Azərbaycanda müəllimlərin İKT
bacarıqları qiymətləndirilib
ƏLDƏ
OLUNAN GÖSTƏRİCİLƏR NƏDƏN XƏBƏR
VERİR?
YUNESKO-nun maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsildə strateji tədqiqatlar və Təhsildə innovasiyalar şöbəsinin birgə əməkdaşlığı çərçivəsində "Azərbaycanda müəllimlərin İKT (informasiya kommunikasiya texnologiyaları) bacarıqlarının qiymətləndirilməsi" layihəsi həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanın 13 fərqli iqtisadi rayonundakı müxtəlif ümumtəhsil məktəblərində fəaliyyət göstərən 2578 müəllimin İKT-yə münasibəti və İKT bacarıqları, həmçinin, müvafiq bacarıqların müəllimlərin cinsiyyəti, yaşı, pedaqoji stajı kimi müxtəlif demoqrafik dəyişkənlər baxımından qruplar arasında statistiki olaraq əhəmiyyətli bir fərqliliyin olub-olmadığı müəyyənləşdirilib. Tədqiqat çərçivəsində YUNESKO-nun Banqkok ofisi tərəfindən hazırlanan "Təhsildə İKT müəllim hazırlığı" ölçmə alətindən istifadə olunub. Bundan əlavə İKT-nin tədris prosesinə inteqrasiyasına təsir edən amilləri müəyyənləşdirmək üçün ikinci fərqli bir ölçmə alətindən istifadə edilib.
ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslının sözlərinə görə, sorğuda 2210 qadın, 368 kişi müəllim olmaqla ümumilikdə 2578 müəllim iştirak edib. Sorğuda iştirak edən müəllimlərin 511-i subbakalavr peşə-ixtisas dərəcəsinə, 1737-si ali təhsil pilləsinin bakalavriat, 330-u isə magistratura və ya doktorantura səviyyəsində təhsilə sahib olduğunu qeyd edib. Yaş baxımından qiymətləndirmə zamanı 30 yaşadək müəllimlərin sayının 472 , 31-40, 41-50, 51-60 yaş aralığından olan müəllimlərin sayının isə müvafiq olaraq 927, 587, 425 nəfər olduğu görünüb. Həmçinin, sorğuda iştirak edən müəllimlərin 167 nəfərinin isə 61 və üzəri yaşa sahib olduğunu bildirib.
Şöbə müdiri deyir ki, sorğuda iştirak edən müəllimlərin pedaqoji təcrübəsi dörd fərqli qrupda təsnif olunub: "Nəticələr göstərib ki, pedaqoji təcrübəsi 4 ildən az olan müəllimlərin sayı 387 (15,01 faiz), 5-10 il təcrübəyə sahib olanların sayı 393 (15,24 faiz), 11-20 illik təcrübəyə malik sorğu iştirakçılarının sayı 828 (32,12 faiz), 21-30 illik təcrübəyə malik olan müəllimlərin sayı isə 536 (20,79 faiz) nəfər olub. Son olaraq 30 il və daha çox təcrübəyə malik müəllimlərin sayının isə 434 (16,83 faiz) nəfər olduğu qeyd edilib. Ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər şəhər, qəsəbə və kənd olmaqla üç qrupda təsnif olunub. Şəhər, qəsəbə və kənd yerlərində ümumtəhsil müəssisələrinin infrastrukturu və təbii ətraf mühit amillərinin fərqli ola biləcəyi nəzərə alınaraq ölkə səviyyəsində təhsildə İKT-nin tətbiqinin ümumi mənzərəsini görmək üçün hər üç ərazidə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin tədqiqatın əhatə dairəsinə daxil edilməsinə diqqət yetirilib. Belə ki, sorğu iştirakçılarının böyük bir hissəsini şəhər məktəblərində fəaliyyət göstərən müəllimlər təşkil edib. Onların sayı 1123 nəfər (43,56 faizi) olub. Əlavə olaraq, 880 nəfər müəllim (34,14 faiz) qəsəbə məktəblərində, 575 (22,30 faiz) nəfər müəllim isə kənd ümumtəhsil məktəblərində fəaliyyət göstərdiyini qeyd edib".
