Nikolay Katanov - Xakas türklərinin ilk alimi  

 

(Elmi-bioqrafik oçerk)

 

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Əslində Katanov Kazanda özünü evində olduğu kimi rahat, sərbəst hiss etməli idi. Çünki ən azı etnolinqvistik baxımdan eyni dili danışan yaxın, doğma insanlar arasında idi. Təcrübədə isə bunun əksi baş vermişdi. Ola bilsin ki, sadə tatar insanlarının yanında özünü yaxşı hiss edirdi, lakin kontingenti əsasən ruslardan ibarət olan universitetdə eyni ab-havanı yaşamaq mümkün deyildi.

 

İllər keçdikcə paytaxtdan əyalət universitetinə göndərilməsini "başdan edilmək" kimi qiymətləndirməyə başlamış, Kazan isə nəzərində məcburi sürgün yeri kimi görünmüşdü. Paytaxtda qalıb işləməsinə açıq, ya gizli şəkildə maneçilik törədən həmkarlarına qəzəb vaxt ötdükcə azalmaq əvəzinə artmışdı. Polyak əsilli həmkarı E.Pekarskiyə məktubunda (1904-cü il) "bəzi şərqşünasların məkrli oyunları nəticəsində Peterburqda özümə yer tapa bilməməsindən" şikayətlənirdi. Bu lüzumsuz qarşıdurmadan ən çox ziyan çəkən isə ilk növbədə Katanov özü olmuşdu. Çünki mühüm şərqşünaslıq mərkəzindən uzaq düşmüşdü. Əlbəttə, bunun əvəzini Avropa türkoloqları və elmi dairələrlə daha intensiv əlaqələr yaratmaqla çıxmaq olardı. Doğrudur, o Societe des sciences et lettres (Luban, Belçika) i Ungarische ethnographische Gesellschaft (Budapeşt, Macarıstan) həqiqi üzvü, Fin-Uqor Cəmiyyətinin (Helsinqfors, Finlandiya) müxbir üzvü seçilmişdi. Rusiyadakı bir sıra elmi cəmiyyət və komitələrin üzvü idi. Lakin görünür, Katanov bütünlükdə elə də bacarıqlı menecer deyildi. Həm də bəzən yersiz "prinsipiallığı" öz əleyhinə işləyirdi. Məsələn, acığa düşüb Peterburqda heç bir əsər çap etdirməyəcəyinə qərar vermiş və ömrünün sonuna qədər əslində ən çox özünə zərər vuran prinsipindən çəkilməmişdi. Yalnız köhnə və sədaqətli müəllimi, dostu V.V.Radlov çoxcildli "Türk tayfalarının xalq ədəbiyyatından nümunələr" məcmuəsində (1909-cu il) onun topladığı materiallara yer ayırmışdı.

 

Bu tipli amillərin təsiri altında bioqraflarının yazdığına görə,1908-ci ildən sonra xakas aliminin yaradıcılıq həyatında tənəzzül dövrü  başlamışdı. Tədricən elmi araşdırmalara marağını itirmişdi. Həm də xoşagəlməz proses potensialının, iş qabiliyyətinin tükənməsi ilə deyil, daha çox ətrafındakıların ögey, yad münasibəti ilə bağlı idi. Qızının xatirələrində yazdığına görə, yerli alimlər əslində klassik Asiya şəhəri Kazanda yaşasalar da, bir "aziatın" burada professor kürsüsü tutmasından narazılıqlarını gizlətmir, "tezliklə adamyeyənləri də bizə professor göndərəcəklər" - deyə narazılıqlarını küncdə-bucaqda dilə gətirirdilər.

 

Katanov özünü "doğmalar arasında yad kimi" hiss edirdi. Bioqrafı Sergey İvanovun yazdığına görə, "Kazan universitetində şərqşünaslığın yeganə nümayəndəsi sayılırdı, amma peşəkar elmi dairə və ünsiyyətdən məhrum idi. Onun tədqiqatçı maraqları tarix-filologiya fakültəsindəki professorlara yad, anlaşılmaz görünürdü. Tanınmış alim olsa da, tədris prosesində xüsusi əhəmiyyət daşımayan kurslarla məhdudlaşmaq məcburiyyətində qalırdı. Layiq görüldüyü "ekstraordinar (ştatda olmayan) professor" ünvanı elmi sanbal və nüfuzuna uyğun deyildi". Universitet şurası alimin bilik və bacarığından daha məqsədyönlü şəkildə istifadə etməyə, özünə davamçılar yetirməsinə xüsusi maraq göstərmirdi".

