Rüstəm Behrudinin şaman duaları
Kitabına
avtoqraf yazıb, mənə uzatdı: "Qadan alım, bərk
ağrıyıram, müayinə olunacam. İstanbula
dəyib tez qayıdacam. Bir tərəfdən
də zəhrimar COVİD kələyimi kəsib, indi-indi
özümə gəlirəm. Sağlam
can olmadan yazı-pozu adamın döşünə
yatmır" - söylədi Rüstəm Behrudi. Və
"şaman dualı" şairin "Xan" nəşriyyatında
yenicə çapdan çıxan və nədənsə, nəsr
kitabı kimi oxuculara təqdim edilən "Mükəmməl
yalan" toplusunu götürüb ona "yaxşı
yol" dilədim.
Türk dünyasında "Salam, dar ağacı!"
adlı möhtəşəm şeiriylə tanınmağa başlayan
Rüstəm dalbadal böyük poeziya nümunələri
yazdı, çap etdirdi. Ötən 80-ci illərdən fərdi
üslubunu və dəst-xəttini müəyyənləşdirdi.
O, ənənədən ənənə yaratdı, rəngə
rəng qatdı, min bir çalarını üzə
çıxartdı. Dərhal bəzi bədxahların
hücumuna tuş gəldi, guya "Salam, dar ağacı!"
adında, hansısa bir özbək şairinin də şeiri
varmış. Varsa var da, məgər eyni
mövzuda şeir yazmağı şairlərə yasaq ediblər?
Onda gərək Nizami Gəncəvidən sonra heç kəs,
hətta Füzuli də "Leyli və Məcnun"
dastanına girişməyəydi, çünki həmin
hazır mətn təkrar olunacaqdı.
Ancaq kim necə
düşünür-düşünsün, mənim fikrimcə,
"Salam, dar ağacı!" son yüzillik
poeziyamızın 40-50 nadir incisindən biridir. Söz
üzüyümüzün füruzə qaşıdır.
"Salam dar ağacı!" təmiz Azərbaycan
türkcəsindədir və bəndənin Allahla mücadiləsidir,
üsyankar şairin bu qeylü-qalda məğlubiyyətidir.
Və eyni zamanda ölümün üstünə
yürüş edən cəngavər söz Adamının qələbəsidir.
İnsanın
ömrü qısadır, sözün ömrü uzun.
Rüstəm Behrudi öz ömrünü əridə-əridə
sözün ömründə əbədiləşdirməyi
bacaran dərvişdir, bütün Turan ellərinin sevgisini
qazanan şamandır, böyük yolun yolçusudur,
mürşiddir, müriddir...
Professor
Ahmet B.Ercilasunu görün şair necə heyrətləndirib,
müqayisəsinə diqqət çəkək:
"Rüstəm
Behrudi... Bir şaman nəvəsi...
Hüseynzadə
Əli, Ziya Göyalp, İsmayıl Kaspıralı, Yusif
Akçura... Bunların hamısı birər
"Şaman nəvəsi" deyilmi?!
Rüstəm
Behrudi zamanlar üstündə yaşayan bir şair,
ağzı dualı bir şaman nəvəsi..."
Bu, görkəmli filosofun bir dəyərə verdiyi
özünəməxsus yüksək qiymətdir.
Əslində "Mükəmməl yalan"
kitabında nəsrdən əsər-əlamət yoxdur,
bütün cümlələr, sətirlər poetik ifadələrdən,
obrazlardan, metaforalardan ibarətdir. Müəllifin təbirincə,
"sükutu cözə daşımaq" məhz şairin,
həqiqi şairin müqəddəs borcu, alın
yazısı, fəhlə işidir. Çünki
"sükut Tanrının səsi, tənhalıq və təklik
Tanrının Vətənidir". "Qurani-Kərim"in
böyük surələrinin birində -
"Əşşüəra"da ("Şairlər"
surəsində) ifadə olunduğu kimi, əsl qələm
adamı elə Yaradanın tərəfində duran, xaliqə
tapınan varlıqdır, məmləkəti yer-göy
arasıdır, Vətəni sonsuz səmadır.
