Sənətə həyat kimi baxanda...  

 

ƏDƏBİYYATIMIZDA VƏ KİNOMUZDA BİR HƏSƏN SEYİDBƏYLİ İMZASI PARLAYIR

 

 

(Əvvəli ötən sayımızda)

 

Müharibə mövzusu Həsən Seyidbəylinin yaradıcılığından qırmızı xətt kimi keçir. Yazıçı Yuqoslaviya partizanlarının qəvi düşmənlə mübarizəsindən "Cəbhədən-cəbhəyə" romanına keçir. Müharibə və sonrası üçün xarakterik olan banditizm o zamanın Bakısında da görünməmiş "vüsət" alaraq cani qruplaşmaları üçün münbit şərait yaratmış, səs-küylü cinayət hadisələri ilə şəhərin tarixinə düşmüşdü. Romanda müharibədən sonrakı sovet Bakısı təsvir edilir. Müharibənin ağrı-acıları, fəsadları, faciələri hər surətin taleyində izini qoyur. Roman oxucuların hüsn-rəğbətini qazanaraq dövrünün yüksək tirajla çap edilən əsərlərindən biri kimi şöhrət tapıb, bu gün də adlı-sanlı xəfiyyə romanlarından sayılır. "Cəbhədən-cəbhəyə" milli detektiv ədəbiyyatımızın ilk nümunələrindəndir. Əsər klassik detektivdir, müəllif finala qədər inadla cinayətkarın adını açıqlamır, oxucunu adrenalinlə təmin edərək həyəcanda saxlayır. Yazıçı povestini dəlicəsinə sevdiyi Bakının təsviri ilə başlayır. "Çöl çiçəklərinin Şubanı dağları tərəfdən gələn ətri adamı məst edirdi". Yox, belə yox... Bu, əsərin başqa hissəsinə aiddir. "Bakı elə bil dərin yuxuya dalmışdır. Lakin... o yatmır. Üç ilə yaxındır ki, onun gözlərinə yuxu getmir". Bu, həm də məcazi məna daşıyır, qatı qaranlığın altında nələrin gizləndiyinə, hansı dramların oynanıldığına müəllif mesajıdır. Belə rahatladıcı sakitlikdən bir lal qışqırıq, gələcək fırtınaya xəbərdarlıq duyulur. Prototipi real həyatdan götürülmüş Güldəstə, əslində qeyri-ordinar bir obrazdır. Duyumlu, həssas insan olan H.Seyidbəyli qatı cinayətkar Güldəstəyə də acıyır, onun pis yola düşməsinin səbəbini müharibədə görür, bütün mümkün üsullarla ona bəraət axtarır, təəssüflənir... "Heç rəvamıdır ki, belə ceyran kimi qızı o cürə bağışlanmaz cinayətlərdə təqsirləndirəsən?" Teymur bu sualları özünə "Güldəstə Şahsuvarova" əməliyyatının rəhbəri düşüncəsi ilə vermirdi, böyük qardaş, qohum intonasiyası ilə soruşurdu. H.Seyidbəylinin içindəki insan sevgisi o qədər yüksək idi ki, belə zirək, qabiliyyətli, iti ağıllı azərbaycanlı qızına pis əməllər yaraşdırmırdı.Yazıçı kəskin süjetli bu əsərində də öz tərzinə uyğun olaraq əhvalatı mümkün qədər "poetikləşdirməyə qaçmışdır". Teymurla Ləmanın sevgi macərası əsəri bəzəməklə həm də ona romantik ruh, ab-hava qatır. İki qardaş - Teymur və Seymur ayrı-ayrı dünyanın adamlarıdır. Açıq döyüşdə düşmənin kimliyi şəkk-şübhə doğurmurdusa, arxada - səngərin o tayındakı düşmən məchuldur. Qaranlıq otaqda qara pişiyi tapmaq kimidir. Yazıçı iki doğma qardaşı barrikadanın əks tərəflərinə yerləşdirməklə konflikti daha da gərginləşdirir, hadisələri tonusda saxlayır. Teymur qardaşının düşdüyü vəziyyəti analiz edərkən situasiyanı, çevrəsini, mühitini səbəb bilir. "Bəlkə qorxudublar", - deyə zənnini aldatmaq istəyir. İnsanı qorxuları ilə manipulyasiya etməkdən asan heç nə yoxdur... H.Seyidbəyli həvəskar "xəfiyyə" kimi Moskvadakı "Sovetskaə miliüiə" jurnalında sənədli oçerklər, silsilə hekayələrlə çıxış edirdi. Ümumiyyətlə, o, nədən yazırsa yazsın, obyekti olan sahəni dərindən öyrənib, bu istiqamətdə yüksək professionallıq nümayiş etdirib. Yazıçılıq da aktyorluq kimi geniş peşədir, onun fəaliyyət dairəsi bir sahə ilə bitmir. H.Seyidbəyli yaradıcılığı boyunca neçə sənətə baş vurmuş, həkim xalatı da geyinmiş, əllərini mazuta da batırmış, müttəhim də "dindirmişdi".

