"Kainatın nöqtəsindən söz dərənəm..."
XƏZANGÜL
HÜSEYNOVANIN POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR
Xəzangül
Hüseynovanın bədii yaradıcılığı
özünün ideya zənginliyi, günün vacib məsələlərinə
hərarətli şairə mövqeyi ilə seçilir. Yüksək həyatilik, mövzu rəngarəngliyi, beynəlxalq
hadisələrə qarşı
həssaslıq şairənin
başlıca yaradıcılıq
prinsipi kimi diqqəti cəlb edir.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət
işçisi, Türkiyə
Avrasiya Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Beynəlxalq Rəsul Rza və Mikayıl
Müşfiq mükafatçısı,
şairə, dramaturq Xəzangül Hüseynova
1947-ci il dekabr ayının 17-də Gürcüstanın
Borçalı qəzasının
Qırıxlı kəndində
doğulub. Orta məktəbi qızıl
medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə
diplomu ilə bitirən Xəzangül Hüseynovanın "Bahardır"
adlı ilk şeiri o zamankı "Kirovabad kommunisti"
indiki "Gəncənin
səsi" qəzetində
nəşr olunub.
"Qaya üstə bitən çiçək"
(1988), "Yeddinci göylə
söhbət" (1996), "Ömür şikəstəsi"
(1998), "Günəş məni aldadır"
(1999), "Könlümdən baxan günəş"
(2008), "Bitmeyen Hazan"
(2008), "Özümü axtarıram" (2015), "Seçilmiş
əsərləri" (2 cilddə,
2017-2019), "Qələmin yazdığı-taleyin cızdığı
həyat" (2020) adlı
kitablarını oxuculara
təqdim edilib. İmir Məmmədlinin tərcüməsində
"Ekvebi" (1998) adlı
kitabı gürcü
dilində, Nicat Məmmədovun tərcüməsində
"Zavehanie Boqu" adlı şeirlər kitabı 2018-ci ildə Ukraynada nəşr olunub. 2020-ci il - "Nizami Gəncəvi İli" çərçivəsində "Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar"
adlı məqaləsi
İndoneziyanın nüfuzlu
saytlarında dərc edilib.
Xəzangül Hüseynovanın qələmə
aldığı poetik
əsərləri - qəzəlləri,
sevgiyə və ictimai mövzulara həsr olunan şeirləri, poema və pyesləri müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı
kontekstində dil-üslub
aydınlığı, poetik
tutumu və özünəməxsusluğu ilə seçilir.
X.Hüseynova bir sıra əsərlərində sərbəst
şeir formasının
əsas ideya xəttini, orijinallığını,
çoxçalarlığını qoruyub saxlaya bilmiş, müasir lirikanın dərin məna qatlarının, polifonikliyinin inkişafına
təminat yaratmışdı:
Heç
bilmirəm,
Nədir bu qəm?
Qəlbi
didir,
dəli edir...
Duyğuların ləşkərində,
Günahkar tək dayanmışam.
Məni
döyən hisslərimi
axıtmağa,
çay anmışam.
Çay
önündə,
Çay
suyundan ovucumu dolduraraq,
üz-gözümü sillələdim...
sillə ilə
Varlığımı silkələdim.
Darlığımı silkələdim.
Bu gün müasir
Azərbaycanda milli təfəkkürün bütün
sahələrində Xəzangül
xanımın poeziyası
öz vətəndaşlıq
missiyasını həyata
keçirir desək, heç də yanılmarıq. Müsahibələrində Xəzangül xanım
yaradıcılığının xalqımızın mənəvi
təcrübəsindən faydalandığını,
poeziyasında xalq həyatının, xalqımızın
hiss və düşüncə
tərzinin inikasının
daha dərin və təsirli olmasını xüsusi qeyd edir. Həqiqətən də, Xəzangül
xanımın poeziyasının
ideya məzmununda lirika böyük ictimai rəyin - xalq fikrinin ifadəsi
olaraq, şairənin poeziyadakı lirik "mən"inin hüdudlarını
genişləndirir. Beləliklə,
Xəzangül xanımın
lirikası üçün
müəyyən bir mövzunu, həyat həqiqətini geniş miqyasda götürüb həll etmək xüsusiyyəti səciyyəvi
hal alır:
Xəzangül Hüseynova Allaha ünvanlanan - fəlsəfi
şeirlər müəllifi
kimi də tanınır. Min illər boyu ədəbiyyatı düşündürən suallara
müəllif yanaşmasının
orijinallığı baxımından
müasir insanın həyat fəlsəfəsinə
toxunan şairənin
"Göylər vəyh
edəndir", "Allaha
vəsiyyət", "Ünün
gəldi", "Minacat",
"Ünmü oldum?",
"Dünya günaydın",
"Şeytan Əzrayılı",
"Çığırtı",
"Kaş", "Zamanın
sahibinə I məktub",
"Zamanın sahibinə
II məktub", "Ölüm-ruh
bayramı", "Gəl
ziyarət elə"
və digər şeirləri arzu ilə ümid, yuxu ilə reallıq,
ürfan ilə mistika arasındakı incə "sərhəd"də
reallaşır. Eşqi Haqqın
dərgahına yüksəldən
şairə İlahi sevgidən bəhs edərkən sanki lirik mən olaraq özü də maddilikdən, dünyəvilikdən qoparaq
Haqqa qovuşur. Həyatın adi istəklərindən
'könüllü' şəkildə
uzaqlaşıb, İlahi
məhəbbətə bir
pillə yüksələn
şairənin daxili yaşantıları canlandırılır.