Peyğəmbər
məntiqinə görə, Allah-Təala bəşəriyyətə
müqəddəs kitablarını göndərib - yəni
özünün qanun toplularını:
"Tövrat"ı, "Zəbur"u,
"İncil"i, "Quran"ı. Yaratdığı bəndəni
düz yola çəkmək üçün yer üzünə
elçilərini səfərbər edib. Adəm, Nuh, İsa,
Musa, Saleh, İbrahim, Yəqub, Məhəmməd zəmanələrində
bəndələrinə haqq yolunu göstəriblər. Suçlular cəzalanıb, tövbə edənlər
peşmançılıq çəkib. Rüstəm
Behrudinin fəlsəfəsinə görə isə türk
Allahın seçilmiş millətidir, ünvanına kitab
göndərilməyib. Tanrının məhəbbətini
və sevgisini qazanmış türk xoşbəxtdir:
Çıxıb
zaman adlı həddən,
Tanrıya çox yaxınam mən.
İsa,
Musa, Məhəmməddən
Bu divanə
halım ilə...
Əlbəttə,
həqiqət anıdır: "Çətindir göyü
sevib, qayıdıb yerin olmaq". Hər kəs
bu "yalan dünyada, Süleymana qalmayan fani dünyada"
ölümünə doğru irəliləyir. Şairin ruhu "bədən həbsxanasında"
əziyyət çəkir, ahı dilində sözə
çevrilir, fəryadı sükutu süquta qərq edir, təlatümü
açılan sabahı çaşdırır, nə təslim
olur, nə də susur. Elə adını çəkdiyimiz
məşhur müsahibələrin birində daxili təbəllüatına, iç təlatümünə
şeirlə cavab verir, təsəlli tapır, ovunur:
Mənə
yaddı üsyan, qiyam,
Düşmənə
də çətin qıyam...
Mən
ayrılıq adamıyam,
Qoşul
mənə, çıxaq gedək!
Söz Rüstəmin yaradıcılığında
bütöv obrazdır. O, üzünü nə qədər Allaha, yer
üzünə göndərdiyi peyğəmbərlərə
çevirsə də, səmavi kitabları
("Tövrat", "İncil", "Zəbur",
"Quran") ələk-vələk edib oxusa da, qan qoxuyan
müqəddəs torpaqlara səfərlər eləsə də,
insana müxalif şeytanı, iblisi qılınclayıb
yamanlasa da, onlara daş atanları qınasa da, sonda bu həngamələri
dinlərin yaratdığı "oyun" adlandırır. Cəhənnəm və Cənnət. Birincisi, bəni-insanın
həmişə qorxub-çəkindiyi, yuxusunu belə
qarışdırdığı mifik əzab-əziyyət məkanı,
ikincisi, axirətə qovuşan insana əbədi səadət,
daimi bəxtəvərlik vəd verən möhtəşəm
işıqlı ünvan. Şair bu cür
çıxılmazlıq sindromundan üzüsulu,
gözütox çıxmaq üçün yenə fövqəlsözə
qüvvət verir:
Sözümdə
qiyamət pərdəsi,
Çək pərdəni, dua elə.
Dua elə,
arxasından
Görünəcək
Tanrı belə...
Bəli,
dünyada bundan müqəddəs iş,
savab əməl yoxdur, yalnız duaları ilə insan bəşəri
dəyər qazandırır, şər qüvvələrdən
ayrılır, dabanına tüpürüb ömrün haqq
yolunun davamına başlayır. Bu zaman "ya insan" deyib adına and içdiyi, bəndəsini
"Fazili-Muxtar" adlandırdığı Allah da rahimliyini
göstərir, zalımın dərisini verməklə
mütləq haqq olduğunu nəzərə
çarpdırır. Ancaq şairlə Allah arasında
mücadilə elə bir müstəviyə dirənir ki,
şübhə yeri qalmır:
Heç
kəs heç kəsin deyil,
Yazı deyil, yazı da.
Görüntüdü
haqq-nahaq
Bəlkə Allah özü də.
Və bir də şairə görə insan ruhuyla
çox mürəkkəbdi və hər kəs içində
neçə-neçə "mən" gizlədib. Əgər
belə olmasaydı, XIII əsrin haqq aşiqi, dərviş
Yunus "məni məndə sorma, məndə deyiləm,
neçə mən gizlənir məndən içəri"
qənaətilə bu misraları yanıqlı-yanıqlı
pıçıldamazdı. "Bəs
onda bu qorxu hardandı belə?!" Niyə
Tanrı sevib-seçdiyi, can verdiyi bəndəsini yalnız
itaətdə saxlamağın fərqinə varır? Belə məlum olur ki, Allah yaratdığına qul,
nökər, kölə psixologiyasını məqsədli
şəkildə aşılayır? "Fərman
padşahındı, dağlar bizimdi" - söyləyirdi digər
bir türk haqq aşığı:
Bu nə
qorxudu belə,
Dağ dağdı, çəndə gizlənib.
