Xudafərini sığallamaq bəxtiyarlığı
Lap köhnə bir zərbülməsəl var ki,
qorunmuşu İlahi qoruyur.
Başqa
minlər və milyonlarla ağacdan fərqli olaraq, bir qocaman
çinar yüzillər boyu başının üstündən
nə qədər qasırğalar və tufanlar keçsə,
nə qədər ildırımlar çaxsa da, dikəlməkdə
davam edirsə və yenə hər yaz tər-təzə
yarpaqlar açırsa; bir möhtəşəm tikilinin sinni
minili çoxdan ötürsə və yanında-yörəsində
cərəyan etmiş müharibələr, saysız zəlzələlər,
yüz cür digər fəsadlar həndəvərindəki
çox şeyi insanlarla birgə qayıdışsız
aparıbsa və o, yenə əvvəlki əzəməti ilə
ucalırsa; təkcə nüsxəsi olan və daşın-dəmirin
deyil, zahirən onlardan dəfə-dəfə
dözümsüz kağızın üzərində
qamış qələmlə yazılmış bir kitab onu
doğurmuş bəşər övladından on qat-iyirmi qat
ömür sürərək yaşayırsa, bu möcüzəli
salamatqalmada, bu heyrətli yıxılmamaqlıqda, əlbəttə
ki, Zamanın və Zaman sahibinin Ali İradəsi
olmamış deyil!
Gəmiqaya
üstünün rəsmləriylə minillər öncəki
kimi, yenə həminki vüqarı və təzəliyi ilə
varsa, Qız qalası yenə minillər əvvəlki möhtəşəmliyi
ilə boy verir və Xəzərə baxmaqda davam edirsə;
Qobustanda qayanın sərt köksündən çıxan
dağdağan, əncir ağacları yüzillər əqdəmdəki
kimi yenə tumurcuqlayır, yaşıllanır, göz və
könül sevindirirsə; dayaqları suların içərisində
olan Xudafərin körpüsünü nə bu axıb
keçən çay, nə də vaxtın selləri
dağıda bilibsə, Körpü ötən minillərdəki
kimi yenə ayaqdadırsa, demək, bunların heç biri sadə
varlıqlar deyil, hər birinin müqəddəslik haləsi
var və həmin sərvətlərə and içmək
mümkündür.
Və elə
həmin səbəbdəndir ki, 2020-ci ilin payızında Azərbaycan
insanının 30 illik həsrətindən sonra qəsbkarın
kirli caynağından xilas edilmiş Xudafərinin
qarşısında düşməni
çökdürmüş Qalib Ordunun Baş Sərkərdəsi
Prezident İlham Əliyev baş əyirdi, diz
çökürdü və Körpü ilə
göz-gözə dayanaraq onunla məhrəm bir insanla
danışan kimi danışırdı, bütün Azərbaycan
xalqını qəhərləndirən sözləri dilə
gətirirdi: "Bu gün, noyabrın 16-sı mənim həyatımda
xüsusi tarix olaraq qalacaq. Çünki bir
neçə dəqiqədən sonra biz qədim memarlıq
abidəmiz olan Xudafərin körpüsünə
yaxınlaşacağıq. Bu dağlar
artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu
dağlarda, bu torpaqlarda, bizim dədə-baba
torpaqlarımızda oturub, bizə meydan oxuyub".
Zəfər çalmış dövlətin Müzəffər
başçısı məhəbbətlə Xudafərinin
qocaman daşlarını sığallayırdı, elə
Xudafərin kimi daim yaşayacaq sözlər deyirdi.
Fərəhi
köksünə sığmayan Fateh Prezident o anlarda Xudafərinlə
danışırdı, Tarixlə danışırdı, Azərbaycanla
danışırdı, Dünya ilə
danışırdı: "Bu gün bu tarixə toxunarkən
sadəcə olaraq öz mövqeyimi, öz fikirlərimi sizinlə
və Azərbaycan xalqı ilə bölüşmək istəyirəm.
Oktyabrın 18-də Azərbaycan Silahlı
Qüvvələri Xudafərin körpüsünə
çıxdı və Xudafərin körpüsü üzərində
Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan
xalqının milli sərvətidir, Azərbaycan
xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm
memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik.
...Yenə
də Azərbaycan vətəndaşları burada
yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma
bugünkü tarix heç vaxt silinməyəcək".
Nədir Xudafərini bizimçün bunca sevimli və
iftixar qaynağı edən?
Məgər təkcə ixtiyar yaşına görəmi
bu memarlıq dürdanəsi bizimçün bunca əzizdir?
