Dul qadının tənhalığı  

 

 

Jurnalist qızın intervünü necə qurmaq barədəki planları alt-üst oldu, bu qadını işığı təşkil edən yeddi rəngdən yalnız biri ilə təsvir etmək ədalətsizlik olardı, onu anlamamaq təsiri bağışlayardı. Bu insanın düşüncələrində bəlkə də, rənglər elə çox deyildir, ən başlıca cəhət bu rənglərin saysız-hesabsız çalarlara malik olmasındadır. Onun fikirləri günəş altında cilvələnən kəpənəyin gözdə yaranan təsvirinin ani olaraq dəyişilməsini andırır. Bu çalarlar onun dünyası haqqındakı rəylərdən daha çox şey deyir. Məşhur fransız şairi Pol Verlen rənglərlə çalarların qarşılıqlı münasibətinə nüfuz edərək demişdi ki, mənə rəng lazım deyildir, mənə çalar (fransızca"nuance" kimi səslənir) verin, çalarlarda bütün rəngarəngliklər, prosesin ağlasığmaz mürəkkəbliyi və dəyişkənliyi öz əksini tapır.

Ona görə də jurnalist Ruhiyyə ilə intervüdən alınan portretində Pikassonun seçdiyi rənglər seriyasından olan birindən istifadə etməkdən qaçmağa çalışdı, o, çalarları təsvir etmək niyyətinə görə Leonardo da Vinçinin tətbiq etdiyi "sfumatto" - bu, "tüstü" mənasını verir, üslubuna üstünlük verəcəkdi, hər şeyi reallığa əsasən sadiq qalmaqla yanaşı, fotoqrafik dəqiqlikdə deyil, düşünməyə, fikirləşməyə çağıran dumanlı şəraitdə təsvir edəcəkdi ki, qoy oxucu müəllifin diktəsi olmadan öz rəyinə üstünlük versin və ABŞ konstitusiyasını təfsir etməyə heç bir dövlət orqanına icazə verilmədiyi, bunun vətəndaşların öz ixtiralarına buraxıldığı kimi, söhbətdən hansısa qənaətə gəlmək oxucunun öz ixtiyarına buraxılsın.

 

Çox fikirləşdikdən sonra o, Ruhiyyənin bir portretini yaratmaq əvəzinə, beş müxtəlif, öz aləminə və dünyagörüşünə malik olan qadının eskiz xarakterli portretini cızacaqdı. Qoy oxucu özü bu eskizlərdən tamamlanmış, bir ümumiləşmiş portreti yaratmağa cəhd göstərsin. Bununla müəllif oxucuları özü ilə birgə yaradıcılığa səsləyirdi, dahi rəssamlar portreti işlədikdə bəzi xırda detalları şagirdlərinə tapşıran kimi, o da hazır mülahizə yürütmək əvəzinə, bu mürəkkəb insana qiymət verməyi, onun ifadə etdiyi dəyərlərə münasibətini oxucuların özünün idrakına, dərk etmə imkanlarına buraxırdı. Bəzi tamaşaçılar Rafaelin "Sikstin madonnası" əsərindəki tablonu haşiyələndirən kiçik mavi rəngdəki mələkləri görməyib, sezməyib, hiss etmədikləri kimi, oxucu da çox vaxt jurnalistin rəyinə əsaslanaraq onun qəhrəmanının daxili aləminə nüfuz etmək barədə özünə əziyyət vermək istəmir. Rafaelin şah əsərində təcrübəsiz tamaşaçı yalnız ana Mariyanı, onun qucağındakı, dünyanın gələcək qayğılarına münasibətin təsviri kimi iri gözləri ilə ətrafa nəzər salan kiçik İisusu, aşağıdan yuxarı baxmaqla təzim edən papa Siksti və müqəddəs Varvaranı görür, tabloya bütövlükdə qiymət verməyi bacarmır.

 

Bir real təsvir əvəzinə, çox sayda virtual portretin meydana gəlməsi isə Ruhiyyənin geniş və bəlkə də, sirli dünyasını açmağa kömək edəcəkdir. O, belə priyoma rast gəlmişdi. ABŞ prezidenti Franklin Delano Ruzveltin xanımı, görkəmli jurnalist və diplomat olan Eleanor Ruzveltin vətənində çap olunmuş memuar kitabının üz qabığının axırıncı səhifəsində müəllifin əllərinin, barmaqlarının bir neçə fotoşəkli var idi. Bu barmaqlar da öz sahibi haqqında müəyyən təəssürat yarada bilirdi.