Könül Abaslının dediyinə görə, YUNESKO tərəfindən təqdim edilən ölçmə alətində qeyd edilən və müəllimlərin İKT-yə münasibətini əhatə edən suallara verilən cavablar təhlil edildiyi zaman müəllimlərin əksəriyyətinin şagirdlərin öyrənmə prosesini dəstəkləmək üçün İKT-nin faydalı resursları və alətləri (vasitələri) təmin etməsi (75,79 faiz), şagirdlərin İKT-dən istifadəsinin şagird mərkəzli öyrənməni dəstəkləməsi (81,57 faiz) və müəllimlərin peşəkar inkişafında İKT-nin önəmli rol oynaması (89,26 faiz) fikri ilə razı və ya tamamilə razı olduqları nəticəsi əldə edilib: "Həmçinin, müəllimlərin İKT-dən istifadə etməklə tədris metodikalarını daha innovativ edə bilmələri (88,75 faiz) və İKT-nin istifadəsi zamanı şagirdlərin onların tədris prosesini daha yüksək qiymətləndirdiyi (77,27 faiz) fikirləri ilə də razı və ya tamamilə razı olduqları görünüb. Bundan əlavə, təxminən müəllimlərin 40 faizinin işlədiyi ümumtəhsil məktəbləri tərəfindən tədris (38,71 faiz) və (ya) inzibati öhdəlikləri (39,18 faiz) yerinə yetirmək məqsədi ilə masaüstü/dizüstü kompüterlər ilə təmin olunmaları və həmin kompüterlərin mətn, şəkillər, videolardan istifadə edərək təqdimat hazırlamağa imkan verdiyi (38,48 faiz) və dərs demək üçün vacib olan proqram təminatları ilə təchiz olunması (38,25 faiz) fikirləri ilə razı və ya tamamilə razı olduqları görünüb. Həmçinin, araşdırma nəticələrində, müəllimlərin 38,71 faizinin fəaliyyət göstərdikləri ümumtəhsil məktəbləri tərəfindən tədris məqsədi ilə masaüstü/dizüstü kompüterlərlə təmin olunduqlarını təsdiqləmələrinə baxmayaraq, 59,58 faiz müəllimin tədris apararkən şəxsi cihazlarından istifadə etməyə üstünlük verdikləri müşahidə olunub. Təhlillər zamanı əldə olunan nəticələr göstərmişdir ki, kəndlərdə və şəhərlərdə internetin keyfiyyəti arasında fərqlər mövcuddur. Kənd məktəblərində fəaliyyət göstərən müəllimlərin şəhər məktəblərində fəaliyyət göstərən müəllimlər ilə müqayisədə internet bağlantısının sürəti (53,07 faiz) və internetin stabilliyi (51,29 faiz) mövzusunda daha narazı mövqe nümayiş etdirdiyi görünüb. Ümumiyyətlə, şəhər yerlərindən kənd yerlərinə doğru irəlilədikcə internetlə bağlı narazılıqların artdığı müşahidə olunub.
Müəllimlərin tədris, öyrənmə, məzmun yaratmaq və s. kimi vacib sahələrdə rəqəmsal bacarıqlara nə dərəcədə sahib olduğunu müəyyən etmək məqsədi ilə onlara İKT yönümlü tapşırıqlar üzrə bacarıq səviyyələrini qiymətləndirmək üçün müvafiq suallar ünvanlanmış və müəllimlərdən öz bacarıqlarını 1-dən (ən aşağı) 7-yə qədər (ən yüksək) qiymətləndirmələri istənilib. 6 və 7-ci dərəcənin ən yüksək dərəcə olduğunu nəzərə alsaq, 25 faiz müəllimin söz prosessorundan istifadə etmək, təqdimat hazırlamaq və iş vərəqlərindən istifadə etmək, 35 faiz müəllimin sənədləri qovluqda saxlamaq və sistemləşdirmək və 41 faiz müəllimin elektron məktubları oxumaq, yazmaq və göndərmək mövzusunda yüksək bacarıqlara sahib olduğu qeyd olunub".
ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasovanın dediyinə görə, tədqiqat çərçivəsində istifadə edilən digər ölçmə alətində qeyd olunan ölçülər ilə bağlı müəllimlərin düşüncələri müxtəlif dəyişkənlər baxımından təhlil edilib. Belə ki, müvafiq ölçmə alətində müəllimlərin İKT bacarıqları, məktəb mühiti və həmkarlar tərəfindən həvəsləndirmə, təşviş, spektisizm və texnofobiya, sinifdə İKT-nin dəyəri, faydalılığı ilə bağlı pozitiv inanclar, kompüter və texnoloji vasitələrin dəyişikliyin bir agenti kimi qəbul edilməsi, son olaraq dərsin planlaşdırılması və sinfin idarəolunması üçün İKT-nin istifadəsinə dair bilik olmaqla 6 fərqli ölçü müəllimlərin cinsiyyəti, yaşı, pedaqoji stajı, təhsil vəziyyəti və müəllimlərin işlədiyi məktəbin yerləşdiyi ərazi dəyişkəni baxımından təhlil edilib. Fərqli faktorlar üzrə nəticələrin müxtəlif olduğu görünüb. Belə ki, qeyd olunan ölçülərdə müəllimlərin cinsiyyətinin effektiv bir faktor olmadığını göstərib. Yəni, müəllimlərin kişi və ya qadın olmalarının onların İKT bacarıqlarına, texnologiyaya qarşı fobiyanın olmasına və s. təsir etmədiyi müəyyən olunub: "Yaş dəyişkənliyi baxımından aparılan statistik təhlillərin nəticələri yaşı 30-dan az olan müəllimlərin İKT bacarıqlarının, sinifdə İKT-nin dəyəri və faydalılığı ilə bağlı pozitiv inanclarının və dərsin planlaşdırılması və sinfin idarəolunması üçün İKT-nin istifadəsinə dair biliklərinin daha yüksək olduğunu, kompüter və texnoloji vasitələri dəyişikliyin bir agenti kimi qəbul etdiyini və həmçinin, təşviş, spektisizm və texnofobiya hislərinin digər qruplarla müqayisədə daha aşağı olduğunu göstərib".