Xudafərin körpüsü bütün başqa məziyyətlərindən
savayı, rəmzdir.
Həm də bütün tarix boyu məhz belə olub və
millət təqviminin ayrı-ayrı təlatümlü kəsiklərində
isə həmin rəmzlilik daha da qüvvətlənib.
Bugünün hündürlüyündən tarixin
uzaqlarındakı Xudafərin necə görünür?
KÖRPÜYƏ
APARAN KÖRPÜLƏR
Bu uzunluqda, bu qədimlikdə və ötən əsrlərin
zərrəcə dəyişdirməyə gücünün
çatmadığı belə körpülər gerçək
həyatda olmur.
Bu körpülərsiz isə dünənlə
aramızda uçurumlar yaranar və o taya nə əlimiz
çatar, nə ünümüz.
Yəni əksinə
- oraların səsi bizə yetməz!
Bu
körpülər "Kitab fütuh əl-büldan" ilə
Əbülabbas Əhməd ibn Yəhya əl-Balazuridir (vəfatı
892), "Kitab əl-büldan"ı ilə Əhməd ibn
Valeh əl-Yəqubidir (vəfatı 892), "Kitab əl-büldan"ı
ilə (yazılması 902) Əbu Bəkr Əhməd ibn Məhəmməd
ibn əl-Fəqihdir, "Kitab əl-məsalik vəl-məmalik"i
ilə (tamamlanıb 977) Əbülqasim ibn Houqəldir,
"Mücəm əl-büldan"ı ilə Yaqut Həməvidir
(1179-1229), "Nüzhət əl-qülub"u və
"Tarix-e qozide"si ilə Həmdullah Qəzvinidir və
daha başqa əski əlyazmalar ki, hərəsindən bir
işıq gəlir və o çıraqların sayəsində
ötmüş əyyamların qaranlığındakı
Xudafərin körpüsü də aydın
görünür.
Həmin şahidlər olmasa, Xudafərinin
yaşını, başından keçənləri haradan
bilərdik?!
Günümüzədək gəlib yetişən Xudafərinlər
əslində orada Araz üstündə olmuş körpülərin
ilkləri deyillər.
Həmdullah Qəzvini Xudafərin körpüsünü
Məhəmməd Peyğəmbərin əshabələrindən
olan Bəkr ibn Abdullanın 736-cı ildə tikdirdiyini
yazır.
Fəqət başqa salnamələrdə əslində
körpünün daha əvvəl inşa edildiyi, Bəkr ibn
Abdullanın onun sadəcə təmiriylə məşğul
olduğu təsdiqləri də var.
Körpünün
ilkin tikilmə tarixi Həxamənişilər dövrünə
qədər aparılsa da (və burada da məntiq
olmamış deyil, çünki çay vardısa,
üstünün körpüsü də gərək
olaydı), bizə bu görkəmdə gəlib çatan, məhz
belə cazibədarlığı səbəbindən üzərində
Xudanın adı olan Körpünün təvəllüd
tarixi olaraq 1027-ci il
götürülür.
Memarı kimdir - bəlli deyil. Ancaq onun
cızdığı layihə elə mükəmməl olub,
inşaatçı babalarımız da elə ustalıq və
fədakarlıqla çalışıblar ki, nəticəyə
sadəcə "körpü" deməyə o çağın
adamlarının insafı yol verməyib.
Fikir ediblər ki, belə bir müstəsna işi insan
yarada bilməz.
Bu əsərin Pərvərdigarın iradəsi ilə
başa gəldiyini, bu gözəlliyi İlahinin
Özünün yaratdığını söyləyiblər.
Araz
çayı üzərindən atılan Xudafərinlər
ikidir - onlardan eni 6, hündürlüyü 12, uzunluğu 130
metr olan, 11 aşırımlı birincisi Baş Xudafərin
körpüsü adlanır, bundan da böyük olan - 15
aşırımlı, uzunluğu 200 metr olan digəri isə
Elxanilər dövründə tikilibmiş və indiyə 3
aşırımı gəlib çatıb.
Bunu da məxəzlər təsdiqləyir.
Yaqut Həməvi
"Mücəm əl büldan"ında xəbər
verirdi ki, "Aranda Araz boyunda min şəhər olub".
Bu rəqəm ilk baxışdan inanılmazlıq təəssüratı
oyada bilər və bəzən araşdırıcılar elə
həmin sayı şişirtmə kimi də qəbul ediblər.
