“XIX əsr
Qarabağ şairlərinin
şeir antologiyası”ndan
incilər...
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 5 yanvar 2022-ci il
tarixli Sərəncamı
ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla
əlaqədar, Şuşanın
- zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış
şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış
etmək niyyətindəyik.
Bu məqsədlə həmin dövrün bir sıra ədibləri
barədə yığcam
bilgiləri və əsərlərindən nümunələri,
"XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyasından" rubrikası
altında, dəyərli
"525-ci qəzet" vasitəsilə
diqqətinizə çatdırırıq.
***
Baba bəy Şakir
Azərbaycan ədəbiyyatında ictimai
satiranın formalaşması
və ərsəyə
gəlməsində xüsusi
xidməti olan Baba bəy Məhəmmədəli
bəy oğlu Cavanşir 1761-ci ildə Şuşada anadan olmuş və 1845-ci ildə orada da vəfat etmişdir. Onun Babası
Fəzləli bəy Pənahəli xan Cavanşirin böyük qardaşı idi. Lakin xan nəslindən olmasına baxmayaraq, onun güzəranı o qədər də xoş keçməmiş,
ehtiyac içərisində
yaşamışdır. O, müasiri və qohumu Qasım bəy Zakirlə yaxın dost və sirdaş olmuşdur. Onların yaxınlığının əsas
səbəbi xarakterlərinin
oxşarlığı, hər
ikisinin mərd, qorxmaz və sözübütöv olmalarından
ibarət idi. Bu səbəbdən əksər dönəmlərdə
onların düşmənləri,
tənqid hədəfləri
də eyni olmuşdur. Zakirin Baba bəyin vəfatı
münasibətilə yazdığı
maddeyi tarixi bu dostluğun bariz nümunəsi hesab etmək olar.
Baba bəy Şakirin
əlimizdə olan əsərləri təsdiq
edir ki, o, həm lirik və həm də satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, bir çox müasirləri kimi onun şeirləri də tam şəkildə
gəlib bizə çatmamışdır. Burada təqdim olunan nümunələr şairin 1985-ci ildə nəşr edilmiş
"Seçilmiş əsərləri"ndən
(Tərtib edəni Fərhad Yəhyayev), AMEA
ƏYİ-nin arxivində
mühafizə olunan
F-2, s.v.418 şifrli əlyazmasından,
B-1369/7062 şifrli cüngdən
və M.Müctəhidzadənin
1910-cu ildə əski
əlifba ilə İstanbulda nəşr etdirdiyi "Riyazül-aşiqin"
əsərindən götürülmüşdür.
Cəfərqulu xan Nəva
Cəfərqulu xan Məhəmmədhəsən
ağa Nəva təqribən 1780-ci ildə
Şuşa şəhərində anadan
olmuş və orada mükəmməl saray təhsili almışdı. Onun atası
Məhəmmədhəsən ağa İbrahimxəlil xanın sevimli övladı və vəliəhdi idi. Lakin o, 1805-ci
ildə vəfat etdiyi üçün xan üçüncü oğlu Mehdiqulu xanı vəliəhd təyin etdi. Bu hadisə 25-26 yaşlarında
olan Cəfərqulu ağaya ciddi təsir etdi və babasının ölümündən sonra
uzun müddət əmisi Mehdiqulu xanla hakimiyyət uğrunda mübarizə apardı. Bunun nəticəsi olaraq
o, tutulub əvvəlcə
Simbirski, sonra isə Sankt-Peterburqa sürgün edildi, 1929-cu ildə vətənə qayıdıb firavan bir həyat sürdü. Qarabağın ən böyük mülkədarlarından olan
Cəfərqulu xanın
mahallarda yüzə yaxın oba və kəndi var idi.
Sürgündə olarkən rus dilini öyrənən Cəfərqulu xan vətənə açıq
fikirli bir ziyalı kimi qayıtmışdı. Mirzə Fətəli
Axundzadənin Qarabağda
dostluq və əməkdaşlıq etdiyi
şəxslərdən biri
də Cəfərqulu
xan Nəva idi. O, "Arif",
"Xan", "Nəva"
təxəllüsləri ilə
şeirlər yazıb.
Lakin onun şeirlərinin çox az bir hissəsi indiyə çatıb.
Cəfərqulu xan Nəva 1867-ci ildə vəfat etmiş və digər əcdadları kimi Ağdamda yerləşən "İmarət"
adlı xan ailəsi qəbiristanlığında
dəfn olunmuşdu.
Aşağıdakı şeir
örnəkləri AMEA ƏYİ-də saxlanan
əlyazmalardan götürülüb.
Raqub
KƏRİMOV
Filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2022.- 7 may.- S.23.