"Əbədiyyətə qovuşan "Od oğlu"  

 

VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLAN XALQ ŞAİRİ FİKRƏT QOCANIN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

 

 

Bu gün, bədii yaradıcılığa başladığı ilk illərdən səs-küy yaratmağı bacaran, dövrünün "Vals", "Qatar", "Risk" kimi yenilikçi şeirlərini qələmə alan, son gününə qədər yazıb-yaratmaq eşqi tükənməyən, nəğmələri könüllər oxşayan Xalq şairi Fikrət Qocanın vəfatından bir il ötür. Bu bir il ərzində onun işıqlı xatirəsi daim öz qələm dostları, oxucuları, ümumən, poeziyaya dəyər verən insanlar tərəfindən yad edildi. Fikrət Qocanın sözlərinə yazılmış mahnılar konsertlərdə, radio televiziya verilişlərində səsləndikcə, şeirlərindən misralar yada düşdükcə siması göz önünə gəldi, bu dünyadan cismən ayrılsa da, ruhən bizimlə olduğu əyan oldu.

 

Fikrət Qoca vəfat etdikdən sonra söz adamları silsilə elegiyalar, anım yazıları qələmə aldılar. Xatirələrin yazıya köçürülərək əbədiləşdirilməsi həm şairin vəfatından doğan kədəri ovutmaq üçün idi. Azərbaycan Yazıçılar Birliyi tərəfindən Gülxani Pənahın tərtibatçılığı ilə işıq üzü görən "Əbədiyyətə qovuşan "Od oğlu" (Bakı, SkyG, 2022) kitabında həmin anım yazıları cəmləşib. Xalq şairinin vəfatının ildönümü münasibətilə çap olunan kitabda müxtəlif yazıçı, şair publisistlərin Fikrət Qocaya həsr etdikləri nisgilli yazıları yer alıb. Kitabda, eyni zamanda, Fikrət Qocanın yaradıcılığı şəxsiyyəti ilə bağlı sağlığında qələmə alınan yazılarla da tanış olmaq olar.

 

Kitabda cəmlənən yazılar öz məzmun strukturuna görə kövrək hissləri oyatmağı ümumilikdə mərhum şairin kamil portretini yaratmağı bacarır. Bu elegiyalar bir daha oxucuya Fikrət Qocanı ayrı çərçivələrdən izah edir. Dünyadan köçəndən sonra belə xatırlanmaq Fikrət Qocanın növbəti dəfə rəğbət qazanan şəxsiyyət kimi yad edilməsinə zəmin yaratdı. Görkəmli şairimiz Rəsul Rzanın bir şeirində deyildiyi kimi, "Vaxt var ikən elə yaşa, elə çalış, bir gün sən olmayanda hər kəsə aydın görünsün yerində qalan boşluq". Bu kitab Fikrət Qocanın vəfatından yaranan boşluğun aydın göründüyünə nişan verdi.

 

Onun dostu, sirdaşı, Xalq yazıçısı Anarın dəfndəki çıxışını, nitqindəki qəhəri xatırlayıram "Əbədiyyətə qovuşan "Od oğlu" kitabına yazdığı "Fikrətin səsi" adlı ön sözdə həmin nisgili hiss edirəm: "Neyləməli, dünya fani dünyadır, bir gün gələn, bir gün gedəsidir. Amma insan kimi yaşayan, şərəfli şair adına layiq ömür sürən, dostun güvəndiyi dosta güvənən bir şəxsiyyət kimi Fikrət Qocanın şeirimizdə , gündəlik həyatımızda da yeri həmişə görünəcək. Yerində qalan boşluğu həmişə hiss edəcəyik. Fikrət Qocanın şeirimizdən gələn gur səsi həmişə qulaqlarımızda səslənəcək..."

 

Akademik Nizami Cəfərov "Bədii sözün Fikrət Qoca miqyası" adlı yazısında şairin ədəbi-ictimai fikirdəki novatorluğu barədə söhbət açıb. O, qeyd edib ki, Fikrət Qoca ömür boyu gənclik missiyasını qoruyub. Əslində, çərçivələri qırmaq cəsarət tələb edir. Bu mənada, Nizami Cəfərovun toxunduğu məqamlar Rəşad Məcidin "Fikrət Qoca itkisi" yazısında da bir ayrı cür izah olunub. Rəşad Məcid Fikrət Qocanın cəsarəti barədə fikirlərini bölüşüb: bəli, Fikrət Qocanın cəsarəti yenilikçiliyinə dayaq oldu.

 

Azərbaycan Yazıçılar Birliyinin katibləri Səlim Babullaoğlu İlqar Fəhminin yazıları da insanda kövrək duyğular yaradır, sarı simə toxuna bilir. İlqar Fəhminin qələmə aldığı "Göy kişnər, bulud ağlar..." yazısı xatirələrin təcəssümüdürsə, Səlim Babullaoğlunun "Fikrət Qoca üçün elegiya" adlı yazısında xatirələrlə yanaşı onun şair kimi poeziyamızdakı yeri barədə fikirlər yer alıb. Şair Səlim Babullaoğlu yazır: "Adı dövrün məşhur rus şairləri, Yevtuşenko, Rojdestvenski ilə bərabər çəkilən Fikrət Qoca "getməyin müşkül olduğu" dövrlərdə dünyanı xeyli gəzmişdi, bəlkə taleyin ona verdiyi bu imkanla öz Qoca təxəllüsünü hələ gənc ikən təsdiq eləmişdi: çünki "təkcə çox oxuyan yox, həm çox gəzən çox bilər" deyiblər".