"Şəhər"
yazarkən görkəmli coğrafiyaşünas indiki anlamda
qavradığımız şəhərləri yox, ümumən
yaşayış məntəqələrini nəzərdə
tuturdu və həm Azərbaycanın, həm də Yaxın və
Orta Şərqin tarixində o çağların əsl
intibah sayılası coşqun inkişaf dövrü
olduğunu diqqətə alsaq, bu iri ərazidə həmin
sayda abad insan məskəninin olması qəribə
görünməməlidir.
Buralar və
xüsusən də Xudafərin körpüləri hər il Güney səmtdən Qarabağa və Arana
yönələn elat köçlərinin əsas yolu idi.
Buralar,
yaxın-uzaq məmləkətlərdən gələn,
ardı-arası kəsliməyən, o eldən bu elə
baş alan ticarət karvanlarının
yolunun üstü idi.
Və nəhayət, İpək Yolu buradan keçirdi.
VÜSAL
VƏ AYRILIQ RƏMZİ
Xudafərin körpülərinin qisməti elə əvvəldən
belə olub.
Yarandığı gündən Azərbaycanın
Güneyi ilə Quzeyini birləşdirib.
Lakin İpək yolu buradan keçirdisə, buralar karvan
yollarının qovuşağı idisə, deməli, Xudafərin
elə insanlara xidmətə başladığı ilk
günlərdən yalnız bir yurdun cənubu ilə
şimalını yox, buradan keçib gedən və ən
müxtəlif ölkələrin təmsilçilərinə
yol açdığından beynəlxalq körpü idi.
Yəni
lap başlanğıcdan Xudafərin həm bizimki, həm
dünyanınkı olub, qovuşduruculuq rəmzi hesab edilib.
Araz çayının ən dar yerində, sal
qayaların üzərində tikilən Xudafərin əsrlərcə
elə qayalar kimi möhkəm dayanıb, hər gələnə
geniş qucaq açıb.
Ancaq
tarixin Xudafərinə və Xudafərinin sahibi azərbaycanlılara
kəc üz göstərdiyi də az
olmayıb.
İnsanlar
körpüləri bu tərəfdən o tərəfə
rahat keçib-qayıda bilməkçün
qurub-yaradıblar, bu yandan o biri yana gedib-gələ
bilməyərək həsrətlə, xiffətlə baxmaq
üçün yox.
Lakin nə
acı ki, tarixin və taleyin mahiyyəti etibarilə vüsal
vasitəsi olmalı körpüləri ayrılıq,
keçilməzlik aşırımına çevirdiyi də
keçmişlərdə az rast gəlinməyib.
İnsanlar ayrılığı kimlərin
saldığını yaxşı bilsələr də, bəzən
qəddar əyyamlarda ürəklərini deşən dərdləri,
nisgili açıq deməyə də cürət etməyiblər.
Başlayıblar fələyi qınamağa, o sahillə
bu sahilin arasından axıb-keçən çayları məzəmmət
etməyə.
Amma yazıq çayın nə təqsiri! Çay
həqiqətdə həm o sahildəkinin, həm də bəridəkilərin
idi.
Zaman boyu yolları kəsən
çapqınçılar, quldurlar olub, ya elə
çapqınçı-quldur təbiətli hakimiyyətlər,
siyasətlər, azğın qəsbkarlar.
Bu bəla Xudafərinin də başında
çatlayıb.
XIX yüzilin ilk onilliklərində Azərbaycan ikiyə
parçalanıb - Xudafərinin o tayında Azərbaycanın
bir hissəsi qalıb, bu tərəfində digər
parçası.
Mən səndən
ayrılmazdım,
Zülmnən ayırdılar.
Ən
müdhişi budur ki, həmin körpülərin o
taylı-bu taylı sahiblərinə bu yandan o tərəfə,
o tərəfdən bu yana adlamaq yasaq
edilib. Beləcə vüsal körpüsü
çevrilib hicran sərhədinə.
Axtarın dünya ədəbiyyatını (və mən
axtarmışam, ona görə belə arxayın qətiyyətlə
yazıram) Araz çayı qədər qarğanan ikinci
çay tapmayacaqsınız.
Arazsa dünyanın digər dəli-dolu nəhrlərindən,
lap elə qovuşduğu Kürdən fərqli olaraq həmişə
sakit axıb, tez-tez coşub-daşaraq insanları əziyyətə
salmayıb.
Mütəmadi qarğanılmağının səbəbi
isə elə son 200 ildən artıq vaxt kəsiyində
davamlı olaraq bu tayından o tayına keçməkçün
qoyulan yasaqlar, maneələr olub. XX yüzilin 30-cu illərində
Cənubi və Şimali Azərbaycan arasında əlaqələri
daha artıq qırmaq üçün bir-birinin ardınca
amansız addımlar atılır. Minlərlə insan
bir neçə gün içərisində Şimali Azərbaycandan
İrana köçürülür və elə həmin əsnada
15 aşırımlı Xudafərin körpüsündən
750 metr qərdə tikilmiş və Elxanilər dövründə
inşa edildiyi ehtimal olunan digər körpünün sahil
tağları o taydan o taya mümkün get-gəllərin
qarşısını almaqçün
uçurdulub-dağıdılır.
