Əli İldırımoğlu yaradıcılığına layiqli yanaşma  

 

TƏNQİDÇİ VAQİF YUSİFLİNİN "ƏLİ İLDIRIMOĞLU: ROMANLAR, QƏHRƏMANLAR" MONOQRAFİYASI HAQQINDA QEYDLƏR

 

 

Azərbaycan ədəbiyyatı janr müxtəlifliyi baxımından kifayət qədər zəngindir. Müxtəlif dövrlərdə ayrı-ayrı janrlarda çoxsaylı nümunələr oxuculara təqdim olunub. Xüsusən, roman janrı öz şirəsini epik janrın formalaşdığı daha qədim zamanlardan çəksə də, bu ənənə ölkəmizdə sistemli şəkildə yaxın keçmişdə formalaşıb. Azərbaycan romanının iki əsrə yaxın yaşı var. Həm Sovet dövründə, həm müstəqillik illərində dil, üslub, mövzu, ideya baxımından oxucuların rəğbətini qazanan romanlar qələmə alınıb.

 

Roman janrı müəllifin daha qısa zamanda populyarlaşmağına şərait yaradır. Amma təbii ki, kəmiyyət məsələsi bədii ədəbiyyata yaddır. Keyfiyyətli roman, sözsüz ki, öz layiqli oxucusunu tapır və lazım olan dəyəri qazanır. Romanın, yazıçının taleyi də bu məsələlərdə önəmli faktordur.

 

Roman janrı, ümumiyyətlə, Azərbaycan nəsri barədə danışanda bir sıra yazıçılar var ki, onların adını çəkmək mütləqdir. Onlardan biri də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, nasir, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Əməkdar jurnalist, Əmək veteranı, "Qızıl qələm" mükafatı laureatı, "Şöhrət" ordenli Əli İldırımoğludur. O, daim ədəbiyyatımızın keşiyini çəkən, bədii yaradıcılığında klassik ənənələrə sadiq qalaraq roman janrında bir sıra mükəmməl nümunələr ərsəyə gətirən ustad sənətkarlarımızdan biri olub. Əli İldırımoğlu bütün yaradıcılığı boyu ana dilimizin saflaşması, qorunub saxlanılması uğrunda qələmi ilə mücadilə aparıb. Ustad yazıçı mövzu baxımından ənənəvi yox, novator sənətkara çevrilib. Əli İldırımoğlu yaradıcılığında insan həyatında baş verən hadisələr olduğu kimi, yalançı şişirtmələrdən kənar, ən yüksək şəkildə öz bədii həllini tapıb. Onun yaratdığı obrazlar gündəlik həyatımızda qarşımıza çıxan insanlardır, mütaliə zamanı əksər nüanslar insana tanış gəlir. Ədib insanlarda müşahidə etdiyi müxtəlif xüsusiyyətləri əsərlərindəki obrazlarda cəmləşdirərək ümumiləşdirmədən fərdiləşməyə yön alır. Bədii ədəbiyyatda tipiklik məsələsi barədə danışsaq, Əli İldırımoğlu yaradıcılığından kifayət qədər orijinal nümunələr gətirə bilərik.

 

Belə bir dövrdə, çağdaş ədəbiyyata, xüsusən, gənc qələm adamlarına istiqamət vermək baxımından Əli İldırımoğlu yaradıcılığının tədqiqi və təbliği olduqca zəruridir. Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin müəllifi olduğu, bu yaxınlarda kitab halında nəşr olunmuş "Əli İldırımoğlu: romanlar, qəhrəmanlar" (Bakı, "Elm və təhsil", 2021, 188 səh.) monoqrafiyası Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətli tədqiqat işidir. Vaqif Yusifli Əli İldırımoğlunun romanlarını, qəhrəmanlarını, qarşıya qoyduğu problemləri ətraflı şəkildə təhlil edib. Kitab mərhum sənətkarın 93 illiyinə həsr olunub.

 

Monoqrafiya yazıçı, publisist Loğman Rəşidzadənin "Roman və qəhrəman problemi yeni kontekstdə" adlı müqəddimə xarakterli məqaləsi ilə başlayır. Loğman Rəşidzadə məqalədə həm Əli İldırımoğlunun yaradıcılığına, həm də Vaqif Yusiflinin ədəbi tənqidçi kimi romanlara yanaşmasına kənardan analitik nəzər yetirib. Ədəbiyyatla bağlı bir sıra vacib məqamları qeyd edən Loğman Rəşidzadə Vaqif Yusiflinin peşəkar təhlilindən, aydın üslubundan bəhs edib.

