Ordubadinin "Qılınc və qələm"i: tarixi və bədii gerçəklik

 

Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olan Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı oxucuların bu gün də sevərək oxuduğu əsərlərdəndir. Yarım əsrlik bir müddətdə baş vermiş tarixi hadisələri bədii güzgüdə oxucuya təqdim edən romanın süjetinin zavyazkası Atabəy Şəmsəddin Eldənizin ölümü ilə başlayır, əsərin finalı isə Atabəylər dövlətinin Xarəzmşah Cəlaləddinin tərəfindən süquta uğradılması ilə bitir. Böyük tarixi hadisələrin baş verdiyi bu müddətin bədii xronikasında bir dövlətin ömrü fonunda dövrün insanının - müasir azərbaycanlıların babalarının öz vətəni uğrunda mübarizəsi, vətənin keşməkeşli taleyi izlənilir. Akademik İsa Həbibbəyli yazır: "Məmməd Səid Ordubadi hələ keçən əsrin 30-cu illərində keçmiş Sovet ideologiyasının xalqa soy-kökünü, tarixini unutdurmaq, manqurtlaşdırmaq vəzifələrini dövlət səviyyəsində həyata keçirdiyi bir zamanda "Qılınc qələm" tarixi romanını yazmaqla Azərbaycanda milli-mədəni özünüdərk proseslərinin tarazlığını qoruyub saxlamağa şərəflə xidmət göstərmişdir".

M.S.Ordubadinin romanda vermək istədiyi əsas ideya xalqın qurtuluşunun, vətənin azadlığının, çiçəklənməsinin məhz qılıncla qələmin vəhdətindən asılı olmasıdır. Əksər tədqiqatçıların fikrincə, romanın adındakı Qılınc Fəxrəddini, Qələm isə Nizamini simvollaşdırır. Bizim fikrimizcə isə əsərin alt qatında Qılınc Məhəmməd Cahanşah Pəhləvanı, Qələm isə Qızıl Arslanı simvolizə edir. Qılınc qələm kimi ayrılmaz olmalı olan iki qanı bir, canı bir qardaş! Məhəmməd Cahan Pəhləvan əksər hallarda döyüşə, gücə üstünlük verir, hiylələr qarşısında aciz qalır, qəzəbinə yenilir. Qızıl Arslan isə qardaşından daha müdrik davranır, istənilən hadisədə məsləhətə, ağıla, təmkinə üstünlük verir, hadisələrin mahiyyətinə varmağa can atır. Onun Nizami ilə dostluğuna səbəb məhz bu müdriklik sevdasıdır. Yavuz Axundlunun fikrincə, "40-cı illərin amansız rejimi sosialist ideologiyasının tuğyan etdiyi bir vaxtda Qızıl Arslan kimi xalqa rəğbət bəsləyən hökmdar obrazının yaradılması M.S.Ordubadinin cəsarətli addımı sayılmalıdır". Bu iki qardaş arasında fikir ayrılıqları olsa da, M.S.Ordubadi onların bir-birinə olan qardaş sevgisini məharətlə təsvir etməyə nail olur. Təsadüfi deyil ki, Nizaminin sözünə qulaq asmayan Fəxrəddin dəfələrlə tələyə düşür, ölüm təhlükəsi ilə üz-üzə qalır. Qızıl Arslanın sözünə qulaq asmayıb Qətibə ilə evlənən Məhəmməd Cahan Pəhləvan isə bu izdivacla bir sülalənin dövlətin süqutuna qol çəkir. Bəli, Qılınc Qələm olmadan həm özünü, həm ətrafdakıları təhlükənin ağuşuna atır. Qələm Qılıncsız qalib gələ, var ola bilmir. Nizamini Fəxrəddin dəfələrlə ölümdən qurtarır, Qılınc Arslanın müdrikliklə qurduğu yeni düzən, islahatlar qardaşı olmadan həyata keçmir, özü sui-qəsdin qurbanı olur.

