Yeni məktəbli geyimləri

 

TƏHSİL İCTİMAİYYƏTİ VƏ VALİDEYNLƏR BU BARƏDƏ NƏ DÜŞÜNÜRLƏR?

 

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanların geyim formalarının Təsvirləri"nin təsdiq olunması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, təhsilalanların yay və qış geyim formalarının onların sağlamlığına mənfi təsir göstərməyən təbii və keyfiyyətli parçalardan hazırlanması nəzərdə tutulur. Qərarın 2022-2023-ci il tədris ilindən tətbiq ediləcəyi planlaşdırılır.

 

Növbəti tədris ilində tətbiq olunacaq məktəbli formaları 4 rəngdə təsdiqlənib. Hər məktəb müstəqil şəkildə istifadə olunacaq formanın rəngini seçmək hüququna malikdir. Yeni formanın əvvəlkilərdən fərqli ondan ibarətdir ki, bu ildən qızlar üçün qış dəstlərinə şalvar da əlavə olunub.

 

Bəs təhsil ictimaiyyəti və valideynlər məktəbli geyimləri ilə bağlı nə düşünürlər?

 

Elnarə Cavadova, valideyn:

 

- Vahid məktəbli formasının tətbiq olunması çox yaxşı haldır. Bu, şagirdlərin fikrini dərsə yönəltmələrinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Həm də bu formalar çox səliqəli görünür. Uşaqlar fərqli geyinəndə valideynlər də çətinlik qarşısında qalırlar. Çünki sinif yoldaşlarında fərqli paltar görən uşaqlar evdə onu valideynlərindən istəyirlər. Bu da kiminsə büdcəsinə uyğun gəlir, bəzilərinin də büdcəsi ilə üst-üstə düşmür. Məncə, bu, məktəbli üçün verilən ən mühüm qərardır. Xarici ölkələrin təhsil sistemində də məktəbli forması tətbiq olunur.

 

Həmidə Baxşəliyeva, valideyn:

 

 - Mənim valideyn kimi fikrim budur ki, ildə forma rəngi təsdiq edincə, bütün vaxtlarda geyim üçün uyğun olan bir forma qəbul edilsə yaxşı olar. Çünki ildən ilə formanın rəngi, parçası dəyişdikcə bu, onun qiymətinə də təsir göstərir. Həm də valideynlərə hər dəfə yeni forma almaq baha başa gəlir. Bizim oxuduğumuz dövrdə bir forma var idi. Hamı o formadan istifadə edirdi. Təhsilin səviyyəsi həmin dövrdə yüksək idi. Hər il formaları dəyişməklə nəyə nail olmaq olar ki? Forma dəyişikliyi təhsilin keyfiyyətinə təsir etmir. Məncə, daha vacib qərarlar qəbul edilsə, yaxşı olar. Belə forma dəyişikliyi bütün valideynlər üçün uyğun deyil.

 

Aysel Rəsulova, valideyn:

 

 - Düşünürəm ki, hər il məktəbli formalarının yenilənməsi yeni dəblərin yaranması ilə bağlıdır. Məktəbli olsa uşaqların dəbdən geri qalmaması sevindirici haldır. Digər tərəfdən isə bu, çoxuşaqlı, həyat şəraiti aşağı olan ailələr üçün çətindir. Bu, onların büdcəsinə təsir göstərir. Hər il yenidən həmin ailələr məktəbli formasına vəsait xərcləməlidirlər ki, bu da hər ailənin büdcəsinə uyğun deyil. Gələnilki məktəbli formalarına baxmışam. Çox bəyənirəm. Xüsusi ilə 4 rəng seçiminin olması yaxşı haldır. Qış geyiminə üçdüyməli köynəklərin daxil edilməsini yaxşıdır. Mən öz övladlarıma da bunu geyindirirdim. Yaxşı oldu ki, indi məktəbli dəstinə daxil edildi.

 

Lətifə Məcidova, müəllim:

 

- Bu il formaların dəstlərinə şalvar da əlavə olundu. Bu, çox yaxşı haldır. Ötən il şortik kimi ətəklər var idi. Bizim liseyin uşaqları onu da seçmişdi. Düzdür, o, bəzi uşaqlara yaraşsa da, bəzilərinə yaraşmırdı. Şalvar güman edirəm ki, bütün uşaqlara yaraşacaq. Sadəcə valideynlərin almaq imkanı olsun. Şalvar alana, qışda şalvar geyinib, yayda ətək geyin deyəcəklərsə, bu, hər valideynin büdcəsinə uyğun gəlməyəcək. Şalvarın ilin əvvəlindən sonuna qədər geyinilməsinə icazə verilməsini arzulayardım. Həm ətək geyinsin, həm şalvar, bu, valideynlərə çətinlik yaradar. Çünki elə valideynlər var ki, 3 övladı məktəblidir. Onları forma ilə təmin etmək asan məsələ deyil.

 

Yeganə Baxşəliyeva, müəllim:

 

- İstərdim ki, bütün məktəblər üçün eyni rəngdə, eyni formada məktəbli geyimi olsun. Bütün məktəblilər həmin formanı geyinsin. Amma hazırda təsdiqlənən rənglər formalar da gözəldir. Dəbləri gözəl seçilib. Hər məktəb özü üçün rəng müəyyənləşdirəndən sonra gələn il tətbiq olunacaq. Sadəcə forma dəyişkənliyi bəzi valideynlər üçün problem yarada bilər.

 

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, məktəblərdə vahid geyim formasının təsdiq olunması gözəldir:

 

- Burada qızların ətəklərinin uzunluğunun heç olmasa diz xəttindən aşağı olmasına qərar verilməsi gözəldir. Gəlin, qəbul edək ki, "mini yubka" məktəbdə geyiləsi şey deyil. Məktəbdə aura, ab-hava daha çox bacı-qardaş dadında olmalıdır. Niyə? Çünki məktəb öyrənilən yerdir. Öyrənilən yerdə isə hormonal, emosional balans neytrallıq qorunmalıdır. İnsanın daxili aləmi neytral olmalıdır ki, fokuslana bilsin. Amma baş örtüsü məsələsində boşluq var. Bunun heç bir qanunla tənzimlənməməsi sabah bəzi direktorların özbaşına "bu, vahid formaya ziddir" deyib hoqqa çıxarmasına şərait yarada bilər. Dünyanın bütün qabaqcıl ölkələri dini etiqaddan irəli gələn baş örtüsünü (istər müsəlman qadınlar, istər sih (Sikhism) hindistanlı kişilər üçün) vahid formaya zidd bir şey kimi görmür tam sərbəst saxlayır. Biz bu məsələni birdəfəlik həll edib, daha önəmli problemlərin həllinə keçməliyik".

 

Dilşad XAQANİQIZI

 

525-ci qəzet.- 2022.- 30 mart.- S.10.