"Teatrda bir gün"ün təəssüratı
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin son dövrlərdə
teatra olan xüsusi diqqəti və qayğısı inkaredilməzdir. Təkcə bu ay içərisində
teatrla bağlı keçirilən üç
böyük layihə
(I Müstəqil Teatrlar
Festivalı, "Hə
yerdə teatr" və "Teatrda bir gün" layihələri) bunu deməyə rəvac verir. Yəqin, mühitə bələd
olan və prosesi yaxından izləyən oxucular da haqq verər
ki, hələ bu ilə kimi
nə Milli Teatr Günü (10 mart), nə də Beynəlxalq Teatr Günü (27 mart) bu ilki qədər hiss olunmamış, təmtəraqlı
keçirilməmişdi.
Həmin layihələrin sonuncusu
"Teatrda bir gün" idi ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 27 mart Beynəlxalq
Teatr Günü münasibətilə baş
tutdu. Həmin gün teatrlarda
açıq qapı günü elan olundu. Layihə səhər saat 11:00-dan başlayaraq 17:00-a qədər
davam etdi.
Açıq qapı günü
Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı,
Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə
edirdi. Layihə çərçivəsində tamaşaçılar xüsusi
avtobuslar vasitəsilə
teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə
arxası ilə tanış olub, könüllülərin
köməyi ilə teatra daha yaxından
bələd oldular. Sevindirici haldır ki, həmin gün paytaxt sakinləri, məktəb şagidləri,
kollec və universitet tələbələri,
müəllim heyəti,
bir sözlə, yaşından və statusundan asılı olmayaraq hər kəs teatrın pərdəarxası həyatını
daha yaxından görmək üçün
teatrlara axın etdi. Onlar teatrın dekorasiyalar
hazırlanan hissəsi,
geyim sexi, qrim otaqları, məşq prosesi və sair kimi
heç zaman görünməyən nüansların
canlı şahidi olaraq sirlərlə dolu teatr dünyasının
bir günlük sakininə çevrildilər.
Günün sonunu isə tamaşaçılar üçün
pulsuz nümayiş etdirilən səhnə əsərləri bəzədi.
Həmin gün onlar Akademik Opera və Balet Teatrında
P.Maskanyinin "Kənd
namusu" operasını,
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında "Filumena Marturano", Azərbaycan Dövlət Kukla Teatrında "Tıq-tıq
və Taq-taqın nağılı", "Maşa
və ayı", Şuşa Dövlət Musiqili Dram Teatrında
"Danışan gəlincik"
və "Dəli Domrul", Azərbaycan Dövlət Akademik Musiqili Teatrda "Paris Notr Dama ithaf",
Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrı "Prixodila jenhina v çernom" tamaşalarını izləmək
şansı qazandılar.
Beynəlxalq Teatr Günü münasibətilə təşkil
olunan layihəyə
region teatrları da reaksiyasız qalmadı. Gəncə
Dövlət Kukla Teatrında
"açıq qapı"
günündə balaca
tamaşaçıları nağıl qəhrəmanları
qarşılayıblar. Layihə
çərçivəsində balacalar indiyə qədər görə bilmədikləri səhnə
arxası ilə tanış olub, tamaşalara çəkilmiş eskizlərə
baxıb, maraqlı və yaddaqalan vaxt keçiriblər. Yaradıcı heyət "Novruz
əhvalatları" tamaşası
ilə çıxış
edib.
Təbii ki, başda da qeyd etdiyimiz
kimi, bütün bunlar olduqca sevindirici və teatrın parlaq gələcəyinə ümid
doğuran addımlardır. Lakin görülən
hər işdə bu və ya
digər dərəcədə
qüsur olduğu kimi, bu işlər
də ondan xali deyildi. Məsələn, nazirlik həmin
gün tamaşaçıların
teatrlara daşınması
üçün avtobuslar
təşkil etmişdi
və həmin avtobuslar "28 May" metrosundan
müvafiq teatrlara hərəkət edirdi.
Maraqlıdır ki, "28 May" metrosundan ən uzaq teatra məsafə
ən çoxu 15 dəqiqəlik piyada yoldur. Bunun üçün ordan avtobusa nə gərək vardı? Axı Bakının ucqar
kəndindən "28 May" metrosuna gəlib çıxa bilən tamaşaçı o 15 dəqiqəlik
yolu da gedəcək.
Olmazdımı ki, avtobuslar
daha uzaq məsafədən, məsələn,
hansısa Bakı kəndlərindən təyin
olunsun? Bu, tamaşaçıların işini
daha da asanlaşdırar,
uzağı yaxınlaşdırardı,
fikrimcə.
Həmçinin, görünür, "Teatrda
bir gün" layihəsinin ideyası tələsik və ən son məqamda yaranmışdı. Belə olmasaydı, həmin
günə təyin olunan tamaşaların biletləri əvvəlcədən
satılmazdı. Bundan xəbərsiz
olan və tamaşa izləmək arzusuyla biletsiz teatrlara üz tutan insanların çoxu qapılarda qaldılar. Çünki təbii olaraq
biletli gələn tamaşaçılar buraxılır,
biletsizlər, əgər
boş yer yoxdursa, geri göndərilirdi.
Ümid edirik
ki, gələcəkdə bu
kimi hallara da diqqət ediləcək və teatr günü-gündən öz
inkişafına doğru uğurla
addımlayacaq. Əlbəttə, hamımızın əməyi
sayəsində...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 mart.- S.10.