 

Məqalənin digər hissəsində Əli İldırımoğlu sənətkarlığından söhbət açan Loğman Rəşidzadə yazıçının obraz yaratma ustalığı haqqında yazır: "Əli İldırımoğlunun qəhrəmanları müxtəlif təbəqələrin nümayəndələridir. Onların arasında müəllim də var, həkim, jurnalist, el ağsaqqalları, vətənin igid oğulları da... Onlar öz xarakterləri, düşüncələri, həyat fəaliyyətləri ilə fərqlənsələr də, bir nöqtədə eyniləşirlər: insan və şəxsiyyət məqamında. Ədibin əsərlərində ən adi epizodik obrazlar da öz çərçivəsində, öz dairəsində, özünəməxsus statusunda şəxsiyyətdir. İnsan konsepsiyasının bu istiqamətdə həlli, əslində, Əli İldırımoğlunun kamil insan, əqidəli vətəndaş axtarışlarının təzahürüdür".

 

Giriş sözdə Əli İldırımoğlu ilə tanışlığı, onun bənzərsiz şəxsiyyəti barədə kiçik məlumat verən Vaqif Yusifli elmi-bədii düşüncələrinə "Azərbaycan romanı: dünən, bu gün" adlı hissə ilə başlayır. Zənnimcə, Əli İldırımoğlu romanlarının təhlilinə keçid üçün bu hissə çox önəmli idi. Azərbaycan romanın yaranmasından, inkişaf tarixindən söhbət açan müəllifin fikirlərini üç hissəyə ayıraraq təhlil etmək olar: Sovet dövrünə qədərki romançılıq tarixi, Sovet dövründə yazılan romanlar və müstəqillik illərinin romanları.

 

Vaqif Yusifli qeyd edir ki, indiki meyarlara əsaslansaq, heç də Sovetə qədərki romanların hamısını roman adlandırmaq olmaz. Müəllifin fikrincə, romanın ölkəmizdə mükəmməl nümunələri Sovet dövründə, ələlxüsus, ötən əsrin 30-cu illərində yaranmağa başlayır. Müstəqillik dövrünün romanlarından söhbət açan alim burada ənənələrlə modernliyin vəhdətindən bəhs edir.

 

Romançılıq tarixində Əli İldırımoğlunun xüsusi yeri olduğunu vurğulayan tənqidçi onun özünəməxsus yazıçı üslubu, fərdiyyəti haqda fikirlər qeyd edir.

 

Vaqif Yusiflinin "Köhnə kişilər" silsiləsindən" başlıqlı yazısını oxuyanda Əli İldırımoğlunun ömür yolu ilə daha yaxından tanış olmaq olar. Bu yazıda "Köhnə kişi"lərdən olan Əli İldırımoğlunun xatirələri, ötüb keçənlərə yazıçı baxışı, sadiq yaddaşından doğan düşüncələri yer alıb. Yazıdan məlum olur ki, Əli İldırımoğlu ali səviyyəyə çatana qədər çox sınaqlardan keçib. Vaqif Yusifli ustad yazıçının ömrünü üç mərhələyə bölərək birinci mərhələdə qələmə aldığı "Mənim rəncbər atam" xatirə-romanını müəllifin ən kamil əsəri adlandırır.

 

"Közərən sətirlər" sənədli romanını Azərbaycan publisistikasının ən dəyərli əsərlərindən biri kimi qiymətləndirən Vaqif Yusifli bu barədə yazır: "Heç bir memuar, o cümlədən, xatirə-roman bir insanın sadəcə tərcümeyi-halı olmayıb, o, insanın həm də dünyasıdır, daha doğrusu, dünyaya, insanlara, yaşadığı cəmiyyətə də bədii dünyasıdır. Əli İldırımoğlu "Közərən sətirlər"də öz dünyasını yaradır. Təbii ki, tam bütöv, panoram dünyası ilə bərabər, həm də bədii dünyasını yaradır".

 

Vaqif Yusiflinin dediklərindən məlum olur ki, Əli İldırımoğlu xatirələrinə elə bədii bəzək vurur ki, oxucu, həqiqətən, öz prototipini, yaşantısını, başına gələn oxşar hadisələri də həmin əsərdə görür. Təsvir olan məkanları, hadisələri canlı kino lenti kimi göz önünə gətirə bilir. Elə Əli İldırımoğlunun ustalığı, bir növ, bu nüansda aydın təcəssüm olunur.

 

Yazıçının ömrünün ikinci mərhələsi onun jurnalist kimi peşəkar fəaliyyət dövrünü əhatə edir. Azərbaycan publisistikasının inkişafı uğrunda əlindən gələni əsirgəməyən Əli İldırımoğlu bu müddət ərzində oxuculara qərəzsiz, vicdanlı mövqe nümayiş etdirib. Onun fəaliyyəti ən ziddiyyətli, ağır illərə təsadüf edib. O, zamanın bütün ağır sınaqlarından alnı açıq, üzü çıxmağı bacarıb. Vaqif Yusifli yazıçının jurnalist həyatından bəhs edən iki romanı - "Zorən jurnalist" və "Həmin adam" romanları barədə geniş təhlillər yazıb. Hər iki roman avtobioqrafik səciyyə daşıyır. Tənqidçi qeyd edir ki, yazıçı bu romanlarda eyni mövzuya iki fərqli aspektdən yanaşıb. Bu, Əli İldırımoğlunun möhtəşəm yazıçı müşahidəsinin nəticəsidir. Eyni mövzuya iki fərqli roman həsr eləmək həm böyük yaddaş bazası, həm də tükənməz istedad tələb edir.

