Poeziyadan görünən həyat  

 

TELLİ PƏNAHQIZININ "YADDAŞIM QAVAL DAŞI" ŞEİRLƏR KİTABINI OXUYARKƏN

 

 

Qarşımda şairə Telli Pənahqızının bir şeir kitabı var. Kitabın adı "Yaddaşım qaval daşı" adlanır. Qaval daşı ilk musiqi aləti kimi tanınır. Hər işimiz daşdan çıxsa da, ilk musiqimiz də sözün əsl mənasında daşdan çıxıb. Həmin daşdan çıxan səs tarixdən bu günümüzə gələn yadigar səsdi. Bu səsin içində min illərin kədəri, sevinci, qədim insanların mədəni dünyagörüşü, ruhu var.

 

Bu gecə həsrətin durub qəsdimə

Bu gecə yaddaşım qaval daşıdı...

 

Qaval daşının ömrü həsrətin, sevincin, ömrü qədər qədimdi, uludu. Haqqında söhbət açacağım şeirlər toplusunun "Yaddaşım qaval daşı" adlanması da sıradan bir seçim deyil. Kitabda toplanan bütün mövzular - sevinc, kədər, qürur, məhəbbət, həsrət - hamısı həmin o minilliklərin şahidi qaval daşından süzülüb gəlir, o səsdən, o ritmdən boy göstərir. Bu şeirlər qaval daşı kimi səslidir, ritmlidir. Gah haraylıdır, gah da pıçıltılı...

 

Eh mənim dərdimi çəkməyə dəyməz,

Mən elə əzəldən tənhayam, təkəm.

Sənə həsrət gözüm qəm çiçələməz,

Gərək öz dərdimi mən özüm çəkəm...

 

Ədəbiyyat insanların daxili aləmini hərəkətə gətirən mənəvi enerji mənbəyidir. Bu enerji poeziyada daha çox təzahür edir. Hər bir şair əsasən özünü yazır. Həyatın sevincini, kədərini istedadı daxilində bədii sözün yaddaşına köçürür. Telli Pənahqızının "Yaddaşım qaval daşı" kitabında toplanan şeirlər də taleyüklü hadisələrlə, mövzularla, emosional hisslərlə zəngindir. O Telli Pənahqızı ki, istər poeziyasından, istərsə də digər üslubda yazdığı yazılarından ürəyinin səsi eşidilir. Şeirlərindən əzəl gündən həsrət qoxusu gəlib. Bu kəmfürsət həsrət onun ömrünün qapılarını həmişə döyüb, çağırılmamış qonaq kimi taleyində məskən salıb. Həsrətin acısını gənc yaşlarından duyub. Vaxtı ilə elliklə doğma dədə-baba yurdu Vedibasardan - vətəndən vətənə deportasiya olunublar .

Gənc vaxtlarından həsrət onu müxtəlif yöndən qarşılasa da,  sonrakı həyatında at oynatmasına imkan verməyib. Yalnız boya-başa çatdığı dədə-baba yurdunun sarıya çalan həsrəti həyatının, taleyinin fonuna çöküb. Və hələlik onu qovmaq mümkün deyil. Amma nə vaxtsa o da şələ-küləsini yığışdırıb qeyb olacaq, inşallah! T.Pənahqızının "Bəxtəvər quşlara" şeirində belə bənd var:

 

Gözəl quşum o eldənmi gəlibsən,

Gəl baxım gözünə doyunca barı.

Küçəmizi, evimizi görübsən,

Gözünnən boylanım Vətənə sarı...