Başverənləri qüssə ilə
qarşılayan naçar xalq həmin yıxılan ikinci
Xudafərinə "Sınıq körpü" adı
qoyur.
Bu sınıqlıq, bəxtikəmlik Xudafərinlə
hələ sonralar da xeyli müddət qalacaq.
Və elə müdhiş zaman da yetişəcək ki,
Xudafərindən nəinki keçmək, üstünə
çıxmaq, hətta onun olduğu doğma ərazilərinə
yaxın düşmək azərbaycanlılarçün əlçatmaz
istəyə dönəcək.
XVI
yüzildə Dirili Qurbani belə sızlayırdı:
Şair
olan dərsi alar pirindən,
Baş
açmadım seyrağıbın sirindən,
Qolubağlı
keçdim Xudafərindən
Üzüm
gülməz, heç açılmaz, ah, mənim!
Əsrlərcə Xudafərindən qaliblər də
çox keçmişdi, elə Qurbani kimi əsir keçənlər
də olmuşdu.
Xudafərinin alın yazısında özünün də
əsir-yesir olmağı varmış.
Erməni işğalı ilə başlanan və
üç onil boyunca davam edən əzablı ayrılıq
illəri Xudafərinin tərcümeyi-halındakı ən qəmli,
ən pərişan səhifələrdir. Ancaq nə
xoşbəxtik ki, nəhayət, o kədərli səhifələr
də qapandı. Nə bəxtiyarıq ki,
Xudafərinin yeni ömrünün başladığı məsud
günlər də gəldi. Nə bəxtəvərik
ki, Xudafərin üzərində bütün Azərbaycanın
nəbzi, ürəyi kimi dalğalanan üçrəngli
bayrağımız yüksəlir!
ZƏFƏRLƏ
AÇILAN YENİ SƏHİFƏ
O günlərin
həyəcanı heç unudulmaz.
2020-ci ilin oktyabr günləri idi. Azərbaycan
aslanları döyüş meydanında idi. Təcavüzə uğramış
torpaqlarımızı azad etmək uğrunda ölüm-dirim
savaşı gedirdi. Növbə gəlib
çatmışdı Cəbrayıla. Azərbaycan
Ordusunun zəfər soraqları bütün milləti vəcdə
gətirmişdi. Yalnız bu yanda yox, həm
də o tayda.
Duyğuların sinəyə sığmadığı
həmin riqqət dolu günlərdə Arazın o tərəfində
baş verənləri evində-eşiyində izləməyə
səbri çatmayan bir cənublu ailənin
görüntüləri bizə də gəlib çatdı. Yığışmışdılar
Araz qırağına, Xudafərinin o biri tərəfinə -
bir ocaq qalayıb toplaşmışdılar çevrəsinə.
Yaşlı bir qadın, dünyagörmüş bir ana, bir güneyli ağbirçəyimiz gücü çatanı edirdi, əllərini göylərə açmışdı ki, ya Pərvərdigar, Azərbaycan əsgərinə hayan ol, ya İlahi, balalarımızı qoru, ya Allah, yurdumuza azadlıq nəsib elə!
Ana əllərini göylərə açmışdı, Xudavəndi-aləmə üz tutmuşdu.
Ortada Xudafərin idi, göydə Xuda, bu tayda Azərbaycan əsgəri döyüşürdü.
Və Xudanın Körpüsünün - Azərbaycanın körpüsünün başında söylənən o dualar, millətin səsi HAQQA çatdı, HAQQI bərqərar etdi.
İllərcə həsrət, ayrılıq körpüsünə döndərilmiş Xudafərin mübtəla olduğu son zəncirdən də qurtuldu, yenə dönüb oldu VÜSAL, BİRLİK, VƏHDƏT Körpüsü!
"Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb".
Bu, daha bir dua, daha bir böyük niyyət, dünya insanına söylənən söz idi.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin azad Xudafərinlə üzbəüz dayanaraq içdiyi and idi.
Bu, üstündə Xudanın adı və imzası olan məğrur Xudafərinin ömür salnaməsinə Azərbaycanın atdığı daha bir ŞƏRƏF İMZASI idi!
21 fevral, 2022.
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 19 mart.- S.10;11.