Nağıl kimi bir ömür...
...Bir
röya gördüm, məni ötən günlərə
qaytaran, ümidlərin böyük, həyatınsa dəyərli
və çox qısa olduğunu xatırladan anlara apardı məni...
Sevginin əbədiliyini xəyal edən,
Tanrının mərhəmətinə inandıran bir röya
idi. Məni gəncliyimə qovuşduracaq,
cəsarətimi qaytaracaq, xəyallar quracaq bir aləmdəydim.
Orada ödəniləcək kəfarət, oxunmamış nəğmələr
yoxuydu... Həyatın fərqli olacağına
ümidlə dolu arzularım vardı. Mən orada
xoşbəxt idim...
Bu onun FB-də paylaşdığı son mahnının
sözləridir. Məşhur amerikalı pop-ulduz Aretha Franklin oxuyurdu bu
mahnını... Çox sevdiyi Bakıdan, həyatının ən
qaynar və məhsuldar çağlarını
yaşadığı doğma şəhərdən uzaqlarda,
həsrətini, özləmini bəlkə də bu
mahnıdakı o mübhəm və sirli yuxunun xatirələr
burulğanında əritməyə
çalışırdı, bilmirəm... Təkcə onu
bilirəm ki, qürbət heç zaman Vətən olmur, sən
həmişə oralarda qonaqsan, özgəsən, yadsan, gəlməsən...
Onun adının rus dilindən tərcüməsi
"işıqlı, nurlu" deməkdir. Bəlkə də elə
buna görə Svetlana xanım işlədiyi hər yerdə
- insanlarla ünsiyyətində, dostluğunda, iş birliyində
bu işığın səmimiyyətini, bu nurun
mehribanlığını qoruyub-saxlamağı bacardı. O
təkcə valideynlərinin qoyduğu adın ziyası ilə
kifayətlənmədi, həm də bu işığı
ürəyinin şah damarında yaşatdı! İşini
sevdi, ailəsini, dostlarını, xalqını, ölkəsini
sevdi! Bakıda yaşadığı illərdə jurnalist,
ssenarist, Azərbaycan kinosunun cəfakeşi kimi hörmət
qazandı, bir sıra sənədli-tanıtım filmlərinin
ssenari müəllifi, kinoşünas kimi tanındı,
çoxlarına örnək olacaq yaradıcı insan
ömrü yaşadı..
Kim idi Svetlana İsmayılova? Niyə onun fiziki
yoxluğu təkcə ailəsini, dostlarını deyil, həm
də onu yaxından-uzaqdan tanıyan, fəaliyyəti barədə
məlumatı olan hər kəsi təəssüfləndirdi,
kədərləndirdi? Sosial-mediada, virtual aləmdə tanış olduğu hər kəs öz
ürək sözlərini yazdı, kimi iş yoldaşı
idi, kimi dostu, kimisi də sadəcə qiyabi
tanıdıqları. Hamısını da birləşdirən
ortaq bir acı vardı: Svetlana xanımın-bu böyük
insanın, səmimi dost, qayğıkeş ana, istedadlı qələm
sahibi və vətəndən uzaqda olsa da, onun
daşı-torpağı üçün həsrət
çəkən vətəndaşın fiziki yoxluğuna bir
təəssüf hissi!
Mən uzun illik jurnalistlik fəaliyyətim dövründə
onunla dəfələrlə qarşılaşsam da,
danışmağa, hal-əhval tutmağa, onu yaxından
tanımağa heç vaxt macalım olmayıb. Çünki
çalışdığım AzTV-də Xəbərlər
redaksiyasının iş xüsusiyyəti belə idi, burada əməkdaşlarından
daha çox operativlik, xəbəri vaxtında efirə
çatdırmaq bacarığı tələb
olunduğundan, biz informasiyanı çox vaxt elə hadisə
yerindəcə hazırlayır, tədbirin sonunu gözləmədən
müsahibəmizi alıb efirə çatdırmağa tələsirdik.
Elə buna görə də müxtəlif qəzetlərdə
(o vaxt indiki qədər TV, sayt, qəzet yox idi) bir çox həmkarılarımızın
ancaq imzasını tanıyırdıq. Svetlana xanım
da mənim yaddaşımda sakit, gülərüz, kübar
bir xanım kimi qalmışdı, imzasını mətbuatdan
oxuyur, adına böyük ekrandan
baxdığım sənədli filmlərin subtitrində rast
gəlirdim. Sonrakı qarmaqarışıq və
hər bir azərbaycanlı üçün çətin və
mürəkkəb olan dövrlərdə körpülər
altından o qədər lilli sular axdı ki, izi-izdən,
sözü-sözdən seçmək müşkülə
çevrildi. Və bu da sonuncu görüş... əbədiyyətə
yolçuluğunda Svetlana xanımın bizə yaşatdığı
o ötən günlərin bir təəssüf nidası və
cavabsız qalan "kaş ki..."lərin acısı ilə
sozalan xatirələrin solğun işığında onun
sevdiyi o nəğmədəki öləziyən təsəllinin
zəif kölgəsindəki zərif işığa
sığınan sözlərin sehri: "Həyatın fərqli
olacağına inandırmışdı məni ümidlərim..."
