Qayıt, qayıda bilsən...  

 

TANINMIŞ ŞAİR PAŞA QƏLBİNURUN 70 İLLİK YUBİLEYİNƏ

 

Kənddə yaşadığım vaxtlardı, çox ümidsizəm. 80-cı illərin sonu, kəndin problemlərinin hamısı çiynimdədir. Bir yandan da həyat yoldaşımın gözlərində ağrılar yaranıb. Hər gün ona ümidlər verirəm ki, narahat olma, gələn həftə səni aparacağam Bakıya, məşhur göz həkimi Paşa Qəlbinurun yanına, dostumdur. Paşanın məni tanımağına bütün qohumlar sevinir. Hərdən də gizli-gizli düşünürəm ki, Paşa Qəlbinur birdən məni tanımadı, bəs onda necə? Hələ bir dəfə də olsun, görüşməmişik. Kədərlənirəm, həm də uzaq bir ümid közərir ki, şeirlərimi yəqin oxumamış olmaz.

 

Gəldik Bakıya, "Semaşko" xəstəxanasında, durduq göz həkimi Paşa həkimin növbəsinə. Özü hələ gəlməyib. Çox üzgünəm. Onsuz da məni tanımayacaq. Həyat yoldaşımın yanında utanacam. Bir an içində onun gözündəki şair şöhrətim heçə dönəcək.

 

Bir az keçmişdi ki, dedilər, Paşa həkim gəlir. O, elə sürətlə gəlirdi ki, əynindəki xalatın arxa ətəyi göydə uçurdu. Özümü bir az irəli verdim, heç əhəmiyyət vermədi, tanımadı. Keçdi içəri. Yoldaşımın üzünə baxa bilmədim. O isə öz-özünə söylənirdi: "Bəs deyirdin məni tanıyır". Bilmədim neyləyim, qapıda dayanan tibb bacısından xahiş etdim ki, Paşa həkimə deynən, Qəşəm Nəcəfzadə gəlib. Beş dəqiqə keçməmiş Paşa Qəlbinur eyni sürətlə çölə çıxdı: "Hanı Qəşəm?" Elə bil gözümə işıq gəldi. Qoluma girib məni içəri apardı.

 

Bu hadisəni niyə xatırlayıram? Paşa Qəlbinur kimdən bir misra oxuyubsa, unutmur, axtarır, tapır, tapmasa da, həmişə xatırlayır. Ədəbiyyata və Bakıya gəlməyimdə Paşa Qəlbinurla tanışlığımın rolu olub. Paşaya yaxınlaşmaq, ona söz demək, heyrətləndirmək asandı. O zaman elə şairlər vardı ki, yaxınlaşmaq mümkün deyildi, səni geriyə itələyirdi.

 

Sonralar Paşa müəllimin həm şeirlərini, həm şəxsiyyətini daha da yaxından tanıdım. Mənə elə gəlir ki, bütün zamanlarda Paşa müəllimi şair kimi görünməyinə həkimliyi mane olub. Bir dəfə ürəklənib poeziya məclislərində bunu dedim də. Həkim-şair Tofiq Nurəli mənimlə razılaşdı. Fikrimi bir az da dəqiqləşdirim: yəni əgər Paşa müəllimin poeziyasından söhbət gedirsə, əksər adamlar onun həkimliyindən danışır. Sonralar bildim ki, bu adamlar Paşanın poeziyasından danışa bilməyənlərdir. Bu yaxınlarda yenə hiss etdim ki, Paşa müəllim heç də mənim fikrimlə razı deyil. Onun həkim peşəsi ilə sevgi şeirləri iç-içədir. Biri gözdür, biri işıq. Bunları necə seçib ayırmaq olar ki?

 

Paşanın şeirlərində birbaşa, ya da alt qatda bütün enerjisi ilə görünən bir obraz var: Allah. Vaqif Bayatlı deyirdi: "Dünya söndükcə, sən görünürsən, ilahi!" Zaman-zaman uydurduqlarımızın və gözlə görünənlərin altından əsl həqiqətin (mahiyətin) üzə çıxdığını görürük. Olanlar yox olur, olmayanlar görünür. Böyük Füzulinin "Əslində "var" olan yoxdur, "yox" olan var. Yox olanın hiss edilməyi görünənlərdən və indi "sönməyə" başlayanlardan daha effektlidir. Paşa müəllimin "O" şeirinə baxaq:

 

Uzaq-uzaq, uzaqlardan

 

Yaxınlaşır bir Aləm!..