 

Əsərdə Nizami həm ideoloq, həm sənətkar, ədib kimi təqdim edilir. M.S.Ordubadinin Nizaminin dilindən verdiyi ədəbi mülahizələr, sənət prinsipləri həm Ordubadinin Nizaminin əsərlərinin ideyasını dərindən bildiyini əks etdirir, həm yazıçının öz fikirlərinin tərcümanına çevrilir. Nizaminin ana dilində yazıb-yaratmağın önəmi, Axsitanla yaşanan insident fonunda M.S.Ordubadi yaşadığı dövrdə ana dilinin getdikcə ikinci plana keçməsinə, rus dilinin hökmran olmasına etiraz edirdi. Nizaminin dövründə saraylarda fars dilində yazanlar hörmət gördüyü kimi, həmin dövrdə rus dilini bilmək, ana dilindən uzaq düşmək manqurtlaşma üçün ilkin addım idi karyera yüksəlişinin əsasını təşkil edirdi.

 

Bir çox hallarda M.S.Ordubadinin bu romanda tarixi cəhətdən bir sıra təhriflərə yol verməsi qeyd edilir. Lakin tarixi romanda ilk növbədə bədiilik ideya əsas meyardır. Tarixi roman müəllifi tarixi öz ideyaları üçün fon olaraq da istifadə edə bilər. Tədqiqatçıların da qeyd etdiyi kimi, M.S.Ordubadi tarixə daim həsasslıqla yanaşmışdır. Yavuz Axundlu "Məmməd Səid Ordubadi (həyatı, mühiti, yaradıcılığı)" monoqrafiyasında yazıçının öz romanlarını yazarkən mümkün, əlçatan bütün tarixi mənbələrdən istifadə etməyə çalışdığını qeyd edir, buna sübut olaraq onun arxivindəki tarixi əsərləri göstərir. Lakin həmin dövrdə Azərbaycan tarixi sonrakı dövrlərdəki kimi əhatəli şəkildə tədqiq edilməmişdi. Buna imkan da verilmirdi. "Bu dövrdə Azərbaycan xalqının tarixi keçmişinə, xüsusən milli-azadlıq hərəkatına aid elmi əsərlər çox az idi. Yazılan əsərlər isə ciddi tarixi təhriflərə məruz qalmışdı" (Yavuz Axundlu).

 

Fikrimizcə, romanda bədii təxəyyülün əsasında yaradılan, tarixi obraz olmayan Səba xanım obrazı romanın bədiiliyini təmin edən, konflikti gücləndirən, əsərə dinamiklik gətirən bir obraz kimi tapıntıdır. Səba xanımın intriqalara meyilli, yüngül əxlaqlı bir kəniz obrazı kimi verilməsi təsadüfi deyil. Ordubadi bununla saray mühitinin mahiyyətini açıb göstərirdi. Təbii ki, belə bir mühitdə Nizami kimi dahi yaşayıb-yarada bilməzdi. Əslində, bu məqam həm dövlətin süqutunun xarici səbəblər qədər daxili səbəblərlə bağlı olduğunu diqqətə çatdırır.

 

Əsərin əslində iki qardaş - Qutluğ İnanc Özbək tərəfindən nəql edilən xatirə şəklində qələmə alınması da maraqlı bədii priyom kimi diqqətəlayiqdir. Oxucu əsərin ancaq sonunda romandakı hadisələrin məhz həmin sülalənin üzvləri tərəfindən nəql edildiyini anlayır. Bu məqamda "əgər əsər başqa obrazların dilindən nəql olunsaydı, necə bir mətn ilə qarşılaşa bilərdik?" sualı oxucu üçün alternativ mətn imkanı yaranır.

 

Əsərdəki interyer, geyim təsvirlərinin incəliklə işlənməsi M.S.Ordubadinin həmin tarixi dövrü diqqətlə öyrəndiyindən xəbər verir. Əgər bu məqamlar diqqətdən kənar qalsaydı, dövrün ruhunun oxucu tərəfindən hiss edilməsi qeyri-mümkün olardı mətn oxucu üçün öz inandırıcılıq qabiliyyətini itirərdi.

 

Yaşı yüzə yaxınlaşan bu romanın bu günöz aktuallığını itirməməsi, ədəbiyyat tariximizdə öz mövqeyini qoruyub-saxlaya bilməsi yazıçının ustalığının, sözün qüdrətinin bariz sübutudur.

 

 

Elnarə QARAGÖZOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 19 mart.- S.23.