Hamı
çəkilib özünə,
Hər kəs içində gizlənib.
"Kəpənək
adam" essevari mətndə "Mükəmməl
yalan"ın müəllifi həyatla ölümün
arasından vurnuxduğunu hiss edir. Röyada ikən
ömrünün sonunu görür, ayılarkən ölmədiyinin
şahidi olur... "Adam elə bu vaxt yuxudan
oyandı. Onu soyuq tər basmışdı,
su içində idi. Çiyinlərində
dəhşətli bir ağrı vardı. Kimsə qanadlarını qırmışdı elə
bil. Qırılmış
qanadlarının yeri ağrıyırdı. Yuxuda
özünə verdiyi sualı bir də təkrarladı:
- Kiməm mən?! Kəpənək kimi yaşayan adammı, yoxsa adam kimi düşünən kəpənəkmi?"
Rüstəm Behrudi ustalıqla insanın ekstremal halının, ruhi gərginliyinin, düşkünlüyünün bədii rəsmini çəkir, bunu o qədər inandırıcı edir ki, oxucu sanki əhvalatın öz başına gəldiyini və yaxud həyatda gördüyünə ürəyində şübhə yeri qalmır. Başqa qələm adamları kimi şair qətiyyən təsvirə varmır, ümumiyyətlə, təsvir bu müəllifin yazı-pozu yolu deyil. "Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də" Behrudinin həyat kredosuna çevrilir, "ümid adına heç nə", təsəlli tapmasa da... O, bütün ağrılarıyla bahəm yalqızlığını və tənhalığını yaşamaqda davam edir.
Təkbaşınalıq yalnızlığın fövqündədir.
Yalnızlığı ovutmaq olar, təkbaşınalığı yox!
Təkbaşınalığa ümid adına heç nə yoxdu!
Şairin mövzu rəngarəngliyi təsdiq edir ki, o, heç bir mətni kor-koranə işləmir, həmişə bədii sözün münbit yerindən yapışır, daha doğrusu, kotanını, xışını "torpağın" ən qalın qatından vurur. Ona görə də zəmisi daha sıx bitir, tarlasının bəhri-barını yığıb-yığışdırmaq mümkün omur, "xırmanından" bərəkət, dəyirmanından hərəkət yağır. İndi bir çox şairlər haqqında "özünəməxsus" ifadəsini işlədirlər. Bəziləri layiqdir, bəziləri heç layiq deyil, bu sözün, ayamanın hikmətini doğrultmurlar. Etiraf edək ki, özünəməxsus fərdi keyfiyyət haqqında bəhs etdiyimiz kitab müəllifinin bütün irili-xırdalı əsərlərində özünü göstərməkdədir. Onun ifasında adi kəlmə də dürlüdür, nisbətən kiçik şeir parçası da, möhtəşəm mətn də.
Aç, aç o bədən qəfəsi,
Görəcəksən ruh nəfəsi...
Tanrıya yol birdi, özgəsi
Puçdu, təriqət işidi...
Bəh, bəh, bəh! Yalnız Rüstəm Behrudinin 1500 illik Oğuz şeirinin əski ruhunda, qədim-köhnə ahəngində yazdığı şeirdi, bu şeir. Bilmirəm, nə qədər ərki çatır-çatmır, şairin sığındığı, tez-tez müraciət elədiyi Tanrısına düz sözünü yetirir - "Tanrım, söndür cəhənnəmi!" Bu o qədər içdən gələn nidadır ki, dünyanı dörd yandan ağuşuna almış qan-qada qoxusu, müharibə yanğısı, vulkan-zəlzələ qoxusu hamının yuxusunu qaçırır, od-alov püskürtüsü dilim-dilim göyün yeddinci qatına yüksəlir.
Bir yerdəyəm, - bura yerdimi,
Od düşsün buranın üstünə.
Tökəcəm günahsız qanımı,
İncilin, Quranın üstünə...
