Məhəbbətin və ehtiramın təzahürü
Get-gedə imzasını
tanıdan, ədəbi
mühitdə addımları
bərkiyən gənc
araşdırıcı Şəhriyar
Təyyaroğlunun (Bəhmənov)
ilk elmi-publisistik məqalələr
toplusu çapdan çıxıb. Kitab şəklində işıq üzü görən bu yazılar cəm halında Xalq yazıçısı, akademik
Kamal Abdullanın, ədəbi və elmi yaradıcılığına
həsr olunub. Daha doğrusu, "Təfəkkür-Təxəyyül-İstedad
üçbucağı" (Şəfa Poliqraf MMC mətbəəsi, redaktoru
Tofiq Nurəli) müəllifin bütövlükdə
Xalq yazıçısına
məhəbbətinin, ehtiramının
təzahürüdür. Şəhriyar qələmə
aldığı beş məqalə ilə (onların bir qismi "525-ci qəzet"də dərc
olunub) Kamal Abdullanın sözlə portretini yaratmağa çalışıb, əsasən,
istəyinə nail ola
bilib.
Kitabın adını daşıyan
ilk məqalədə oxuyuruq:
"Məncə, Kamal
Abdulla sözlə rəftarda
çox cəsarətli
və sərbəstdir.
Az müəllif
tapmaq olar ki, hər cümləsi
və ya hər bir misrası
aforizm səviyyəsinə
yüksəlsin. Yaradıcılığından bəhs elədiyim
müəllif isə yazıda sözün hökmranıdır, mütləq
surətdə hökmranı".
Öz heyranlığını ifadə
eləmək üçün
təbii ki, Şəhriyar Təyyaroğlu
daha çox misallara və oxuyub götürdüklərinə
söykənir. Yəni K.Abdullanın
bədii əsərlərindən
seçdiyi detalları
oxucunun diqqətinə
çatdırır. "Gizli Dədə Qorqud"da, "Yarımçıq
əlyazma"da, "Sehrbazlar
dərəsi"ndə, "Tarixsiz gündəlik"də,
digər yeni nəşr olunmuş romanlarında, "Qərar",
"İliçin qayıtması",
"Son gəliş", "Dəvə yağışı",
"Adaşlar", "Parisin
seçimi", "Ay işığı",
"Platon deyəsən,
xəstələnib", "Kölgə", "Qar",
"Mağaza", "Edam vaxtını dəyişmək
olmaz", "Sağlıq"
və sair adda hekayələrində,
pyeslərində kifayət
qədər tutarlı
fakt və orijinal detal var yapışmağa, təhlil süzgəcindən
keçirməyə.
Məhz
kitab müəllifinin
sonsuz heyranlığıdır
ki, Kamal Abdullanın nəsrini bitdə-bitdə öyrənib,
elmi fikirlərini (əlbəttə, kitablarından)
mənimsəyib, esse və şeirlərini oxuyub, təsirlənib, özünəməxsus qeydlər
aparıb və beş məqalə
altında düşüncələrini
bölüşüb. İntellektuallıq, yüksək bədii səviyyə, gözlənilməzlik,
qeyri-adilik, damlada nəhr axtarmaq eşqi həmişə K.Abdullanın mətnləri
üçün xarakterik
olub. Onun çağdaş dünya nəsriylə yanaşı qoyula biləcək irili-xırdalı
əsərlərinə hər
adi həvəskarın
ustalığı çatmır
açar salmağa.
Gərək həqiqətən müəyyən hazırlığa
malik olasan ki, oxuduqlarını, yazdıqlarını təkrar-təkrar
saf-çürük etməyi
bacarasan, qələm götürməyə cəsarətin
çata. Ş.Təyyaroğlunun yazıçıya vurğunluğu,
heyrəti, adi oxucu heyrəti deyil, istedadlı cavan tədqiqatçının,
fədakar, zəhmətkeş
araşdırıcının heyrətidir. Bu mənada Şəhriyarın
əməyi danılmazdır,
o, sanki ilahi sözlə davranmağı
təcrübəli ustadından
öyrənir, sonra o sözün fonunda portret cızır.
Şəhriyar Təyyaroğlu dönə-dönə
səmimi surətdə
etiraf edir ki, yazıçının
bədii, əsərlərini
təkrar-təkrar oxuyub,
müəyyən fəlsəfi
fikirlərini öyrənmək
üçün "baş
sındırıb". Ta özünəməxsus
dərkinəcən mütaliə
edib, anlamadıqlarını,
başa düşmədiklərini
görkəmli ədəbiyyatşünaslardan,
sənət adamlarından
soruşub, ürəyinin,
təfəkkürünün süzgəcindən keçirib.
Bu heyranlığı yığcam
kitabının hər
cümləsində, sətrində
görmək mümkündür:
"Xalq yazıçısı
Kamal Abdulla esselərində
("300 azərbaycanlı" kitabı sübutdur) filosofdur, nəsrində şairdir, poeziyasında nasir. Eləcə də bədii
publistikasında, (kitablarında)
görkəmli alimdir,
təkrarsız, bənzərsiz
yaradıcı şəxsiyyətdir.
O, pedaqoqdur, ictimai xadimdir, fəal ziyalıdır, bütün
işıqlı fəaliyyəti
isə təfəkkür,
təxəyyül, istedad
üçbucağında birləşir
və istiqamətini tapır. ("Təfəkkür-Təxəyyül-İstedad
üçbucağı" məqaləsindən).
