Milli istiqlalımızın atributu -
Ali Attestasiya Komissiyası
ALİ ATTESTASİYA KOMİSSIYASI -
30
(Əvvəli 22 və 29 aprel tarixli
sayımızda)
Sovet rejiminin "şinel"indən çıxaraq
yeni yaranan, beynəlxalq arenada ilk addımlarını atan
müstəqil respublikaların Ali Attestasiya Komissiyaları
Daşkənd şəhərində keçirilən ilk
müşavirədən (2-3.10.1992) sonra ikitərəfli
dövlətlərarası sazişlər bağlamaq modelini
prioritet hesab edirdi. Müşavirənin yüksəkixtisaslı
elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində
əməkdaşlıq haqqında protokolunda ikitərəfli
sazişlərin layihələrinin tezliklə
hazırlanması və təsdiqlənməsi nəzərdə
tutulurdu. Attestasiya sistemlərinin təkmilləşdirilməsində
milli konsepsiyaların, ixtisas nomenklaturalarının, elmi dərəcə
və ad iddiaçıları üçün əsas tələblərin,
müvafiq normativ aktların işlənilib
hazırlanılmasında, vahid elmi məkanın qorunub
saxlanılmasında davamlı məsləhətləşmələrin
tərəflər arasında keçirilməsi razılıq
hissi ilə qarşılanmışdır. Azərbaycan
AAK-nın sədri, akademik Azad Mirzəcanzadə 15.10.1992-ci il
tarixli, 23/92 saylı əmri ilə Orta Asiya türkdilli
respublikalarının Komissiyaları arasında əməkdaşlıq
sazişi bağlanması üçün Kimya-biologiya, tibb və
kənd təsərrüfatı şöbəsinin müdir
müavini Yaşar Məlikovu on gün (22-31.10.1992) müddətinə
Bişkek, Daşkənd və Alma-Ata şəhərlərinə
ezamiyyətə göndərdi. Bakıda
hazırlanan və Komissiya sədri tərəfindən
imzalanan ikitərəfli sazişlər ümumi xarakter
daşıyırdı və gələcəkdə yeni
müqavilələrin bağlanması üçün baza
prinsiplərini özündə əks etdirirdi.
Azad Mirzəcanzadə
İlin sonuncu ayında AAK sədri iki nəfəri -
Vaqif Qurbanovu və Rövşən Xəlilovu Komissiyaya dəvət
etməklə çox da böyük olmayan kadr
potensialını daha da gücləndirdi. Azad Mirzəcanzadənin
əmri ilə Vaqif Qurbanov (22.12.1992) Humanitar və ictimai elmlər
şöbəsinin rəis müavini, Rövşən Xəlilov
(01.12.1992) isə baş elmi katib vəzifələrinə gətirildi.
Rövşən
İbrahimxəlil oğlu Xəlilov (04.03.1952) Ucar rayonunun
Qazyan kəndində anadan olub, əvvəlcə Bakı
Dövlət Universitetində (1969-1972), sonra isə Moskva
Dövlət Universitetinin Fizika fakültəsində biofizika
ixtisası üzrə (1972-1976) təhsil alıb, həmin
universitetdə əyani aspiranturaya daxil olaraq elmi
araşdırmalarını (1976-1979) davam etdirmişdir. R.İ.Xəlilov 1979-cu ildə "Bitkilərin
fotosintezində paramaqnit mərkəzlər" mövzusunda
dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsinə layiq
görülüb. Elmi-pedaqoji fəaliyyətə
Bakı Dövlət Universitetinin "Biofizika və molekulyar
biologiya" kafedrasında (1979) assisentlikdən
başlayıb, bir müddət dosent vəzifəsində fəaliyyət
göstərib. O 1992-ci ilin may ayında Moskvada ekologiya və
biofizika ixtisasları üzrə doktorluq dissertasiyası
müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi
almışdır. Alimin tədqiqat sferasına
biofizika, molekulyar biologiya, radioekologiya, nanobiotexnologiya, maqnit
nanohissəcikləri və s. daxildir.
