"Atamı xoşbəxt
yazıçı hesab edirəm..."
YAZIÇI
MƏMMƏD ƏLİ NASİRİ QIZI SAMİRƏ
NASİRLƏ SÖHBƏTDƏ BİR DAHA XATIRLADIQ
22 mart ədəbi mühitin və publisistikanın
tanınmış imzası, mərhum yazıçı və
jurnalist Məmməd Əli Nasirin doğum günüdür. O, 1931-ci ildə
Şamaxı rayonu Cəmcəmli kəndində anadan olub. Kiçik yaşlarından ədəbiyyata olan
marağı, sevgisi onu yaşıdlarından fərqləndirib.
8-ci sinifi kənddə bitirən Məmməd
Əli Şamaxı şəhərində pedaqoji məktəbə
daxil olub. Oranı da fərqlənməylə
bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti
göstərib. Sonra Bakı Dövlət
Universitetinin (Azərbaycan Dövlət Universiteti) Jurnalistika
fakültəsinə daxil olub.
Universitetdə təhsil ala-ala bir çox qəzetlerdə
çıxan ədəbi-bədii, publisistik məqalələri
mühitdə bir çox peşəkar imzaların
marağına səbəb olub. Universiteti bitirdikdən
sonra Bakı Ali Partiya məktəbinə daxil olub və
oranı da əla qiymətlərlə bitirib.
Bundan
sonra onun ali vəzifələrdə əmək
fəaliyyəti başlayıb. Həmçinin,
istedadlı yazıçı qələmini də yerə
qoymur və bir-birindən maraqlı əsərlər
yaradır.
Böyük gürcü klassiki Şota Rustavelinin "Pələng
dərisi geymiş pəhləvan" epik dastanından bəhrələnərək
yaratdığı "Tariyel" mənsum pyesi SSRİ-nin
bir neçə respublikasında müvəffəqiyyətlə
tamaşaya qoyulub. Uzun müddət teatrın repertuarından düşməyən
"Tariyel" tamaşasını quruluşçu rejissor
Yusif Bağırov, Xalq artisti Cahangir Cahangirov, SSRİ Xalq rəssamı
Dmitri Tavadze və başqaları ruh yüksəkliyi ilə ərsəyə
gətiriblər.
Bütün bunlardan əlavə, Məmməd Əli
Nasir həm də bir loğman idi. O, 1991-ci ildən Səhiyyə
Nazirliyinin sistemində çıxan "Loğman" qəzetinin
baş redaktoru kimi çalışıb. M.Nasir
xalq təbabətinin öyrənilməsi, toplanılması və
təbliği sahəsində mühüm işlərə
imza atıb. Ədibin "Əbədi şəfa xəzinəsi"
və rus xalq təbabətçilərinin "150
resept"ini də dilimizə tərcümə edərək
çap etdirdiyi "Şəfa peyğəmbəri"
kitabları da bu baxımdan misilsiz əhəmiyyət kəsb
edir.
"Qızıl qələm"
mükafatçısı M.Nasirin "Səmavi səyahət"
və "Qobustannamə" kitabları da qiymətli əsərləri
sırasındadır.
3 noyabr 2008-ci ildə Şamaxı rayonunda avtomobil qəzası
nəticəsində dünyasını dəyişən ədibin
xatirəsini hər zaman yaşadan və ədəbi irsinə
sahib çıxan qızı Samirə xanımla bu günlərdə
atası haqqında həmsöhbət olduq. Əsərlərindən
tanıdığımız yazıçını bu dəfə
də qızının dilindən tanıyaq:
- Samirə
xanım, atanız Məmməd Əli Nasiri onu tanımayanlara
necə tanıdarsınız?
- Atam
öz zəmanəsinin özünün məsləhət
bildiyi qədər tanınmış, sevilən, çox
istedadlı, hədsiz dərəcədə savadlı, qəlbi
çox rəhimli, uşaqla uşaq, böyüklə
böyük olan çox ali bir şəxsiyyət
idi. Onun hər sahədən mükəmməl
biliyi var idi.
- Onun əsərlərinin
başlıca ideyası nədən ibarətdir?
-
Atamın əsərləri çoxşaxəlidir. Tarixi, əxlaqi, təbabət mövzulu əsərləri
var. Bununla bərabər, Məmməd Əli Nasir həm də
şair idi. Onun satirik şeirləri
dövrünün çatışmazlıqlarını,
xalqının problemlərini əks etdirir. Ümumən isə əsərlərində insan
mövzusu, onun daxili aləmi əsas ideyası hesab oluna bilər.