Kitab müəllifinin gənc olmasına rəğmən
beş məqaləsinin
("Təfəkkür-Təxəyyül-İstedad
üçbucağı", "Bədii mətnin gözlənilməz sonluğu",
"Nə vaxtsa açılacaq sirlər",
"Sözün və
ruhun açılmaq istəmədiyi kitab",
"Həqiqət sirr
içində") hər
biri ayrı-ayrılıqda
mükəmməl işlənib.
Şəhriyar Təyyaroğlu sadə
yol seçir, necə deyərlər, bulanıq suda balıq tutmur, anladığı-anlamadığı filoloji-fəlsəfi terminlərdən
bol-bol istifadə eləmir, özünü
"savadlı" və
ya "məlumatlı"
göstərmir. Hiss olunur
ki, o, ən
əvvəl Kamal Abdullanın bədii və elmi əsərlərinin
oxucu kimi aludəçisidir. Əlbəttə, K.Abdullanın yaradıcılığı
haqqında həm Azərbaycanda, həm də dünya çapında yüzlərlə,
minlərlə məqalələr
yazılıb, bundan sonra da yazılacaq.
Ancaq haqqında bəhs etdiyimiz müəllifin də öz yeri, haqqı, söykənəcəyi həqiqət,
məntiq var. Ş.Təyyaroğlunun
yazı dili axıcı və səlistdir, mühakimələri
dürüst, özünəməxsusdur.
Sitatlarla,
faktlarla fikirlərini əsaslandırır. İlk kitabı
həqiqətən məhəbbətinin
və ehtiramının
təzahürüdür.
Yeri gəlmişkən,
gənc müəllif
məqalələrinin heç
birində seyirçi
təsir bağışlamır. O, biganə
və laqeydlikdən uzaqdır. "Sehrbazlar dərəsi"nin, "Yarımçıq
əlyazma"nın, "Unutmağa
kimsə yox"un mifik-etnoqrafik təhlilini verməyə çalışan Şəhriyar
Təyyaroğlu araşdırmalarına
orijinal başlıqlar
seçib. "Həqiqət
sirr içində",
"Bədii mətnin
gözlənilməz sonluğu",
"Sözün və
ruhun ayrılmaq istəmədiyi kitab",
"Nə vaxtsa açılacaq sirlər"...
Məlum olduğu kimi Kamal Abdullanın
mifik qəhrəmanlarının
xeyli hissəsi "Dədə Qorqud" dastanının surətləridir,
bir çoxu haçansa yaşamış
tarixi şəxsiyyətlərdir,
bəziləri də müəllifin öz yaratdıqları obrazlardır.
Yazıçı üçün zamanın və məkanın fərqi yoxdur, o, modern təfəkkürlə
istənilən qəhrəmanın
fərdi keyfiyyətlərini
qabardır, onu dövrünün fövqünə
qaldırır və ya endirir, danışdırır,
çağdaş dünyanın
mübhəm sirlərinə
oxucunu vaqif etmək üçün
min vasitəyə, priyoma
əl atır. Nə yaxşı ki, bu mürəkkəblik Ş.Təyyaroğlunu azdırmır,
əksinə, başqa
yanaşma formaları
axtarır, paralellər,
müqayisələr bir
sıra pırtlaşıq,
düyünlü sirlərin
açılmasında köməyinə
çatır.
Gənc tədqiqatçı doğru
qeyd edir ki, K.Abdullanın elmi məqalələri riyazi hesablamalar qədər konkret və dəqiqdir. Esse və
şeirləri də
o cümlədən. Az sözlə böyük mətləblər
hasilə gətirmək,
keyfiyyətə üstünlük,
arena vermək bacarığı
nasirin iri həcmli romanları üçün də xarakterikdir. Bu, həyata
baxışından doğur,
üslub və dəst-xəttidir. Şübhəsiz, çevikliyi, yığcam
mətnləri sevən
dar hövsələli
müasir oxucunun zövqünü "aldatmaq",
belini lüzumsuz hadisə və əhvalatlarla yükləmək
mümkün deyil.
Onun məntiqi belədir: "qardaş, nə yazmısan qoy ortaya, baxım
görüm kimsən,
ərsəyə gətirdiyin
nədir?" Yüksək
intellektual səviyyə
hər an dərhal müasir insanı çəkir, yerindən tərpədir,
ağıl və hisslərinə hakim kəsilir.
Bütün bu deyilənlərə rəğmən
Ş.Təyyaroğlunun məqalələrindən başqa gözləntilərimiz də
vardı. Məsələn, nədənsə o,
Kamal Abdullanın son vaxtlar böyük rezonans doğuran "Laokoon... Laokoon... yaxud bir
romanın "yazılma" tarixçəsi" əsərindən
yan qaçır, beş
məqaləsinin heç birində
haqqında məlumat vermir. Əlbəttə,
bu nöqsan deyil, ola bilsin,
gənc araşdırıcı əsəri özü
söyləmişkən, hələ tam
"həzm" etməyib. Ona
görə üstündə dayanmayıb. Lakin
potensialı göstərir ki, haçansa bu roman barədə də qeydlərini mətbuata
çıxaracaq, inşaallah!
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2022.- 19 mart.- S.19.