Şöbə müdiri bildirib ki, pedaqoji staj dəyişkəni baxımından bütün qruplar arasında əhəmiyyətli statistik fərqliliklər müşahidə edilib. Belə ki, pedaqoji stajı 4 il və daha az olan müəllimlərin İKT bacarıqlarının 11-20, 21-30 və 31 il və daha çox pedaqoji staja sahib olanlarla müqayisədə daha yüksək olduğu, 4 il və ya daha az pedaqoji stajı olan müəllimlərin 5-10 və 11-20 il stajı olan müəllimlərə nisbətdə həmkarlarından daha çox dəstək aldığı və həvəsləndirildiyi görünüb. Həmçinin, pedaqoji stajı 4 il və ya daha az olan müəllimlərin İKT-nin istifadəsinin dəyəri və faydalılığı ilə bağlı müsbət inanclarının pedaqoji stajı 5- 10, 11-20, 21-30 və 31 il və yuxarı olan müəllimlərə nisbətən daha yüksək səviyyədə olduğu, pedaqoji stajı 4 il və ya daha az olan, həmçinin 5-10 il arasında olan müəllimlərin təhsil proseslərində istifadə olunan kompüter və İKT-nin dəyərinə dair düşüncələrinin pedaqoji stajı 11-20, 21-30 və 31 il və üzəri olan müəllimlərə nisbətən daha yüksək olduğu da təhlillər nəticəsində əldə edilən bir başqa nəticə olub. Bundan əlavə, 4 il və ya daha az pedaqoji stajı olan müəllimlərin 11-20, 21-30 və 31 il və daha çox pedaqoji staja sahib olan müəllimlərlə müqayisədə dərsin planlaşdırılması və sinfin idarəolunması üçün İKT-dən istifadə edilməsi ilə bağlı daha çox məlumatlı olduqları müşahidə edilib. Son olaraq təhlil nəticələri 4 il və ya daha az pedaqoji stajı olan müəllimlərin texnofobiya səviyyəsinin 5-10, 11-20, 21-30 və 31 il və daha çox stajı olan müəllimlərə nisbətən daha aşağı səviyyədə olduğunu göstərib. Bu isə yaşı gənc olan müəllimlərin İKT bacarıqlarının yüksək olduğunu, eyni zamanda İKT-nin tədris prosesinə inteqrasiyası ilə bağlı müsbət düşündüklərini söyləməyə imkan verir".
Abutab Abbasovanın dediyinə görə, müəllimlərin təhsil səviyyəsinə görə müvafiq ölçülərə dair düşüncələrdə hansı fərqliliklərin olduğunu müəyyən etmək üçün həyata keçirilən statistik təhlillər subbakalavr təhsilli müəllimlərin İKT bacarıqlarının, İKT-nin sinifdə tətbiqinin dəyər və istifadəsinə dair pozitiv inanclarının və təhsil proseslərində kompüter və İKT-nin istifadəsinin dəyərinə dair düşüncələrinin magistratura/doktorantura təhsili olanlarla müqayisədə daha aşağı səviyyədə olduğunu göstərib. Bundan əlavə subbakalavr təhsili olan müəllimlərin magistratura/doktorantura təhsili olanlarla müqayisədə dərsin planlaşdırılması və sinfin idarəolunması üçün İKT-dən istifadə haqqında daha az məlumatlı olduqları da təhlillər nəticəsində ortaya çıxıb. Son olaraq, subbakalavr təhsilinə sahib olan müəllimlərin texnofobiya səviyyəsinin bakalavriat və magistratura/doktorantura təhsilli müəllimlərə nisbətdə daha yüksək olduğu da müşahidə olunub. Əldə olunan bu nəticə qazanılan təhsil dərəcəsinin İKT-nin tədris prosesində istifadəsində effektiv bir faktor olduğunu deməyə əsas verir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 19 mart.- S.14.