Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Napoleon çox xoşbəxt idi, lakin sonralar nə
baş verəcəyini düşünmək də istəmirdi. Həmyerlilərinin belə
bir zərb-məsəli vardır: "Kişini qadın
yaradır, həm də onu məhv edir". Napoleon
dörd ildən sonra taxt-tacdan əl çəkməli oldu,
Mariya-Luzia isə Vyanaya qayıtdı və öz favoriti olan
generaldan əvvəlcə qız, sonra oğlan doğdu və
əri sürgündə 1821-ci ildə öləndən sonra
həmin adama rəsmi qaydada ərə getdi.
Napoleon qadın düşkünü idi, ona görə
də deyirdilər ki, onun "Axilles dabanı" başqa
yerindədir.
Rejissor
Ruhiyyənin marağını hiss edib, dedi ki, biz sənətimizdən
irəli gəldiyindən çox danışırıq və
bəzən də xətalara yol veririk. Danışmamaq
daha yaxşıdır, onda özünü səhvlərdən
qoruyursan. O dedi ki, söhbətimdə əgər
çılpaqlığa yol verirəmsə, xahiş edirəm,
bunu striptiz əlaməti kimi qəbul etməyəsiniz.
Ruhiyyə
cavab verdi:
- Bədənin
lüt çılpaqlığı qəbahət sayılsa
da, sözün çılpaqlığı fikri gizlətməmək
məqsədini güdür. Ona görə də
sözlərinizdən qətiyyən incimirəm.
Rejissor
ürəklənib dedi:
- Sizin
gözləriniz çox gözəl olduğundan, onların dərinliklərində
mən batıram və bunu bir yüksəlmək fürsəti
hesab edirəm.
Ruhiyyə
dedi:
- Mənə
komplimentlər deyilməsinə öyrənməyə
özümü məcbur etmişəm, belə sözü isə
birinci dəfədir eşidirəm. Hər halda
yaradıcı insanın, sözlə alət kimi işləyən
bir adamın dilindən bunu eşitmək mənə
xoşdur, mahiyyətində hətta müəyyən
şübhə elementi gizlənsə də. Siz söz
adamları qadınla danışanda da özünüzü
döyüşdə hiss edirsiniz və hətta onda həlak
olmaqdan da qorxmursunuz. Mənə gəldikdə,
mənimlə vuruşmaq o qədər də çətin
deyildir, çünki bu döyüşdə sizin
üçün məğlub olmaq, həlak olmaq qorxusu da
yoxdur.
Rejissor
dedi:
- Yox, siz
məni lap Rüstəm-Zala bənzədirsiniz, guya hansı
döyüşə girsəm, ondan qalib çıxacağam.
Çünki əfsanəvi pəhləvanın
başının tükləri də nizələrə
çevrilib, düşməni məhv edirdi. Mənim imkanlarımı qeyri-adi dərəcədə
şişirdirsinizsə, mən bunu həm də bir istehza
növü kimi də qəbul edə bilərəm. Sizin malik olduqlarınızın kiçik bir hissəsini
mən dilə gətirirəmsə, bunu mübaliğə
kimi qəbul etmənizlə isə heç cür
razılaşmıram. Şekspirin Kleopatra barədə
dediyi "Age cannot wither her"- "Yaş onu soldura bilməz"
kəlməsini 30-40 il sonra da sizin
haqqınızda söyləyən adam heç də səhv
etməyəcəkdir.
Ruhiyyə
rejissorun söylədikləri ilə razılaşmayanda,
onların ziyadə qaydada şişirdilməsi ifadəsini
dilinə gətirdikdə, həmsöhbəti qəti
etirazını bildirdi:
- Əsla yox, düşündüklərimi deyirəm,
heç bir riyakarlığa yol verməməyə
çalışıram. Məni çox da
qınamayın, ən ağır cəza qarşısında
da sizə bəslədiyim hissləri gizlədə bilməyəcəyəm.