 

Gözlərim böyüyür göyüzü qədər

 

Onu görürəm!..

 

Şeirlərində "Nurlar padşahının səltənətindən" bəhs edən şair göz əməliyyatlarında yaşadığımız aləmin söndüyünü, ona yaxınlaşan başqa "bir aləm" göründüyünü deyir. Bu aləmin adı "O"dur. Səməd Vurğun "O"nun adına "Yaradan" deyirdi. Əslində ədəbiyyatın, idrakın can atdığı, qovuşmaq istədiyi "aləm"in adı "O"dur. Şairin əməliyyat otağında yazdığı şeirlərdə tək bir nida var: "İlahi, bu adamın günahından özün keç!" İnsanın həyatı gözlə qaş arasında olanda O, bütün vüsəti ilə görünür.

 

Əlimdə ulduzdan qələm - bıçağım.

 

Bu zərrəyə nur çilə, nur, İahi!

 

Əlimi saxlayıram, bilə-bilə, İlahi

 

Gözümü zilləmişəm

 

dərgahına, İlahi...

 

Əməliyyat zamanı şairin üz-üzə qaldığı yeganə qüvvə İlahidir. Göz işığında, daha doğrusu, qaşla göz arasında İlahi şairə, daha doğrusu, cərraha, onun düşüncəsinə işıq salır, enerji verir. Göz cərrahı ilə şair bir-birinə daha çox yaxındır, ikisi birdir. Indi bilirəm ki, Paşa müəllim həkimliyini şairliyindən niyə ayrı tutmayıb. Paşanın həqiqətinə indi inanmağa başlamışam. Elə nöqtələr var ki, insan orda dayanır. Burda o yana getməyə yol olmur. Çünki qabaqda İlahi var, necə gedə bilərsən axı? Şair deyəndə ki, "əlimi saxlayıram bilə-bilə, İlahi, gözümü zilləmişəm dərgahına, İlahi" həqiqətindən o tərəfə yol yoxdur artıq.

 

Paşanın obrazları və obrazlardakı ən xırda detallar həyat mənzərəsidir. Detallar inkişaf edir, əvvəl bir şeirdə görünür, üstündən bir neçə il keçdikdən sonra başqa bir şeirdə üzə çıxır. Əli Kərim bir şeirində deyirdi ki, bu gün bir mövzu çıxdı yadımdan, yazmadım. Sonra şair əlavə edir: qəm yemə, ey könül, o mövzu doğmadırsa, qayıdıb gələr. İndi Paşa müəllimin yuxarıda qeyd etdiyim detalları nə vaxtsa yaddan çıxmış, amma unudulmamış, sonradan şairə qayıdan həyat elementləridir əslində.

 

Sevirəm,

 

Ac olanda tox sallanan,

 

Ağlayanda təbəssüm çilənən

 

Gözləri...

 

 

 

Paşa müəllim burada heç kəsin ağlına gəlməyən bir mənzərəni işarələyib. Gözəlliyin ən gözəl ifasıdır (ifadəsidir), ağlayanda gözlərdən təbəssüm çiləmək. Şair kədərin, aclığın, ağrının üzərində bir gözəllik tablosu yaradır. Məsələn, onun diş ağrısını bu qədər dəqiq ifadə edən misrası, neçə illərdir, yadımdan çıxmır.

 

Ağzımda dişim uluyur.

 

Və yaxud

 

Qanadı qırılmış durna kimiyəm.

 

Göylərdən düşürəm, qarşıla, Allah!..

 

Diş və durna detalı özündə müəyyən məqamı sərgiləyir. Hiss edirsən ki, diş ağrısı təkcə bioloji ağrı deyil, "ulamaq" feilini artırmaqla şair ağrıdan başqa bir həqiqəti deyir. Bəlkə elə dişin özü mühasirədədir, o da azadlığın, dartınıb çölə çıxmağın arzusundadır. Dürnanın qanadlarının qırılıb yerə düşməsini Allah necə qarşılaya bilər axı? Adətən biz İlahini göydə bilirik. Demək, bu o həqiqətdir ki, Allah hər yerdədir. Bu dünyaya vida etsək, hara getsək, şairin iri hərflə yazdığı və uca səslə dediyi "O" bizi qarşılayır.