Behrudi yazır: "Rembrandtın fırçasında rənglər dəlidi" və ya "İnsan sözlə anlada bilmədiyi zaman, sözün bitdiyi yerdə rənglərə üz tutar. Sözün şəklini çəkməyə başlar. Sözün dəlisi, ağıllısı olduğu kimi, rənglərin də dəlisi, savaşanı, həlimi, ağıllısı var". Axırda qeyri-adi tərzdə dahi Fridrix Nitşenin zəkasından süzülən, fikirləri misal çəkir: "Məni itirin, özünüzü tapın deyirəm, indi sizə. Ancaq məni tamamilə unutduğunuz gün sizə geri dönəcəyəm". Çox dəqiq müşahidədir, məşhur rəssam rənglər aludəsiydi, böyük təfəkkür adamı alman filosofu sözlərin rəngkarı idi. O, barmağını fırçaya döndərib faciələrin mənzərəsini çəkirdi, bu, bəşəriyyətə haqq yolunu göstərmək üçün dəridən-qabıqdan çıxırdı, sözün təkrarsız biçimi və hörgüsüylə könülləri fəth edirdi. Əslində məqsəd eyniydi: adamlara kimliyini anlatmaq, onları zülmətdən, qaranlıq zirzəmilərin hücrələrindən qoparıb çıxartmaq, işığın sifətini insanlara göstərmək. Yoxsa M.F.Axundovsayağı bütün dinlərin yalan və puç olduğunu anlayan Fridrix bu qənaətə gəlməzdi: "Xristianlıq deyilən bir şey yoxdu, bir xristian var idi - İsa. O da çarmıxda öldü".
...Tanrım, gözəldi çarmıxda
İsa tək bir an yaşamaq.
Bir axar su tək səhnəndən
Heç nə ummadan yaşamaq.
Dünyanın axırı onda çatır ki, insanlıq "Qırmızı kitab"a düşür. O zaman Allahın nəbiləri - İsa, Musa, Məhəmməd (şairin ən çox müraciət etdiyi peyğəmbərlər) açmağa qapı axtarır:
"Yazıq"
mənim tək bir devə,
Öldürdülər sevə-sevə.
Niyə
günahkar bir evə
Çıxarıb qoydular qapımı?!
Vaxtilə
Rüstəm nəql edirdi ki, Yakutiyadan, Kamçatkadan, Altaydan
Sibirəcən (Rusiya Federasiyası), Macarıstandan, Bosniyadan,
Albaniyadan Krımacan, Kazandan, Ufadan Sibirəcən bütün
Turan ellərini, o cümlədən, Orta Asiyanı
iç-dış Anadoluyacan, Təbrizdən Kərkükəcən
hər yeri qarış-qarış dolaşıb. Şübhəsiz, bu səfər və səyahətlərin
izləri yazılarında sıx-sıx bitib. Onun misra beytlərində boz qurd ulayır desəm,
yanılmaram. Sözlərindən at
nallarının tappıltısı eşidilir söyləsəm,
bəlağət xatirinə deyil. Çünki
özü demişkən, "şairlik bütün
ömrün boyu özünəbənzər adam
axtarmaqdı və sonunda da onu tapmamaqdı".
Kitabda gedən ən maraqlı esselərdən biri
"Ruhumuzun işğalı və yaxud Kəbəni
yağmayanlar" başlıqlı orijinal mətndir. Lakin "Sevgi və
riyakarlıq", "Ən böyük azadlığım-sənin
əsirin olmaq", "Budda və Məhəmmədin
"düşmənçiliyindən" əzab çəkən
uyğurlar", "Getməyə yol olmayanda",
"İblisin bərbəzəkli arabası və yaxud
gücsüz Allah", "Allahın vaxtı yoxdu ki və
yaxud heç kimdən heç nə ummadan yaşamaq",
"Ağrılı olan bir şey haqda və yaxud dağlar
duman olmadan", "Ordubadda dağlar daha gülümsəmir",
"Həcc ziyarəti və yaxud gülləyə
dönüb üstümüzə gələn savab",
"Mən səni eşidirəm, Sərxan və yaxud
görüş qalsın qiyamətə", "Pərdə",
"Sərxoş və boş qədəh", Təkbaşına
adam" ümumi sərlövhəsi altında toplanan esselərin,
qısa bədii mətnlərin, şeirvari nəsr nümunələrinin
heç birisinin təsirini azaltmaq istəmirəm, əsla. Bu əsərlərin
hamısında həyat və ölüm, zülmət və
işıq, ağ və qara, şeytan və
xeyirxah mələk, güclü və zəif üz-üzədir,
əlbəttə, mahiyyətdə müəllif ənənədən
qaçmır, yalnız münasibətdə fərdilik
nümayiş etdirir.