 

"Bizim Cəbiş müəllim" kinopovesti də bu siyahının davamı olub, bir bomba belə düşməsə də, tam müharibənin ortasında olan Bakının atmosferini əks etdirir. "Cəbiş müəllim"in ssenarisi Maqsud İbrahimbəyovun olsa da, kino incəsənətin sintetik növü hesab edilsə də, film sırf rejissorun əsəri sayılır. H.Seyidbəylinin həmkarı Eldar Ryazanov hər iki sahəni müqayisə edərək yazırdı: "Ən gözəl sənət yazıçılıqdır. Həyatda kitab oxumaqdan gözəl məşğuliyyət ola bilməz. Mən bu zövqü başqalarına da yaşatmaq üçün yazıçı oldum. Yazıçı öz şedevrlərini yad gözlərdən uzaq - kabinetində yaradır. Rejissor isə yüz, bəzən iki yüz nəfərdən ibarət qrupun, hələ üstəlik, çəkiliş açıq havadadırsa, yoldan keçən səsəyığışanların nəzərləri altında işləməyə məcbur və məhkumdur". Bu barədə Mark Tvenin də fikri elə özünə sayaqdır. Xəstəxanada mütaliə ehtiyacını ödəmək üçün "mənə oxumağa bir şey gətirin, heç nə tapmasaz, poçt markası" - deyə xahiş edirmiş.

 

Ədəbiyyatın fəhmi var, yazıçı həyatı tanımalıdır ki, mühiti real, obrazları dolğun verə bilsin. H.Seyidbəylinin yaradıcılığı zövqlü yaradıcılıqdır, özünün təbirincə desək, onda "hər şey zövqlə sahman" olunur. Necə deyərlər, zövqsüzlük müəyyən yerə qədərdir, improvizənin isə sərhədləri yoxdur. Estetikalar dəyişsə də, dram və komediya elementlərinin qarışdığı "Bizim Cəbiş müəllim"in ümumxalq sevgisi bu gün də əvvəlkitək təzədir, mavi ekranlarda (xüsusilə bayram günləri) sadəcə nümayiş etdirilmir, sitatlara bölünüb dillərdə gəzir. Səbəbi isə koloritin düzgün təqdimi, sadəliyi və təbiiliyi - stildə, manerada, ölçüdə, xarakterlərdə qorumaq, "köçürməyə" yox deyə bilməkdir. Tək "Cəbiş müəllim" yox, "Uzaq sahillərdə"nin "Mixaylo şəhərdədir", "Şəhərdə iki-iki gəzmək qadağandır", "Doqquzun yarısında alman zabiti ilə görüşüm var", "Müsyö, bəs mənim pulumu vermədiniz", "Bu əbləhi buraxın, o, doğrudan da rəssamdır", "Şəkil xoşuma gəlməsə, güllələnəcəksən!", "Cavan oğlan, məni qanmazın əlindən qurtarın", "Qurtarın bu komediyanı", "Gülsatan qız" - ibarələri bu gün də qanad açıb uçur, zamanın məhək daşından çıxıb hər addımda eşidilir, işlənilir. Çağdaş oxucu nəinki tarixi həqiqətləri öyrənir, həm də qəhrəmanlara qoşulub onların kitabda yaşadığını dərin emosiya ilə qəlbində yaşayır.

 

 

 

Haqlı olaraq deyirlər ki, H.Seyidbəylinin əsərləri milli tariximizin bədii salnaməsidir. Yazıçının əsərləri bir sıra xarici dillərə tərcümə edilib. "Telefonçu qız"ı rus dilinə şəxsən özü çevirmişdi. "Tərcümə - tərcüməçinin  avtoportretidir", - fikri buraya hər mənada uyğun gəlir.

 