Ruhiyyə
onun hazırcavablığı qarşısında acizliyini
göstərmək istəmirdi:
- Sizinlə
polemikaya girmək də çətindir, siz Şekspirin,
Şillerin, Qoqolun, Cəlil Məmmədquluzadənin istifadə
etdikləri söz qılıncı ilə silahlanmış
adamsınız, siz heç zərbə endirmədən də,
həmin silahın köməyi ilə istənilən həmsöhbətinizi
susdura bilərsiniz. Sizinlə tanışlıq
və söhbət mənə xoş təsir
bağışladı, ancaq mən tələsirəm, icazənizlə
sizi tərk etməliyəm.
Rejissor
özünün görüşdən çox razı
qaldığını bildirməklə yanaşı, ondan
telefon nömrəsini istədi ki, tamaşalarına baxmağa
dəvət etsin, həmçinin, televiziyada nümayiş
etdiriləcək quruluşlarının göstərilməsini
əvvəlcədən xəbər versin. Ruhiyyə
nömrəni vermək istəmədi, bunu onun
yaradıcılığına laqeyd münasibət hesab edəcəyinə
görə rəqəmləri sadaladı. Rejissor həmin
nömrəyə zəng etdi və Ruhiyyəyə dedi ki, mənim
də nömrəm sizdə vardır. Əgər
bir ehtiyac yaransa, zənginizə sevinclə cavab verəcəyimə
indidən söz verirəm.
Onlar xoş qaydada xudahafizləşdilər.
Ruhiyyə
varlanmağa aludə deyildir
Rəfiqələri onu məzəmmət edirdilər ki,
sənə belə təkliflər olur, sən onları rədd
edirsən, özü də tənhalığından
şikayətlənirsən. Bunu heç cür
başa düşmək olmur, qızlar, cavan dul gəlinlər
arzu edərdilər ki, onlarda da olan boşluq səninki tək
dolaydı, onlara da tam sevgi etiraflarıyla dolu təkliflər gələydi.
Ruhiyyə onlara cavab verirdi ki, sizin məntiqlə
yanaşdıqda, mən özümü guya baha qiymətə
satmaq istəyirəm, bəziləri elə
düşünür ki, mən varlı bir namizəd
axtarıram ki, az sayda qadınlara məxsus olanları mən də
görüm, ömrümün qalan hissəsini var-dövlət
içərisində yaşayım. Siz səhv
edirsiniz. Mənim oğlumla birlikdə
ortabab qaydada yaşamağım üçün maddi
imkanım vardır və ondan da artığına göz
dikmirəm. Ərimin bir qohumu yaxşı vəzifə
hesabına qısa müddətdə çox
varlanmışdı, Londonda arvadının adına
ev almışdı, Şüvəlanda özünə iri
bağ evi tikdirmişdi. Birdən-birə hər
şey alt-üst oldu, dövlətə milyardlarla dollar zərər
vurulduğuna görə onu həbs etdilər. Böyük Britaniya paytaxtının məhkəmələri
də arvadından əl çəkmir, evi hansı vəsaitə
aldığı ilə, hansı gəlirlərin hesabına dəbdəbəli
həyat sürdüyünün, bahalı şeylər
aldığı pulların mənbələri ilə
maraqlanır, onu rahat buraxmırlar. Advokatlara
da olduqca böyük xərc çəksə də, məhkəmə
sorğularından yaxasını qurtara bilmir.
Məhkəmə təqibləri ən məşhur
adamları da boğaza yığır. Riçard
Nikson impiçment qorxusu altında ABŞ prezidentliyindən
istefa verdikdən sonra Uotergeyt işinə görə o qədər
məhkəmələrə çəkilirdi ki, bütün
vəsaitini vəkillərə haqq kimi xərcləmişdi.
