Şah İsmayıl Səfəvi şəxsiyyəti
tarixi qaynaqlar güzgüsündə
Azərbaycan dövlətçilik tarixində Şah İsmayıl Səfəvi şəxsiyyətinin xüsusi yeri vardır. Anadan olmasının 535
illiyi tamamlanan bu dahi Azərbaycan hökmdarının
özünəməxsus xüsusiyyətləri və keyfiyyətləri
bütün dövrlər üçün böyük mənəvi
etalondur.
Təbii
ki, ilk növbədə Şah İsmayıl Xətai Azərbaycanın
orta əsr
dövlətçilik tarixində müstəsna
xidmətləri olan bir şəxsiyyət kimi mühüm yer
tutur. Şah İsmayıl 3,5 milyon kv.km-ə
qədər hüdudları olan Azərbaycan Səfəvi
İmperiyasını yaratmaqla
Azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına
daxil etmişdi. Təəssüflər olsun ki,
dünya tarixçiliyi azərbaycanlıların
yaratdığı bu imperiyanı qeyri-türk mənsublu
dövlət olaraq təqdim etməkdədir. Lakin əlimizdə olan tarixi qaynaqlardan
göründüyü kimi, Səfəvi dövləti Azərbaycan
hüdudlarında yaranan və Azərbaycan türklərinə
məxsus olan bir dövlət idi.
Dövrün
mənbələrində yer alan bilgilər və XVII əsr
Azərbaycan tarixçisi İsgəndər bəy
Münşinin "Tarixi-aləmarayi-Abbasi" əsərində qeyd olunan
aşağıdakı məlumat bu dövlətin gerçək
etnik və siyasi mahiyyətini ortaya qoymaqdadır. Münşi
yazır: "Şirvan vilayətinin uca və məşhur qalalarından
olan Gülüstan qalası mühasirəyə alındı.
Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən
mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın
səltənət taxtına və padşahlığına
yetişmək müjdəsi verdi... O həzrət
əzəmətli əmirləri çağırıb onlara
dedi: "Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan
taxtı?"
Münşinin
əsərində əks olunan bu qiymətli məlumat eyni
zamanda, XVI əsr tarixçisi Həsən bəy Rumlunun
"Əhsənüt-təvarix", anonim müəllifin
"Tarixe-Şah İsmayıl Səfəvi" əsərlərində
və digər mənbələrdə də əks olunub.
Tarixi qaynaqlarda verilən bu məlumatlar onu deməyə əsas
verir ki, hələ Şah İsmayıl hakimiyyətə gələnə
qədər Azərbaycan adlı dövlət mövcud idi və
onun taxt-tacı (hakimiyyəti) İsmayıl Səfəviyə
müjdə verilmişdi.
Qeyd edək ki, hətta XVI əsrə qədər də
Azərbaycan dövlətinin mövcudluq faktını daha əvvəlki
tarixi mənbələr də təsdiq edir. X əsrdə
yazılan "Hüdud əl aləm" adlı coğrafiya əsərində
qeyd olunur ki, "Ərdəbil şəhəri Azərbaycanın
paytaxtıdır və Azərbaycan hökmdarları bu şəhərdə
oturur". Övliya Çələbinin
"Səyahətnamə"sində isə Qara Yusif və
Uzun Həsən Azərbaycan padşahı kimi təqdim olunur.
Təəssüflər olsun ki, bir çoxları
Şah İsmayılı qatı şiə təəssübkeşi,
yaratdığı dövləti isə sırf şiə
dövləti adlandırırlar. Lakin bu iddianın nə
qədər yanlış olduğunu Şah
İsmayılın öz şeirlərində görmək
mümkündür. O, şeirlərinin birində
özünü sufi adlandıraraq
yazır.
Xətaiyəm,
bir halam,
Əlif üstündə dalam.
Sufiyəm
təriqətdə,
Həqiqətdə abdalam.