Adətən, böyük yazıçılar özləri haqqında (əlbəttə ki, təvazökarlıqdan) deyirlər ki, əlimdən başqa iş gəlmədiyi üçün yazıçı oldum. Məsələn, əsərləri milyon tirajla çıxan Haruki Murakami yazır: "Mən özüm haqqımda sənətkar kimi düşünmürəm. Mən sadəcə yazmağı bacaran oğlanam". Eyni sözləri Nobel mükafatı laureatı Orxan Pamuk da deyirdi. "Qələm ayrı-ayrı zaman və məkanlarda yaşayan insanları bir-birinə bağlayır" fikri - "and olsun qələmə və qələmə alınanlara!" Quran ayəsinin bilavasitə davamıdır. Ədəbiyyatdan kinematoqrafiyaya uğurla transfer edən, hər iki sahə ilə iç-içə yaşayan H.Seyidbəyli istəsə də, bu sözü özü barədə işlədə bilməzdi... O, sənət aləminə bir neçə sahənin ustadı kimi gəlmişdi. Sənətkarın  istedadının qoşa qanadından biri də, həm də daha güclüsü onun kinofəaliyyətində özünü göstərir. O, Azərbaycan kinematoqrafiyasında dünya şöhrətli Federiko Fellininin davamçılarından sayılırdı. H.Seyidbəyli "həyatı yazan, yazdığını ekranlaşdıran", "keçmişi gələcəyə göstərən" bir sənətkar idi. Xalq yazıçısı Anarın sözləri ilə desək, "H.Seyidbəyli bədii yaradıcılığının iki istiqaməti - ədəbiyyatla kino arasında qalmışdı. Kino onun sənəti, ədəbiyyat isə istedadı idi". Oxucularının sevə-sevə oxuduğu əsərlərini bir də ekrana nəql etmiş, milli kinomuzun patriarxı kimi tarixdə və yaddaşlarda qalmışdır. Bu, bəlkə də, onun yazdığı mətnə hədsiz mehr salmasından irəli gəlirdi. Bütün karyerası boyu  qələm və kamera ilə paralel külüng çalan H.Seyidbəyli üçün kino "diaqnoz" idi. Onu "hər gün qəbul edilən həyat nemətləri - hava, su, çörək qədər sevirdi. Hətta deyirdi ki, yeri gələndə bunlarsız da yaşamaq olar, amma kinosuz yox". H.Seyidbəylinin cazibə qüvvəsi də elə bunda idi. Kinodramaturqun filmoqrafiyası 1962-ci ildə özünün yazdığı "Telefonçu qız" lirik-dramatik povestini ekranlaşdırmaqla başlayır və beləliklə, özünün kinematoqrafını yaradır. H.Seyidbəyli quruluş verdiyi səkkiz tammetrajlı bədii filmdən altısının həm də ssenari müəllifi idi. Mütəxəssislər iddia edir ki, ssenari yazmaq sənətdir və bədii əsər yazmaqdan daha çətindir. Ssenarinin formatı, qanunları var, ona yerləşmək, əməl etmək var. Alfred Hiçkok da deyirdi ki, dahiyanə film çəkmək üçün üç şey lazımdır: ssenari, ssenari, bir daha ssenari. Əslində, ideal variant o hesab edilir ki, rejissor öz filminin ssenarisini özü yazsın. "Telefonçu qız" ədəbi aləmə bir külək kimi daxil olub özü ilə yeni nəfəs gətirdi. İlk baxışda əsərdə insanüstü, fövqəladə bir hadisə də baş vermir. 18 yaşlı qız böyük zavodda telefonçu işləyir (Telefonçu peşəsi bəlkə də bir çox nəsnələr kimi innovasiyanın tələbi ilə artıq tarixə qovuşub). Lakin yazıçı, Mehribanın iç dünyasına qərq olub onun sadə personasına maraq və diqqət göstərməklə, hiss və həyəcanlarını canlı təsvir etməklə yeni tip qəhrəman yarada bilmişdi. O dövrdə qadın  uğur hekayələri dəbə düşməyə başlayırdı. "Telefonçu qız" ədəbi aləmdə böyük maraq doğursa da, yazıçıya irad tutanlar, "telefonçu nə vacib peşədir ki, onu əsərin qəhrəmanı edəsən, sərgüzəştini ekrana çıxarasan" - deyənlər də çox idi. Hətta müəllif "əsərin qəhrəmanı görkəmli bir mövqe tutmalıdır, telefonçu qız hansı məziyyətlərinə görə əsərin qəhrəmanı olmalıdır" iddialarına da cavab vermək, Mehribanı "müdafiə etmək" məcburiyyətində qalmışdı. Lakin telefonçunun çox lazımlı, gərəkli peşə olduğunu digər qələm, incəsənət əhli də öz əsərlərində dəfələrlə qeyd etmişdir. Bir nümunə... Vladimir Vısotskinin telefonçu Lyudmilaya həsr etdiyi "07" adlı məşhur mahnısı. Vısotskinin xahişi ilə SSRİ-nin telefonçu qızları küsüb getmiş Marina Vladini "axtarışa" verir, nəhayət, Romanın gözəllik salonlarının birində tapırlar. Bu gün hər "ağıllı" telefonun bacardığı adi əməliyyat o dövr üçün böyük, həm də əhəmiyyətli hadisə idi ki, ancaq telefonçunun peşəkarlığı sayəsində baş tuta bilərdi...  "Kiçik adamlar" - ədəbiyyata qəhrəman kimi realizmin yaranması ilə ayaq açmışdılar. Getdikcə bu xətt özünü doğruldaraq yayılmış, oxucu tərəfindən qəbul edilərək bəyənilmişdi. Yazıçının üzərinə böyük vəzifə düşürdü, "sosial ierarxiyada kiçik vəzifə tutan insanların" həyatını olduğu kimi - bəzək-düzəksiz əks etdirmək. Lakin H.Seyidbəyli  professionallığa yenilmir. Əksinə, "Telefonçu qız"ın müvəffəqiyyətindən qanadlanaraq bu tendensiyanı "Xidmət lifti" hekayəsində davam etdirir və 1966-cı ildə onun motivləri əsasında "Liftçi qız" novellasını çəkir.

 

(Ardı var)

 

Dilarə ADİLGİL

 

525-ci qəzet.- 2022.- 31 mart.- S.12.