Şuşada varlıların mülkləri
Qarabağın baş tacı olan Şuşa
şəhərində bir-birindən
fərqlənən, ayrı-ayrı
memarlıq üslubunda
tikilmiş çoxlu yaraşıqlı və gözəgəlimli evlər
var idi. Onların hər biri fərdi
xüsusiyyətlərə malik olmaqla yanaşı,
şəhərin hüsnünə
gözəllik verir, milli memarlıq abidəsi kimi diqqəti özünə
cəlb edirdi. AZƏRTAC tanınmış tədqiqatçı-jurnalist Vasif
Quliyevin bu evlər barədə yazısını təqdim
edir.
***
"Çuxur məhəllə"də
xüsusi memarlıq görünüşü ilə
seçilən orijinal
və yaraşıqlı
üçmərtəbəli daş ev
məşhur Qarabağ
taciri Hacı Qulu Məşədi Əli oğluna (1803-1874) məxsus idi. Qarabağ memarlıq məktəbinin
şah əsərlərindən
və milli memarlığımızın nadir incilərindən sayılan
saray tipli bu bina xanzadə
və bəyzadələrin
evlərindən heç
də geri qalmayan və şəhərin memarlıq
simasını müəyyənləşdirən
cah-calallı, təmtəraqlı
sənət əsərinin
tikintisi 1851-ci ildə
başa çatdırılıb.
İran üslubunda yerli daşlardan inşa edilmiş bu bina tikilərkən nə palçıq, nə də sement işlədilib, onları adi qurğuşun əvəz
edib.
Nazik taxta ilə örtülü damı olan malikanənin qarşısında
geniş torpaq sahəsi, bağ-bağatı,
bostanı, xüsusi köməkçi tikililəri
var idi. Evin, həyətin,
bostanın ümumi sahəsi uzununa 117, eninə 72 arşın idi. Bostan həyətdən taxta sürahi ilə ayrılırdı.
Binanın üçüncü mərtəbəsi 3 dəhliz,
7 otaq, 1 mətbəx və aynalı böyük eyvandan ibarət idi. 22 qapısı, 25 divar dolabı, 11 buxarısı
və 2 ayaqyolu, palıd taxtadan 2 döşəməsi və
tavanı vardı.
İkinci mərtəbəsi isə
7 otaqdan, dəmir məhəccərli 33 pəncərəsi
olan 3 dəhlizdən ibarət idi. 22 qapısı, 11 dolabı,
11 buxarısı, eyvanı
və 2 ayaqyolu vardı.
Birinci mərtəbədə isə
8 otaq, 2 ön eyvan, palıd taxtadan döşəmə
və tavan, 4 divar dolabı, 3 buxarı, 26 dəmir məhəccəri olan 20 qapısı vardı. Həmin mərtəbəyə həyətdən
iki böyük daş pilləkən qalxırdı.
44 sütun üzərində
ucalan bu əzəmətli bina 46 otaqdan ibarət idi və Azərbaycanda
ona bənzər yaşayış evi demək olar ki, yox idi. 1893-cü ildə bu mülkün
satış qiyməti
3700 manat 83 qəpik məbləğində qiymətləndirilmişdi.
1865-ci ildə böyük rus rəssamı V.Veraşagin
Şuşaya gələrkən
həmin evdə olmuş və binanın böyük zalının şəklini
çəkmişdi.
Hacı Qulunun malikanəsində sovet dövründə müxtəlif müəssisələr
fəaliyyət göstərmiş,
işğaldan öncə
isə burada Qarabağ ipək fabrikinin toxuculuq sexi fəaliyyət göstərib.
"Təzə məhəllə"də
XIX əsrə aid saray
nümunəli ikimərtəbəli
fərdi yaşayış
evi olan Mehmandarovların malikanəsi
daxili zənginliyi və zahiri gözəlliyi ilə seçilirdi. Binanın layihəsini memar
Kərbəlayi Səfixan
Qarabağı verib, bəzi işlərini isə tanınmış boyakarlıq və ornament ustası Qənbər Qarabağı həyata keçirib.
Malikanənin torpaq sahəsinin uzunluğu 35, eni 30 arşındır. Sonralar həmin ərazidə
köməkçi və
təsərrüfat binaları
da tikilib və bura mükəmməlliyi
ilə fərqlənən,
geniş həyət-bacalı,
bağlı-bağatlı, iri, fundamental yaşayış
kompleksinə çevrilib.
Evin ikinci mərtəbəsi ailə məclisləri keçirmək və qonaqlar üçün 32
kvadratmetr sahəsi olan böyük zaldan və 20 kvadratmetrlik kiçik otaqdan ibarətdir. Birinci mərtəbədə
isə mətbəx, ərzaq saxlamaq üçün zirzəmi,
at tövləsi və
s. yerləşirdi.
