“Sənət əbədi, ömür
qısadır”
Son günlər dünyanın
ən aktual mövzusu Ukraynanın işğalı, ən çox işlədilən
kəlməsi isə Rusiyadır. Rusiya hökumətinin mütəmadi olaraq dünyaya barmaq silkələməsi və
atılan ağlasığmaz
addımlar hər kəsi düşündürür.
Lakin tarixə boylananda görürsən ki, Rusiya rəhbərlərinin
bu dağıdıcı
eqosu əsrlər öncəki çarlarda da olub, knyazlarda
da.
Moskvaya son səfərimdə
təsadüfən bir
azərbaycanlının taksisinə
əyləşdim. Sürücü həmyerli olduğumuzu bilən kimi ürəyi açıldı.
Bakının Moskvadan daha
gözəl olduğunu
deyir, şəhərimizi
öydükcə öyürdü.
Tverskayadan keçəndə
əlini Kreml sarayına uzatdı: "Moskvada bircə bura gözəldi. Çünki onu şamaxılı
balası Əliş tikib. İndi bunların gizlətdiyinə
baxma, bu şəhəri biz qurub yaratmışıq". Sürücünün vətəndən ötrü
darıxdığı pafos
dolu cümlələrindən
bəlli idi. Amma dediyində böyük həqiqət vardı.
Bütün dünyanı özünə
heyran qoyan, Moskvanın döyünən
ürəyi olan Kreml kimi şah
əsərin memarı
Əliş Sübhan oğlu Kərimlidir.
1322-ci ildə Şamaxıda
doğulan Kərimli sadəcə vətənində
deyil, Yaxın Şərq, Qafqaz, İran, Hindistanda məşhur memarlardan biri olub.
Dəməşq, Msxeta, Təbriz,
Şiraz, Dəbil kimi yerlərdə möhtəşəm tikililərin
müəllifi kimi tanınıb. Şöhrəti Rusiyada da yayılıb. Knyaz Dmitri İvanoviç
Əliş Kərəmlinin
Moskvaya gətirmək
məqsədi ilə elçilərini Şirvanşahların
paytaxtı Şamaxıya
göndərib. Qonaqlar ehtiramla
qarşılanıb. Moskvanın böyük
Knyazının məktubu
Şirvanşah Şeyx
İbrahimə təqdim
edilib. Məktubda Əliş Kərəmlinin
Moskvada möhtəşəm
tikintinin inşasına
dəvətindən bəhs
edilib. Bu, İvanoviçin Şeyx İbrahimə ilk xahiş
məktubu olur. Ona görə də, Kərəmlinin təhlükəsizliyinə
dair Knyazın zəmanətini nəzərə
alaraq bu işə razılıq verib.
Moskvaya gedən
Kərəmli ilə İvanoviç arasında
müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə görəcəyi
işlərdə tam sərbəstlik
verilir. Hətta kimsə özünü
ondan üstün tuta bilməsin deyə, İvanoviç ona boyar titulu və səlahiyyəti verir. Müqavilədə
knyazın yeganə tələbi inşaat işlərinin 4 il
müddətində başa
çatdırılması olur. Kərəmli qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və
min illər boyu Moskvanı qoruyacağına,
göz oxşayacağına,
şəhərin qürur
mənbəyinə çevriləcəyinə
söz verir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir,
sağlam fəhlələr
seçir. Tikintiyə çox sayda
işçi cəlb edilir. İlk gün işləri
hamılıqla icra edirlər. Hətta böyük knyazın
özü də onlara qoşulur.
İnşaatın irəlilədiyi növbəti
illərdə ətrafda
qələbəlik olur,
adamlar dəstə-dəstə
müxtəlif yerlərdən
gəlir, tikilməkdə
olan möhtəşəm
mənzərəyə tamaşa
etməkdən həzz
alırdılar. Maraqlıdır ki, əyanlar
elə o vaxtdan buranı İtaliyadan gətirilmiş Aleksey Kremnıy
adlı rus əsilli memar tikdiyini pıçıldamağa
başlamışdılar. Eqo yenə rus siyasətçilərinə
güc gəlmişdi.