 

Jurnalist məqalənin gələcək çapında anlaşılmazlıq imkanının mövcudluğundan qaçmaq üçün, öz yeni üslubunu baş redaktora və onun birinci müavininə çatdırdı. Bu, onlar üçün maraqlı idi, oxucuların yazını necə qarşılayacaqlarından isə ehtiyat edirdilər. Lakin ideyanın özü cəlbedici olduğundan, öz kolleqalarının yaradıcı işinə mane olmaq istəmədilər və bu münasibət jurnalist qızı xeyli ruhlandırdı.

 

Gülarə, jurnalist qızın adı belə idi, gözləmədiyi halda söhbət bir qədər geniş alındı. Baş redaktora işçisinin qarşıdakı yazısı barədəki fikirləri maraqlı gəldi. Odedi:

 

- Görünür, sən istəyirsən ki, essenin fəlsəfəsinə baş vurasan, əlbəttə, bu, heç də məzəmmət olunası bir təşəbbüs deyildir. Sən qəhrəmanının özü barədəki söhbəti ilə kifayətlənmək istəmirsən, nəzərdə tutursan ki, yazında ağırlıq mərkəzi mətnlə gerçəklik arasında deyil, müəllif kimi özünlə meydana gətirdiyin mətn arasına düşsün. Axı bəzən müəllif yazı dilinə də özünü etiraf etməkdən qorxur. Məlumdur ki, elm olduğu halda heç fəlsəfə də bilikdə lazımınca kristallaşmır, ona görə də çox hallarda mətndə ifadə olunmur. Sən növbəti oçerkində, yəqin onu esse kimi nəzərdə tutmusan, indiyədək mövcud olan formalardan qaçmaq istəyirsən, onun məhdudiyyətlərinə və tələblərinə tabe olmaq istəmirsən. Bununla da əslində öz məqsədinə nail olmağa çalışırsan, kreativlik əgər avantüra xarakteri almırsa, yalnız alqışlanmağa layiqdir. Həm də hiss olunur ki, lahiyəndə fikrinin bütünlüklə tamamlanmasına da iddia etmirsən. Düşündüyün üslubda, əslində istəyinə əsasən gələcəyin bir fikir naminə oxucuya düşünməyə dalmaq oyunu təklif edirsən. Bu yolla həm də oxucunun da məsuliyyətini artırmaq istəyirsən, çünki oxucu da yazar şəxs kimi müəllif hüququna yiyələnir.

 

Yəqin ki, özünə məqsəd qoymusan ki, tədqiqata və ifadənin mücərrəd qaydada olmasına daha çox üstünlük verilsin ki, dilin canlılığı xeyli yüksəlsin.

 

Baş redaktorun birinci müavini üslubun təhlili ilə tam razılaşdı, çünki onlar yeni yaradıcılıq nümunəsinin istiqamətini düzgün müəyyən etməklə tam hədəfə dəymişdi. Neytral qalmasından Gülarənin inciyəcəyini nəzərə alıb, qeyd etdi ki, nəzərdə tutulan yeni forma əvvəlkilərdən tam fərqli olmaqla, şüurun malik olduqları ilə təxəyyülün hərarətinin vəhdətində daha da zənginləşəcəkdir.

 

Jurnalist qız deyilən fikirlərə görə razılığını bildirdi və əlavə etdi ki, siz mənim imkanlarımın ölçülərini çox böyütdünüz, məqsədim bir qədər müəmmalı olsa da, siz onun mahiyyətinə nüfuz edə bildiniz. Gizlətmirəm, bu yazımda oxucunu da özümə müəllif yoldaşı götürmək istəyirəm. Çox istərdim ki, nəticə sizin xeyir-duanızı doğrultsun. Bunlara görə sizə minnətdar olmaq istəyirəm, baxmayaraq ki, cavab hissinin belə təzahürü çox təkrar olduğundan qiymətini itirməli olur.

 

Üç gündən sonra qəzetin qoşa səhifəsində "Naməlum qadının portreti" çap olundu. Bu adı o, rus rəssamı İ.N.Kramskoyun karetada oturmuş gözəl qadını təsvir edən məşhur "Tanış olmayan qadın" - "Neznakomka" tablosundan götürmüşdü.

