"...Bıçağımdan
süzülər işığın ətri..."
Müasir Azərbaycan tibb elminin, ədəbiyyatının
və ictimai fikrinin dəyərli nümayəndəsi, tanınmış
oftalmoloq-cərrah, professor, şair, publisist Paşa Qəlbinurun 70 yaşı tamam olur. Duyğulu, həssas şair
təbiətilə yanaşı,
özünəməxsus ziyalı
təmkininə, sanballı
şəxsiyyətinə görə
də hər zaman seçilib rəğbət qazanan Paşa Qəlbinur bu gün - martın
30-da ömrünün yeni
mərhələsinə - müdriklik
zirvəsinə qədəm
qoyur. P.Qəlbinur, artıq yarım
əsrə yaxındır
ki, həm bütün varlığı
ilə bağlandığı
tibb-səhiyyə mühitində,
həm ruhən mənsub olduğu ədəbi aləmdə,
həm ümumən cəmiyyətdə sırf
özünə məxsus,
məhz ona aid fəxri mövqedə dayanmaqdadır. Onun böyük
uğurla həyata keçirdiyi göz cərrahiyyəsi əməliyyatları
indiyədək minlərlə
insanı yenidən işığa, aydınlığa
çıxardığı kimi, gözəl şeirləri, maraqlı esseləri də oxucularının ruh aləminin nurlanıb saflaşmasına, düşüncələrinin
aydınlanmasına xidmət
edir. Ədəbi mühitin təmsilçilərinə,
yəni həmkarları
olan qələm adamlarına, bütünlükdə
ədəbiyyatsevərlərə təmənnasız münasibəti,
yüksək qayğıkeşliyi
isə P.Qəlbinur şəxsiyyətinin bir başqa qiymətli cəhətidir.
P.Qəlbinura biz "525-ci qəzet"in ən sadiq oxucularından, ən ardıcıl müəlliflərindən, etibarlı
dostlarından biri kimi də xüsusi
hörmət və məhəbbət bəsləyirik. O, şeirləri,
esseləri, müsahibələri
ilə istər kollektivimiz, istərsə oxucularımız üçün
daima arzulanan, axtarılan müəllifdir.
Bu 70 illik yubiley günündə əziz Paşa Qəlbinura ürəkdən gələn
hərarətli təbriklərimizi,
ən xoş arzularımızı ünvanlayır,
şeirlərindən ibarət
poetik çələngi
oxuculara ərmağan
edirik.
***
Göyərən səs
Gecənin bağrında
ay
- para qarğış...
Qaranlıq, gecə qadağası,
aramsız yağış...
İşığın içində gül açmışam mən.
Buludun əynində ruh biçimində
Yenidən dünyaya gəlmişəm
deyən...
O hansı nəfəsdi, o hansı səsdi?
Mənim varlığımı dəyişdi
belə.
O hansı qüvvədi, hansı həvəsdi?
Xəmiri
çörəyə, qayanı
gülə...
İşığın içində İşıq göyərdi,
-
Bülbülün içində Səs
göyərən tək!
...Neçə Rembranta... dəyərdi, vallah!
Bağrıma dedim ki, bu gecə çək!
Çək, dedim ona,
Batır
əllərini mənim
qanıma
Bu gecə çək!...
Ucalardan qorxanım
Qollarımda azman gücü
Bağrımda
Şir ürəyi
döyünür.
Mən qartalam
Ürəyimdən
qanadlarım böyüyür...
Ucalardan
qorxanım
Zirvələrdə şaxta, qar,
Yıxılmaq qorxusu,
Yandıran şüalar...
Zirvələrdə
Zamanın təkrarsız gözəlliyi
-
Məğrur-məğrur, iti xəncər gözlərin
İliklərə işləyən ənginliyi,
Arzuların ulusu
Və bir də
Azadlıq iyi,
Ciyər
dolusu...
***
Sənsiz
qalsam,
Sınaram
Min illik palıd
kimi.
Ağ səs olar
Son harayım...
Sənsiz
qalsam,
Göyərər, göyərər ürəyim!
Böyüyər, böyüyər, sən
olar!
Sənsizlik sənə,
Yuxum aydınlığa qarışar...
Sənsiz
qalsam,
Qolları kəsilmiş fədai
kimi
Yuxularımdan qan sızar
gecələrimə...
Sənsiz
qalsam,
Ölüm
Dadlı
gələr mənə
-
Ana südü kimi
...çataram
sənə...
Mən ağ işığam
Havamın nəmini qova bilmədim,
Aynamın tərini on il silmədim.
Ürəyimdən səni bir qəlpə kimi,
Elə kəsdi, ayırdı ki, bu illər
Heç özüm də bilmədim.
Bu gün sənsizliyi qələbə kimi
Doldurdum birbaşa başıma çəkdim.
Həsrətim, göynəyim, eşqim,
göz yaşım
Həsrətin içində bitən uğurum.
Təntənəm, harayım, qələbələrim,
Hamısı gözümdə adiləşdilər.
Demişdim ki, sənsiz yaşayammaram.
Yalandı, yalandı daha ölmürəm.
Mən indi hər yandan
görünürəmsə,
Səni
mən görürdüm,
İndi görmürəm.
Sındırdın sən məni,
bilmədin ancaq
Mən ağ işığam!
Sınanda fişəngəm - göy
qurşağıyam!
...Başının üstündən
asılasıyam.
Çörəklə sildiyin "səhv"lərim kimi
Birbaşa sinənə yazılasıyam.
Mənim
balalarım qatır başımı,
Mənim uğurlarım əlimdən
tutur.
Kimsələr qarğanı aldadır
yenə,
Göydəcə pendiri... dilindən tutur.
