"Psix"dən doğru
xəbər...
MUSİQİLİ
TEATRIN SƏHNƏSİNDƏ OYNANILAN YENİ TAMAŞANIN
PREMYERASINDAN QEYDLƏR
Neçə vaxtdan bəri anonsları verilən tamaşanın nəhayət,
premyera günü gəlib çatmışdı. Əslində, nə tamaşanın adı, nə də mövzusu yad idi. Uşaqlığımızın tanış əsəri - dünya şöhrətli ispan yazıçısı Migel
de Servantesin "Don Kixot"
romanının motivləri
əsasında hazırlanmış
"Psix" tamaşası...
Adı eşidəndə bir anlıq dayandım və Don Kixota daha kimin "psix" dediyini xatırlamaq üçün
yaddaşımın yaxın
keçmişdəki səhifələrini
vərəqləməyə başladım. Hə,
teatr cameəsinə az-çox bələd olanların növbəti cümləyə keçmədən
o adı səsləndirdiklərini
eşidər kimiyəm
- Vaqif İbrahimoğlu...
Hələ 2010-cu ildə "YUĞ" Teatrında görkəmli
və fərqli rejissor Vaqif İbrahimoğlu bu əsərə müraciət
edərkən Don Kixotu
məhz belə adlandırmışdı: Psix!
Psix nədir? Psix dəli
deyil, o, bir ruhi haldır, ruh halıdır. Biz oxucular cəngavərlik
romanlarına özənib
özünü cəngavər
sanan, bununçün
yel dəyirmanlarıyla
vuruşan, Dulsineyaya aşiq olan Don Kixotu elə öz köməkçisi,
xidmətçisi kimi
dəli hesab edə bilərik. Amma onun bu halı
dəlilikdən çox
daha üstün, ruhi hadisə idi. O, öz ideallarına sadiq, onlar uğrunda gecəsini gündüzünə
qataraq mübarizəsini
öz bildiyi və doğru sandığı tərzdə
davam etdirən, kənardakı müdaxilələri
eşitməyərək, görməyərək
məhz insanların rifahı üçün
özünəməxsus tərzdə
döyüşən psix
idi.
Vaqif müəllimdən düz
11-12 il sonra
Don Kixotun psixliyini yenidən duyan və azərbaycanlı tamaşaçıya duyuran
isə rejissor Ər-Toğruldur. Onun "Psix"ində
elə ilk dəqiqələrdən
Vaqif İbrahimoğlu
estetikasına təxmini
(!) sadiqlik sezilsə də, gənc rejissorun özünəməxsus
yozumu və yanaşması da özünü göstərirdi.
Aprelin 29-u günü
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrın qapısında bir başqa ab-hava vardı. Bizdən əvvəl
gəlmiş bir neçə tələbə
qız qapıda şəxsiyyət vəsiqələrini
tələb edən mühafizəçilərə 18 yaşından yuxarı olduqlarını sübut etməyə çalışırdılar.
Axı anonslarda dəfələrlə
vurğulanmışdı ki,
tamaşa 18 yaşdan yuxarı insanlar üçündür. Növbə onların
şəxsiyyət vəsiqələrini
tapıb bunu isbatlamaqlarından sonra bizə gəldi. Biz də artıq
3 ildir ənənə
halını almış
"Covid" yoxlamasından
sonra teatrın qapısından içəri
giririk. Bizi qapıda teatrın
yorulmaz və fədakar mətbuat katibi, işdən əlavə, bu mədəniyyət hadisəsinin
vurğunu olan Fəridə xanım qarşılayır. Fəridə xanımın müşayiətiylə
yuxarı zala qalxırıq. Elə burda
yerimizi yenicə tapıb rahatlanmışdıq
ki, səhnə tərəfdən gələn
səs diqqətimizi cəlb edir. İlk dəfə bütün qapıların
açıldığı, tamaşaçıların zala
daxil olduğu, hələ onlarla insanın ayaq üstə öz yerlərini axtardığı
vaxt, ən mühümü isə
"telefonları söndürün"
xəbərdarlığı olmadan və insanları sakitliyə çağıran o 3 zəng
çalınmadan başlayan
bir tamaşa görürdüm. Hmm... Maraqlıdır. Elə bu kiçik
detal bizi illərdir öyrəşdiyimiz
teatr və səhnə stereotiplərini
qırmağa iddialı
olan bir əsərin gözlədiyinin
xoş müjdəçisi
idi.
Hə, səhnənin aşağısında,
tamaşaçıların önündə əlində
süpürgə deyinə-deyinə
gəzən xidmətçinin
danışdıqları da
elə psixliyə
"yaraşan" idi.
Demək
ki, bu tamaşadakı
tək psix Don Kixot olmayacaq.