 

Dünyəvi təhsil müəssisəndə - Kazan universitetində normal münasibət görməyən Katanov fəaliyyətini Kazan Ruhani Akademiyasında davam etdirmək qərarına gəlmişdi. 1911-ci ilin mayında Akademiyanın vakant tarix və etnoqrafiya kafedrası müdirliyinə keçirilən müsabiqədə iştirak etmişdi. Bu kafedra tatar, çuvaş, başqırd, qazax və s. xalqlar arasında xristianlığı yaymaq məqsədi ilə türk-tatar dilini mükəmməl bilən missionerlər hazırlanmasına xidmət edirdi. Müsabiqədə səslərin əksəriyyətini toplamasına baxmayaraq, onun "provaslavlığa laqeyd və seyrçi münasibət bəsləməsi" (kafedranın əvvəlki rəhbəri E.S.Malovun rəyi idi - V.Q.) əsas gətirilərək namizədliyi Müqəddəs Sinod tərəfindən təsdiq olunmamışdı. Yalnız rəqibi A.Mixaylov "ailə şəraitinə görə" bu vəzifədən imtina edəndən sonra kafedraya rəhbərlik N.Katanova tapşırılmışdı. Amma yenə də ədalətsizliklə üzləşmişdi - professor deyil, dosent elmi dərəcəsində kafedra müdiri təyin edilmişdi. Ordinar professor vəzifəsinə isə yalnız 22 illik elmi-pedaqoji fəaliyyətdən sonra, həm də universitetdə deyil, Kazan Ruhani Akademiyasında təyinat ala bilmişdi. Burada tatar dilinin tədrisi ilə bir sırada alim "Altın Orda dövründə Volqaboyunda xristianlıq", "V-XI əsrlərdə Mərkəzi Asiyada və Monqolustanda nestorianlığın tarixi" kimi xüsusi kurslar aparırdı. Tələbələri üçün ayrıca "Qısa tatar-rus lüğəti" və "Tatar müntəxəbatı" tərtib etmişdi.

 

Bütünlükdə isə sağlam olmayan mühitin və çevrəsinin laqeyd münasibəti nəticəsində Katanovun elmi məhsuldarlığı kəskin şəkildə aşağı düşmüşdü. Məsələn, 1909-1916-cı illərdə o, cəmisi 11 məqalə çap etdirmişdi. Həm də bunlar elmi əsər olmaqdan daha çox yerli Kazan tatarlarının dili haqda əsasən müşahidə xarakterli, təsviri qeydlər idi. Zaman keçdikcə, Tarix, arxeologiya və etnoqrafiya cəmiyyətindəki işinə də əvvəlki ciddiyyətlə yanaşmamışdı. "Xəbərlər"in nəşrini ləngidir, məqalələrin keyfiyyətinə diqqət yetirmirdi. Nəticədə 1914-cü ildə keçirilən hesabat yığıncağında onu Cəmiyyətin vəsaitini mənimsəməkdə təqsirli bilmişdilər. Bu ittiham bütün həyatı boyu ləyaqətli insan kimi yaşamağa çalışan, insan və xristian əxlaqının tələblərini bütün fəaliyyətində rəhbər tutan Katanova sözün həqiqi mənasında öldürücü zərbə olmuşdu.

