Bir kitaba sığmayan 70 il  

 

"DOKTOR BƏHRUZ SƏFƏRƏLİYEV" KİTABI TƏQDİM OLUNDU

 

Hər kitab bir tarixdir, hər kitab keçmişi gələcəyə daşıyan bir vasitədir. Bu günlərdə əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin (Cəmilzadə) İstanbulun "PROMAT" nəşriyyatında nəfis şəkildə nəşr olunmuş "Doktor Bəhruz Səfərəliyev" adlı kitabını da məhz bu baxımdan dəyərli bir əsər kimi qiymətləndirmək olar. Müəllif gərgin araşdırma və arxiv materialları əsasında qələmə aldığı kitabda doktor Bəhruz Səfərəliyevin Qarabağın tarixi ilə sıx bağlı olan şəcərəsini, bu şəcərənin ayrı-ayrı nümayəndələrinin fəaliyyətini oxuculara təqdim etməklə, eyni zamanda Qarabağın tarixini xronoloji şəkildə sərgiləməyə nail olub.

Kitabda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində 35 il qüsursuz xidmət etmiş, 20 il DİN-in Tibb idarəsinin rəhbəri olmuş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuş, 2008-ci ildə "Əməkdar həkim" fəxri adını almış, iki dəfə "SSRİ-nin səhiyyə əlaçısı", iki dəfə "DİN-də əla xidmətlərinə görə" döş nişanları ilə mükafatlandırılmış, I, II və III dərəcəli "Qüsursuz xidmətlərə görə", "Polis veteranı" və "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medallarına layiq görülmüş Bəhruz Zülfüqar oğlu Səfərəliyevin yola saldığı 70 ilin ayrı-ayrı dövrlərdəki fəaliyyəti ən incə məqamlara qədər işıqlandırılıb. Xüsusilə, Birinci Qarabağ müharibəsi dövründə yaralanmış polis əməkdaşlarının həyatının xilas edilməsində, onların tam müalicə olunub yenidən xidmətə qayıtmasında DİN-in Tibb İdarəsinin, onun A.Heydərov adına mərkəzi hospitalının təqdirəlayiq fəaliyyəti, o cümlədən, bu cür taleyüklü işlərə doktor Bəhruz Səfərəliyevin yüksək vətənpərvərliklə rəhbərlik edərək, yaralı polis işçilərinin xarici ölkələrdə müalicə alması üçün həyata keçirilmiş tədbirlər çoxsaylı faktlarla öz əksini tapıb.

 

Müəllif qələmə aldığı "Doktor Bəhruz Səfərəliyev" kitabında 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin səhiyyə sistemində geniş miqyaslı islahatlar aparması və bunun nəticəsində daxili işlər orqanları əməkdaşlarının da sağlamlığı üçün həyata keçirilən işlərə böyük töhfələr verilməsi, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə qayğısı sayəsində DİN-in səhiyyə sisteminin genişlənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi naminə görülmüş işlərə geniş yer verərək, bu işlərin həyata keçirilməsində Bəhruz Səfərəliyevin xidmətlərini xüsusilə vurğulayıb.

 

Kitabda Azərbaycanda və xaricdə yaşayan ictimaiyyət nümayəndələrinin, o cümlədən, Milli Məclis üzvlərinin, yazıçı və jurnalistlərin, müəllimlərin, tanınmış sənət adamlarının və səhiyyə işçilərinin, iş adamlarının rəyləri doktor Bəhruz Səfərəliyev haqqında oxuculara daha dolğun təəssürat almaq imkanı yaradıb.

 

Bu günlərdə kitabın "Çanaqqala" istirahət mərkəzinin Natəvan zalında keçirilən təqdimat mərasimində də tədbir iştirakçıları Bəhruz Səfəriliyevin mənalı ömür yolundan geniş söhbət açıblar, onun haqqında yazılmış kitabı təkcə bioqrafik bir əsər kimi deyil, həm də bu əsəri gələcək nəsillər üçün örnək olacaq bir kitab kimi dəyərləndiriblər.

 

Tədbirin aparıcısı, Əməkdar artist Azad Şükürov qısa girişdən sonra sözü Bəhruz Səfərəliyevə verib. Bəhruz həkim qonaqları salamlayaraq, müəllifə və kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirib. Daha sonra o, öz çıxışında keçmişə qısa ekskurs edərək dövlətimizin səhiyyə sisteminə qayğısından, Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DİN-in mərkəzi hospitalında görüşlərindən ətraflı söhbət açıb.

 

Kitabın müəllifi Hikmət Xudiyev çıxışında Bəhruz Səfərəliyevin daxili işlər orqanlarındakı fəaliyyətindən, Birinci Qarabağ müharibəsində onun cəbhə bölgələrində yaralanmış polis əməkdaşlarına göstərdiyi qayğıdan, 1990-cı illərdə Azərbaycanda dərman və tibbi ləvazimatların çatışmadığı bir dövrdə Küveytdən təmmənasız olaraq 40 ton dərman ləvazimatlarının Azərbaycana gətirilməsinə nail olmasından, yaralı polis əməkdaşlarının xarici ölkələrə müalicəyə göndərilməsindən ətraflı danışaraq qeyd edib ki, Bəhruz həkim xidməti vəzifəsindən kənarda da dəyərli vətəndaş, xeyirxah insan kimi yaddaşlara həkk olunub.

 

 

 

Xalq artisti Arif Babayev Bəhruz Səfərəliyevin nəsil şəcərisindən, atası Zülfüqar müəllimin Qarabağda böyük hörmət sahibi olduğundan, Səfərəliyevlər ailəsinin Ağdamda həmişə nümunəvi bir ailə kimi göstərilməsindən danışaraq qeyd edib ki, Bəhruz müəllim haqqında kitabın işıq üzü görməsi təqdirəlayiq bir haldır.

