Özümdən özümə məktub
(esse)
Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə
yazdığım məktublar
hamısı cavabsız
qalıb, mənimlədir.
O məktublar sənə
çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin
qanıyla yazmışdım.
Sənin
necə də qəribə taleyin var?! Ömrümüzə
qara yazılan illərdə hara getdimsə, səni axtardım, aradım... Gecələr ulduzların arasında,
çiçəkli, yamyaşıl
yamaclarda, dərələrdə,
bulaqların şırıltısında,
əsən küləklərdə,
dağların zirvəsində,
sevən könüllərdə,
dərdli-qəmli ürəklərdə
axtardım səni.
Tapmadım...
Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün.
Sənin
gözəlliyinə kimlər
məftun olmamışdı?! Yadlar gəldi, səni
məndən almaq istədilər, ala bilmədilər.
Səni sıldırım, əlçatmaz
yerlərə apardım.
Döyüşdüm. Nə qədər
səni sevənlər
qanlarını tökdülər,
qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.
Qaşı qara, gözü
qara, gözəllər
gözəlim! İlk baxışdan
sənin qara gözlərin, baxışın
yağının gözündən
qaçmadı. Səni əldə
etmək üçün
qəsdinə durdular.
O müdhiş qaranlıq
gecədə Şeytan
mələk biçimində
hiyləyə əl atdı. Yer titrədi, göy
guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin
tikdiyi qalada saxladılar. O qala şüşədən idi.
Ona görə elə qala tikilmişdi ki, bir gün
şüşə sınarsa,
o şüşələr Gözəlimi oğurlayanların
üstünə tökülüb
onları məhv etsin. Amma onlar səni
məhv etmədi, əsir saxladı, tabe olmadığını
görüb sənə
zülm etdilər.
Əllərin əlimdən uzaq
düşdü. Ruhumu ruhuna
bağladım, sənin
həsrətinlə ağladım,
ah-fəğan etdim.
Leylini sevən Məcnun tək tənhalığa
üz tutdum. Sevdiyin çiçəyi axtardım,
şehsiz çiçəklərə
rast gəldim.
Qəmdən, kədərdən uzaq yaranmış mələklər
də ağladı, göz yaşı tökdü o gecə.
Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki
səs deyildi, zəngulə vurmurdu.
O mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı, xəstə
olduğunu duydum - sən heç vaxt bu əzabları
mənə deməzdin,
bildirməzdin!
Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin
önünə. Hara gedirsən, özünü
unudub hara gedirsən. Özünə
kənardan baxa bilməyən o gözləri
kor et əvvəlcə.
Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb
illərlə yandı.
Qanlı
göz yaşları axdı yanaqlarımdan. Məni yaşadan yalnız
sənə olan sevgim oldu.
Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım? Yer xəcalətindən bir daha ətirli
gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün
yerində tikanlar bitdi yalnız.
Tanrım
mənə dözüm
verdi. Tanrıya güvəndim,
möcüzə gözlədim.
Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər
deyirlər. Üzümüzə
nurlu sabahın açıldığı bir
yaz səhərində
dedim: Daha bəsdir! Hayqırdım...
Dağlar bu səsdən
diksindi, yer, göy yandı, töküldü. Yenə də
sənə çata bilmədim. Yağı
sənin qarşında
çal-çağır edib
mənə yanğı
verdi. Bu dərdə necə dözdüm. Qanlı
qaladan səni necə geri alacağımı fikirləşdim,
fikir yollarında azıb qaldım, bir an keçənləri
unudaraq yenə yaşamaq istədim. Bacarmadım.
Necə yaşamaq olar? Günəşə həsrət
qalan kor insan kimi yalnız
bu kəlmələrlə
özümü sakitləşdirdim:
Gözlə, gələcəyəm!
Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya
uzadıb möhlət
istədim. Tanrıdan
bir səs gəldi: - Səbr et, o gün gələcək.
Səbr etdim, səbrimə "qorxdu" dedilər.
Bir nur üzlü pəhləvan
peyda oldu, bəyan etdi ki, mən Azərbaycan
gözəlini o əjdahanın
əlindən qurtaracağam. Ağ atlı pəhləvan
çox çətin
bir yola çıxdı. Vətən torpağını
sevənləri öz
ətrafına topladı,
onları qanlı döyüşə səslədi,
yağı üstünə
atıldı. Qeyrətli, namuslu,
Azərbaycan gözəlini
onların əlindən
aldı. O zəfər
günü Şiş
dağlarda sənin xilasına gələnlərə
Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi.
Nəhayət, sən əsirlikdən
xilas oldun.
Ey, Azad Azərbaycanın məğrur
gözəli! Üzündən xəcalət rübabını
götür. Qoy
bütün dünya bilsin ki, Sən
azadsan! Yaralarını sağaldacaq məlhəmlərin
hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan.
Artıq vətənsevənlər
od nəfəsləriylə
sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb,
zənciri qırılan
qollarını irəli,
mənə uzatdın:
- "Mən səni gözləyirdim, inanırdım
ki, gələcəksən.
Sənin
eşqinə, sevginə
inanırdım. Sən, qanqal
dolu yollarla ayaqyalın gəldin yanıma, mənim xilaskarım. İndi əllərimi
sənə uzadıram,
tut əllərimdən məni
ayağa qaldır.
Mən azadam, sənə qayıdıram. Bizləri ayıran
yollar artıq bir ünvandadır. Biz birlikdəyik!"
Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən
bir səs gəldi, bağırdım:
- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!
Uşaq
kimi sevinib, "qədəmlərinə qurban"
dedim.
Hörmətlə: Səni sevib,
gözləyən.
Zahirə DADAŞOVA
Əməkdar mədəniyyət işçisi
525-ci qəzet.- 2022.- 5 may .- S.13.