Səfəvi dövrü tarixi qaynaqları heç bir
halda Səfəvi dövlətini şiə dövləti,
Şah İsmayılı isə şiə məzhəbçisi
kimi xarakterizə etmir. Mənbələr dahi Azərbaycan
hökmdarının hakimiyyətə gəldiyi zaman
"İmamiyyə" məzhəbini yüksəltdiyini
vurğulayır. Bu haqda Səfəvi tarixçisi
Əmir Mahmud Xandəmir özünün "Tarix-i Şah
İsmayıl və Şah Təhmasib" əsərində
yazır: "... Müzəffər padşah məqsədinə
çatdığına görə səltənət
bayrağını dalğalandırdı, türkmanların
(ağqoyunluların - M.A.) zülmünü həmin məmləkətdə
aradan qaldırdı. Uzun müddət ərzində
kölgədə qalan İmamiyyə məzhəbini yenidən
yüksəldərək zahirə çıxartdı və məsum
imamların (s) adlarını yenidən ucaldaraq onlara ziynət
verdi... Həmin dövrdə
Azərbaycan məmləkəti qazilərin
qılıncının hesabına cahillərdən və təəssübkeşlərdən
təmizləndi, haqq dini və on iki imam məzhəbi rəvac
və rövnəq tapdı. Şah
taxt-taca çıxmaqla zülm və əsarəti dünyada
aradan qaldırdı və ədalət və ehsan
qapılarını onun sakinlərinə və həmvətənlərinin
üzünə açdı".
Şah İsmayıl Xətai şəxsiyyətinə ən
dəqiq qiyməti Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu
dahi Məhəmməd Əmin Rəsulzadə vermişdi. O yazırdı: "Uzun illər
boyu ətrafındakı xalqlar arasında dərin nüfuza malik olan və
Ərdəbildəki Şeyx Səfi ocağından
çıxan Şah İsmayıl dövlətini qurmaq
üçün hərəkətə keçir. Səfəvi
dövlətinin rəhbəri həqiqətdə bir türk
sufisi və azərbaycanlı bir şairdi. Arxalandığı
qüvvələr isə tamamilə türk boyları idi.
Onun sadə bir türkcə ilə yazılan
ilahiləri Azərbaycan hüdudlarını aşaraq
bütün türk coğrafiyasının ruhuna hakim
olmuşdur. Şah İsmayılın
sarayı Azəri-türk ədəbiyyatının
yaradıcı ocağı və bir akademiyası idi. Səfəvi sarayının rəsmi dili də
türkcə idi. Qonşu dövlətlərə
göndərdiyi məktublar türkcə yazılırdı.
Səfəvi dövlətinin Osmanlılara
göndərdiyi məktublar türkcə ikən, Osmanlı
sarayının Səfəvilərə yazdıqları məktublar
isə farsca idi. Çevrəsindəki
türkdilli şairlər Şah İsmayıla
"Türki-tacidar" deyə xitab edirdilər".
Mövcud
tarixi və ədəbi nümunələrə əsaslanaraq
bu qənaətə gəlmək olar ki, Şah İsmayıl
Səfəvinin yaratdığı Azərbaycan Səfəvi
dövləti xürrəmilərin, hürufilərin,
qızılbaşların uzun illər dini-siyasi həyatda
mücadilə apararaq yaratdıqları bir Sufi
Qızılbaş dövləti idi. Avropalı müəlliflərin
Şah İsmayıla Böyük Sufi deyərək xitab etməsi,
həmçinin, tarixi qaynaqlarda Səfəvi dövlətinin
adının "Dövləti-Sufiyan", "Dövləti
Qızılbaşan" adı ilə qeyd edilməsi bu deyilənləri
təsdiq etməkdədir.
Şah İsmayıl eyni zamanda sufilərin, hürufilərin
və digər təriqət mənsublarının himayəçisi
olub. O,
şeirlərinin birində yazırdı:
Şah Xətai,
didarə bax,
Mənsur ipin boynuma tax.
Nəsimi
oldu haqla hax,
O
üzülən dərisidir.
Tarixi qaynaqlarda Şah İsmayıl şəxsi keyfiyyətləri
haqqında olduqca maraqlı məlumatlar vardır. XVI əsr
anonim müəllifin "Tarixi-aləmarayi-İsmayıl" əsərində
Şah İsmayılın, "başına qırmızı
tac qoymuş 14 yaşlı, şabalıdı saçlı,
ağ üzlü və qoç baxışlı bir
cavan" olduğunu bildirir. Şah
İsmayılın müasiri olmuş italyan səyyahlar da dahi
hökmdarın ağbəniz, yaraşıqlı, ortaboylu,
enlikürək, şabalıdı saçlı və solaxay
olduğunu qeyd edirlər.
Sultan Səlim öz məktublarında Şah
İsmayılı qədim türk hökmdarı Əfrasiyab
(Alp Ər Tonqa) ilə eyniləşdirmişdi. XVI əsr
Osmanlı təzkirəçisi Qınalızadə də Səfəvi
şahını "Əfrasiyab-i mərəke-yi girudar"
("döyüş meydanının Əfrasiyabı")
adlandırırdı.