İçində yaşatdığı Bakı nisgili
kəpənək kimi zaman-zaman qanadlarını bir ümid
şamının titrəyən işığına
çırpıb dünəninə dönmək ümdi ilə
vurnuxanda Svetlana xanım təsəllisini yenə Bakı ilə
bağlı xatirələrdə tapırdı.
Şəxsi
səhifəsində paylaşdığı şəkillərlə
vətəndən uzaqda Vətəni tanıdırdı
Svetlana xanım! Bakının qədim tikililəri, yeni məzərələri,
bir cənub şəhərinin baş tacı olan müasir
memarlıq inciləri...bir vaxtlar onun gözü
qarşısında ərsəyə gələn məşhur
filmlərdən fraqmentlər, çəkiliş
meydançasından şəkillər, mədəniyyət
tariximizin tanınmış nümayəndələri, elm
xadimlərimiz, ilk maarifçilərimiz barədə məlumatlar,
dünya kinosunun şedevrlərindən fraqmentlər - bizdən
daha çox, artıq illərdən bəri onun
yaşadığı Almaniyadakı yeni tanışları,
dostları üçün maraqlı idi. Bakıdan
uzaqda Bakı həsrəti ilə yaşadığını
hər paylaşımında, hər qeydində hiss etmək
mümkün idi.
Nə
yazıq ki, bəzən insan qismətdən qaça, taledən
yayına bilmir! Svetlana xanım da illər
öncə ömrünün çox hissəsini
yaşadığı doğma şəhərdən, ölkədən
getməli olub. Yox, heç bir incikliyi,
umu-küsüsü yox idi, sadəcə Almaniyada yaşayan
qızlarının ona ehtiyacı olduğunu bildiyindən
gedib, nə vaxtsa, mütləq geri dönmək ümidi ilə...
Svetlana İsmayılovanı tanıyanlardan daha çox,
onu tanımayan, onun cismani yoxluğuna üzülən,
haqqında xatirələrini bölüşən, qəfil
gedişinə təəssüflənən
doğmalarından, dostlarından, daha çox bu sətirləri
oxuyanlara tanıtmaq istədim. Kim idi Svetlana xanım
ki, onu xatırlayanlar, haqqında yazanlar, xatirə söyləyənlər
bu qədər çoxdur?
- Daha
bayramlarda, özəl günlərimizdə onun zəngi gəlməyəcək.
Şəxsən mən və ailəm onun
üçün darıxacağıq, yoxluğu ilə
barışmayacağıq. İndi
gözümün önündə onun yad torpaqdakı tənha
məzarı canlanır. Bundan sonra Sveta
xanımın qəfil zəngləri, həyat dolu şaqraq səsi,
ümid və təsəlli dolu söhbətləri, tövsiyələri
üçün darıxacağıq. Onun
gedişi ilə həyatımızda hər zaman yeri olacaq bir
insanın xatirələr dünyası da getdi. O bizə
həyat həqiqətləri ilə barışmağı,
onu olduğu kimi sevməyi təlqin eləməyi bacaran əsilzadə,
kübar bir xanım idi. Onun təbəssümü, səsi,
gülüşü, səmimiyyəti, söhbətləri
üçün darıxacağıq- deyir Azərbaycan
Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar
incəsənət xadimi Əliqismət Lalayev- hər dəfə
zəng vuranda elə bilirdim otağıma günəş
doğur.