 

Yeni insanlara münasibət qurmağa ümumən ehtiyatla yanaşan Nikolay Katanov görünür, etnik eyniyyət zəminində başqırd alimi, sonralar başqırd milli hərəkatının lideri, mühacirətdə isə dünya miqyaslı tarixçi-türkoloq kimi tanınan Əhməd Zəki Valitovla (Zəki Vəlidi Toğan, 1890-1970) yaxınlaşmışdı. Onun təqdimatı ilə 1913-cü ilin mayında Zəki Valitov universitet yanındakı Tarix, arxeologiya və etnoqrafiya cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Başqırd həmkarının Türküstana elmi ezamiyyətinin təşkilində, habelə "Türk və tatarların tarixi" adlı əsərinin nəşrində də Katanovun rəyinin mühüm rolu olmuşdu. Və gənc dostuna ürək qızdırdığına görə bir dəfə söhbət zamanı ona demişdi:

 

"Monqollardan və şərqi türklərdən elmi şərqşünaslıq yoluna yalnız üç nəfər üz tutub - Dorji Banzarov, Çokan Vəlixanov, bir də mən. Üçümüz də həyatımızı bütünlükdə rus ədəbiyyatına vermişik. Mən şamanlığa arxa çevirdim, xristian oldum, rus elminə xidmət edirəm. Çokanla Dorji 35 yaşına çatmamış içkidən öldülər, çünki rus həmkarlarımız bizə araq içməkdən başqa bir şey öyrətmirdilər. Bu sahədə dördüncü sən olacaqsan, amma çalış ehtiyatı əldən vermə. Mənim doğulub böyüdüyüm mühit islamla müqayisədə elə də güclü deyildi, xalqımın həyatı acınacaqlıdır, ruslar arasında isə yad, yabançı kimi qalmaqdayıq".

 

Müəllif şəxsinə olan laqeydliyi əsərlərinin nəşrinə münasibətdə də görürdü. Məsələn, həmkarı A.A.Yarilova məktubunda daim çap problemi ilə üzləşməsindən şikayətlənərək yazırdı: "Abakan vadisinin dialektləri haqqında bir əsər hazırlamaq  istəyirəm. İstəyirəm ki, bu bölgədə yaşayan insanlara özümdən sonra bir xatirə qoyum. Amma harada və necə çap etdirəcəyimi bilmirəm. Əgər Elmlər Akademiyası dediyim əsərin bir bölümünün nəşrinə 16 il vaxt sərf edirsə, onda tam nəşrin yalnız 2034-cü ildə sona çatdırılacağını düşünmək lazım gəlir".

 

Bəlkə də Nikolay Katanovun 1913-cü ildə ilk gənclik yaşlarından xüsusi səy və diqqətlə topladığı kitabxanasını satmaq qərarına gəlməsində də elmi mühitdə həqiqi dəyərini almamasının ciddi rolu olmuşdu.  Kitabların satılmasında maddi çətinlik, ehtiyac ciddi rol oynamamışdı. Əksinə, həmin dövr Rusiyada iqtisadi yüksəliş dövrü olduğu üçün katanovlar ailəsi də maddi rifah içərisində yaşayırdı. Sadəcə bəlli mərhələdə zehni əmək ona yad, mənasız göründüyündən bir vaxtlar həyatının mənası saydığı kitablarla üzülüşmək fikrinə düşmüşdü. Əslində bu, həm də mövcud elmi mühitə, universitet camiəsinə atılan əlcək idi.

 

Həmin dövrdə alimin evində tez-tez olan Zəki Vəlidinin xatırladığına görə, kitabxananın satılmasının əsas təşəbbüskarı arvadı olmuşdu. Hətta "Ya mən, ya kitablar!" - deyə qəti tələb qoyaraq ərini evdən birdəfəlik çıxıb getməklə hədələmişdi. Xanımının həmin dövr rus qadınları arasında az təsadüf edilən  gimnaziya təhsili alması, elmi fəaliyyəti boyu ərinə bacardığı qədər yardım göstərməsi (mətnlərin üzünün köçürülməsi, tərcümə, korrektura oxunuşu və s.) nəzərə alındıqda bu fikir o qədər də inandırıcı görünmür. 