Şamaxılı Əliş Kərimli
deməyi özlərinə
sığışdıra bilməmişdilər.
Dörd il sonra dünyanın memarlıq incisi sayılan Kremlin açılışı olur. Başda Knyaz Dmitri olmaqla hər kəs bu əsrarəngiz gözəlliyin qarşısında heyrətdən donub qalırlar. Kərəmli də bu günü səbrsizliklə gözləyirdi. Çünki Moskvaya gəldiyi gündən bəri Şamaxıda qoyub gəldiyi ailəsinə cəmi bir dəfə baş çəkə bilmişdi. Ona görə də işlərini bitirən kimi Şirvana qayıdır. Ancaq dönüş ərəfəsində Kərəmli ilə Knyaz arasında növbəti razılaşma imzalanır. Qərar alınır ki, Kərəmli Vətəninə dönəcək, yaz bitəndə Moskvaya qayıdacaq, ona çatacaq zəhmət haqqını tam alacaq və şərəfinə veriləcək ziyafətdə iştirak edəcək. Vədə yetişir, memar yenidən Moskvaya gedir, təşkil edilən mərasimə qatılır. Lakin xəstə olduğu üçün Knyazın məclisdə iştirak etməyəcəyi bildirilir. Sən demə, əfsanəvi memar haqqında Knyaz tərəfindən ölüm hökmü verilibmiş. Əmr icra edilir; Kərəmliyə arxadan qılıncla güclü zərbə endirərək başını bədənindən ayırırlar. Qətlin törədilməsində başlıca məqsəd Kremli ucaldan azərbaycanlı memarın imzasını yox etmək, adını tarixdən silmək, Moskvada yaratmış olduğu bu möhtəşəm əsərin başqa ölkədə təkrarı və ya bənzərinin tikilməsini əngəlləmək olur. Təəssüf ki, bu xəbislik, paxıllıq xüsusiyyətləri Rusiyada iqtidara gələn bütün siyasətçilərdə özünü göstərir. Məsələn, 1556-cı ilin avqustunda IV İvan Qroznı tarixi gerçəklikləri saxtalaşdıraraq, xüsusi fərmanla "Keremli" qülləsini "Vodovzvod"a çevirir. 1997-ci ildə Mokvanın 850 illiyini təntənə ilə qeyd edilərkən Baris Yeltsin və şəhər meri Moskvanın tarixi haqqında danışdıqları halda Kremlin yaranma tarixinin üstündən sükutla keçirlər.
Kreml adına gəldikdə isə, XIX əsrin sonlarınacan rus xalqı, dünya ictimaiyyəti, səyyahlar və rəsmi sənədlər bu ölməz sənət abidəsini gah "Keremli", gah "Kremli", gah da qısaca "Kreml" deyə yad edirlər. Beləliklə, "Kreml" adı tam sabitləşərək dünya tarixinə daxil olur.
Yeri gəlmişkən, Əliş Kərəmlinin ölümünə ən çox üzülən onu dəlicəsinə sevən Knyazın bacısı qızı Anna olur. Qız Kərəmlinin öldürülməsindən sonra özünü monastra qapadaraq rahibə həyatı yaşayır və ömrünün sonuna qədər Kərəmlinin məzarını ziyarət edir.
Siyasətçilərin pafosu,
eqosu, ərazi, torpaq, iqtidar iddiaları güclü
və böyük ola
bilər. Amma bütün
bunlar müvəqqətidir, əbədi olan isə sənətin və eşqin
tarixidir. Həm günəş
palçıqla suvanmaz. Əliş Şübhan oğlu Kərəmli
kimi. Öldürərək yox etmək istədikləri, imzasını hər
vəchlə silməyə çalışdıqları Kərəmli
düz altı yüz
qırx yeddi ildir
Moskvanın bağrında parıldayır, Kremlin
son daşı daş üstündə qaldığı
müddətdə parıldamağa davam
edəcək! Hippokratın dediyi kimi, "elm və sənət
əbədi, ömür
qısadır".
Türkan
TURAN
525-ci qəzet.- 2022.- 19 mart.- S.23.