“Şuşa
milli geyimləri” adlı virtual sərgi açılıb
Şuşa – Azərbaycanın tarixi mədəniyyət mərkəzi,
Qarabağın baş
tacı və hərbi-strateji əhəmiyyətə
malik qədim şəhərdir. Şuşa Azərbaycanın bəlkə
də yeganə diyarıdır ki, xalqımız və ölkəmiz üçün
bu qədər tarixi şəxsiyyətlər,
incəsənət xadimləri
yetişdirib: Üzeyir
bəy, Bülbül,
Rəşid Behbudov, Əfrasiyab Bədəlbəyli,
Soltan Hacıbəyov,
Vaqif, Xan Şuşinski, Yusif Vəzir Çəmənzəminli,
Cabbar Qaryağdıoğlu
və yüzlərlə
digər belə böyük şəxsiyyətlərin
vətənidir. Bu yurd
yerimiz, Azərbaycan xalqına bu cür dühalar, tarixi şəxsiyyətlər,
incəsənət xadimləri
bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz.
Kitabxanadan 525.az-a verilən məlumata
görə, Şuşa
xalqımızın varlığını
özündə yaşadan
tarixi, mədəniyyət
abidələri, o cümlədən
geyim mədəniyyəti
ilə də zəngindir. Azərbaycanın milli geyimləri
uzun sürən və çox mürəkkəb inkişaf
yolu keçmiş olan xalq maddi
və mənəvi mədəniyyətinin nəticəsidir.
Xalqın tarixi ilə
möhkəm bağlı
olan geyimlər, onun mədəniyyətini
öyrənmək üçün
qiymətli mənbələrdən
biridir.
Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının
bədii xüsusiyyətləri,
onların müxtəlif
halda formalaşmaları,
bədii bəzək naxışları, toxuculuq
xalq geyimində öz əksini tapmışdır.
Hər bir xalqın milli-mənəvi
və maddi dəyərləri onun milli sərvətidir. Ümummilli Liderimiz
Heydər Əliyev Cənabları dönə-dönə
qeyd edirdi ki, “milli ideologiyamızın
əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir.
Biz öz milli-mənəvi
dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz
əsrlər boyu xalqımızın həyatında,
yaşayışında formalaşıbdır,
xalqımızın fəaliyyətində
formalaşıbdır. Milli-mənəvi dəyərləri
olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Azərbaycanın, eləcə də
onun ayrılmaz tərkib hissəsi olan Qarabağın geyim mədəniyyəti də bizim milli-mənəvi
və maddi dəyərlərimizin bir
tərkib hissəsidir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən “Şuşa milli geyimləri” adlı virtual
sərgi hazırlanıb. Virtual sərgidə
Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri
əhalisinin XIX əsr geyim mədəniyyəti,
onun təsnifatı, əyani-vizual
görüntüləri və qısa tarixi
öz əksini tapıb.
525-ci
qəzet.- 2022.- 7 may.- S.24.