 

Nikolay Katanov dövrünün məşhur bibliofillərindən idi. Maraq dairəsinə daxil olan kitabları toplamağa hələ Krasnoyarsk gimnaziyasında təhsil aldığı vaxtdan başlamışdı. Maddi vəziyyətinin çətinliyinə baxmayaraq, bir sıra hallarda hətta boğazından kəsib kitab almağa xəsislik etmirdi. Həyatının Peterburq dövründə, elmi ekspedisiyalara yollandığı Qərbi Sibir, Çin, Monqolustan və Şərqi Türküstanda da bu "sağalmaz xəstəlikdən" xilas ola bilməmişdi. Uzun illər Kazan universiteti və Kazan Ruhani Akademiyası yanında Şərq dilləri senzoru vəzifəsində çalışması ona kitabxanasını çoxlu sayda yeni, bəzən hətta "yasaq" kitab, məqalə və ottisklərlə zənginləşdirməyə imkan vermişdi. Nəhayət, tanınmış alim kimi Avropa ölkələrinə səfərləri zamanı mühüm elm mərkəzlərindən çoxlu elmi əsərlər alıb gətirmiş, yaxud sifariş etmişdi. Kitabxanasında XIII əsrdən tutmuş 1914-cü ilə qədərki dövrü əhatə edən  çap məhsulları və əlyazmalar vardı. Bunların arasında "Ərəb dili qrammatikası" (London, 1862), "Türk dili qrammatikası" (London, 1832), "Fars dili qrammatikası" (London, 1783) kimi nadir nəşrlərə, 1262, 1305, 1698, 1779-cu illərə dair əlyazma və kitablara təsadüf olunurdu. Topladığı əsərlər yalnız elmi səciyyə daşıyırdı. Təkcə elə türkologiyaya dair 20-yə yaxın dildə 3000-dən çox kitabı vardı. Demək olar ki, bütün dünya dinləri haqda mövcud ədəbiyyatı toplamışdı. Ömrü boyu bədii əsər oxumadığı, musiqi, rəssamlıq və tətbiqi sənətlərlə maraqlanmadığı üçün təbii ki, bu sahələrə dair kitab və araşdırmalar da heç zaman diqqətini çəkməmişdi.

 

Kitabxanasını satmaq, özünün də etiraf etdiyi kimi, həyatında üzləşdiyi ağır psixoloji zərbələrdən idi. Amma taleyin xoş təsadüfü nəticəsində nadir kitabxana Katanovun həmişə böyük sevgi ilə yanaşdığı, gəzməyə və görməyə can atdığı Türkiyəyə qismət olmuşdu. Məşhur tatar kitabşünası Əbrar Kərimullinin Kazan universiteti arxivində aşkara çıxardığı bir sənəddə alimin öz dilindən kitablarının satılma tarixçəsi belə təsvir edilmişdi:  "Kitabxanamı Türkiyəyə satdım. Nə üçün? Məsələ belə oldu. Əvvəl onu Rusiya İmperator Elmlər Akademiyasına təklif etdim. Amma almaqdan boyun qaçırdılar. Belə olduqda İrkutsk universitetinə üz tutdum. Gələcəkdə burada Şərq dilləri fakültəsi açmağı, topladığın spesifik ədəbiyyatı da həmin fakültəyə verməyi xahiş etdim. Bu məqsədlə Sibir general-qubernatoruna müraciət ünvanladım. Xahişimə rədd cavabı gəldi. Sonra Daşkənddə universitet təşkili ilə bağlı layihənin mövcud olduğunu bildiyimdən məsələ ilə əlaqədar Türküstan general-qubernatoruna müraciət ünvanladım. General-qubernator cənab fon Kaufman müvafiq icazə üçün Xalq Təhsili Nazirliyinə məktub yazdı. Onun binagüzarlığına da rədd cavabı verildi. Onda Leypsiqdəki tanınmış naşirlərlə əlaqə yaratdım. Kitabxanamı almaq niyyətində olduqlarını təsdiq etdilər. Təsadüfən həmin vaxt Türkiyənin Baş naziri (keçmiş) Hilmi Paşa rəhbərlik etdiyi heyətlə Kazana gəlmişdi. Qonaqlar məşhur tacir Yunusovların evində qalırdılar. Kitabxanamın satışa çıxarıldığını, həm də burada çox sayda Şərq kitabları, lüğətlər və s. olduğunu eşitmişdilər. Hilmi Paşa geri  dönəndən sonra kitabxananın alınması qərarı çıxdı. Kazana ezam etdikləri əməkdaşları vasitəsi ilə kitabları alıb Türkiyəyə, İstanbuldakı yerli universitetin kitabxanasına təhvil verdilər".