Bu şeirlərin başlıca
xüsusiyyəti şairənin
öz hiss və fikirlərinin ifadəsi üçün uyğun
forma, özünəməxsus ritm, lirik təhkiyə
intonasiyası tapmasında,
şəxsi həyəcanlarını
bədii ümumiləşdirmə
səviyyəsində təqdim
etməyi bacarmasındadır:
Ey yuxumda bu şeiri
yazdıranım!...
Xəyalımı Göy qatında,
Yer qatında gəzdirənim...
Bilirsən ki, kainatın nöqtəsindən
söz dərənəm...
Ürəyimdə təmizliyə,
ülviliyə yer verənəm...
Bu şeirin yuxusuna girə bildim
Yazılacaq vəhyini də görə bildim.
Vətən sevgisi Xəzangül xanımın yaradıcılığında
özünəməxsus xüsusi
boyalarla vəsf edildiyindən, onların bədii təsvir və tərənnüm üsulları da bir-birindən fərqlənir. Doğma
Vətənə saf məhəbbət ilə xidmət etməyi özünün müqəddəs
borcu hesab edən Xəzangül xanım torpaq uğrunda canından keçməyə hazır
olduğunu bildirəndə
də oxucunun nəzərində doğma
diyarı dərin məhəbbətlə sevən,
vətən məhəbbətini
bütün səmimiyyəti
ilə tərənnüm
edən vətənpərvər
bir şairə kimi canlanır:
Yurdumuza
biz can verək canımızdan,
Dövlətimiz, şanımızdan,
Qürurlanıb qürur duyaq,
Xalq Dövlətə, Dövlət
xalqa olsun dayaq...
Milli tariximizin keşməkeşli,
təzadlı məqamlarını
yaşadığımız müstəqilliyimizin erkən
illərində torpaqlarımızın
erməni işğalçıları
tərəfindən zəbt
edilməsindən etibarən
bilavasitə müharibə
mövzusuna həsr olunmuş "Gözlədiyim
gün", "Əsgərə
məktub", "Üşüyürəm",
"Dərd yerimiz, yurd yerimiz", "Mən Zəhrayam",
"Ultimatum", "Xocalıya",
"Gəlirik, Qarabağ,
qarşıla bizi"
və başqa şeirlərində Xəzangül
xanımın lirik qəhrəmanı öz taleyini bütünlüklə
doğma vətənin
taleyi ilə bağlayır.
Milli mübarizəmizin
tərənnümünə yaradıcı sənətkar
kimi yüksək həssaslıqla yanaşan
Xəzangül xanım
ön cəbhədəki
qəhrəmanların vəsfini
şeirlərinin əsas
ideya motivinə çevirmişdi. Onun Milli Qəhrəmanımız
general Polad Həşimova
ithaf edilmiş şeirinin lirik qəhrəmanı vətənin
müqəddəsliyini uca
tutan, vətən uğrunda, xalq yolunda canından keçməyə hazır
olan, öz məsləkində mətanətli
Azərbaycan igididir:
Şücaəti dünya boyu səs saldı
Azərbaycan generalı Poladın!
İgidliyin son həddinə misaldı
Vətən adlı andı
vardı Poladın!
