"Xortdanın cəhənnəm məktubları"nda
"yazılanlar"
Yaxşı adam hər kəsə yaxşılıq edən
yox, şərait olduğu halda pislik etməyən adamdır, mənə görə. Bu baxımdan
26 mart günü Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
səhnəsində (teatr
təmirdə olduğundan
Teatr Xadimləri İttifaqının Aktyor
evində) düz saat yarım yaxşı adam
axtardım. Cəmi iki nəfəri hesaba qatmasaq, tapmadım ki, tapmadım...
Ətraflı
Hə, pislər məmləkəti
cəhənnəmdə yaxşı
adam axtarmağın
özü də sadəlövhlükdür, razıyam.
Amma bəzən insan yoxdan var etmək
xəyalına da düşür. Hələ mədəniyyət
məbədi, xəyalların
gerçəkləşdiyi, nağılların real olduğu
teatrda.
Dahi yazıçı, dramaturq
Əbdürrəhim bəy
Haqverdiyevin balacadan böyüyə hər kəsin sevərək oxuduğu "Xortdanın
cəhənnəm məktubları"
əsəri bir neçə ildir ki, Gənc Tamaşaçılar
Teatrında (GTT) uğurla
oynanılır. Çoxdandır baxmaq istədiyim, amma hər dəfə
hansısa səbəblər
ucbatından baxa bilmədiyim əsərlə
görüşümüz 26 mart tarixinə qismət imiş. Bir dəfə də
yazmışdım ki,
kitabda oxuduğun əsərə səhnədə
adaptasiya olmaq heç də asan məsələ deyil. Baxır o əsərə yaradıcı heyət necə yanaşıb, nə cür çatdırıb.
GTT bu əsərə hələ yeddi il öncə
Rusiya Federasiyası və Kalmıkiya Respublikasının Əməkdar
İncəsənət Xadimi
Boris Mandjiyev vasitəsiylə
müraciət edib. Xatirimdədir ki, iki teatr arasında yaradıcılıq əlaqələri
barədə müqaviləyə
əsasən səhnələşdirilən
tamaşa yerli mətbuatla yanaşı, Rusiya mətbuatında da əks-səda doğurmuşdu. Səhnə əsəri
haqqında Kalmıkiyanın
"Kalmıükaə pravda"
qəzetində "Veçnıe
istinı v postanovke Borisa Mandjieva"
("Boris Manciyevin quruluşunda
əbədi həqiqətlər")
başlıqlı yazı
dərc olunmuş, yazıda iki teatr arasında yaradıcılıq mübadiləsi,
qastrol səfərləri,
tamaşanın müvəffəqiyyəti,
aktyorların peşəkar
ifaları haqqında geniş məlumat verilmişdi.
Səhnə əsəri Xortdanın (Manaf Dadaşov) cəhənnəmə düşməsiylə
başlayır. O, burada dərvişlə (Əməkdar
artist Qurban İsmayılov)
qarşılaşır. Dərviş ona bir növ
yol yoldaşlığı
edir. Onlar birlikdə cəhənnəmə
düşən günahkar
insanları müşahidə
edirlər. Bu insanlar arasında "dərs gətirmək"
adıyla gününü
gəzməkdə keçirən,
uşaqları təhsildən
kəm qoyan "uçitel" də var, fırıldaq, yalançı molla da. Yəni hərənin öz
dərdi, hərənin
öz günahı
var. Bu günahkarlar içərisində
biri də var ki, onu
cəhənnəmdə görənlər
heyrət edirlər.
Axı
o, səxavətli, ədalətli,
təmiz qəlbli bir insandır. Onun burda nə işi
var?! Bu adam
Hacı Kamyabdır (Əməkdar artist Şövqi
Hüseynov) ki, bütün hekayət onun cəhənnəmə
vasil olmasıyla başlayır.