Rövşən
Xəlilov
Qırx
yaşlı elmlər doktoru Rövşən Xəlilov Azərbaycan
Nazirlər Kabinetinin qərarı ilə AAK-a baş elmi katib vəzifəsinə
göndərildikdən sonra o Komissiyanın Rəyasət Heyətinə
üzv seçilmiş, təşəbbüskarlığı,
işgüzarlığı, dürüstlüyü, həssaslığı,
məsuliyyət hissi ilə diqqəti cəlb etmişdir.
Ali Attestasiya Komissiyasının bütün
strukturlarının - intellektual, fədakar, cəsarətli və
mobil bir kollektivin timsalında 1992-ci ilin son altı ayında
görülən işlərin ümumi mənzərəsini
nəzərdən keçirdikdə AAK-çıların
qarşıya qoyduqları mühüm və zəruri məqsədlərə
əsasən nail olduqları qənaəti yaranır. Qurulan mexanizmlər,
güvənilən hüquqi və mənəvi prinsiplər
işlək hala gətirilir, işıqlı ideyalar gerçəkləşdirilir,
insani dəyərlər ön plana çəkilir, əsl elm
fədailəri, istedadlı tədqiqatçılar
stimullaşdırılırdı. Komissiya 1992-ci ili azsaylı uğurlar və böyük
ümidlərlə başa vurdu. Akademik Azad Mirzəcanzadənin
cəmiyyətdə artan şəxsi nüfuzu, təşkilatçılıq
istedadı, problemlərə yaradıcı yanaşmaq
virtiozluğu, bürokratik əngəlləri dəf etmək
qüdrəti, normativ-hüquqi aktların məramına
sadiqlik, əməkdaşlara qarşı qayğı, səmimiyyət
və tələbkarlıq Ali Attestasiya Komissiyasının
işgüzar imicini formalaşdıran incə və eyni
zamanda qabarıq cizgilər idi.
AAK Rəyasət
Heyətinin sayca 7-ci iclası 1993-cü il
yanvar ayının 8-də baş tutur. İclasın
sədri Azad Mirzəcanzadə, katibi isə Xubəli Əzizov
idi. Gündəlikdə professor və
dosent attestatlarının verilməsi, elmi ad
iddiaçılarının attestasiya sənədlərinə
baxılması, ekspert şuralarının tərkibi və
cari məsələlər yer alırdı. İclasda beş nəfərə professor, on bir nəfərə
dosent attestanının təqdim edilməsi yeni ilin ilk
iclasında xoş əhval-ruhiyyə yaratsa da digər məsələlər
üzrə müzakirələr gərgin keçmişdir.
Tarix elmləri
üzrə ekspert şurasının sədri, tarix elmləri
doktoru, AMEA-nın müxbir üzvü Mahmud İsmayılov
AAK Rəyasət Heyətinə bir dosentlik işi haqqında məlumat
verərək bildirmişdir ki, M.Ə.Rəsulzadə adına
BDU Elmi şurasının 21.09.1990-cı il tarixli qərarı
ilə Təbiət fakültələrinin Siyasi tarix
kafedrası üzrə dosent elmi adı almaq üçün
Xaqani Məmməd oğlu Məmmədovun attestasiya sənədləri
Komissiyaya daxil olmuş, ekspertin müsbət rəyi əsasında
Ekspert şurasının 1992-ci il 24 dekabr tarixli qərarı
ilə iş tövsiyə edilmişdir. Güman
etmək olardı ki, iki ildən artıq tarixə malik bir
dosentlik işi sonucda müsbət və yekdil qərarla təsdiqlənəcək.
