Zülfüqar bəy
Hacıbəyovun arxivi haqqında dəyərli
nəşr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
əməkdaşı, tarix
üzrə fəlsəfə
doktoru Esmira Cavadovanın İnstitutda saxlanılan arxiv materialları əsasında
nəşrə hazırladığı
"Zülfüqar bəy
Hacıbəyovun arxivinin
təsviri" adlı
kitab "Elm və təhsil" nəşriyyatında
çap olunub. Kitabın redaktoru Əlyazmalar İnstitutunun icraçı
direktoru, filologiya elmləri doktoru Paşa Kərimovdur.
Müəllif kitaba yazdığı
əhatəli ön sözdə həm Zülfüqar bəy Hacıbəyov (1884-1950), həm
də arxivin izahlı təsvirinin tərtibi haqqında məlumat verib. Arxivin izahlı təsviri institutun arxivlərin təsviri prinsipinə uyğun olaraq təqdim edilib.
Birinci hissədə Z.Hacıbəyovun həyat və fəaliyyətini əks etdirən Azərbaycan dilində kiril əlifbasında yazılmış yeganə tərcümeyi-halının təsviri var. İkinci hissədə Z.Hacıbəyovun not əlyazmalarının təsvirini görürük ki, burada "Aşıq Qərib"in (3), "Aşıq Qərib"in librettosunun, "Məlikməmməd" operasının partiturasının (2), "Türk el nəğmələri" əlyazmasının, "Nüşabə" operasının klaviri, partiturası və səsli orkestrovkasının (4), "Üç aşıq" və "Evliykən subay" əsərlərinin, iki adsız musiqili komediyanın, "Azərbaycan diviziyasının qızıl əsgəri", "Vətən ordusu", "Döyüş marşı", "İsmayıl nəğməsi, "Mahnı", "Məktəb nəğmələri", "Mən ağlaram, o gülər", "Azərbaycan el mahnıları", "Ümidini üzmə məndən", "Musiqi dərsliyi üçün tərtib olunmuş notlar" (2), "Not və onun quruluşu haqqında qısa oçerk", "Musiqi üzrə nəzəri biliklərin əsasları", "Ləzginka", "Şərq xalq nəğmə və rəqsləri" kimi əsərlərin və natanam partitura və klavirin təsviri verilib. Üçüncü hissədə Z.Hacıbəyovun əlyazma və makinada çap olunmuş əsərlərinin təsvirini görürük. Burada "Azərbaycan təsnifləri və el nəğmələri", "Biçarə Xavər", Azərbaycan SSR-də birinci türk baleti "Qız qalası" (2), "Yarış" musiqili komediyası, "Məşədi Xudunun məişət həyatı", "Məlikməmməd" operasının liberettosu (4), "On beş yaşında gəlin" operettası, "Xalq hekayə və masalları, əfsanə və nağılları", müxtəlif musiqi, komediya, opera və mətnlərdən parçalar, "Evlənirəm" musiqili komediyası, "İki düşmən, iki dost" pyesi, adsız musiqili komediya, müxtəlif mahnılar, "Musiqi və ədəbiyyatımız. Teatr və musiqi haqqında", "Musiqi və ədəbiyyat haqqında", "Rusca-azərbaycanca lüğət", "Azərbaycan türk el nəğmələri", "Aşıq Qərib" (4), "Onda elə idi, indi belə" musiqili komediyası, "Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının Xan qızı Xurşidbanu Natəvanla görüşü" adlı xatirə, "Diri qəzetə" musiqili komediyasının izahlı təsviri təqdim olunub. Dördüncü hissədə Z.Hacıbəyova Rüstəmdən, Niyazidən, Səftər Səmədovdan və bəzi idarələrdən, teatrlardan göndərilmiş məktublar, Zülfüqar bəyin müxtəlif adamlara, o cümlədən, MK-ya Qəzənfər yoldaşa, Aşqabadda olan Azərbaycan Dövlət Opera və Dram Teatrına (2), Professor Fridolin yoldaşa və başqalarına ünvanlanmış məktublarının, teleqram və ərizələrin təsviri var. Beşinci hissədə Z.Hacıbəyovun şəxsiyyətinə aid sənədlərin, o cümlədən, kadrların şəxsi qeydiyyat vərəqələri (2), Z.Hacıbəyovun əsərlərinin və işlərinin siyahısı, vəsiqələr (6), fəxri vəsiqə, əmrlər (5), ezamiyyə vərəqələri (3), protokol, protokoldan çıxarışlar (2), arayışlar (7), dəvətnamələr (3), fəxri dəvətnamələr (25), bildirişlər (34) və bu kimi sənədlərin təsviri təqdim edilir. Altıncı hissədə 9 fotosənədin təsviri verilib. Yeddinci hissədə Z.Hacıbəyovun şəxsi fonduna sonradan daxil edilmiş müxtəlif materialların təsviri var ki, bunlardan Abdulla Şaiqin "Nüşabə" pyesinin (2), "Nüşabə" operasının librettosunun, Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasından V.Bektabekivun ifasında ariyanın, "Vartanik, Yujanka və Ararat" notlarının, "Qaçaq Nəbi" operasının liberettosunun, "Azərbaycan xalq mahnısı", müxtəlif musiqi əsərləri, müxtəlif qeydlər, qəzəllər, şeirlər, Molla Nəsrəddin lətifələri, Nəvvabın qəzəlləri, Firdovsi haqqında qeydlər, Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasından parçalar, "Ər və arvad" librettosundan parça, M.F.Axundovun həyat və fəaliyyəti haqqında məqalənin, S.M.Qənizadənin "Axşam səbri xeyir olur" əsərinin, Ədəbiyyat nəzəriyyəsinə aid dərsliyin, müxtəlif qəzet və məcmuələrin təsviri təqdim olunur.
Kitab həm tədqiqatçılar, həm musiqi məktəblərinin tələbələri, həm də adi oxucular üçün dəyərli vəsaitdir. Esmira Cavadovanın böyük zəhmət və gərgin əmək sayəsində ərsəyə gətirdiyi bu kitabın hamıya gərəkli olduğunu düşünürük, müəllifə təşəkkür edir, yeni-yeni mətnşünaslıq uğurları arzulayırıq.
Sona XƏYAL
525-ci qəzet.- 2022.- 29 mart.- S.12.