 

Fikrət Qocanın vəfatı ilə bağlı gənc qələm adamlarının vaxtilə mətbuatda yayımlanan yazıları da diqqət cəlb eləmişdi. "Əbədiyyətə qovuşan "Od oğlu" kitabında həmin yazılardan bəziləri yer alıb. Eminquey Akifin dəfndən "Rəşid Behbudov qollarını açıb Fikrət Qocanı qarşılayır" başlıqlı reportajı "Ədalət" qəzetində yayımlananda maraqla qarşılanmışdı: "Payızın gəlişinə, quşların gedişinə şeir yazan şairin hüzuruna gəlib - küləklər , yağışlar da, quşlar da. Ömrünün sonuncu yazını yola salmaq üçün. Fikrət Qoca bundan sonra torpağın altında cismani payızını yaşayacaq. Sağlığında yazdığı "Yatmadığım gecələrdə" əsərinə yenidən göz gəzdirəcək. Şairi yeni evində tək-tənha qoyub uzaqlaşırıq.Yağış kiriyir.

 

Rəşid Behbudovun qollarını açmış büstü. Kim istəməz ki, onu son mənzilinin baxçasında Rəşid Behbudov qarşılasın...

 

Pərvinin "Nəğmə ölümünə inanmıram" adlı yazısı, şair Fuad Cəfərlinin Fikrət Qocanın xatirəsinə həsr etdiyi "Səsi uzaqdan gələn adam" şeiri gəncliyin qocaman şairin ruhuna etimadıdır.

 

Kitabda "Fikrət Qoca böyük şəxsiyyətlərin gözündə kimdir?" adlı hissə xüsusi bölmə var. Rəsul Rza, Xəlil Rza, Anar, Bəxtiyar Vahabzadə, Qabil, Bəkir Nəbiyev, Ramiz Mirişli, Çingiz Abdullayev, Fikrət Sadığın Fikrət Qoca haqqında fikirləri yer alıb. Görkəmli alim Bəkir Nəbiyev vaxtilə yazırdı: "Şairin ən uğurlu şeirləri əslində keçdiyimiz yollar, dünənimiz, bu günümüz haqqında sənətkar təhkiyəsi, poetik nağıllardır. Onların sevinc doğuranları da var, kədərləndirən, düşündürüb-daşındıran, həyəcanlandıran nağıllar isə daha da çoxdur. Fikrət ağrılı problemlərdən danışmağı üstün tutan şairlərimizdəndir... F.Qocanın çox iti, dəqiq müşahidə qabiliyyəti var. Şeirləri belə bir fikri söyləməyə əsas verir ki, adamın bu üzünə baxanda o biri üzünü görür..."

 

İntiqam Qasımzadə, Elçin Hüseynbəyli Elman Eldaroğlunun Fikrət Qocanın yaddaşlarda necə qaldığı barədə düşüncələri kitabda yer alıb.

 

Kitabın "Fikrət Qoca sənətkarlığı" bölməsində şairin poetik sənətkarlığı, şeirlərində bədiiliyin gücü, məzmun forma məsələləri, şeirlərinin mövzu ideyaları barədə qələm adamlarının təhlilləri öz əksini tapıb. Elçin, İsa Həbibbəyli, Vaqif Yusifli, Nəriman Həsənzadə, Atacan Taqan, Gülxani Pənah, Gülnar Səma, Pərvin, Salatın Əhmədli, Rüstəm Kamal, Yaşar Qasımbəyli, Baba Babayev, Tahir Abbaslı, Sabir Rüstəmxanlı, Sabir Rüstəmoğlu, Əli Rza Xələfli, Qardaşxan, İsmayıl İlməzli Zümrüdün Fikrət Qocanın yaradıcılığı barədə ədəbi görüşləri oxuculara təqdim olunub.

 

"Xalq şairi Fikrət Qoca ilə fotosöhbət" adlı bölmədə şairin ömrünün müxtəlif anlarını əbədiləşdirən şəkillər dərc olunub.

 

Tərtibçi Gülxani Pənah kitabın sonunda şair haqqında düşüncələrini bölüşüb: "Qəlbimizdə həmişə yeri olan, hörmət ehtirama layiq olan, dünyasını dəyişən hər bir vətən oğlunun işıqlı xatirəsi qəlbimizdə yaşayacaq. Əbədiyyətə qovuşan, "alovlardan doğulmuşam" deyən Xalq şairimiz Fikrət Qocaya - "Od oğlu"na Allahdan rəhmət diləyirik.

 

Onun qəlbi Vətən sevgisiylə dolu idi. İşğal altında qalan torpaqlarımızın azad olunmasını gözləyirdi...bayraq tutan əllərə alqış deyirdi..."

 

Görkəmli şairimizə rəhmət diləyir, kitabın ərsəyə gəlməyində əziyyəti olanlara minnətdarlığımızı bildiririk!

 

Vəfatının ilk ildönümü ilə əlaqədar Fikrət Qoca bu gün I Fəxri xiyabandakı məzarı önündən anılacaq sözügedən kitabın təqdimat mərasimi keçiriləcək.

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2022.- 5 may.- S.10.