İkinci mərtəbədəki hər
iki otaqda çoxsaylı divar rəsmləri vardı. Böyük zalın
divarları və tavanı Firdovsinin "Şahnamə"sinin qəhrəmanlarının
şəkilləri ilə
bəzədilmişdi. Otaqlarda üstünlük
təşkil edən gül-çiçək motivləri
- "Marallar və nar ağacı", "Güldanlarda gül dəstələri", "Piyalədə
armud", "Buta"
kompozisiyaları hər
iki salonun daxili gözəlliyini daha da artırırdı.
Yaşayış kompleksinin ərazisində
əlavə bina, məscid tikilmiş və bir bulaq
çəkilmişdi.
Mehmandarovların yaşayış kompleksi
1930-cu ildən başqa
funksiyalar daşımışdır. Burada uşaq
xəstəxanası, 1984-cü ildən məhəllə
məscidində "Dərman
bitkiləri muzeyi",
1985-ci ildən isə
Xalça muzeyi fəaliyyət göstərib.
1992-ci ildə erməni
vandalları XIX əsrin
tarixi abidəsi olan bu binaya
böyük ziyan vurublar. Lakin 2020-ci ildə
Şuşa işğaldan azad ediləndən sonra bu ev bərpa
olunaraq əvvəlki görkəminə qaytarılıb.
Zöhrabbəyovların malikanəsi "Seyidli"
məhəlləsində hündür
bir yerdə şəhərin baxımlı
və görkəmli bir guşəsində gözəl və yaraşıqlı üçmərtəbəli
yaşayış evindən
ibarət idi. Həmin mülk
XIX əsrin 60-70-ci illərində
inşa edilmişdi.
Evin bünövrəsini Şuşanın
məşhur tacirlərindən
olan Məşədi Əkbər Zöhrabbəyov
qoymuş, lakin o, qəflətən vəfat
etdiyindən binanın
tikintisi yarımçıq
qalmışdı. Tikintini onun
oğlanları Abbasqulu
bəy və Mustafa bəy davam etdirərək başa çatdırıblar.
Malikanə 10 otaqdan ibarətdir. Hər mərtəbədə
200-250 nəfərlik zal,
böyük eyvan, yataq və uşaqlar
üçün ayrıca
otaqlar, buxarısı
olan mətbəx, kanalizasiya xətti vardı. Evin içərisi milli
ornament və antik rəsmlərlə bəzədilmişdi.
Binanın ətrafı hündür
daş hasarlarla əhatələnmişdi. İki iri darvazası vardı və gül-çiçək xiyabanına
bənzər geniş
həyətində qoz,
fındıq, alma, armud, tut, gavalı meyvə ağacları, zirinc və gül kolları sıralanmışdı.
Birinci mərtəbədə ev sahibinin övladlarının dayələri, nökər və qulluqçular yaşayırdı. At tövləsi və zirzəmi də burada yerləşirdi.
Ötən əsrin 80-ci illərində bərpadan sonra həmin binada Şuşa Dövlət Rəsm Qalereyası fəaliyyət göstərirdi. Bu sənət ocağında keçmiş və müasir təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrinin əsərləri təşkil edirdi, eyni zamanda yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri də göstərilirdi. Azərbaycanın tanınmış qrafika, tişə ustalarının və yerli gənc rəssamların təsviri sənətin müxtəlif növlərində yaratdıqları rəngkarlıq və qrafika əsərlərindən nümunələr qalereyanın divarlarını bəzəyirdi. Hər il burada Azərbaycan incəsənəti mövzusunda müzakirə və baxışlar keçirilirdi. Qalereyanın nəzdində fəaliyyət göstərən təsviri sənət dərnəyində onlarla istedadlı gənc məşğul olur, rəssamlıq sənətinin sirlərinə yiyələnirdilər. Qalereyanın böyük bir zalı balaca rəssamların istifadəsinə verilmişdi. Bura şuşalı gənclərin sevimli sənət ocağı idi.
Əbdürrəhim bəyin malikanəsi "Köçərli" məhəlləsində ikimərtəbəli yaşayış evində yerləşirdi. Həmin bina Qarabağın köklü və məşhur bəyi, rus ordusunun mayoru, görkəmli jurnalist və ictimai xadim Əhməd bəy Ağaoğlunun qayınatası Əbdürrəhim bəy Vəzirovun şəxsi mülkü idi.
Evin hər mərtəbəsinin ümumi sahəsi təxminən 120 kvadratmetr olmuşdur. İkinci mərtəbə bir dəhliz, altı otaq, birinci mərtəbə bir böyük zal və dörd otaqdan ibarət idi. Hər iki mərtəbədə buxarı və ayaqyolu, aşağıda isə böyük zirzəmi vardı.
1920-ci ildə bina Malıbəyli
qaçqınları üçün
sığınacaq rolunu
oynamışdır. Sovet dövründə
burada müxtəlif təşkilatlar yerləşib,
mehmanxana və poliklinika
kimi fəaliyyət göstərib. Ötən
əsrin 90-ci illərində şəhər erməni
quldurlarının işğalı altına düşəndə
bina bütünlüklə
dağıdılıb.
525-ci qəzet.- 2022.- 30 mart.- S.11.