 

Hilmi Paşa ilə Katanovun tanışlığı 1910-cu ilə təsadüf edir. Həmin ilin aprelində Kazana gələn Osmanlı sədrəzəmini qarşılayıb üç günlük səfər boyu müşayiət edənlər arasında yerli universitetin iki ünlü türkoloqu vardı. Onlardan biri sonralar Azərbaycan dilinin Şəki (Nuxa) dialekti haqda qiymətli əsər müəllifi kimi tanınan, 1923-1926-cı illərdə Bakı Universitetinin türkologiya kafedrasına rəhbərlik edən çuvaş əsilli professor, sonralar SSRİ EA müxbir üzv olmuş N.İ.Aşmarin (1870-1933), digəri isə N.F.Katanov idi. Sonuncu türk paşasına rəsmi tərcüməçi kimi təhkim edilmişdi. Üstəlik də, bütün türk soyları haqda zəngin biliyə malik olduğundan Hilmi Paşanı maraqlandıran məsələlərə asanlıqla aydınlıq gətirirdi. Şübhəsiz, bu şəxsi tanışlıq da bir neçə il sonra xakas aliminin zəngin kitabxanasının alınıb Türkiyəyə aparılmasında bəlli bir rol oynamışdı.

 

Bir sıra mənbələrdə Katanovun 22 dildə təxminən 3500 ədəd kitab və əlyazmasından ibarət kolleksiyasının 1914-cü ildə 3 min lirəyə Hilmi Paşanın göndərdiyi mütəxəssislərə satdığı bildirilir. Rusiya EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Alfiya Sibqatullina kitabxananın İstanbula gətirilməsində dövrün görkəmli türk dövlət adamlarından biri - Mahmud Esat Əfəndinin də xüsusi fəallığını qeyd edir: "Mahmud Esad Efendi N.F.Katanovun məşhur kitabxanasının Kazandan Türkiyəyə gətirilməsinə öncüllük edən şəxslərdən biridir. İstanbulda yenidən qurulan Arxeologiya Cəmiyyətinin kitabxanasına rus dilində kitablar almaq üçün Vəqflər Nazirliyi 1914-cü ilin may ayında məmurlarını Rusiyaya göndərmişdi. Həmin məmurlar əvvəlcə Kazanda professor Katanovun kitabxanasının alınmasını rəsmiləşdirmişdilər". Amma 1914-cü ildə alınan kitablar alimin kitabxanasını tam şəkildə ehtiva etmirdi. Ərinin vəfatından sonra xanımı Aleksandra Tixonova 1922-ci ildə 4000 nüsxədən çox kitabı yenə Türkiyəyə satmışdı. Beləliklə, Katanov kitabxanasına məxsus 7914 kitab 8 illik ara ilə İstanbula gətirilmiş və çarizmin süqutundan sonra Rusiyada hökm sürən xaos nəticəsində həmişəlik məhv olmaqdan xilas edilmişdi.

 

 

 

Alimin Şərqi Türküstana ekspedisiya zamanı topladığı və əlyazma şəklində qalan materiallar (2834 vərəq) isə çox güman ki, yenə də xanımının vasitəsi ilə Almaniyaya göndərilmiş, yaxud satılmışdı. Alman türkoloqu, altayşünas Karl Menqer (1908-1999) bu materialların bir qismini çap etsə də, əsas hissəsi hələ də öz tədqiqatçısını gözləməkdədir. Eyni sözləri Nikolayk Katanovun Kazan arxivlərində saxlanan irsi haqqında da demək mümkündür.