 

Məqalə sürrealist təsiri bağışlayırdı, indiyə qədər olan oçerklərdən tam fərqli idi, essenin meydana gəlməsində türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamukun güclü təsiri hiss olunurdu. Bu təsir Ruhiyyəyə müəllifin marağının və inamının vəhdətində, Pamuk bunu adətən "mənzərə" adlandırır, meydana çıxmaqla, genişlənib, öz dairəsini xeyli böyüdə bilmişdi. Müəllif düşünürdü ki, qoy oxucu məni ittiham etməsin, yazılar təkcə gerçəkliyin mənzərəsinin təsviri deyildir, həm də qəhrəmanın təsəvvür dünyasıdır, onun virtual qaydada araşdırılmasıdır. Ruhiyyənin təmsil etdiyi real həyatla, təsəvvüründə yaşadığı dünya arasında uçurum mövcuddur və bu uçuruma yuvarlanmamaq üçün, keçmişin təcrübəsini də nəzərə alaraq o, yollar axtarır. Qoy oxucu bu yazını oxuyanda məhz ona müraciət edildiyini hiss etsin, bu sözlərdə müəllifin və onun həmsöhbətinin onu öz dünyalarına dəvət etmələrinə əminlik tapsın. Axı biz rəssam olmasaq da, sözlərlə tablo çəkmək istəyirik, buna nail olub-olmadığımızı isə yalnız oxucu qiymətləndirə bilər. Biz insanları tədqiq edərkən çalışırıq ki, Nabokovda olan kimi minlərlə "əsəb uclarını" tapaq və onun qıcıqlanmasından yaranan ağrı hissini araşdıraq.

 

Horatsi özünün "Ars Poetica" - "Poeziya elmləri" əsərində yazırdı ki, "Necə şəkil çəkirsənsə, poeziya da onun kimidir". Jurnalist heç də şair və ya rəssam deyildir, lakin hər yazısında çalışır ki, onun poetikası və fırçasından çıxan yaymalar oxucunun diqqətini cəlb etsin. Buna görə də hər bir müəllif əvvəlki itmiş arzularının ağrısını sakitləşdirmək üçün elə yazmağa çalışır ki, bir anlığa da olsa onu ya rəssam, ya da şair hesab etsinlər.

 

Ruhiyyə ilə söhbət etməyə gedərkən, primitiv düşüncəli və yalnız matəminə ilişib qalan bir qadınla görüşəcəyini, sadəlövh məişət söhbətlərinə qonaq olacağını və ya itkisinə görə göz yaşları axıdan və qarşısına çıxandan kömək gözləyən bir varlıqla ünsiyyətdə olacağını güman edirdi və gələcək məqaləsi üçün buna müvafiq olan sadə bir sxem də hazırlamışdı.

 

Lakin görüşün ilk anından jurnalist qız tam səhv etdiyinin şahidi oldu, həmsöhbəti bəzi çərçivələri qırıb, birbaşa mətbuata aid olan problemləri də araşdırmağa, özünəməxsus qaydada fərqli qənaətə gəlməyə başladı. Bəlkə o, özündən bir qədər razı adam idi, lakin bu razılıq üçün onun biliyində, ümumi hazırlığında bir əsas da var idi. O, öz istedadına da az-çox güvənirdi və inanırdı ki, vaxt gələcəkdir ki, onun potensialına layiq olduğu bir qiymət veriləcəkdir. Lakin inşaatçı binanı tikməmişdən əvvəl tikinti materiallarını meydançaya toplamağa qayğı göstərdiyi kimi, o da zəhmət çəkməli, tərcümələrinin sayını artırmalı idi. Onun bəxti gətirmişdi ki, Südabə xanım kimi nadir istedad sahibi ilə qısa müddətdə də olsa, yaxın olmuşdu, onun dərin mənalı, almaz dənələrinin cilalanmış uclarının işığı sındırmaqla parıldamaq qabiliyyətinə yiyələnməsini andıran sözlərinə valeh olmuşdu. Onun gözləri qarşısında canlı bir əfsanə dayanmışdı və bu qız lif kimi ondan bəzi şeyləri beyninə hopdurmuş, öz bioloji kompüterinə yazmışdı. Ona görə də söhbətdə özünü çox sərbəst aparırdı, arqumentlərinin dəyərinə bələd olan adam kimi hərəkət edirdi.