-
Yazıçı Məmməd Əli Nasir, jurnalist Məmməd
Əli Nasir, loğman Məmməd Əli Nasir və ata Məmməd
Əli Nasir... Onları bir-birindən nələr
fərqləndirir?
- Yazıçı M.Ə.Nasir ölkəsini, vətənini
hədsiz dərəcədə çox sevən,
çatışmazlıqlarını özünün ən
böyük dərdi bilən, onların gözəl və səviyyəli
şəkildə, öz təbirincə, aradan
qaldırılmasına çalışan vicdanlı şəxs
idi. Jurnalist M.Ə.Nasir də həmçinin. Daha çox problemləri qələmə alar,
ictimailəşdirilməsinə çalışardı.
Loğman M.Ə.Nasir isə insanların fiziki problemləri,
dərdləriylə məşğul idi. O, bir loğman kimi
"Əbədi şəfa xəzinəsi" adlı təbabət
məcmuəli kitabında şəfalı bitkilərdən
1001 resept hazırlayaraq oxucuların istifadəsinə verib.
Ata M.Ə.Nasirin isə ta uşaqlıqdan aşiqi
olmuşam deyərdim. Mən bəlkə həyatım boyu onun
kimi övlad sevən ata görməmişəm. Eləcə nazımızla oynayar, qətiyyən xətrimizə
dəyməz, bir dediyimizi iki etməzdi. Övladlarının
bütün ehtiyaclarını ödəməkdən
ötrü bütün çətinliklərə sinə gərərdi.
Bir sözlə, hər cür fədakarlıqdan
çəkinməyən mükəmməl ata idi.
Məmməd
Əli Nasirin bütün profillərini birləşdirən əsas
cəhəti məhz bu idi: insan sevgisi. Fərqləndirən
isə onların gördüyü işlər idi, yəqin ki.
Onun böyüklüyü isə o idi ki,
heç biri bir-birinə mane olmurdu.
- Onun ən
yaxın münasibətdə olduğu qələm dostları
kimlər idi?
-
Xatırladığım qədəri ilə böyük
şairimiz Xəlil Rza Ulutürklə çox yaxın dost
idilər. Hətta şair Şamaxıdakı
evimizdə də dəfələrlə qonaq olub.
- Onunla
yaradıcılıq söhbətləri olurdumu?
- Bəli,
çox... Amma mən onda çox kiçik
yaşlarda olduğumdan indi ətraflı şəkildə
xatırlamıram.
- Sizcə,
bu gün Məmməd Əli Nasir niyə az
tanınır?
- Fikrimcə,
bu, onun elə özünün seçimi idi. Çünki
atam bu sənəti məşhur olmaq, tanınmaq
üçün seçməmişdi. Yazmaq
onun alın yazısı. İçindəki
istedad idi ona bu əsərləri yazdıran. Onun böyük şöhrət qazanmaq, tanınmaq
kimi bir fikri olmayıb. Amma müasirləri,
dövrünün ədəbi mühiti onu çox gözəl
tanıyırdi. Atam siyasətdən, qarışıq həyatdan
uzaq adam idi. Vaxtilə
yüksək siyasi vəzifə təklifinə də
cavabı bu cür olub ki, siyasət mənlik deyil, öz evim,
ailəm, dolanışığım, sakit həyatım
olsun, bəsimdir. Elə istədiyi kimi də
həyatı vardı.
-
Atanızı xoşbəxt yazıçı adlandıra
bilirsinizmi?
- Əlbəttə, atamı xoşbəxt
yazıçı adlandıraram. Çünki onun lap gənc
yaşlarından uğurları çox olmuşdur. Onun gənc yaşında qələmə
aldığı "Tariyel" pyesi elə ilk vaxtlardan səhnələşdirilib,
uzun illər müxtəlif teatrların repertuarlarında olub.
Bir gənc yazıçı üçün
bu, çox böyük uğur hesab oluna bilər. Təbii ki, təkcə bu deyil, minlərlə tirajla
çap olunan və dövründə əl-əl gəzən,
axtarılan kitabları onun xoşbəxt yazıçı
taleyinin nümunəsi idi.