 

Kitabxanaya gəldikdə isə Zəki Vəlidi Toğan "Xatirələr"ində onun İstanbula gedib çıxma tarixçəsinə bir qədər fərqli rakursdan işıq salır: "Professor kitabxanasının satılmasında mənim vasitəçi olmağımı istədi. Mən də "Vakıt" qəzetində "Bir şərqşünasın zəngin kitabxanası satılacaqdır" - sərlövhəli məqalə yazıb Kazan, yaxud Orenburq kimi şəhərlərin birində müsəlmanlara məxsus bir elmi müəssisə yaratmaq qəsdi ilə alınmasını tövsiyə etdim. Lakin tatarlardan bir səs çıxmadı. Belə olduqda İstanbula, "Türk yurdu" dərgisinin mühərriri Yusuf Akçuraya yazdım. O da bunu Türkiyənin Vəqflər Nazirliyinə söyləmiş və kitabxananı satın alıb İstanbula gətirməyə qərar verilmişdi. Bu barədə Yusuf Akçura mənə xəbər çatdırdı. Vəqflər Nazirliyinin məmuru Nail Rəşid və əslən tatar olan Ömər Terequl bəyləri bir məktubla Kazana, mənim yanıma göndərdilər. Mən də bu kitabxananı 8000 rus rubluna Türkiyə üçün satın aldım. Sonra da sandıqlara yığıb İstanbula, Türkiyəyə göndərdim".

 

Zəki Vəlidi Katanovun kitabxanasında türkologiya ilə bağlı bəzi nəşrlərin çatışmadığını və bu əskikləri aradan qaldırmaq üçün özünün şəxsən Peterburqa gedib akademik dairələrdən həmin kitabları topladığını yazır: "Fəqət bu kitabxananın çatışmazlıqları çox idi. Onları aradan qaldırmaq üçün Peterburqa gedərək bəzi işlər görməli olduğumu türkiyəli müsafirlərimizə xəbər verdim. Bundan sonra Peterburqun kitabçılarından və elmi müəssisələrindən Katanov kitabxanasının çatışmazlıqlarını doldurmaq üçün həmin ilin dekabr ayında Kazandan Peterburqa gələn Nail Rəşid bəyin əlində qalmış pul ilə daha 7000 manatlıq kitab aldım. Akademiyadan, ayrı-ayrı universitetlərdən Şərqə dair hədiyyəlik kitablar topladım. Bunları yenə də sandıqlara yığıb İstanbula göndərdik. Birinci Dünya müharibəsi başlanmazdan əvvəl kitabxana sağ-salamat İstanbula çatdırılmış və indi İstanbul universitetinin tərkibində olan Türkiyyat İnstitutunun əsas elmi bazasını təşkil etmişdi. 1925-ci ildə Türkiyəyə köçəndən sonra bu kitabxana mənim üçün ələdüşməz xəzinəyə çevrildi. Əgər buradakı rus elmi nəşrləri olmasaydı, İstanbulda çap etdirdiyim əsərlər yalnız Şərq və Avropa qaynaqlarına dayanacaq və bu səbəbdən də müəyyən çatışmazlıqları olacaqdı".

 

Ola bilsin ki, Zəki Vəlidi iki fərqli hadisəni qarışdırır. Çünki əsas məqsəd Katanovun kitabxanasını almaq idi. Türk mənbələrində göstərildiyi kimi,  ardınca İstanbul darülfünunu üçün arxeologiya və etnoqrafiyaya dair bəzi rus və xarici nəşrlər də alınmışdı ki, bunların Katanov kitabxanası ilə bağlılığı yox idi.

 

Katanovun kitabları isə Türkiyədə həqiqətən etibarlı əllərə düşmüş və ilk gündən böyük diqqət görmüşdü. Həmin dövrdə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışan tatar maarifçisi Musa Akyiqitzadə (1864-1923) rus və əcnəbi dilləri bilən tatar tələbələri ətrafına toplayaraq Katanova aid kitabların izahlı biblioqrafiyasının tərtibinə başlamışdı. 1924-cü ilə qədər müxtəlif ünvanlarda mühafizə olunan kitabxana həmin il Qazi Mustafa Kamal Paşanın -Atatürkün əmri ilə İstanbul Darülfünunu Dil-Ədəbiyyat fakültəsi nəzdində qurulan Türkiyyat İnstitutuna verilmişdi.

