Xəzan vurmuş gül
bağçası
Sən
bugün yarpaqlarını tökmüş ağac kimisən.
Xəzan vurmuş gül bağçanı. Yox... Yox... Hələ
keçməyəcək. Bundan daha ağrılı, daha
şiddətli göynəyəcək sol yanın. Daha
sancılı inciyəcək ruhun. İniltin ərşə
çəkiləcək, göz yaşların yanağında
yurd salacaq. İçində tufanlar, fırtınalar baş
qaldıracaq. Dənizin ortasındakı gəmin
parça-parça olacaq. Dünyan qaranlığa qərq
olub, gündüzün gecəylə sonlanacaq. "Niyə"lər
səni zindana salacaq.
Bəli,
bu, sənin gerçəklərlə üzləşdiyin ən
ağır imtahanındır. İtirdiyin illər
ağlayır, ən gözəl günlər ağlayır.
Qapqara yas tutub xatirələr. Kirlənib hər gözəl
cümlələr. Bir köz düşüb ürəyinə
XƏYANƏT adlı. Sənəmi? Yoxsa axıb gedən
ömrünə? Sanki heç olmamısanmış kimi davam
edən günlərinəmi? Nədir daha çox incidən səni?
Üzləş.
Səni çarmıxa çəkən suallarla. Toxunmağa
belə qıymadığın xatirələrlə üzləş.
Amma ən dəhşətlisi yaşadıqlarınla üzləş.
Yalanları sürətli keç ki, xəyanətin
hesablaşması daha ağrılı olacaq. Nə təsəllisi
var bunun, nə təlafisi. Xəyanət bağışlanarsa,
ucuzlaşar sədaqət.
Payızdan
qışa keçəndə daha möhkəm ol. Qabıq dəyişəcək
hisslərin. Dəli bir aşiqdən buzdan heykələ
çevriləcək. Baxınca alov çıxan gözlərin
zülmətə dönəcək. Bu qış səni səndən,
xatirələri beynindən, sevgini ürəyindən alacaq.
Canından can qopacaq. Burax qopsun, dəyişsin
duyğularının dərisi, yenilənsin ürəyin.
Qarşıdan gələn bahar üçün şumla
torpaqları.
Utanma
ağla, doya-doya çək dərdini. İztirabını, əzabını
sıxılmadan sonuna kimi yaşa. Hıçqıraraq deyil,
qışqıraraq ağla. Qorxma, axıb gedən təkcə
göz yaşların olmayacaq. Gözlərindən
yağmurlar nə qədər çox leysan olarsa
göyqurşağın bir o qədər parlaq olar.
Və
tezliklə... Bahar qapını döyəcək. Və sən
yenidən 18 yaşının baharını
qarşılayacaqsan. Daha dəlicə, daha
çılğın. Ürəyin əvvəlkindən daha
şiddətli döyünəcək. Solun öncəkindən
daha dərin sevəcək. Gözlərində bu dəfə
alov deyil, məşəl qalanacaq. Beynin, ağlın, ürəyin
bir birinə qarışaraq ətrafında kəpənəklər
uçuşacaq.
Səncə,
bu baharı gözləmək üçün payızın
xəzanına, qışın ayazına dözmək
olmazmı? Dəyməzmi səncə?
Heç
bir ağrını, sancını xalçanın altına
süpürmə. Nə qədər çox iztirabını
qəbullansan bir o qədər tez unudular keçmiş.
Keçmiş keçib getmişdir. Arxasınca baxmağa dəyərmi?
Sən kimsəni itirmədin. Tanrı sənə layiq
olmayanları çıxardı həyatından. Unutma,
Tanrının səninlə bağlı daha gözəl
planları vardır. Əlindəki gümüşü
itirdim deyə sızlanmaqdansa, qızıla
çatacağın günləri saymağa başla.
İndi
isə kürkçü dükanını bağla ki
tülkülər yolunu azsın. Keçmişin
darvazalarını bağlamağa hazırsanmı? Gələcək
daha günəşli gələcək. Sən itirdiklərinə
şükür et ki,qazandıqların səni sevindirsin.
İndi isə özünə bir yaxşılıq et.
Keçmişə aid nə varsa, sıfırla beynində.
Unutma, sən xatırlamaq istəmədiyin heç nəyi
beynin sənə yükləməz. Hər şey səninlə
başlayar.
Sabah təşəkkür edəcəksən. Bugün səni üzənlərə, yalanı yalana düzənlərə. Üz çevirib gedənlərə. Gözün baxa baxa ömrünü yeyənlərə. Sabahkı güclü insanın memarı olan hər kəsə elə indidən təşəkkür et. Yaxşı ki, üzdülər, yaxşı ki,yıxdılar, yaxşı ki, itələyib sürüdülər. Sən ağlarkən güldülər. Üzgünkən sevindilər. Onlar olmasaydı, sən bu qədər güclü olmazdın. Hər şərdəki xeyri götür və gələcəyin qapısını döy. Gün eynəyini unutma. Qapı açılınca şəfəqlər gözünü yaşartmasın.
Hər şey keçəcək, ən zifiri
qaranlıq belə aydın sabaha çevrilir. Ən şiddətli
yağışlar belə göyqurşağı ilə
sonlanır. Ən fırtınalı dəniz belə sakit
limanın sahillərini ürkəkcə yuyur. Səncə, dəyərmi
incəcik göz qapaqlarını yaş tökülsün
deyə incitməyə? Güzgüdəki möhtəşəm
insana xoşbəxt bir gələcək borcun var.
Hazırsanmı qaytarmağa?
Leyla CAMAL
525-ci qəzet.- 2022.- 7 may.- S.24.