Memuarında yalnız dünya şöhrətli
kardiocərrah Maykl Debeykidən razılıq edirdi ki, o, yeganə
insan idi ki, mən xəstə vəziyyətdə
Kaliforniyadakı rançomda istirahət edəndə ondan
teleqram aldım. Professor yazırdı ki, Texasdakı
Hyustonda öz klinikasında onu pulsuz müalicə etməyə,
cərrahi əməliyyat aparmağa hazırdır, heç
bir xərciniz çıxmayacaqdır, öz təyyarəmi
sizin dalınızca göndərəcəyəm, xəstəxanadan
sonra həmin təyyarə ilə evinizə
qayıdacaqsınız. Keçmiş prezident yazır ki, bu nəcib
adamla mən tanış deyildim,
bütün tanışlarımdan fərqli olaraq
könüllü qaydada mənə köməklik təklif
etdiyinə görə mən ömrüm boyu ona minnətdar
olacağam. Həmin Debeyki SSRİ-yə gəlib,
Elmlər Akademiyasının prezidenti M.V.Keldış üzərində
də təmənnasız ağır cərrahiyyə əməliyyatı
aparmışdı.
Bizim qohumumuzun hesabına çoxları
varlanmışdı. Lakin ona heç kəs kömək əlini
uzatmadı, heç həbsxanada yanına da gedilmir, ona ərzaq
sovqatı da göndərilmir. Bu da dəbdəbəli
həyatın sonu. Hüseyn mənə müəyyən
maddi miras da qoyub getmişdir, mənim üçün ən
qiymətli irs onun xatirəsidir, həyatımda
buraxdığı izlərdir. Mənim tənhalığım
da bundadır, Hüseynin yoxluğundadır. Bəlkə də, mən yenidən ərə gedəcəyəm,
bilmirəm bu nə qədər uğurlu olub-olmayacaqdır.
Bircə onu bilirəm ki, həyatıma,
başımın üstünə Hüseyn adlı günəş
bir daha doğmayacaqdır. Mən aktrisa
deyiləm ki, bir roldan başqasına asanlıqla keçəm,
çünki tamaşaçılar ondan bunu istəyirlər.
Mənim isə ən tələbkar
tamaşaçım, iddiaçım mənim Hüseynə məhəbbətlə
dolu olan könlümdür, onun yoxluğundan
addımbaşı sıxılan ürəyimdir.
Mən gizlətmirəm, şəxsən özümə
və həm də başqaları vasitəsilə evlənmək
barədə müxtəlif adamlardan israrlı təkliflər
alıram və bilirəm ki, bu, onların səmimi istəyidir. Bəlkə də, onlar,
daha doğrusu, onlardan biri məni bütün
varlığı ilə sevəcəkdir, lakin bir azdan sonra o,
peşman olacaqdır, öz sevgisinə cavab verilməməsi,
istəklərinin puç olması, havaya sovrulması onu əsəbiləşdirəcək
və nəhayət, səhv etdiyi qənaətinə gələcəkdir.
O, məni günahkar hesab etməkdə də haqlı
olacaqdır. Əgər evlənəndən
sonra da ona soyuq münasibət davam edəcəksə, bu,
formal ittifaqdır, könüllərin, ürəklərin
birləşməsi, bir-birini həqiqi mənada anlaması
deyildir. Yaxşı, mən fiziki məhəbbətə
girməkdən, onunla intim yaxınlıqdan imtina etmirəm,
lakin bir təcrübəli kişi kimi
başa düşür ki, mən onun ehtirasına cavab vermirəm,
onun qızğın hisslərinə qarşı könül
karlığı göstərirəm. Qədim
yunan dramaturqu Esxil cinsi münasibətləri "budların
müqəddəs yoldaşlığı"
adlandırırdı, axı bu, yalnız fiziki
yaxınlıqdır, könül yaxınlığı
deyildir. Mən ərlə arvadı
bir-birinin ayrılığına dözməyən məşuq
və məşuqə hesab edirəm. Onlar
ən azı ilk dövrlərdə birgə ehtiras vulkanı
püskürtməlidir, axı hansısa bir ailə intim
yaxınlıq barədə məmnunluq tapmırsa, bir qədər
sonra dağılacaqdır.
Ona görə də sakit hava birdən dəyişilib, hətta
ağır əşyaları göyə qaldırır,
tornado da əmələ gəlir və ondan qaçıb
qurtarmaq o qədər də asan olmur. Hamı ailə qurur ki, kənar təzyiqlərdən
azad olub, qarşılıqlı vurğunluğa əsaslanan
bahar havası ilə nəfəs alsın, təsəvvüründə
hər şeyin canlandığını,
yaşıllığa büründüyünü,
ağacların, kolların çiçək
açdığını, ağ,
qırmızı rəngə büründüyünü
hiss etsin.