Lakin belə olmadı. İddiaçının
nəşr işləri və xüsusilə elmi tədqiqatlarında
"Kommunist Partiyasının zəhmətkeşlərin əmək
tərbiyəsi sahəsində fəaliyyəti"
mövzusunda istiqlal məfkurəsi ilə daban-dabana zidd,
müstəqillik düşüncəsinə uyğun gəlməyən
araşdırmaları iclasda geniş müzakirəyə və
bəzi məqamda mübahisəyə səbəb olur. Əslində ziddiyyətlər iddiaçıya
münasibətdən daha çox Rəyasət Heyəti ilə
Ekspert şurasının bəzi üzvlərinin
baxışlarında, mövzuya yanaşma tərzində
özünü qabarıq büruzə verirdi. Emosional çıxışlara səsvermə təklifi
son qoydu. Beləliklə, iddiaçıya dosent elmi
adının verilməsi üçün RH üzvlərindən
lehinə-2, əleyhinə-6, bitərəf-5 nəfər səs
verdi. Qərara alındı
ki, "X.M.Məmmədova Təbiət fakültələrinin
Siyasi tarix kafedrası üzrə dosent elmi adı verilməsin".
Komissiya RH-nin gündəliyində növbəti məsələ
elm sahələri üzrə yeni ekspert şuralarının
yaradılması idi. Bu məsələdə təşkilatçılar
Nazirlər Kabinetinin 29.10.1992-ci il tarixli
(528) qərarı ilə təsdiqlədiyi "Ali Attestasiya
Komissiyasının Ekspert şurası haqqında" adlı
Əsasnaməyə söykənirdi. Məqsəd
elmi-pedaqoji kadrların attestasiyası, elmi dərəcə və
adların verilməsi sahəsində AAK RH-nə baxılmaq
üçün tövsiyələr hazırlamaq idi. Fizika-riyaziyyat elmləri üzrə ekspert
şurasının tərkibi 19 nəfərdən ibarət
idi. Şuranın sədri - fizika-riyaziyyat elmləri
doktoru, professor, Az.EA-nın müxbir üzvü Abdulla Muxtarov,
sədrin müavini - fizika-riyaziyyat elmləri doktoru, professor
Əli Novruzov və elmi katib - fizika-riyaziyyat elmləri doktoru,
professor Faiq Əhmədov seçilir.
Texnika
elmləri üzrə ekspert şurasının sədri -
texnika elmləri doktoru, professor, Az.EA-nın müxbir
üzvü Ağadadaş Əliyev, sədr müavini - texnika
elmləri doktoru, professor Sabir Babayev, elmi katib - texnika elmləri
doktoru, professor Həsən Feyziyev, Energetika, hesablama
texnikası və avtomatlaşdırma elmləri üzrə
ekspert şurasının sədri - texnika elmləri doktoru,
professor, Az.EA-nın müxbir üzvü Telman Əliyev, sədrin
müavini - fizika-riyaziyyat elmləri doktoru, professor Asəf
İsgəndərov, Yer elmləri üzrə ekspert
şurasının sədri -geologiya-mineralogiya elmləri
doktoru İbrahim Quliyev, sədrin müavini - texnika elmləri
doktoru, professor Fuad Vəliyev, Biologiya və kənd təsərrüfatı
elmləri üzrə ekspert şurasının sədri -
biologiya elmləri doktoru, akademik Musa Musayev, sədrin müavini
- biologiya elmləri doktoru, professor Tofiq Məmmədov, Kimya
elmləri üzrə ekspert şurasının sədri - kimya
elmləri doktoru, Az.EA-nın müxbir üzvü Ramiz Rzayev, sədrin
müavini - kimya elmləri doktoru, professor Məhəmməd
Babanlı, İctimai elmlər üzrə ekspert
şurasının sədri - iqtisad elmləri doktoru, professor
Vahid Axundov, sədrin müavini - hüquq elmləri doktoru,
professor, Az.EA-nın müxbir üzvü Məsumə Məlikova
təsdiq edilir.