 

Telli xanımın taleyindən keçən o müdhiş hadisələrin nəticəsi ağır olsa da, sınmayıb, özünü həmişə şax tutub. İşığına sığındığı sözə güvənib. Təsəllisini Uca Tanrıdan və Böyük Sözdən alıb. Hamı dərdini suya danışanda o, dünyaya, Tanrıya danışıb. Yaradana xeyli şeir ünvanlayıb. Şairənin "poetik poçt"unu, çox güman ki Tanrı qəbul edir, oxuyur. Bu boğçada Telli Pənahqızının Tanrıya xoş gələn "poetik ismarıcları", İlahidən istəyin ən gözəli var:

 

Allah, özün boyda sevgi ver mənə,

Bir insan oğlunun sevgisi yalan.

 

Bu yer sevdaları nağıl, əfsanə,

Mənə sevgi yolla öz mehrabından...

Yaxud

İlahi, var-dövlət istəmirəm mən,

Bir ovuc məhəbbət versən, bəsimdir.

Demirəm, dostların sayı çox olsun,

Olana sədaqət versən bəsimdir...

 

Maraqlıdır ki, həyatda bütün haqsızlığın nəticələri şairləri dünyayla dialoqa gətirib çıxarır. O şair olmaz ki, həyatındakı haqsızlıqları görəndə, taleyində nakam notlarla qarşılaşanda, cəmiyyətdə xaos, anlaşılmazlıq müşahidə edəndə, bəndədən əli üzüləndə üzünü dünyaya tutmasın, "heyifini" ondan çıxmasın. Telli Pənahqızının da poeziya meydanında dünyayla üzləşdiyi məqəmlar az deyil:

 

Hönkürtüyəm, bircə himə bəndəm mən,

Sən Tanrımsan,

mən də qulun, bəndənəm.

Qəfil düşdüm bu kəməndə, bəndə mən,

Nə səni, nə məni duydu bu dünya...

 

Bir çox hallarda duyğuyla, hisslə dolu olan şeirləri təhlil eləməyə lüzum qalmır. Hiss, duyğu təhlilə gəlməz yalnız duyular, varlığına hopar. Bir içim bulaq suyunu içirsən xoşhal olursan. Nə üçün xoşhal olduğunun fərqinə varmırsan və heç ehtiyac da hiss eləmirsən. Hisslə, duyğuyla yoğrulmuş şeir də elədi. İlk oxunuşdan könlünə yatdısa, niyə yatdığını özün yox könlün bilir. Odur ki, hissi, duyğunu poetik ifadə eləmək ayrıca istedad tələb edir. Elə şairlik də fikrin, duyğunun izharı deməkdir. Telli xanımın şeirləri onun könül dünyasının bədii tərcümeyi halıdır. Qələmə aldıqları demək olar ki, ürəyi ilə möhürlənib. Şairin içindən keçməyən, ürəyinə baş əyməyən mövzular poetik nəticə verə bilməz.

 

Anamnan sonra çiçəklər də öldülər,

Nə qədər sulasaq da, özlərinə gəlmədilər.

Anam çiçəkləri çox sevərdi

Çiçək də anamı

Sən demə çiçəklər

İnsanlardan etibarlı imiş

Onlar ölməyi bacardılar

Bizsə arsiz-arsız

Gəzib dolaşır

Yeyib-içir, hələ üstəlik

Şeir də yazırıq...

 

 

 

Məlumdur ki, insana ruhu Tanrı verir. Yeganə fürsəti - sözə ruh verməyi isə şairlərdən əsirgəməyib. Ruhsuz şeir cansız əşya kimidi. Şeiri şeir eləyən oxuculara sevdirən də onun ruhudu. Bəzən bir şeir oxuyursan- mövzu, fikir, misra, qafiyə yerində amma adamın ürəyinə yatmır. Baxırsan ki, ruh çatmır. Telli Pənahqızının şeirləri canlıdır, ruhludur. O bu gün də həmin qızıl ölçünü qoruyub saxlayır. İstedadının imkanlarından kifayət qədər bəhrələnir. Hər halda onun yaradıcılığı bir ömrün pöeziyasıdır, yaşadığı həyatın bədii, estetik ifadəsidir. Bu poeziyada məhəbbət, təbiət, günəş, ay və daha nələr var. Hətta şeirlərindəki nakam notlarda da bir kamlıq var. Necə deyərlər, Telli xanım ömrünü şeirlərinə sıxıb. Taleyinin şəhd şirəsi şeirlərinə süzülüb. Burda kədər göz yaşı da var, sevinc göz yaşı da. Hər bir oxucu şairənin söz dünyasından öz taleyinə oxşar nəsə götürə bilər, əliboş qayıtmaz. "Mən kiməm" şeirində şairə özünü gözəl ifadə edib və o, belə bir etirafa layiqdir:

 

Yaşadım ömrümü mərdü-mərdanə,

Gördüyüm işlər də zərif, şahanə.

Bu ömür Tanrının, deyim daha nə...

Bu gerçək dünyanın, yalan dünyanın,

Məni kirlətməyə gücü çatmadı...

 

Telli Pənahqızının şeirləri həm də mahnılara qovuşaraq musiqinin səmasında göyərçinlər kimi dövrə vurur. Mahnı var mətn güclüdür, mahnı da var musiqi güclüdür. Bir çox hallarda gözəl musiqi zəif mətnin əlində "girinc olur, hörmətdən düşür". Yaxud güclü mətn zəif musiqidən "xəcalət çəkir". Amma Telli xanımın sözlərinə oxunan mahnılarda nə sözün musiqiyə, nə də musiqinin sözə minnəti var. İki sevgili kimi bir-birinə qovuşaraq zövqləri oxşamağı bacarırlar. Bütün bu şeirlərin, nəğmələrin başı üstündən sabahımıza ümid, inam bayrağı dalğalanır. Torpağını, millətini, dilini, dinini varlığı qədər sevən şairə, ictimai fəal Telli Pənahqızı sözün əlindən tutub ömrün davamını qürurla addımlayır. Onun üçün hələ də ən etibarlı dost sözdü. Hörmətini, izzətini sözlə qazanıb. Şairə bu gün də cəmiyyətdə gedən proseslərə ziyalı, şair münasibəti bildirir. Əsgərə, şəhidə, qaziyə öz doğması kimi yanaşır. Bu cür ana mehri, ana ülfəti olmasa, əsgərlər haqqında yazılan mətnlər o qədər də təsirli olmaz. Bəlkə bu səbəbdəndir ki, son dövr ədəbiyyatımızda vətənpərvərlik mövzusunun ağırlığı məhz qadın şairələrin çiyninə düşür. Telli xanım da şairə, publisist kimi xalqımızın taleyüklü məsələlərində yaxından iştirak edib, Qarabağ müharibəsində də ədəbiyyatın, sözün əsgəri olub, insanlardan ümidini, inamını əsirgəməyib.

 

Qalx ayağa, zəfərinlə dərdi unut,

Gəl qardaşım, ver əlini, əlimdən tut,

Bu birliyə alqış desin Dədəm Qorqud,

Mərdin nərəsindən titrəsin meydan,

Zəfər çalacaqsan, can Azərbaycan!

 

Yaxud

 

Dön bircə yol üzümə gül,

Səndən ilham alsın könül.

Sil gözünün yaşını, sil,

Sən mənimsən Xarıbülbül,

Vüsal günü uzaq deyil...

 

Bəli, şairənin poetik duyumu özünü doğrultdu. Bu, başqa cür ola da bilməzdi. Yenilməz ordumuzun gücü və Ali Baş Komandanın rəhbərliyi sayəsində Zəfər qazandıq. Və bu gün də Telli Pənahqızı böyük qələbəmizin, uğurlarımızın təəssüratlarını yaşayır, onları ürəyindən keçirib qələmə yönəldir, oxucularla bölüşür. Uğurlar olsun!

 

 

Xaliq RƏHİMLİ

 

525-ci qəzet.- 2022.- 30 mart.- S.23.