Tanış "Qağayı", fərqli quruluş, yeni nəfəs  

 

 

27 Mart Beynəlxalq Teatr Günündə keçirilən möhtəşəm premyerasıyla Gənc Tamaşaçılar Teatrının repertuarına daxil olan "Qağayı" əsərini izlədikcə fransız filosof yazıçısı Albert Kamyunun məşhur fikrinə haqq verməyə bilmirdim. O deyirdi ki, sənət, məncə, böyük sayda insanı ortaq ağrılar sevinclərlə coşduracaq görünüşləri, formaları tapmaqdır". Əməkdar artist Nicat Kazımovun bir uğuru da bəlkə məhz budur: o, müraciət etdiyi əsərlərlə insanları düşündürəcək, onların özlərini tapmasına yardımçı olacaq mətləbləri yaxşı duyur həssaslıqla işləyir.

Bu dəfə Nicat Kazımov bizi dahi rus klassiki Çexovun "Qağayı" pyesiylə təəccübləndirməyi bacardı. Çexov sənətinin vurğunları, eləcə ədəbiyyatsevərlər üçün yaxşı tanış olan "Qağayı" Azərbaycan teatr səhnəsində bir başqa nəfəs qazanmışdı. Sənətlə həyatın, köhnəliklə yeniliyin, sevgiylə xəyanətin əbədi mübarizəsinə həsr olunan əsər ilk premyerasındakı anşlaqla uzun müddətdir cəmiyyətimizdə mövcud olan sürətlə yayılan "teatr yoxdur!", "sənət keçmişdə qaldı" kimi toksik fikirlərə ciddi zərbə vurdu. Bakı Musiqi Akademiyasının Opera Studiyası kimi çox geniş bir zalın tamaşaçıyla dolması, əsər boyunca zaldan ən xırda səsin belə eşidilməməsi, lazımi məqamlarda rejissorun fəndini tutan seyrçinin ona alqışla cavab verməsi sənət eşqi deyil , nədir?!

 

A.Çexovun "Qağayı" komediyası əsasında eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir. İki hissəli lirik-psixoloji dramda Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Mirsənan Kazımlı, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak edirlər.

 

Tamaşada istifadə olunmuş rus bəstəkarı Pyotr Çaykovskinin "Qu gölü" baletindən musiqilər əsərin ruhunu tamamilə ifadə edib.

 

Əsərin əsas qəhrəmanlarından olan İrina Nikolayevna Arkadina (Kəmalə Müzəffər) 40 yaşını ötmüş, olduqca istedadlı məşhur aktrisadır. Lakin o, həm xudpəsənd, şöhrətpərəst, eqoist simicdir. Arkadina yeniliyə qarşı çıxan, oğlunun belə yenilikçi fikirlərinə hörmət bəsləməyən, köhnəni etalonlaşdıran obrazdır. Üzdə vecsiz, şən görünən aktrisa bir qadın bir insan kimi olduqca bədbəxtdir. Onun qəhqəhələri belə ətrafa yalnızca bədbəxtliyini hayqırır. Əri öləndən sonra meylini ortabab yazıçı Triqorinə (Şövqi Hüseynov) salıb. Oğluna da qıymadığı var-dövlətini ona xərcləyir.

 

Arkadinanın aktrisalıq sənəti "mən"inə o qədər hopub ki, o, analığını da unudub. Hətta oğlunun faciəvi ölümünü özünün PR-ı kimi istifadə edir. Həmin səhnədə bir ananın balasının cəsədi üzərindəki saxta, qeyri-səmimi, bir az da qıcıqlandırıcı məyusluq rolu xislətindəki naqisliyi ən çılpaq şəkildə göstərir. Tamaşaçı onun bu hərəkətlərinə əsəbləşməkdənsə, çürümüş vicdanına acıyır.