Humanitar
elmlər üzrə ekspert şurasının sədri - tarix
elmləri doktoru, professor, Az.EA-nın müxbir üzvü
Mahmud İsmayılov, sədrin müavini -filologiya elmləri
doktoru, professor, Az.EA-nın həqiqi üzvü Kamal
Talıbzadə, üzvlər - Şeyxülislam
Allahşükür Paşazadə, Tofiq Hacıyev, Rasim Əfəndiyev,
Əkbər Bayramov, Azadə Rüstəmova, Pənah Xəlilov,
Cahangir Qəhrəmanov, Şamil Fətullayev, Qorxmaz Quliyev,
Vaqif Aslanov, Əziz Əfəndizadə, Elmira Muradəliyeva və
b. seçilir və təsdiqlənir.
Tarix, filologiya, pedaqogika, psixologiya, memarlıq və sənətşünaslıq
elm sahələrini özündə ehtiva edən Humanitar elmlər
üzrə ekspert şurasının tərkibi
göründüyü kimi görkəmli alimlərdən,
nüfuzlu ictimai xadimlərdən ibarət idi. Onlara SSRİ
AAK-dan miras qalmış mübahisəli işlərə milli
dövlətçilik prizmasından yanaşmaq və dəyər
vermək qalırdı. Moskvadan geri qaytarılmış
və respublikada ciddi səs-küyə səbəb olan
dissertasiya işlərindən biri də Fəridə Məmmədovanın
"Qafqaz Albaniyasının siyasi tarixi və tarixi
coğrafiyası" mövzusunda yazdığı, tarix elmləri
doktoru alimlik dərəcəsi almaq üçün 1987-ci ildə
müdafiə etdiyi, beş il müddətində
təsdiqini ala bilmədiyi tədqiqat işi idi.
Albanşünas alim F.C.Məmmədova SSRİ EA Şərqşünaslıq İnstitutunda (indiki Sankt-Peterburq) təcrübə keçmiş (1962-1969), qədim fars (mixi yazı), qədim erməni (qrabar) və qədim gürcü dillərini öyrənmiş, "Musa Kalankatlının "Albanların tarixi" Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi" (1971) mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. O vaxtlar elmi və elmi-pedaqoji müəssisələrin kulisində onun doktorluk işinin təsdiqinə ermənilərin və ermənipərəst rus alimlərinin maneəçilik törətdiyi tez-tez vurğulanırdı. Bu dissertasiya ilə bağlı Azərbaycanın mötəbər tədqiqatçılarından bəzilərinin razılaşmadığı məqamlar da az deyildi. Bununla belə müdafiədən beş il sonra Az.EA Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasının vəsatəti ilə Fəridə Cəfər qızı Məmmədovanın vətən tarixi ixtisası üzrə doktorluq dissertasiyasına AAK Rəyasət Heyətinin 19.02.1993-cü il tarixli iclasında (protokol ¹ 11) baxılmışdır. Ekspert şurasının sədri Mahmud İsmayılov RH üzvlərinə məlumat verərək bildirmişdir ki, dissertasiya keçmiş SSRİ Ali Attestasiya Komissiyasına təqdim olunmuş, lakin siyasi motivləri əsas götürərək yenidən işlənmək üçün şuraya qaytarılmışdır. İndiki siyasi şəraitdə - Azərbaycan Respublikasının müstəqilliyi dövründə bu siyasi motivlər öz aktuallığını itirdiyindən dissertasiyanın yenidən baxılmasını tövsiyə edirik.
RH-nin üzvlərindən prof.Süleyman Əliyarlı və prof. Yaşar Qarayev çıxış edərək tədqiqat işini müsbət dəyərləndirdilər və dissertasiyanın təsdiq olunmasını təklif etdilər. Humanitar elmlər üzrə ekspert şurası sədrinin müsbət rəyi və Komissiya üzvlərinin yekdilliklə işin lehinə səsverməsi nəzərə alınaraq Rəyasət Heyətinin qərarı ilə Fəridə Cəfər qızı Məmmədova vətən tarixi ixtisası üzrə tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
(Ardı var)
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2022.- 6 may.- S.13;16.