 

Paşanın şeirlərində tez -tez "Gəlirəm", "Gələcəm" feilləri işlənir. Şair harasa qayıtmağın böyük umurundadı. Elə şairlər var ki, ən çox "gedəcəm" deyirlər. Bəs Paşa Qəlbinur hara gedib ki, ordan gəlmək istəyir? Kim bilir, bəlkə elə getməyin özü də harasa qayıtmaqdır. Yəni bu dünya labiritində "getməklə-gəlmək" feilləri eyni mənanı ifadə edir əslində. Şair 6 aylıq nəvəsi Paşa Qəlbinura xitabən deyir:

 

Baban bir şəlalə cəsarətiylə,

 

Özünü meydana atacaq, Paşa.

 

Havalı bağrının məhəbbətiylə,

 

Sevinci göylərə çatacaq, Paşa...

 

Paşa da, mən də, elə hamımız nəvəmiz qədər bir yol uzunluğunda özümüzdən kənarda dayanmışıq. Fiziki mənada nəvəmizi qucağımıza ala bilərik, amma həm də ondan uzağıq.

 

Əli Kərim deyirdi:

 

Ya da ki, onların toyuna bir gün,

 

Toya çağırılmamış bir qoca gələr.

 

Paşa Qəlbinurun indi yetmiş yaşı var, bax şair yetmiş yaşın zirvəsindən düşüb altı aylıq nəvəsinin yanına gələ biməz (mən fiziki mənada gəlməyi demirəm). Şairi bu yaşında buxovlayan nədisə, onu sındırıb gəlmək istəyir, nəvəsi dizinin üstündə olsa belə. Zaman, məkan, ruh, idrak və dərk ayrılığı belə məsələrdə ciddidir. Şairin ruhunun, idrakının içində nəvəsinə çatmaq, qovuşmaq istəyir.

 

"İşıqları söndürüb

 

Qaranlığı yandırsan"

 

Barmağımın ucunda

 

Bir bəzəkli kəpənəyin

 

Qanadında gələcəm...

 

Mən işığın maye halı -

 

Qarışıb göz yaşlarıma

 

Yuya-yuya sualları

 

Diyirləyib qayaları

 

Gələcəm...

 

Və yaxud

 

Bürünəcəm ruhuma

 

Nəfəsliyin işıq düşən

 

İynə ulduzu qədər

 

Gözündən keçib gələcəm,

 

Gələcəm...                     

 

Bəli, Paşa bütün şeirlərində qayıdır, dönür, əslində qoyub gəldiyi yerlər onu çəkir. Böyük Nəsimi deyirdi ki, "Dünya duracaq yer deyil, ey can, səfər eylə", Bu səfərin elə biri də qoyub gəldiyin yerə qayıtmaqdı. Çünki dünya dairəvidi, çevrə qapanır. 70 il əvvələ, dayandığın yerə qayıtmağın özü də bir səfərdir. Yəni Paşa müəllimin şeirlərində getmək əslində gəlməkdir və ya əksinə. Amma görək bu qayıdanın (və ya gedənin) əhvalı necədir?

 

Havadan nəm çəkirəm,

 

Çiçəkdən şeir.

 

İçimdə Günəş,

 

Çiynimdə

 

Dünyanın ağır yükü.

 

Onun heyvanlar üzərində apardığı əməliyyatlar zamanı yazdığı şeirin özündə belə hara getmək və qayıtmaq məsələsi dayanır. Elə aşağıdakı şeirin içində bu mexanizm də var: Bu, Paşanın yaratdığı kəşf deyil. Olanlara, gedişata ağlamaqdır. Qaranlıqdan işıq və ya əksinə, kədərdən sevinc və ya əksinə, vüsaldan hicran və ya əksinə, bütün bu gəzişmələr, əvəzolmalar həyatın, dünyanın dövriyyəsidir. Gözümüzdəki işıq da hərəkətdədir. Bu gün bizdədir, sabah başqasında...

 

Göz yaşınız əllərimi

 

         yandırsa da,

 

Neçə könül dağladım.

 

Gözünüzün nurunu

 

        icazəsiz, filansız

 

İnsanlara payladım...

 

Göz yaşınız

 

          "Nur dağı"na

 

Çevrilincə, ağladım.

 

Paşa Qəlbinirun şeirləri öyrədir ki, qayıtmalısan, qayıtsan gedəcəksən, getsən, yenə qayıdacaqsan. Bu, gediş-gəliş hissin, idrakın dialektikasıdır. Bu, "O"nun dərkinə imkan verildiyi qədər yaxınlaşmaqdır. Onun üzünün nurunu azacıq hiss eləməkdir.

 

 

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2022.- 30 mart.- S.16.