Səfəvi dövrü mənbələrinə istinad
edərək qeyd etmək olar ki, Şah İsmayıl
zamanında qızılbaş ordusunun həyata keçirdiyi
100-ə qədər döyüş əməliyyatının
təxminən 1/3 hissəsindən çoxu şəxsən
Şah İsmayılın sərkərdəliyi altında
aparılmış və o iştirak etdiyi döyüşlərdən
yalnız birində - Çaldıran vuruşmasında məğlub
olmuşdu. O,
özünün peşəkar süvari ordusuna arxalanaraq,
açıq döyüşü üstün tutur və rəqiblərini
çox vaxt qədim türk savaş ənənələri əsasında
məğlub etməyi sevirdi. Səhra
döyüşlərində əsasən düşmənin
səflərini qəti hücumla cinahlardan yarmaqla qələbə
qazanmağa üstünlük verirdi. Həmçinin,
geri çəkilməyi imitasiya edərək, düşməni
pusquya salmağı nəzərdə tutan "Turan
taktikası" və ya "qurd oyunu" adlanan hərbi
taktikadan məharətlə istifadə edirdi.
Yeri gəlmişkən, burada bir haşiyə
çıxaraq qeyd edək ki, II Qarabağ savaşında Azərbaycan
ordusu "Turan taktikası"ndan məharətlə istifadə
etdi.
Şirvanşah
Fərrux Yəsara qarşı Cəbani, Ağqoyunlu Əlvəndə
qarşı Şərur, Ağqoyunlu Murada qarşı
Almabulağı düzündə, özbək hökmdarı
Şeybani xana qarşı Mərv yaxınlığında və
Osmanlı Sultan Səlimə qarşı Çaldıran səhrasında
apardığı döyüşlər Şah
İsmayılın ən böyük meydan müharibələri
hesab oluna bilər.
Şah İsmayıl müharibədə şərəf
və mərdliyi ən mühüm prinsiplər hesab edirdi. Çaldıran
döyüşündən öncə toplanan hərbi
şurada Səfəvi sərkərdələri Məhəmməd
xan Ustaclı və Nurəli Xəlifə osmanlılar üzərinə
gecə ikən basqın etməyi Şah İsmayıla
bildirdikdə o, bunu qorxaqlıq adlandırıb "Mən
karvanbasan quldur deyiləm!" - demişdi.
Şah İsmayıl odlu silahlara nifrət edir, "namərdin
mərddən ayırd edilməsi və müəyyənləşdirilməsi
üçün qılınc sıyırmağın" zəruriliyini
vurğulayır, topdan və topxanadan istifadənin namərd
işi olduğunu deyirdi. Görkəmli səfəvişünas
Oqtay Əfəndiyev yazır ki, "I Şah İsmayıl
zamanında Səfəvilər odlu silahın tətbiq edilməsini
insanlığa zidd əməl və qorxaqlıq, cəsarətsizlik
əlaməti hesab edirdilər".
Dahi Azərbaycan hökmdarı heç vaxt məğlub
etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və
onların salamatlıqla qaçıb qurtulmalarına imkan
yaradardı.
"Aman vermək imandandır" - deyən Şah İsmayıl
təslim olanları bağışlayır, hətta
onları öz ordusuna qəbul edirdi. Şah
İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə
dinc əhalinin zərər çəkməsinə heç
zaman imkan verməzdi.
Dini ibadətə xüsusi fikir verən Şah
İsmayılın İraqdakı Kərbəla, Nəcəf,
Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki
məqbərəsində xüsusi rituallar həyata
keçirdiyi haqqında məlumatlar vardır. O, hətta Nəcəfdəki
Həzrət Əli məqbərəsində saatlarla təkbaşına
ibadət etmişdi. Bəzi vaxtlarda isə
bütün gecəni oyaq qalaraq münacatla məşğul
olurdu.
Mənbələrdə Şah İsmayılın iki həyat
yoldaşı barəsində məlumat vardır. Şah
İsmayıl Əbdi bəy Şamlunun qızı (bəziləri
mosullu tayfasından olduğunu qeyd edir) Taclı bəyimlə
evlənmiş, bu nikahdan Təhmasib Mirzə dünyaya gəlmişdi.
Bundan başqa, Şah İsmayıl
Şirvanşah II İbrahim Şeyxşahın qızı ilə
evlənmişdi.
Qaynaqlarda
Şah İsmayılın 4 oğlu (Təhmasib, Sam,
Əlqas, Bəhram) və 5 qızı (Xanişbəyim, Pərixan,
Məhinbanu, Firəngiz, Zeynəb) haqqında məlumatlar
vardır.