 

Təqdimat mərasimində millət vəkili Aqil Abbasın çıxışı maraqla qarşılanıb. O, Ağdam və ağdamlılar haqqında maraqlı fikirlər söyləyərək Bəhruz həkimi bu rayonun ən layiqli oğullarından biri kimi dəyərləndirib. Kitab haqqında fikirlərini bildirən millət vəkili vurğulayıb ki, hər qələm sahibi "Doktor Bəhruz Səfərəliyev" kitabının məsuliyyətinin altına girə bilməzdi və qeyd edib ki, Hikmət Xudiyev bu işin öhdəsindən peşəkarlıqla gəlib.

 

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin çıxışı isə təqdimat mərasimində iştirak edənlərin ovqatına kövrək hisslər qatıb. Yazıçı-jurnalistin Ağdam və Şuşa ilə bağlı söylədiyi şeirlər mərasimin ab-havasını dəyişib. O, "Doktor Bəhruz Səfəriliyev" kitabının dərin mənası və fəlsəfəsinin olduğunu bildirib, qeyd edib ki, bu kitab gələcək nəsillər üçün mükəmməl məxəzdir, nəslin davamçılarında zaman-zaman böyük minnətdarlıq duyğusu yaradacaq.

 

Tədbirdə yazıçı-dramaturq, həkim-cərrah Ramiz Əkbər çıxış edərək daxili işlər orqanlarında Bəhruz Səfərəliyevlə birgə xidmət illərindən ətraflı söhbət açıb, qeyd edib ki, Bəhruz həkim onun haqqında kitab yazılması haqqını çoxdan qazanıb.

 

Şair, oftalmoloq, professor Paşa Qəlbinur Bəhruz Səfərəliyevlə tələbəlik illərinin xatirələrini çözələyərək, tələbə Bəhruz haqqında söylədikləri ilə mərasim iştirakçılarına kövrək anlar yaşadıb.

 

Bəhruz həkimin yaxın qohumu, ASAN Radionun rəhbəri Emin Musəvi öz çıxışında uşaqlıq illərinə qayıdaraq ilk dəfə Bəhruz Səfərəliyevi gödüyü, tanıdığı anları xatırlayıb və qeyd edib ki, ilk tanıdığım gündən Bəhruz həkim yaddaşımda mehriban və qayğıkeş bir insan kimi qalıb.

 

Tədbirdə iştirak edən Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Cabir Abdullayev, Firuz Səxavət, Elçin Həşimov, Elnur Əhmədov Bəhruz Səfəriliyevin muğam və xalq mahnılarımıza olan sonsuz sevgisindən söhbət açıblar və ifaları ilə təqdimat mərasiminə xasusi rəng qatıblar. Əməkdar artist Azad Şükürovun təqdimat boyunca söylədiyi poeziya nümunələri isə Natəvan zalında sözün əsl mənasında Qarabağ havası yaradıb.

 

Sonda kitabın redaktoru kimi öz fikirlərimi də oxucularla bölüşmək istəyirəm. Uzun illər Bəhruz həkimi tanıyan bir adam kimi kitabın redaktoru olmaq mənə maraqlı və həm də rahat gəldi. Əvvəlcə onun haqqında hər şeyi bildiyimi düşündürdüm. Amma sonra məlum oldu ki, kitabın qəhrəmanının elə oxumamış kitab kimi açılmayan səhifələri varmış və mən Bəhruz Səfərliyevi yenidən kəşf etdim. Sözsüz ki, arxada qalmış zəngin 70 il bir kitaba sığmaz. Bu mümkünsüzlüyə baxmayaraq, Hikmət Xudiyev həmişə öz xeyirxah əməllərini gizlədən, "mən", "mənəm", "mənim elədiklərim" ifadələrini sevməyən Bəhruz həkimi olduğu kimi təqdim etməyi bacarıb. Kitab həcmcə heç də kiçik deyil, 196 səhifədən ibarətdir. Amma bu, son da deyil. Hələ bundan sonra neçə-neçə illər Bəhruz həkim öz nəcib və xeyirxah əməlləri ilə bu kitabın ardını yazacaq.

 

Kitabla bağlı bir məqamı xatırlatmağı da özümə borc sayıram. Bu, Bəhruz müəllimin işğaldan azad olunmuş Ağdama səfəri ilə bağlı yazılanlar və çəkilənlərdir. Ziyarətinə həsrət qaldığı doğmalarının, atasının məzarının üstündə Bəhruz müəllimin bütün hüceyrələrinə sirayət edən hisslərini əks etdirən yazını ürək ağrısı ilə oxudum, fotolarda həmişə şax gəzən Bəhruz müəllimin qamətinin necə əyildiyini gördüm. Özlüyümdə bu səhnəyə ad verə bilmədim, bəlkə də həmin anlar, Bəhruz həkimin qamətinin əyildiyi dəqiqələr onun 70 illik ömrünün ən uca zirvəsi idi... 

 

Alimlərin uzun illər apardığı araşdırmaların təsdiqini tapmış nəticələrinə görə,insanlara ehtiram və xeyirxahlıqla yanaşanlar digərlərindən daha uzun ömürlü olurlar. Bu əminliklə 70 illik yubileyi ərəfəsində Qarabağın bir parçası olan Bəhruz həkimə doğmalarının, dostlarının əhatəsində uzun və xoşbəxt illər arzulayıram.

 

İlham CƏMİLOĞLU

 

525-ci qəzet.- 2022.- 30 mart.- S.15.