Olmuşları unutmayaq  

 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

 

Tarix həmişə mühafizəkar olub - hadisə və faktlar itib-batmayıb, qərinələrlə yaddaşlardan-yaddaşlara köçüb, tarixləşib. Xalqın tarixə hesabatı kimi nailiyyətləri , uğurları da, xalqın azadlığına, müstəqilliyinə yönəlmiş cinayətlər , bu ya digər miqyasda törədilmiş soyqırımlar da, müharibələr , müharibələrin nəticəsi olan ölümlər , dağıntılar da heç zaman unudulmur. Min illərdi belədir, belə olacaq. Gülüstan müqaviləsi , Türkmənçay müqaviləsi unudulmayacaq. O müqavilələr rus imperiyasının Azərbaycanın dövlətçiliyini sonlandırmaq siyasətiydi. Azərbaycan Demokratik Cümhuriyyəti bu siyasəti şikəst elədi. Dirçələn imperiya 2 il sonra bu dövlət təsisatını ilhaq elədi. Dövləti ilhaq etdi, Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik etiketinə, xalqın mübarizə əzminə, azadlıq, müstəqillik niyyətinə qüdrəti çatmazdı, çatmadı da. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu dəfə əbədilik.

Tarix ermənilərin Azərbaycana, azərbaycanlılara qarçı törətdiklərini unutmayıb, unutmayacaq. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə erməniliyin törətdiyi soyqırımlar da unudulmayacaq. Təkcə tarix kimi deyil, həm bəşəriyyətə haqqa, ədalətə düşmən kəsilənləri ideoloji kursu bəşərilik, dünyəvilik olan dövlətlərə, bu dövlətlərin əhalisinə tanıtmaq üçün, qəddarlığı, vəhşiliyi, soyqırımı törədənlərin etirafı üçün.

Tədqiqatçılar müəyyənləşdiriblər ki, 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martına kimi İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd tamamilə dağıdılıb. Dağıdılan kəndlərin əhalisi necə olub? Bu məntiqi suala məntiqi cavab belə olacaq: öldürülüb, çox güman ki, qəddarlıqla, vəhşiliklə.

1918-ci ilin yazında ermənilər Şamaxıda da böyük qırğınlar törədib.

Arxiv sənədləri tarixdir. Bu tarix deyir ki, 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi, müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsində qeyd edilir ki, "Şamaxı şəhəri Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri cinayətlər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar digər sənədlər ermənilərin Şamaxı şəhəri Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir". Bu sənəd ermənilərin yüz dörd il əvvəl törətdiyi qırğınların tarixidir. Bu tarix erməniliyin mahiyyətinin olduğunu təsdiqləyir.

Ermənilərin Şamaxı şəhərində ətraf kəndlərdə mütəşəkkilliklə vəhşiliklər, qırğınlar törətməsi bir neçə gün davam edib. Ermənilərin Şamaxı şəhərinə iki hücumu olub. Maraqlıdır: niyə iki dəfə? Görünür, birinci hücumun nəticəsi onların ideoloqlarını, rəhbərlərini qane etməyib. İki hücum nəticəsində burda bir neçə min azərbaycanlı qətlə yetirilib.

Quba qırğınları mahiyyəti etibarilə Şamaxı qırğınlarının davamı, törədilmə üsullarına görə isə o qırğınların eynisi idi.

Ehtiyatda olan polkovnik, Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr etdiyi kitabda bir düşündürücü məqamı xatırlayıram: "Daşnaklar vəhşilik törətməklə bərabər, sağ qalacaq adamlar arasında düşmənçilik yaratmağa cəhdlər göstərirdi".

 

Daşnaklar ləzgi Məhəmmədə və şiələrin başçısı Məşədi Mirsadığa tüfəng verərək deyiblər ki, meydanda atışın, sağ qalanı azad edəcəyik. Onlar bir anlığa duruxublar, sonra eyni anda tüfəngi götürüblər, eyni anda atəş açıblar. Hərəsi bir daşnakı öldürüb. Öz ölümləri bahasına.

Yəni qırğınlar passiv müqavimətlə davam etməyib, erməniliyə, ermənilərə ciddi müqavimət göstərilib. Qubada sonralar Qanlı dərə adlandırılacaq Dərin dərənin yaxınlığında Digah kəndinin əli silah tutanları ermənilərin hücumunun qarşısını bir neçə dəfə kəsib. Kəndin ağsaqqallarının məsləhəti ilə qadınlar, qocalar, uşaqlar kənddən bir qədər aralıdakı meşədə daldalandırılıb. Yerli ermənilərin bələdçiliyi ilə gələn silahlı dəstələr kəndin bütün evlərini (84 ev) yandırıb, dağıdıb.

Digah kəndinin sakini Mansur Hacıyevin Quba qırğınları zamanı təsadüfən sağ qalan Həmdulla İsmayılovdan eşidilənlərə istinadən neçə il əvvəl dediklərini xatırlayıram: "Qırğınlar zamanı bir gün ermənilər yol tapıb meşəyə tərəf qaçan camaatı mühasirəyə alırlar. Böyük ocağa od vururlar. Hamısının qollarını biri-birinə bağlayıb ocaqda diri-diri yandırırlar".