"Tarixi-aləmarayi-Şah
İsmayıl" əsərində qeyd olunur ki, "Şah
İsmayıl ömrünün sonunda "ov etmək
üçün Şirvana yollanmış", lakin röyada
atası Şeyx Heydəri görmüş, "axirət səfərinin
yaxın olduğunu" anlayaraq, ov işlərini
yarımçıq qoyub, Ərdəbilə
qayıtmağı qərara almışdı.
Qızılbaşlara etdiyi son vəsiyyətində
onları dövlətçiliyi qorumaq naminə birliyə
çağırmışdı. O, vəsiyyətində deyirdi:
"Sufi olmağın yolu və üsulu odur ki, nifaqdan əl
çəkib, ittifaq edəsiniz ki, düşmən dörd tərəfdən
üzərinizə hərəkət edə bilməsin. Nə qədər ki sizin aranızda ittifaq vardır,
heç bir padşahın qüdrəti çatmaz ki,
özündə qızılbaşlarla vuruşmağa iradə
tapa bilsin".
Şah İsmayılın ölümünə
üç gün qalmış vəziyyəti
ağırlaşmış, hətta namazı oturan yerdə
qılmağa məcbur olmuşdu. Beləliklə, 19 rəcəb 930 /
23 may 1524-cü ildə axşam vaxtı Şah İsmayıl
Ərdəbildən Təbrizə gedən yolda, Cənubi Azərbaycanın
Sərab şəhəri yaxınlığındakı
Sayıngədiyi adlı yerdə vərəm xəstəliyindən
vəfat etmişdi.
"Tarixi-aləmarayi-Şah
İsmayıl" əsərində Şah
İsmayılın həyat yolu və şəxsiyyəti bu
şəkildə təsvir olunur: "Ömrünün
müddəti 38 il və səltənət müddəti 24 il
olmuşdur. Bütün rəiyyəti və
tabeçiliyindəkiləri ədalətlə idarə
etmiş və yaşatmışdır. O həzrətin
qorxusundan məmurlardan heç kəs insafsızlıq və
fırıldaq qapılarını xalqın üzünə
açmırdı. O həzrətin padşahlığı əyyamında
qüdrətli dövlətin ixtiyarında olan vilayətlər
İraqi-Əcəmdən, Ceyhun çayının kənarınadək
Xorasandan, Farsdan, Kirmandan, Xuzistandan, Hüveyzədən ibarət
idi. Bəzi vaxtlarda hətta Diyarbəkir
mülkü də Azərbaycan məmləkətinin tabeliyində
idi. O həzrət döyüş meydanında xəncər
vuran cəngavər idi. Çox səxavətli
idi, onun nəzərində adi daş və qiymətli cəvahirin
heç bir fərqi yox idi. Bütün
döyüşlərdə qızılbaş ordusunun
önündə gedərdi. Döyüşlərdə
heç vaxt yara almamış, həmişə
Tanrının hifz və himayəsində olmuşdur. Əksər vaxtlarda şəxsi xəzinəsində
bir dinar belə olmazdı".
Şah İsmayıl Xətai böyük Azərbaycan
hökmdarı olmaqla yanaşı, eyni zamanda görkəmli ədəbi
şəxsiyyətdir. Xətai "Divan"ı Azərbaycan dilinin saflıq
çeşməsi kimi klassik irsimizin möhtəşəm
abidəsidir:
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.
Xətayim çağırır, ərə,
Dünya belə gəlmiş zira,
Arif oxun əbəs yerə,
Atma, qardaş, kərəm eylə.
Şah İsmayıl Xətainin "Dəhnamə"si onun ədəbi yaradıcılığının zirvəsidir. Şah Xətainin bu ədəbi zirvəsini rövnəqləndirən isə "Dəhnamə" əsərinin başlanğıcındakı 62 beytdən ibarət "Bahariyyəsi"dir:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Görkəmli Azərbaycan hökmdarı
Şah İsmayıl Səfəvinin həyat yolunu və şəxsiyyətini
ümumiləşdirərək bu şəkildə xarakterizə
etmək olar: Azərbaycan xalqını imperiya
yaradan xalqlar sırasına daxil edən görkəmli
hökmdar, ədalətli şah və cəsur sərkərdə,
avropalıların dilində "Böyük sufi",
Qızılbaş dünyasının Mürşidi-Kamili,
öz əxlaqı və mənəvi keyfiyyətləri ilə
müasirlərinə nümunə olan kamil insan, sadə
və təvazökarlığı ilə
insanlığın fövqündə dayanan sadə azərbaycanlı
- Şah İsmayıl Səfəvi...
Mübariz
AĞALARLI
AMEA-nın
Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun
dosenti
525-ci qəzet.- 2022.- 30 mart.- S.18;19.