 

Müxtəlif hədiyyə kitablarının hesabına aradan keçən illər ərzində ilkin say artaraq 9 min nüsxəni keçmişdir. Hazırda bu zəngin bilik xəzinəsi dünyanın istənilən ölkəsinin türkoloqlarının üzünə açıqdır. N.A.Katanovun anadan olmasının 150 illiyi ərəfəsində - 2012-ci ildə Türkiyə tərəfi xakas xalqına böyük jest edərək kitabların elektron surətlərini alimin adını daşıyan Kakasiya Universitetinin kitabxanasına bağışlamışdı.

 

***

 

Əvvəldə də qeyd etdiyim kimi, Nikolay Katanov bütün həyatı boyu siyasətdən uzaq adam olmuşdu. Nəinki siyasi proseslərlə maraqlanmış, hətta bu mövzuda söhbət düşən yerlərdə ya ümumiyyətlə susmuş, ya da məclisi mümkün qədər tezliklə tərk etməyə tələsmişdi. Odur ki, Birinci Dünya müharibəsinin başlanması, yaxud imperiyanın süqutu kimi milyonlarla insanın taleyini dəyişdirən, alt-üst edən qlobal miqyaslı hadisələr məişət çətinliklərini istisna etmək şərti ilə Katanovun həyatında və düşüncəsində elə ciddi təbəddülat yaratmamışdı. Amma bu dəyişikliklərin tamamilə təsirsiz keçdiyini düşünmək də doğru olmazdı. Əksinə, inqilabi hadisələr öz sarsıdıcı effekti ilə onu da illərdən bəri içində olduğu depressiyadan çıxarmışdı. Türkoloq Sergey İvanovun yazdığına görə, 1918-ci ildən sonra Katanovda yenidən "elmi araşdırmalara maraq yaranmışdı".

 

1917-ci ilin oktyabrında Kazanda demokratik əsaslarla Şimal-şərqi arxeologiya və etnoqrafiya institutu təsis edilmişdi. İnstitutda dərs deyənlər əsasən Kazan universitetinin müəllimləri idilər. Nikolay Katanov Arxeologiya fakültəsinin dekanı seçilmişdi. Altın Orda tarixi, mənbəşünaslıq, Şərq numizimatikası və xronologiyası fənlərindən mühazirələr oxuyurdu. 1919-cu ildə Şərq bölməsi yaradılanda rəhbərliyə tərəddüdsüz Katanovu gətirmişdilər. Bölmə Şərq Akademiyasına çevriləndə isə onu ştatda saxlamışdılar. Bəlkə də bir qədər paradoksal görünə bilər - amma həyatının 55 ilini çar Rusiyasında yaşayan Nikolay Katanov ölkədə baş verən hakimiyyət dəyişikliyi nəticəsində özünü daha azad və sərbəst hiss etməyə, yaradıcılıq potensialını, məqsəd və arzularını daha sərbəst şəkildə gerçəkləşdirməyə imkan tapmışdı. Arxeologiya və etnoqrafiya institutundan başqa, o, Ali xalq təhsili institutunda, Çuvaş pedaqoji kurslarında, hətta Ali Şərq musiqisi məktəbində çalışırdı. 1919-cu ilin fevralında ümumrusiya müsabiqəsi əsasında Kazan universitetinin professoru seçilmiş, 1921-ci ilin avqustunda isə seçkinin nəticəsi RSFSR Xalq maarifi komissarlığı tərəfindən rəsmən tanınmışdı. Amma bu müsbət dəyişiklər fonunda həyat günü gündən çətinləşir, aclıq və ehtiyac minlərlə insan kimi, Nikolay Katanovun kiçik ailəsini də öz məngənəsində sıxırdı. Yeganə bacardığı iş pedaqoji fəaliyyət olan Katanov qazanc xatirinə həftədə 50 saata yaxın dərs deməli olurdu.