 

Tarix deyir ki, Hamazaspın silahlı dəstəsi Quba istiqamətində gedəndə yol boyu qarşılarına çıxan kəndləri dağıdır, əhalini vəhşiliklə qırırdı. Törətdiklərini xalqına görə qəhrəmanlıq bilən bu bəşəri qatil xalqının qəhrəmanı olduğunu bildirir, sinəsinə döyərək deyirdi ki, "dənizdən Şahdağa kimi bütün müsəlmanları məhv etməliyəm, onların da evlərini Şamaxıda olduğu kimi tamamilə dağıtmalıyam".

Dünyəvi hadisələrə haqqın, ədalətin gözü ilə baxan dövlətlər, xalqlar bunların mahiyyətinin, daşnakçılıq deyil, ermənilik olduğunu bilir, çoxusu bunu etiraf edir. O qırğınlar, soyqırımlar daşnakların əli ilə törədilsə də, ideoloqunun, müəllifinin, təşkilatçısının ermənilik xarakteri, ermənilik xisləti olduğunu kimsə inkar edə bilməz.

 

1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkədə siyasi vəziyyəti əsaslı şəkildə dəyişdi. Yeni dövlət xalqın dövləti idibu dövlət xalqı bütün təhdidlərdən qətiyyətlə müdafiə edirdi. Azərbaycanın dövlətçilik dayağı olan milli qüvvələr Türkiyənin hərbi yardımı ilə işğal olunmuş ərazilərimizi və Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etməyə səfərbər olundu.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi.

1918-ci ilin iyulun 15-də "Avropa müharibəsi başladığı vaxtda bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanların və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında" qərar qəbul edildi. Bu komissiyanın bir ildə apardığı araşdırmalar, araşdırmalar əsasında hazırladığı sənədlər azərbaycanlıların soyqırım tarixinin bir hissəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin ilhaq edilməsi bu Komissiyanın işini də yarıda qoydu.

 

80 ildən sonra bu istiqamətdə böyük tarixi şəxsiyyət Heydər Əliyev yeni bir tarixi sənəd - 1998-ci ilin mart ayının 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Bu fərmanla 31 mart - Azərbaycanlıların Soyqırım Günü kimi təsis edildi. Böyük siyasi və xəlqi-milli əhəmiyyəti olan bu sənəd Azərbaycan iki dövlət arasında siyasi yolla parçalandıqdan sonra müxtəlif vaxtlarda, müxtəlif motivasiyalarla azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, görünməmiş vəhşiliklərlə həyata keçirilmiş soyqırımların siyasi mahiyyətini ümumiləşdirən sənəd idi. Bu sənəddə 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi qırğınların, düşmənçilik siyasətinin tarixi kökləri şərh edilir ki, bu da beynəlxalq ictimaiyyətin dünyəvi proseslərə bəşəri münasibətini də formalaşdırır.

 

Ərazi iddiasının nəticəsi kimi Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İmperiyanın siyasi və hərbi dəstəyindən yüksək səviyyədə bəhrələnən Ermənistan təkcə Dağlıq Qarabağda deyil, Ermənistanla sərhəd rayonlarda da hərbi əməliyyatlar aparır, kəndlərə həmlələr, hücumlar edir, kəndləri yandırır, qırğınlar törədirdi. Ermənilər Bağanız Ayrım, Meşəli, Ağdaban, Qaradağlı faciələrini belə törətmişdi. Ermənistan Rusiyanın dislokasiya yeri Xankəndi olan 366-cı alayının fəal müdaxiləsi və iştirakı ilə Xocalıda görünməmiş qırğın, əslində soyqırım törətdi. Həmin gecə 613 nəfər xüsusi amansızlıqla öldürüldü, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 8 ailə tamamilə məhv edildi.

 

Ernənilərin azərbaycanlılara, ümumən, türk xalqlarına qarşı soyqırım siyasəti təkcə Azərbaycanda deyil, dünyanın bütün bəşəri dövlətlərində ciddi siyasi dəlillərlə pislənilir, soyqırımlar haqqında arxiv sənədlərinə əsaslanılmaqla iri həcmli tədqiqat əsərləri yazılır. Özbəkistanlı tədqiqatçı Şuhrat Nasıroviçin "Qarabağ - ideyalar müharibəsi", "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar - Fərqanədən Qarabağa qədər", "İflas. Millətçilik - Antoqonizm" kitabları bu qəbildəndir. Yəni tarix dünyəvi fakt və hadisələri bəşərilik naminə mühafizə edir.

 

31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür. Hər bir azərbaycanlı bu günün mahiyyətini böyük vətəndaşlıq məsuliyyəti ilə dərk edir.

 

 

Səbinə XASAYEVA

Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2022.- 31 mart.- S.6.