 

 

 

Konstantin Treplev (Bəhram Həsənov) dövrünün məşhur aktrisası İ.Arkadinanın oğludur. Onun xarakterindəki kompleksinin ilkin səbəbi məhz budur. O, ta uşaqlığından qarşısında bu cür möhtəşəm böyük istedad sahibi, onun sərhədsiz şöhrətini görüb. Erkən yaşlarından anasının istedadı şöhrətinin kölgəsində qalan oğlan özgüvənsiz böyüyüb. O, 3-cü kursdan təhsilini yarımçıq qoyub. Arzusu yazıçı olmaqdır. Yeni bir pyes yazıb. O, bu pyesini malikanədəki həvəskar gənclərin iştirakıyla səhnələşdirir. Əslində, o, istedadsız deyil. Amma köhnəliyə qarşıdır. Anası başda olmaqla, cəmiyyət isə onun yeniliyini qəbul etmək istəmir. Xüsusən, pyesin bədbinliyi insanları yorur, tamaşaçıların heç biri onu bəyənmir. Bu, Treplev üçün növbəti zərbə, depressiya səbəbi olur. Çox keçmədən ürəkdən sevdiyi, aşiq olduğu Ninanın xəyanəti onu daha da sarsıdır. Bununla da Konstantinin həyat yolu uçurumla üz-üzə qalır. Özünün simvolik obrazı olan qağayı kimi qanad çalsa, o, bu uçurumdan can qurtara bilər. Amma yenə də qağayı dənizə aşiq olan kimi, Konstantinözünü sənətə və Ninaya məhkum edib. Onlardan kənarda qanad çalması mümkün deyil. Belə də olur.

 

Əsərə tamaşa edərkən düşünürsən, görəsən, obrazlardan hansıdır qağayı? Nina Zareçnaya (Səbinə Məmmədova) bütün tamaşa boyunca təkidlə özünü qağayı adlandırsa, Treplevin pyesində qağayı obrazını canlandırsa da, rejissor Nicat Kazımov öz müsahibəsində Konstantini "qağayı" olaraq görsə də, mənimçün obrazların hər biri ayrı-ayrılıqda qağayı idilər. Məsələn, yazıçı Triqorin bir böyük qağayı kimi hiyləylə öz şikarına, yəni gənc və hərdəmxəyal Ninaya yaxınlaşır, onu Konstantindən soyudur və özünə aşiq edir. Onun Ninanı cəlb etmək üçün "düzüb-qoşduğu" kədərli və özünü acındıran hekayələr bir qağayının ov şərqisinə bənzəyir. Bu "qağayı" əvvəllər yaşlı balinaların dəriləri (oxu: yaşlı aktrisa Arkadinanın var-dövləti) ilə qidalanırdısa, indi gənc balinaların sağlam dərilərinə də tamah salır və özünün məsuliyyətsiz davranışlarıyla onu yaralamaqdan çəkinmir.

 

Konstantin Treplev sevdiyi Ninanı Triqorinin qollarına təslim etməsi isə mənə qağayılar haqda oxuduğum bir başqa məlumatı xatırlatdı. Sən demə, böyük dəniz qağayısı qənimətinə hücum etdikdə, digər qağayılar ona "ehtiramla" yol verirmiş. Lakin Ninanın azadlıq təşnəli uçuşuKonstantinin "ehtiramı" hər iki gəncin əbədi bədbəxtliyinə yol açır.

 

 

 

Nina yazıçıların, aktyorların məşhurluğuna heyrətlə yanaşan, onları başqa dünyadan zənn edən, özübir gün məşhur aktrisa olmaq xəyallarıyla yaşayan gənc qızdır. Məhz bu hərdəmxəyallığından istifadə edən Triqorin onu asanlıqla yoldan çıxarır və Nina dəlicə məhəbbətlə yazıçıya aşiq olur. Həm ona yaxın olmaq, həm də aktrisalıq xəyallarını gerçəkləşdirmək üçün Moskvaya gedir. Triqorin Arkadina ilə əlaqələrini kəsmədən gizlincə Ninayla da görüşür. Hətta ötən üç il ərzində onların övladları da olurtez zamanda ölür. Ninadan fərqli olaraq Triqorin bu sevgini tezliklə unudur və gənc qızı yarı yolda bədbəxtliyin ağuşuna tərk edir. Əvvəlki ağıllı, şən, gülərüz, ümidsevgi dolu Ninadan əsər-əlamət qalmır. O, yenə Triqorini sevir, amma daha insanlardan heçnə gözləmir. Nina köksündən yaralanmış qağayıdır artıq.