Bir hissəli ibrətamiz rəvayət uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac (Səbinə Məmmədova) və Fərmanın (Bəhram Həsənov) bir-birinə olan saf, təmənnasız sevgisi və bu sevgi ətrafında baş verən hadisələr üzərində qurulub. Bu iki gənc iki ən yaxın dostun övladlarıdır. Hacı Kamyabla qardaşlığı İbrahim övladları olanda əhd edirlər ki, gələcəkdə onları böyüdəcəklər. Sonra İbrahim dava vaxtı Hacı Kamyabı müdafiə edərkən öldürülür. O vaxtdan Fərman qalır yetim. Atalarının əhdlərindən də əlavə, bu iki gənc bir-birini ən təmiz hisslərlə sevirlər. Əvvəl-əvvəl Hacının da bu işə etirazı görünmür. Hətta arvadı (Zemfira Əbdülsəmədova) narazılıq edəndə ona öz əhdini xatırladır. Lakin əsərin əsas qəhrəmanlarından olan İblis (Ramil Məmmədov) adına layiq əməlləriylə hər kəsin həyatını məhv etməyə nail olur. O, öncə Hacı Kamyabın ağlını qarışdırıb, niyyətindən döndərir. Sonra valideynlərin var-dövlət hərisliyi, şan-şöhrət eşqi iki gənci addım-addım uçuruma aparır. Ən sonunda böyüklərin qəddarlığından qaçıb bütün mahalın böyüyü, ağsaqqalı hesab olunan, din əhli deyilib ətəyi öpülən, xeyirxah əməlləri əfsanəyə, rəvayətə çevrilən Hacı Mirzə Əhməd ağaya (Elnur Hüseynov) sığınan gənclərin burda rastlaşdıqları ən mundar xəyanət onların həyatının sonu olur. Yalançı din adamının ona pənah gətirən gəncə xəyanət edərək övladı yaşındakı qıza tamah salması, hiyləylə onu özünə arvad eləməyə çalışması hadisələrin kuliminasiyasına çevrilir. Bütün bunlara dözməyən Fərman Allaha üsyan edərək dərvişlik edir. Xəstə olub yatağa düşən Gövhərtac isə bu xəstəlikdən ayılmayıb qısa zamanda həyatla vidalaşır. Ancaq bundan sonra valideynlər öz bəd əməllərinin fərqinə varır, peşmanlıq atəşində qovrulurlar. Onların gecikmiş etiraflarının məkanı isə cəhənnəmdir. Bütün bu hekayətin və etirafların fonunda görürük ki, doğrudan da hər kəsin yaxşı kimi tanıdığı o adamlar, əslində, bu günə kimi pislik etmək şəraiti yaranmadığından yaxşı imişlər. Həmin şərait yaranan kimi hamı çevrilib olur günahkar cəhənnəm sakini.
Səhnə əsəri uğurlu rejissor işiylə bərabər, mükəmməl aktyor oyunu, maraqlı dekorasiyası və mahnıları ilə də baxımlı idi. Xüsusən, Şövqi bəylə Zemfira xanımın məzəli dialoqları tamaşaçının üzündə gülüş yaratmaqla bərabər, faciənin miqyasını kiçiltməyə, seyirçini o ağır ab-havadan az da olsa kənarlaşdırmağa hesablanan nəfəslik funksiyasını ən yüksək şəkildə yerinə yetirirdi.
Gövhərtacın ayla monoloqu və ölüm səhnəsində Səbinə Məmmədovanın peşəkar ifası faciəni ən xırda zərrəsinə qədər tamaşaçıya çatdırmağı bacararaq özünə "əhsən!" dedizdirdi.
Povestin baş qəhrəmanı yazıçı "mən"inin və idealının daşıyıcısı funksiyasını yerinə yetirən Xortdan tamaşanın sonunda rejissorun prototipi kimi çıxış edir və ssenarinin yazıldığını təxmin etdiyimiz vərəqləri ataraq "hər şey başqa cür olmalıdır"- deyir. Tək bu cümləylə tamaşaçının bayaqdan bəri ürəyində ağır daşa çevrilmiş hissləri yüngüllük tapır və seyirçi də öz-özünə deyir: "bəli, hər şey bu cür bitə bilməz, nəsə başqa cür olmalıdır". Bəs necə?!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 mart.- S.10.