribsəyən bu torpaq guruldayan, nərildəyən texnikalarla altı-üstünə çevrildikcə cana gəlir, bara dolur, varın qoyur ortaya. Bir zamanlar aşıb-daşan, nəğmələri nisgil dolu Arpaçayım bu gün zəhmət, hünər dastanından söhbət açır. Buna görə aşiqinəm, Bahar! Məramımda, xislətimdə ruhumdasan! Təbiətin coşan-çağlayan bəxtəvər çağı! Yaranışın, oyanışın, dirçəlişin ilki-əzəli! Şeiriyyətim, ülviyyətim! Arzuların, ümidlərin tumurcuq-tumurcuq boy atdığı, Günəş hərarətli, torpaq ətirli Bahar! Çiçək ətirli zərif yellərinin əsintisi ruhumu oxşadıqca həyat işartılarımı tonqal-tonqal alovlandıran Bahar! Ana Təbiətin ən xoş növrağı, səxavət dəmi! Çiçəyin böcəyə, gülün bülbülə işvə-naz çağı! Qara xallı alyanaq tək allanan çətir-çətir lalələrin bayramı Bahar! Ruhumu qönçə-qönçə pərvazlandıran Bahar! Elimə-obama sevinc, xoşbəxtlik, ruzi-bərəkət, səadət gətir! Göz yaşlarını güllərin şəbnəmi, qan-qadanı lalələrin qan rəngi, qəzəbləri, nifrətləri, kinləri ildırımın ahəngi əvəzləsin! Leysan-leysan yu dərdləri, ələmləri! Çaylarında, göllərində arınaq, durulaq! Arzularımız çölün-düzün kimi çiçək açsın! Günəşinin atəşindən od aldıqca ürəklər, çin olsun qoy ən xoş arzu-diləklər! Gəl baharım, çiçək-çiçək, ləçək-ləçək, ətir-ətir, çətir-çətir ruhuma hop! Aşiqinəm, gözəl bahar!
Mehriban SULTAN
Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
525-ci qəzet.- 2022.- 19 mart.- S.24.