Telejurnalist
Afaq Vasifqızı da dost itkisindən sonra sosial şəbəkə
hesabında yazmışdı:
- Bu nə qəfil gediş idi, ay Svetlana xanım? Axı biz belə vədələşməmişdik. Sizinlə o qiyabi görüşlərimiz, yazışmalarımız belə, mənim üçün bir aləm idi. Sizin yazılarınız, tövsiyələriniz, hər hansı bir məsələyə yanaşmanız, baxış bucağınız bir məktəb idi, dərs idi. Siz təkcə mənim deyil, bir çox insanların mənəvi müəllimi, hamisi idiniz. Siz fikir və düşüncələriniz, hərəkət və davranışlarınızla, kübarlığınızla hamımıza sanki həyat dərsi öyrədirdiniz. Mən sizinlə ilk dəfə bir konfransında tanış olmuşdum. Sonra mətbuat səhifələrində yazılarınızı oxumuşdum, sonra dostlaşmışdıq. Aramızdakı yaş fərqinə baxmayaraq həmişə danışmağa söz, müzakirə etməyə mövzu tapırdıq. Siz mənim həyat müəllimim idiniz, bunu siz xaricə köçəndən sonra daha çox anladım. Böyük vətən sevginizlə, təssübkeşliyinizlə, mübarizliyinizlə, dop-dolu həyat eşqinizlə bir çoxlarına örnək idiniz. Almaniyada yandırdığınız "Azərbaycan ocağı"nın qorçusu oldunuz, Bir ana şəfqəti ilə o ocağın işığına, istisinə bizim ölkəmizə maraq göstərən, onu yaxından tanımaq istəyənləri toplamağa çalışdınız. Mən sizdən bir dəyərli keyfiyyət də öyrəndim:insan eşqini! O qədər sevgi dolu idiniz ki! Bir yox, yüz günəşin hərarətini əvəz edə bilərdi bu eşq! Ürəyimdəki yerinizi işıqlı və unudulmaz xatirələriniz tutub idi.
- Biz ailəvi dost idik, bir müddət bərabər də işləmişdik, - Azərbaycan Ensiklopediyasının əməkdaşı Əxtər Zeynalova rəfiqəsinin bu qəfil gedişinə çox təəssüfləndiyini bildirir, - bu bəd xəbərdən cəmi iki gün əvvəl telefonla danışmışdıq onunla. Deyirdi, Bakıya gəlmək istəyirəm, amma yoldaşımı da tək qoymağa ürək eləmirəm (nə yazıq ki, onun vəfatından cəmi bir neçə gün sonra həyat yoldaşı da bu dünyanı tərk etdi. Allah hər ikisinin məkanını cənnət, ruhunu şad etsin!), o son telefon danışığımızda da: "sağlıq olsun, bəlkə yayda gəldik! - demişdi, - Bakı üçün çox darıxıram". Svetlana xanım çox müdrik, savadlı, zəngin dünyagörüşlü bir insan idi. Milli kinomuzun tarixinin gözəl bilicisi və təbliğatçısı olmaqla yanaşı, həm də ssenarisi əsasında çəkilmiş xeyli sənədli ekran əsərinin, animasiya filminin, "Mozalan" satirik jurnalına mövzu olan ssenarinin, bir çox təbiət filminin müəllifi idi. O harada işləməyindən, hansı mövzuda yazmağından asılı olmayaraq, öz işinə ürəyini verirdi!
Bu qənaətdəyəm ki, səxsiyyət olmaq, heç kimin görmədiyi, bilmədiyi zamanda da doğru olanı etməkdir!
Heç kəs ömrünün ahıl çağında, vətəndən çox-çox uzaqlarda onu məcbur etmirdi ki, Azərbaycanı təbliğ etmək, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini tanıtmaq kimi məsuliyyətli və o qədər də asan olmayan bir missiyanı yerinə yetirsin, məxsus olduğu, təmsil etdiyi millətin kimliyini tanıtsın! Əslində, Svetlana xanım İsmayılovanı Sülh səfiri adlandıran yeni tanışları - hər kəsə, xüsusi ilə də emiqrantlara o qədər də açıq olmayan qonşuları, tanışları, sosial şəbəkə dostları ona tez-tez Azərbaycanla bağlı suallar verir, ölkəmizlə, onun haqq savaşı, gələcəyi barədə daha geniş və səhih məlumat almaq istəyirdilər və bizim dəyərli həmkarımız onlara səbrlə, həm də çox dəqiq və ətraflı məlumat verməkdən qürur duyurdu.
Deyirlər ki, "İnsan, təbəssüm ilə göz yaşı arasında gedib-gələn bir rəqqasdır!"
Svetlana xanım da öz qəfil gedişi ilə onu sevənlərin göz yaşına köçsə də, əməlləri, əsaləti, əsilzadəliyi, kübarlığı, insanlara, məxsus olduğu xalqa, doğulduğu torpağa tükənməyən sevdası, şirin söhbətləri, məzəli zarafatlar ilə həm də onu tanıyanların xatirə-təbəssümündə yaşayacaq!
Əziz Sveta xanım! 83 illik
ömrü nağıl kimi oxunan insan! Əgər bu yaz
günlərində göylərdən sizin qoşa məzarınıza
bir ovuc yaz yağışı çilənsə, bilin ki, bu
Azərbaycanda sizi tanıyan, xatırlayan, sevən
insanların rəhmət duası, Sizin məhz bu mart günlərdə
ilk dəfə Sizsiz qeyd edilən 83 illik həyat yolunuza minnətdarlıq
alqışıdır... Onların arasında mən də
varam!
Telli
PƏNAHQIZI
telejurnalist, şair və publisist
525-ci qəzet.- 2022.- 19 mart.- S.12.