Bezdim hər
şeydən, hər kəsdən,
Çevirib üzümü gedirəm.
Getdiyim
yol yol deyil ki,
Mən yolam, özümü gedirəm.
Bəli, getməyə yol olmayanda şair özünə
ölüm arzulayır. Çünki bu yer üzündə hər
şey başqa bir şeyin əlamətidir. Vaxt zaman olmaqdan o vaxt çıxır ki,
bütün inamlar şüşə kimi daşa
çırpılır, çilik-çilik olur. Məmləkətdə dilənçi artır,
fahişə başa çıxır, sənət adamı
özünə oxşamır, çayxanada-meyxanada xəcalət
çəkə-çəkə qırır,
boğazını yaşlayıb millət qəhrəmanına
çevrilir, qorxa-qorxa, hürkə-hürkə kimlərisə
tənqid hədəfinə çevirir. Bu
arada şair cismən ölür, söz özündən
çıxır, üsyana başlayır.
Alçaq da sən, uca da sən.
Cavan da sən, qoca da sən.
Sən hər
şeydən ucadasan,
Ölüm,
xoş gəldin, xoş gəldin!
Bütün dəyərlər ayaq altında tapdanır. Bu, qiyamətin
əlamətidirmi, bəs hanı Qıl körpüsü?
Daha məni
ovutmur,
Din, iman və sairə.
Kim qapısın açar ki,
Bir allahsız şairə?!
Rüstəm Behrudinin fəlsəfəsinə görə şairlər Tanrının fərqli yaratdıqları bəndələrdi. Onlar hamıya, eləcə də bir-birlərinə də müxalifdi. Eyni zamanda bu müxaliflikdə düşmənçilik, qəzəb-kin yoxdur, sevgi var. Çünki Tanrının onlara verdiyi dili qoyub, otun-çiçəyin, yağışın, küləyin dilində danışması onların fərqlənmək istəyindən deyil, anlaşılmamaq əzabından, qarşı tərəflə özü arasındakı uçurumdan doğur. Hər bir şairin içində ancaq ona məxsus olan öz uçurumu var. Və hər bir şair doğulduğu gündən içindəki uçurumda dəfn olunmağa hazırdı. İçindəki uçuruma körpü olmaq şairlik deyil, nəsə başqa bir şeydi: Müasirlərinin yaradıcılığından (V.Səmədoğludan, S.Rüstəmxanlıdan, R.Rövşəndən, K.Abdulladan, V.Bayatlıdan) çəkdiyi sitatlar tapındığı həqiqətin doğruluğunu açır. Eləcə Behrudinin də nəsri və şeiri nə qədər ziddiyyətli məqamlara varsa da, müəmmalı, mübhəm həyati detalların açmasına xidmət eləsə də, görürsən, işıqla, coşquyla, sevgiylə doludur, bədbinlik, düşkünlük sözünə yaddır.
Qan içində geydiyim,
Köynəyə bax, köynəyə.
Sən
varsan bir də kölgəm,
Ümid yoxdur heç nəyə.
Zahirən görünən bu yoxluq,
ümidsizlik bədii ricəti, bəddi sillətə, qüdrətə
malik sözün yalnız çöl divardır, iç
qatı deyil. Məhz belə gözlənilməz gedişlər
əslində oxucunu yerdən göyə qaldırır, sanki əlçatmaz
aləmlərin sirlərini açıb-tökür, faş
edir. Bu axırıncı kitabını (İnşallah,
ardı gələcək) "Mükəmməl yalan"
qoymaqla Rüstəm Behrudi dahi sələfi Məhəmməd
Füzulinin də necə deyərlər, "bostanına
daş atıb". Axı, peyğəmbərin adını
adında əbədiləşdirən Füzuli "aldanma
ki, şair sözü əlbəttə, yalandır" qənaətinə
beş əsr əvvəl gəlib...
Ağacəfər
HƏSƏNLİ
525-ci qəzet.- 2022.- 31 mart.- S.10;11.