Xəzangül xanım 44 günlük İkinci Qarabağ müharibəsinin mərdlik
dolu mənzərəsini
həssaslıqla müşahidə
edərək, düşmənə
qarşı "son damla
qanına qədər"
mübarizə aparmaq pafosu ilə aşılanmış silsilə
əsərlər qələmə
almışdı. Həmin
əsərlərdə Xəzangül
xanımın izlədiyi
və inkişaf etdirdiyi əsas fikirləri bu cür xülasə etmək olar: özündə xalqımızın
şücaətini ehtiva
edən poetik əsər xəlqilik mövqeyindən çıxış
etməli, insanları
mübarizəyə ruhlandırmalıdır:
Xəzangül xanımın yaradıcılığında
ikinci mühüm istiqamət lirik romantik şeir xəttidir. İnsanın mənəvi intibahının
tərənnümü bu
üslubun əsas əlamətlərindəndir. Şairənin qələmə aldığı şeirlərin
çoxunda bilavasitə
özü iştirak edir. Bu ondan
irəli gəlir ki, mənəvi paklıqdan danışan hər birimiz bu xüsusiyyətləri
ilk növbədə özümüzdə
aşılamalı, öz
vicdanımız qarşısında
təmiz olmalıyıq.
Bu baxımdan, "İtirdiyim-ötürdüyüm" şeiri çox maraqlıdır. Bu şeir
bir növ, şairənin öz ömrü, qəlbi, vicdanı ilə təsirli mükaliməsidir:
Bilirəm ki, bütövləşib
gələcəm.
İlahinin sınağından keçəcəm.
Haqqdan haqqın
sirlərini biləcəm.
Dünya üçün təmizləri
seçəcəm.
Fikrimizcə, Xəzangül Hüseynovanın "Günah, günahkar...", "Etiraf", "Neyləyim", "Darıxıram", "Lal qaya", "Ehram çayı", "Şübhələr", "Bir anın akkordları", "İntizar", "Şübhələr" və başqa romantik şeirlərinə xas olan dərdlilik, nakamlıq, bədbinlik, dünyadan küskünlük şairənin sevgi lirizmini, məhəbbət fəlsəfəsini səciyyələndirən başlıca nüanslardır.
Xəzangül Hüseynovanın poeziyasına özünəməxsus pafos verən maraqlı cəhət də var ki, bu da şairənin yaradıcılıq məharətindən, duyğularının fərdiliyindən, özünəməxsusluğundan irəli gəlir.
Xəzangül Hüseynova lirikasında xüsusi yeri olan Ümummilli lider, müasir dövrümüzün böyük dövlət və siyasət xadimi Heydər Əliyev şəxsiyyətinə və böyük humanistliyinə həsr edilmiş "Heydər Əliyevə", "Haqqı öyrət", "Ulu Heydərin məzarı önündə" adlı əsərlər müəllif istedadı və səmimiliyinin ifadəsi olaraq çox dəyərli nümunələrdir. Heydər Əliyevin timsalında ədəbiyyatımızın arxasındakı qüdrətli himayədarın varlığını yüksək qiymətləndirən Xəzangül xanım, Ulu Öndərə bəslədiyi sənətkar sevgisini poetik dillə ifadə edib.
Digər janrlara nisbətən, poema janrı Xəzangül Hüseynovanın yaradıcılığında fəal mövqedə olmamasına baxmayaraq, funksionallığını qoruyub-saxlaya bilib.
Onun aktual məsələlərə və tarixi hadisələrə münasibətdə dramaturq mövqeyindən çıxış edərək yazdığı əsərlər də diqqət mərkəzində olub. 2 pərdəli, 9 şəkilli "Məhəbbətin qənimi" adlı mənzum pyesində əsas personaj Aqilin timsalında günümüzün “səssiz” bəlası hesab edilən alkoqolizmin dəhşətli bir ailə faciəsinə səbəb olmasından bəhs edilir. Pyes dəfələrlə Gəncə şəhər Cəfər Cabbarlı adına Dram Teatrında və Türkiyə Teatrında tamaşaya qoyulub.
Xəzangül Hüseynovanın real tarixi faktlar
əsasında qələmə aldığı 2 pərdə,
7 şəkilli "Xərabət gözəli" pyesi isə XII əsrdə yaşamış
şairə Məhsəti Gəncəvinin həyatına və
onun yaradıcılığına həsr
edilib.
Şüküfə
VƏLİYEVA,
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
"Dünya ədəbiyyatı və komparativistika"
şöbəsinin aparıcı elmi işçisi
525-ci qəzet.- 2022.- 19 mart.- S.21.