 

Vaqif Yusifli yazıçının roman yaradıcılığını onun həyatının üçüncü mərhələsinə aid edir.

 

Vaqif Yusifli bu monoqrafiyasında yazıçının "Közərən sətirlər", "Mənim rəncbər atam", "Əmrahsız qalan dağlar", "Daş yağan gün", "Aqibət", "Qarlı gecələr", "Zorən jurnalist", "Həmin adam" romanları, povest və hekayələri barədə təhlillərini, elmi düşüncələrini oxucularla bölüşüb.

 

Ədəbi tənqidçi romanları təhlil edərkən bir sıra məsələləri ön plana çıxarır. Bu məsələlərdən biri də, Əli İldırımoğlunun folklora - xalq yaradıcılığına bağlılığı haqqındadır. Əsərlərində xəlqiliyin bir çox ünsürləri müşahidə olunan yazıçı bəzi obrazlarının xarakterində, onların başına gələn hadisələrin gedişatında şifahi ədəbiyyatdan ustacasına bəhrələnir. Onun dil-üslub xüsusiyyətlərində də, həmin xəlqilik açıq-aydın hiss olunur. Ona görə də, Əli İldırımoğlunun bütün nəsr əsərləri olduqca oxunaqlı və axıcıdır.

 

Vaqif Yusiflinin müşahidə elədiyi ikinci əsas məsələ isə, yazıçının əsərlərindəki qütbləşmədir. Əsərdəki tendensiya yazıçının əsər vasitəsilə ötürmək istədiyi mesajın, qənaətə gəldiyi fikirlərin qayəsidir: kamil - cahil, müsbət - mənfi, xeyir - şər obrazlar vasitəsilə yazıçı nəyin yaxşı, nəyin pis olduğunu oxucuya çatdırmaq istəyir. Tənqidçi "Əmrahsız qalan dağlar" romanını təhlil edərkən bu məsələləri izah edir. Əsərin bir qütbündə xalqın igidlik simvoluna çevrilmiş Əmrah dayanırsa, digər qütbündə ermənilərin mənfi xisləti durur. "Daş yağan gün" romanını da bu mənada nümunə göstərmək olar. Əli İldırımoğlu bir çox romanlarında erməni xislətini hadisələrin fonunda izah edib. Vaqif Yusifli bir sıra mütəfəkkirlərin ermənilər barədə söylədiyi fikirləri qeyd edərək Əli İldırımoğlunun qənaətlərinin dəqiq mənbələrə söykəndiyini sübut edir.

 

Vaqif Yusiflinin Əli İldırımoğlunun povestləri və hekayələri barədə düşüncələri olduqca maraqlıdır. Onun fikrincə, bu povestlər yazıçının roman janrına keçməsi üçün tramplin rolunu oynayıb. Ustad yazıçının romanlarında olduğu kimi, orijinal süjet xətti ilə seçilən povest və hekayələri də tənqidçi tərəfindən yüksək qiymətləndirilir. Vaqif Yusifli yazıçının hekayələrindən bəhs edərkən yazır: "Hekayə hansı mövzuda yazılır-yazılsın, o hekayədə insan obrazı aparıcı yer tutur. Əli İldırımoğlunun hekayələrində də müxtəlif insan obrazları ilə rastlaşırıq. Vəzifəsindən, peşəsindən, xasiyyətindən və xarakterindən asılı olmayaraq, o, insanı - onun taleyini bir hekayə daxilində canlandıra bilir. O, "müsbət qəhrəman" yaratmaq və bu obrazı səhvsiz təsvir etmək iddiasında deyil. İnsanı bütün müsbət və mənfi xüsusiyyətləri ilə birgə - "boyaların qatışığında" təqdim edir".

 

Vaqif Yusiflinin Əli İldırımoğlunun yaradıcılığı barədə qələmə aldığı monoqrafiya ali tədris müəssisələrində tədris olunmalıdır. Birinci ona görə ki, bu monoqrafiya gənc nəslin Əli İldırımoğlunun əsərləri ilə tanış olması üçün həvəsləndirici rol oynaya bilər. İkinci ona görə ki, xüsusən, ədəbiyyatla peşəkar məşğul olmaq istəyən şəxslər Əli İldırımoğlunun əsərlərinin təhlili fonunda gözəl alim, tədqiqatçı, ədəbi tənqidçi Vaqif Yusiflinin mətnə peşəkar yanaşması ilə tanış olmalıdılar. Vaqif Yusifli monoqrafiyada ədəbiyyatın üç sahəsini özündə ehtiva edərək əsərlərə qiymət verib, nəzəri, tarixi nüansları nəzərə alaraq təhlil aparıb.

 

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Əli İldırımoğluna rəhmət diləyir, Vaqif Yusifliyə isə cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2022.- 31 mart.- S.15.