 

Həyatının böyük bir mərhələsi Kazanla bağlı olsa da, 1921-ci ildə o, soyuq, aclıq və vətəndaş müharibəsinin bütün dəhşətlərinin yaşandığı Volqaboyunu tərk etmək barəsində ciddi düşünürdü. Bir neçə universitetdən dəvət almışdı. Onların arasında iki il əvvəl təsis edilmiş Bakı universiteti də vardı. Kazandakı birgə fəaliyyətdən yaxşı tanıdığı bəzi həmkarları - ərəbşünas P.K.Juze, antik fəlsəfə professoru A.O.Makovelski artıq Bakıdan gələn dəvəti qəbul edib yola hazırlaşırdılar. Nikolay Katanov məmnuniyyətlə haqqında çox eşitdiyi Azərbaycana gəlmək istəyirdi. Amma bir neçə ildən bəri aramsız həyat mücadiləsi verən orqanizmi günü-gündən artan çətinliklər qarşısında zəifləmişdi. 1921-ci ilin payızında onu iflic vurdu. Vəziyyəti nisbətən yaxşılaşmağa başlayanda isə irinli plevritə yoluxdu. Cərrahiyyə əməliyyatının bir faydası olmadı. Xakas türklərinin ilk alimi 1922-ci il martın 10-da 59 yaşında həyata gözlərini yumdu.

 

N.F.Katanov ölümündən bir neçə ay əvvəl öz əli ilə çap olunmuş əsərlərinin siyahısını tərtib etmişdi. Bura müxtəlif dillərdə 380 biblioqrafik vahid daxildir. Lakin kitabşünas Əbrar Kərumullinin fikrincə, siyahı tam sayıla bilməz. Çünki alimin qələmindən çıxan 900-dan çox annotasiya, referarat, resenziya, hazırladığı  kataloqlardakı 700-dən çox kitab tanıtımı bura daxil edilməmişdi. Hazırkı mərhələdə Katanov irsi nəinki tam şəkildə çap olunmuş, hətta toplanıb bir araya da gətirilməmişdir.

 

Katanovun vəfatından sonra onun haqqında görkəmli şərqşünaslardan V.A.Qordlevski, A.N.Samoyloviç, N.M.Pokrovski, N.M.Xarlampoviç və başqaları ümumən obyektiv ruhlu məqalələr yazmışdılar. Bu yazılarda alimin həyat və fəaliyyətinin diqqətəlayiq faktları, elmi-pedaqoji fəaliyyəti, türkoloji irsi ilə bağlı fikir və mülahizələr irəli sürülmüşdü.

 

Lakin bu obyektiv yanaşma uzun müddət davam etməmişdi. 1920-ci illərin ikinci yarısından etibarən Katanovun şəxsiyyəti, irsi və fəaliyyəti bolşevik ideologiyası nöqteyi-nəzərindən təftiş olunmağa başlanmışdı. Nəticədə onu fədakar türkoloq deyil, "əksinqilabçı missioner", "köhnə rejimin alim köləsi", "mürtəce elm xadimi" adlandırmağa daha böyük üstünlük verilmişdi. Alimin bəraəti tələbəsi S.E.Malovun 1958-ci ildə Qazaxıstan SSR EA "Xəbərləri"ində dərc etdiyi məqalədən başlamışdı. Sonrakı onilliklərdə rus, türk, tatar, xakas və Avropa alimləri tərəfindən bu istiqamətdə işlər görülmüşdür. Müasir dövrdə N.F.Katanov haqlı olaraq xakas xalqının yetirdiyi görkəmli şəxsiyyətlərdən biri sayılır, Xakasiya Dövlət Universiteti onun adını daşıyır, Abakan şəhərində heykəli ucaldılıb.

 

***

 

Nikolay Katanov doğma Vətənininə - xakas torpağına son səfərlərinin birində  üzünü sanki bu torpağın gələcək sakinlərinə tutaraq demişdi: "Baxın, bizim Abakan və Qızıl tatarlarının yaradıcılığı - nağılları, dastanları, əfsanələri, atalar sözləri, onların musiqi və şərqiləri nə qədər özünəməxsus, nə qədər təkrarsızdır! Öz ölkənizi, saymazyana şəkildə "itin quduran yeri" adlandırdığınız kəndinizi öyrənməyə başlayın. Dilimizin tədqiqi qarşıda dayanan ən vacib məsələlərdən biridir. İndiyədək bizim tatarların dilinin öyrənilməsi üçün mən bəzi təşəbbüslər göstərmişəm, lakin görülməli işlər daha çoxdur". 

 

 

Vilayət QULİYEV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 19 mart.- S.16-17.