Dünya
əvvəlkidir - peşimanı
çox
Çaxılıb ox dimdiyinə
Çürük ağaclara döyür
başını,
Döyür ağacdələnlər...
Yollar o yollardı, mən and içdiyim,
Yollar o yollardı,
sənin keçdiyin.
Mənsə o deyiləm, səni bilmirəm.
Aynamın nəmini leysan da silməz,
Yollarda qızlar var, oğlanlar gəzir
Heç
kim mənim
kimi sevə bilməyib
Heç
kim mənim
kimi unuda bilməz.
Çatdılar sənə
İstədim gizlədim məhəbbətimi
-
Mənim şeirlərim satdılar
səni.
İstədim on əlli qoruyam,
gülüm,
Gözümün içindən mil salıb,
salıb,
İşığın dalınca çatdılar sənə,
İşığın ucunda tutdular səni...
İşıq sürətinə ünüm
çatmadı,
Taleyin hökmünə əlim çatmadı,
Yat, - dedim - bəxtimə, o da yatmadı,
Allahım oldunuz az
qala, gözlər.
Bir şəhərdə zəhər
udan,
Bir dənizdə
çimən bizik.
Gecəmizə, günümüzə həsrət
şərik.
Xoş günlərə dözəmmədik,
dözəmmədik...
...Qağayılar qanad çalır,
Qanadları yosun iyli.
Mən qanadı qırılmışın
Qanadları dor ağacı
-
Küləklər yayır səsimi.
Qanadlarım dar ağacı
-
Asılmışam
Bir yaralı durna kimi...
Ah dedim, oydun məni,
Bu hala qoydun məni.
Yelkənsiz gəmi kimi
Dəryada qoydun məni...
***
Yanmış ocaq yeri var
Ürəyimdə
sən gedəli...
Bir xəncər sancı var
Kürəyimdə sən gedəli...
Qəhqəhələr, işvələr,
nazlar
Payız
yarpaqları kimi
Küləklərin ağzında
veyil-veyil.
Nə Günəş qızıl
tellidi,
Nə dəniz mirvari deyil...
Dünyada
Sən adlı mələk var,
Mən adlı
ürək.
İnnən belə
Qızıl-qızıl balqlar
Dənizlərdə
Üşüyər də, ölər də,..
Bir bayatı çağırın:
...Mey qaldı şüşələrdə.
Səssiz-səmirsiz
Yasəmən ətri qədər,
Çörəyin nəfsi qədər.
Darıxdım sənsiz...
Dəryada qarmağa
Balıq
tələsən kimi,
Kəhrəba zəmidə
Küləklər əsən kimi,
Darıxdım sənsiz...
Bir ana bağrında,
Südün sancısı kimi,
Cadar-cadar
torpaqda
Yağışın səsi kimi
Darıxdım sənsiz...
Ulduzlar axdılar,
Gecəmə neynim
Dənizlər axdılar
Küçəmə neynim...
Kəklik
yumurtasında
Yavrumun səsi kimi -
Səssiz-səmirsiz
Darıxdım sənsiz...
Gözlərinin kölgəsi
Uzun gecələrimdə
Qaranlığın ətrisən,
sükutun səsi...
Gözlərimin yağını
Damla-damla içirəm.
Gözlərimin yağında
Yanır
şamın piltəsi...
Gözümə
Sözün kölgəsi düşüb:
Silirəm, getmir.
Həsrətin kölgəsi düşüb,
Ürəyimə -
Silkinirəm, getmir...
Bir at düşüb bəxtimə
-
Özü ürküb, yəhəri
qalıb.
Kal meyvə kimi,
Mürəbbəsi bişib, zəhəri
qalıb...
Məndən Uzaqlarda...
Gecə
də yalandı - nağıllar kimi,
Gecə
də talandı - ağıllar kimi,
Mələklər çəkibdi mənim
içimi:
Mən quru qəfəsəm, ya nəyəm, Allah!
Hanı qanadlarım, qollarım hanı?
Tanıya
bilmirəm özüm-özümü
Əl-ələ vermir heç, sözüm-sözümlə;
Bir yerə baxmır heç, gözüm-gözümlə;
Çaşmışam bu həsrət səltənətində:
Çırağı yansa da, işığı
yoxdu.
Bağırdım, səsimin sorağı
yoxdu;
Özüm eşitmirəm, kimsə
də yoxdu;
Yoxdu deyəndə
ki, insanlar çoxdu.
Ancaq məni duyan adamlar yoxdu;
Mən danışan dildə anlaşan yoxdu...
Bu boşluq doludu mən olmayanla,
Dünya beləmidi sən olmayanda?!
Ay nuru kimi
Qurd kimi yalnızam, şir kimi güclü!
Sən mənim
yoluma çıxa bilməzsən.
Sən deyən deyiləm; sən olammaram -
Pul kimi hamının xoşuna gələm...
Mənim
bir az
- gülnən yaxınlığım
var,
Mənim
bir az
- aynan yaxınlığım
var.
Ayın
nurundan çox üzdə həyam var...
Kürün suyundan çox
ilham payım var...
Düşmənim, dostlarım saysız-hesabsız!..
Taleyim -
Cənabi Haqqın nurunda!
Sən mənim haqqımı tapdayammazsan!
Aya, göyə, suya atılan, güllə -
Gücün nə olsa da; zərrəsən, tozsan,
Sən mənim haqqımı tapdayammazsan!..
***
Bu gecənin yarası,
Ay - yumurta sarısı.
İlan
yumurtasında
Zəhər görünən kimi,
Gözümə görünürsən
Bu gecənin yarısı...
Paşa QƏLBİNUR
525-ci qəzet.- 2022.- 30 mart.- S.17.