Yaponlar sakuranın martın axırında, aprelin əvvəlində,
ölkədə iqlim en dairələrində müxtəlif
olduğundan fərqli dövrlərdə çiçəklənməsini
həsrətlə gözləyir, bu qısa müddətli mənzərədən
böyük həzz alırlar. Yaponiyada sakuranın
çiçəkləməsinə tamaşa edilməsi rəmzi
xarakter daşıyır. Bu, ölkənin,
xalqın sarsılmaz ənənələrindən birdir.
Yabanı albalı ağacı olan sakuranın
burada 300 növü vardır. Öz təmizliyinə,
mükəmməlliyinə və sadəliyinə görə
və həm də zərif rənginə görə ən
populyar olan bir növ bütün başqalarından
seçilir. Sakura çiçəyi
efemerliyinə görə də fərqlənir, ancaq bir
neçə günlüyə açılır. Yapon klassik ədəbiyyatı bu çiçəyin
açmasını, budaqdan tökülməsini və ölməsini
bütünlüklə təsvir edir. Bu
qısa müddətli mövcudluq dövründə xalq
kütləsi həmin füsunkar mənzərəyə
heyranlıqla tamaşa edir və bu, "fəlsəfə
cığırı" adlanır. Təsadüfi
deyildir ki, Yaponiya Vaşinqtona çox sayda bu qiymətli
ağacı bağışlamışdır və onlar
çiçəkləyəndə Potamak çayının
sahilindəki küçələrə xüsusi gözəllik
verir.
Cavan qızlar, oğlanlar da öz sakuralarının çiçəklənməsini - nikahda birləşməyi səbirsizliklə gözləyir, onu özünün xoşbəxtlik simvolu hesab edirlər. Lakin bəzən aldandıqlarından, onun da ömrünün sakura çiçəyi kimi qısa olduğunun, xoş anların həmin çiçəklər kimi ayaqlar altına töküldüyünün şahidi olduqda, bədbəxtliyin gətirdiyi şaxtanın onların bədənlərini, könüllərini dondurduğunu dadmalı olurlar. Bir vaxtlar Avropanı ağır sınaqlara çəkən, onun flora və faunasına ciddi zərbə vuran Buz dövrünün indi onların özlərinin üstünə qayıtdığını güman edirlər. Bir az əvvəlki hərarətdən, mehribanlığın, səmimiliyin yaratdığı atmosferdən adi bir nişanə də qalmır, hər şey bir andaca yoxa çıxır, fırlanan səhnə kimi yaranan mənzərə dəyişməyə məruz qalır, miras qalan butaforiya - kəbin kağızı da öz əhəmiyyətini itirir. Dünənə qədər sevinc məkanı kimi sayılan ağuş buz soyuqluğunu qəbul etməklə, bu aysberq tale "Titaniki"ni məhv edir. Axı ondan fəlakətdən başqa heç nə gözlənilmir də.
Əvvəllər cavan ər-arvad bir-birlərinin səsini eşitməkdən ehtizaza gəlirdilər, bu ibtidai insana da məxsus olan bir sosial təyinatlı xüsusiyyətdə ən valehedici musiqini eşitdiklərini güman edirdilər. Yadlaşma, bir-birindən uzaqlaşma, bəlkə də, qarşılıqlı nifrət, münasibətlərdəki yeni dövrün meydana gəldiyini bildirir və hiss edirlər ki, bir-birini qəbul etməmək - müharibə təbili kimi hələ uzun müddət çalınmaqda davam edəcəkdir. Yeganə yol ayrılmaq, keçmişi ölü cəsəd kimi dəfn etmək, nə qədər mümkünsə ləngimədən bir-birindən uzaqlaşmaq. Əgər bu baş verməsə, nifrət böhran nöqtəsinə çata bilər və bu, onların özü ilə yanaşı, uşaqlara da ağır zərbə vura bilər.
Çalışmaq lazımdır ki, coşan qəzəb müharibəyə çevrilməsin.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 7 may.- S.22.