Deyingən xidmətçinin səhnəyə
çıxmasıyla beynimiz
kimi xaotik, bütün səsləri,
bütün tonları
özündə birləşdirən
küyün başlaması
bir olur. İndi onlar
bir yox, dörd nəfərdirlər
və bu xaotik musiqinin fonunda qəribə, nizamsız hərəkətlər
edirlər. Bu, rəqsi
də xatırladır,
dəlilik əlamətlərini
də, hətta deyərdim ki, insan yeyən qəbilələrin insanı
yeməzdən öncə
həyata keçirdikləri
ayini də...
Sonra başlayır
Don Kixotun, onun dostu Sançonun, sevgilisi Dulsineyanın və xidmətçinin macəraları. Yəni bildiyimiz, amma fərqli biçimdə şahidinə çevrildiyimiz
hadisələr...
Bir hissəli
tamaşada səhnələr
ayrı-ayrı idi. Hətta bəzi
səhnələr bir-birindən
o qədər uzaq idi ki, düşünürdün,
pərdə başlanacaq
və fasilədən
sonra tamaşanın növbəti hissəsi başlayacaq. Amma yox,
aktyorlar səhnədəcə
əyinlərini dəyişir,
bir obrazdan digərinə çevrilirdilər.
Onların bu geyinib-soyunma
prosesləri təkcə
paltar dəyişmək
deyil, yeni obrazını varlığına
"geyinmək" təsiri
bağışlayır. Bu prosesdə biz aktyorların
obrazlarını "soyunduqlarını"
da yaxşı sezə bilirik. Onlar bir səhnədən digərinə keçərkən
tamamilə özləşir,
hətta səhnədə
tamaşaçıların eşidə biləcəkləriylə
bilməyəcəkləri arasındakı səs səviyyəsində bir-biriylə
söhbət də edirlər. Pərdələr
bağlanmır, dekorasiya
dəyişmir, heç
kim səhnəni
tərk etmir. Amma səhnə bircə anda qəfil boşalır, sonra yenə o xaotik musiqi və aktyorların biçimsiz hərəkətləriylə başqa
bir hala düşür. Bu yerdə Vaqif İbrahimoğlu taktikaları,
YUĞ estetikasını xatırlamamaq
olmur. Rejissor aktyorla tamaşaçı
arasındakı sərhədi
darmadağın edir,
min illik teatrın
"pərdəarxasını", bir növ məhrəmini
yüzlərcə insanın
gözü önünə
sərir. Psixlik deyil,
bəs nədir?
Sonda isə bayaqdan nizamsız hərəkətlərinə təbəssüm
etdiyimiz, dəliliklə
psixlik arasında gedib-gələn, amma nə istədiyini və niyə istədiyini çox yaxşı bilib, buna sahib çıxan Don Kixot özüylə, eyni zamanda tamaşaçısıyla
baş-başa qalır. Onun bu mistik monoloqunda təkcə yel dəyirmanlarıyla vuruşan
Don Kixot yox, ideallarına sahib çıxan,
bu uğurda dəli, psix, yaramaz adlandırılan və cəmiyyətdən
kənarlaşdırılan bütün insanların ümumiləşdirilmiş obrazları
var. O da özünün
psix olduğunu qəbul edir. Amma bu psixlik bir
kimsəyə zərər
vururmu? Bu psixlik insanlara yaxşılıq
etmək, cəmiyyəti
zəlillərdən təmizləmək,
ziyanverici qüvvələrdən
arındırmaqdan başqa
nə pis iş görüb ki? Və bəli,
insan üçün
yanan cism ucalarda olmalıdır, onun yerdə, insanların arasında işi yox!
Yazının məlumatlandırıcı hissəsinə
keçmədən öncə
səhnə əsərinin
mükəmməl dekorasiyası,
işıq effektləri
və əsərin orijinalını xatırladan
geyimlərdən bəhs
etməsək olmaz. Burda peşəkar
rəssam işi olduğu göz önündə idi.
Deyərdim ki, əsəri bir az da uğurlu və baxımlı edən məhz bu idi.
Buna görə quruluşçu rəssam
Vüsal Rahimin əməyini qiymətləndirir
və təşəkkür
edirik.
Cəmi
bir saatlıq zaman müddətində bizi çox mətləblərdən agah
edən, Don Kixotu yenidən və fərqli tərzdə insanlara tanıdan tamaşada dahi bəstəkar, SSRİ Xalq
artisti Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən
istifadə edilib.
18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni, qeyd etdiyim kimi, rejissor Ər-Toğruldur.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edirdi. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxdılar.
Bu uğurlu
iş münasibətiylə adları
çəkilən və çəkilməyən, tamaşada zəhməti olan
hər kəsə təşəkkür edir,
oxucularımızı əsərin növbəti
nümayişlərini qaçırmamağa səsləyirik!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 5 may.- S.11.