 

Nəhayət, məqalə qəzetdə dərc edildikdən sonra böyük oxucu marağına səbəb oldu. Yazıçılar Birliyindən, Tərcümə Mərkəzindən zənglər olub, Ruhiyyə xanımın yaradıcılığı ilə maraqlanırdılar. Yazıçılar Birliyinin mütaliə zənginliyi ilə seçilən katibi telefonda dedi ki, biz bir Səfərlini tanıyırdıq, o, şekspirşünas idi, indi yeni Səfərli peyda olmuşdur və qəzetiniz onun haqqında elə heyranlıqla yazır ki, elə bil ki, göy qübbəsində yeni parlaq ulduzun mövcudluğu kəşf edilmişdir. Beş qadının portret cizgiləri əgər bir nəfərin - Ruhiyyə Səfərlinin çoxşaxəli dünyasını xarakterizə edirsə, deməli, o, heç də sıravi sayılan bir adam deyildir, mürəkkəb bir mənəvi zənginliyə malikdir. Oxucular qeyd edirdilər ki, məqalə sahibinin bu yazını ərsəyə gətirmək üçün çox sayda mənbələrə əl atdığı da göz qabağındadır və bəlkə də bu yazısı ilə növbəti məqaləsini deyil, yaradıcılığının incisi sayılmalı olan bir tapıntısını meydana gətirmişdir. Məqalənin yeni doğulan uşaq hesab etsək, bunu yalnız beşiyində Heranın onu məhv etmək üçün göndərdiyi ilanı boğması ilə körpə Heraklın öz gələcəyi barədə təsəvvür yaradan kimi, yeni bir hadisənin şahidi oluruq.

 

Məqalənin elektron versiyası isə rekord miqdarda oxucunun onunla tanış olduğunu bildirirdi. Bir az əvvəl pandemiya yayılan vaxt iri vəzifə sahibinin nəvəsinə hay-küylü toy etməsi böyük marağa və qınağa səbəb olduğu kimi, qızın atasının inzibatı cəza kimi həbs edildiyi və həbsdən azad edildikdə göz yaşları ilə üzr istəməsinə böyük maraq göstərildiyi tək, Ruhiyyə xanım barədəki jurnalistin açdığı söhbət diqqət vulkanının püskürməsinə səbəb olmuşdu. Bir neçə gün ərzində məqalə daha çox oxucu marağına səbəb olmaqla liderliyini saxlayırdı. Özü də bu yazıda sensasiya xarakterli heç nə yox idi, söhbət nə uzun müddət vəzifə karvanında aparıcı dəvə rolunu oynamaqla, az qala Saxaranı qərbdən şərqə ötüb-keçən qoca adamdan, nə onun hay-küyə səbəb olan kürəkənindən, nə uzun illər ərzində dil boğaza qoymayan, hamıya yol göstərən toy iştirakçısıdan getmirdi. Onlar heç toy-büsat olmasa da, geniş kütləyə tanış idilər və biabırçılıqlarına sevinənlər, köhnə xadimi ağır qaydada cəzalandırmağı tələb edənlər də sayca heç də az deyildi və onu möhkəm pərt edən vaxtilə ona yaltaqlıq edənlərin birdən-birə dəyişilib, ona qarşı demarş xassəli hərəkətləri idi. Bəzi kiçik televiziya kanallarının aparıcıları isə fürsətdən istifadə edib, qocaman məmuru daha ciddi ittiham edir, həddi aşaraq onun həbsini tələb edirdilər. Fakt orasındadır ki, toyun özü elə böyük ictimai əhəmiyyət kəsb etməsə də, birdən-birə ali subyekt rəmzi olanların hallanma, real və uydurulmuş hadisələrin cazibədar obyektlərinə çevrilməsi ilə süni fişəngbazlıq effekti yaratmışdı.

 

Ruhiyyə xanım barədə yazıda isə nə sensasiya doğuran, nə göyü süni surətdə işıqlandırmaq meyli yox idi, sadə bir insanın həyatının müxtəlif cəhətləri araşdırılır, onlara qiymət verilirdi. Kolleqaları, hətta rəqib qəzetlərin işçiləri zəng edib jurnalist qızı səs-küyə səbəb olan bu uğuru ilə təbrik edirdilər. Bir neçə televiziya kanalı ona öz müsbət münasibətini bildirmişdi. Baş redaktor redaksiyanın böyük müşavirəsində məqalə müəllifinə təşəkkürünü bildirmiş, onu üç gün ərzində Şahdağın ətəyində redaksiya hesabına istirahətə göndərmək barədəki əmrini də oxumuşdu. Hamı əl çalmaqla buna razılığını bildirmişdi, çünki indiyədək kiminsə belə mükafatlanması təcrübəsi olmamışdı. Bəlkə də redaksiyada yaradıcılığa münasibətin yeni formaları, əvvəllər məlum olmayan qaydaları meydana gəlirdi.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 19 mart.- S.22.