 

Bu yerdə gənc aktrisa Səbinə Məmmədovanın mükəmməl ifasını xüsusən, vurğulamaq lazımdır. Onun 2-ci pərdədə - Ninanın 3 il sonrakı gəlişini canlandırması o qədər sarsıdıcı və dəhşətli idi ki, tamaşaçı sözsüz belə obrazın çəkdiyi əzabları duya, aktrisanın işıqsız, peşmanlıq dolu gözlərindən oxuya bilirdi. Buna görə Səbinə xanımı ürəkdən təbrik etmək yerinə düşərdi.

 

Əsər bədbəxt, talelərindən yarımamış insanların koloniyasını xatırladır. Orda bircə nəfər belə bəxti gətirən insan yoxdur. Konstantinin dayısı, 60 yaşlı Sorin (Kərəm Hadızadə) hər zaman istedadsızlığıyla arzularının toqquşmasının qurbanı olub. Yazıçı olmaq istəyib, alınmayıb. Natiq olmaq istəyib, danışa bilmir. Şəhərdə yaşamaq istəyib, ömrü boyu kəndə məhkum qalıb. Ailə qurmaq istəyib, heç qadınlar tərəfindən sevilməyə belə nail olmayıb. Beləcə, fərəhsiz ömrünü başa vurmaq üzrədir. Amma bütün bu uğursuzluqlara baxmayaraq, onun qəlbi yaşamaq eşqiylə doludur.

 

Arvadının gözgörəsi xəyanətinə məruz qalan poruçik, işlər müdiri İlya Şamrayevin (Anar Səfiyev) də həyatı düz gətirməyib. O, əsərdə az-az gözə dəysə də, çəkdiyi sarsıntılar və olduğu mühitdən usanmış halı tamaşaçının diqqətindən yayınmır.

 

Onun qızı Maşa (Aygün Fətullayeva) isə Konstantinə aşiqdir. Lakin Konstantinin sevgisini qazanmadığından müəllim Semyonla evlənir, uşaqları olur. Semyon lap çoxdan Maşanı saf qəlblə sevir, onun ağlına belə gəlmir ki, arvadı onunla Konstantinin acığına evlənib. Amma Maşa bu evliliyə davam etmir və ərini, uşağını atıb, atasının evinə qayıdır. Məqsədi isə Konstantinin sevgisini qazanmaqdır.

 

"Qağayı" tənhalıqda boğulan insanların təzadlar və tərəddüdlər içərisindəki yarım qalmış həyatlarından bəhs edir. Əsərdəki hər kəs sevgisiz həyatın olmadığına inanır, amma kimsə bir-birini sevmir. Hər kəsin sevgisi qarşılıqsızdır. Kimsə yanındakını görmür, onun qayğıları və hissləriylə maraqlanmır. Hər kəs özünü, öz mənini və öz mənfəətini düşünür. Qarşılıqsız sevgi isə özü ilə məyusluq və faciə gətirir.

 

İki sənət vurğunu gəncin ölümüylə nəticələnən əsərin sonlarına doğru, yanımda əyləşmiş həmkarım Günel Musa qulağıma pıçıltıyla "o gündən bu günə heç nə dəyişməyib e" dedi. Haqlı idi, elə bu tamaşa zalında o qədər Nina, Treplev, Triqorin, İlya, Maşa, Sorinlər oturmuşdu ki... Hər birimiz öz həyat dənizimizin başı üzərində qanad çalan qağayılarıq. Kaş ki, yaralayanımız olmasa...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 30 mart.- S.20.