O, tək
yazıçı kimi deyil, jurnalist kimi də xoşbəxt
idi. Uzun illər "Yeni söz", sonra
"Yeni Şirvan" ömrünün axırına kimi isə
"Loğman" qəzetlərinin təsisçisi, baş
redaktoru olub. Onun yaşadığı və
fəaliyyət göstərdiyi dövrün çətinliklərini
nəzərə alsaq, bu cür qəzetləri uzun illər
yaşatmaq da böyük hünər idi.
Öz zamanında yazdığı yazılar daşdan
keçərdi, çox çəkinərdilər onun qələmindən. El arasında
çox əzəmətli ağsaqqal idi, illərlə
aralarında düşmən münasibəti olan nəsillər
belə, onun sözüylə düşmənliyə son
qoyardılar.
-
Atanızın uğurlarına mane olmaq istəyən,
"yoluna daş itələməyə"
çalışanlar olurdumu? Belə hallara
qarşı onun münasibəti necə idi?
- Bəli,
gəncliyində onun istedadından, əməksevərliyindən
çəkindikləri üçün mane olmağa
çalışanlar, "yoluna daş itələyənlər"
çox olub. Onda mənim yaşım az
olduğu üçün yaxşı xatırlamıram. Sonralar atam özü də bu haqda heç
danışmaz, xatırlamaq istəməzdi. Çünki nə qədər mane olmağa
çalışsalar da, istedadını ki əlindən ala
bilməcəyəkdilər. Necə ki, ala
bilməyiblər və ondakı o istedad heç vaxt kölgə
altında qalmayıb.
-
Qızı kimi deyil, oxucusu kimi atanızın ən çox
sevdiyiniz əsəri hansı olub və niyə?
- Əslində, atamın qələmindən
çıxan, qəlbini qoyduğu əsərlərinin
hamısını sevirəm, fəxr edirəm. Amma daha
çox "Qobustannamə" əsərini sevirəm.
Bu kitab demək olar ki, respublikanın
bütün bölgələrinə yayılıb. Kitabda Şamaxı və Mərəzə
rayonlarında yaşamış övliyalar, şeyxlər,
pirlər, həmçinin, atamın babaları haqqında
çox dəyərli yazılar, məlumatlar var. Çox istərdim
ki, dövrümüz gəncləri də bu kitabı oxusunlar
və keçmişimizdə yaşamış bu cür dəyərli
şəxsiyyətlərimizdən xəbərdar olsunlar.
-
Özündən sonra ona verilən qiymətdən
razısınızmı?
-
Özündən sonra el arasında ona hələ də davam
edən təmənnasız rəğbət, ona həqiqi mənada
verilən qiymətdən razıyam, bəli...
- Onun bu
günə kimi unutmadığınız və həyat
yolunuza təsir edən hansı nəsihətləri, məsləhətləri
olub?
- Atam
çox söhbətcil insan idi. Həmişə
ağıllı, hikmətli söhbətləri olardı.
Onu dinləməyi çox sevirdim. Ta
uşaqlığımdan ondan çox şey əxz eləmişəm.
Bütün sahələrdən hərtərəfli
biliyə malik idi. Özüm uşaq
vaxtı jurnalist olmaq istəyirdim. Arzum
atamın yolunu davam etdirmək idi. Amma atam
icazə vermədi ki, jurnalistlik qız sənəti deyil.
Ona görə də məni müəllimliyə
yönəltdi. Lakin indi bunun
peşmanlığını yaşayıram. Kaş ki, jurnalist olaydım. Əlbəttə,
genetika öz sözünü hər zaman deyir, yəqin ki.
Atam jurnalist olmağıma izin verməsə də,
mən uşaqlıqdan kiçik hekayələr yazıram.
O da uşaq vaxtı yazdığım hekayələri oxuyub
gülümsünürdü. Bəyəndiyini və mənimlə
fəxr etdiyini hiss edirdim. Onunla aramda elə bir
bağ yaranmışdı ki, bəzən danışmadan da
bir-birimizi başa düşürdük. Hekayə
yaradıcılığım bu gün də davam edir. Hətta atamın vəfatından sonra elə bir
boşluğa düşdüm ki, yalnız yazmaq təsəllim
olurdu. Ədəbi
yaradıcılığımda atamın imzasını
özümə təxəllüs götürmüşəm.
Onun adını Samirə Nasir kimi yaşatmaqdan
qürur duyuram.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 19 mart.- S.15.