"Vətən xainlərinin arvadları" harda iztirab çəkiblər?

 

"VƏTƏN XAİNLƏRİ ARVADLARI"NIN AKMOLDAKI DÜŞƏRGƏSİNDƏ AZƏRBAYCAN QADINLARI DA MÜDHİŞ İZTİRABLAR ÇƏKİBLƏR

 

 

 

 

Zərifliyin qənimi olan qorxunc məkan

 

***

 

Mayın 1-i! Bu tarix Sovet dövlətində bütün dünya zəhmətkeşlərinin (siyasi elitanın yox) həmrəylik günü kimi qeyd edilirdi. Qazaxıstan Respublikasında 1 may indi Qazaxıstanda yaşayan xalqların birliyi günü kimi qeyd olunur. Burada isə, az-nə çox, 120-dən artıq xalqın nümayəndəsi yaşayır.

 

Ancaq vaxtilə bu ölkə Stalinin hökmü ilə xalqların zindanına çevrilmişdi. Baltik dənizindən tutmuş Sakit okeanın sularına qədər, ucu-bucağı olmayan ölkənin hər yerindən siyasi motivlərlə həbs olunmuş, xırda iqtisadi cinayətlərdə günahlandırılmış, vətənə xəyanət, satqınlıq, casusluq damğası vurulmuş insan kütləsi ilə dolu qatarlar üzü Qazaxıstan çöllərinə tərəf hərəkət edirdi. Bu kabusa bənzər, aramla fit verərək gedən hisli-tüstülü qatarların məcburi sərnişinləri hələ bilmirdilər ki, bu səfər onların bir çoxu üçün sonuncu əbədi səfərdir...

 

Astana şəhərinin 37-ci km-dəki Akmol kəndi (köhnə adı Malinovka)... Qazaxıstanda keçən əsrin 30-50-ci illərində fəaliyyət göstərən 26 həbs-islah düşərgələrindən biri burada yerləşib. Qadın düşərgəsi... Adi cinayət törətmiş qadınların deyil, xalq düşməni, xain, satqın, casus damğası vurulmuş görkəmli alim, ziyalı, sərkərdə, yazıçı, şair dövlət xadimlərinin həyat yoldaşları, ana bacılarının həbs islah düşərgəsi... Ölkənin hər yerindən sürgün edilərək günahsız, sübut-dəlilsiz, məhkəməsiz məhkum olunan qadınların düşərgəsi... Özünəməxsus adı da var idi - ALJİR. Rus dilindəki sözlərin baş hərflərindən ibarət olan qorxunc ad (abbreviatura: Akmolinskiy Laqerğ Jen İzmennikov Rodinı) Yəni, "vətən xainləri arvadları"nın Akmoldakı düşərgəsi"!

 

 

 

Bu qadınların "günahı" yalnız Stalin repressiyası aparatının çarxları arasına düşmüş ziyalıların qohumları olmaları idi.

 

Dünyanın heç bir ölkəsində, heç bir dövrdə, heç bir müharibədə belə bir düşərgə olmayıb. Yalnız Sovet ölkəsi öz vətəndaşlarına qarşı belə amansız davranıb, minlərlə ailəni başsız qoyub, taleləri sındırıb, uşaqları ana məhəbbətindən, ana qayğısından məhrum edib.

 

1937-1953-cü illər ərzində bu düşərgədə 20 minə qədər qadın məhkumluq həyatı yaşayıb. Həbs müddətləri 5-8 il olub. Bu müddətdə qadınların iradəsini sındırmaq, onları həyat yoldaşlarından, ata qardaşlarından imtina etməyə məcbur edirdilər. Ancaq düşərgənin 16 illik fəaliyyəti dövrü heç bir qadın sarsılmamış, məğrurluqlarını saxlamış repressiya olunmuş ailə üzvlərinin günahsızlığına inanmışlar.

 

Bu düşərgədə Azərbaycandan da 44 nəfər qadın cəza çəkmişdi. Təəssüf ki, düşərgənin arxivində bu qadınlar haqda çox az məlumat var. Əslən Qazax rayonu Dağkəsəmən kəndindən olan mülkədar qızı Sənubər Eyyubova... Həbs edilən ərəfədə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı olub. Sitarə Mehdiyeva - bir çox məsul dövlət vəzifələrində çalışmış, sonradan "xalq düşməni" elan olunmuş Mehdi Mehdiyevin xanımı. Ən görkəmli xanımlardan biri isə, mərhum vətənpərvər şairimiz, Himnimizin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım idi!

 

 

 

Ürək ağrısı ilə düşünürsən ki, hətta Stalinin ölümündən sonra, bu qadınların bəraət aldıqlarından sonra bizim milli sovet dövlət xadimlərimiz onların taleyi ilə maraqlanmayıb, sənədləri də, çox güman ki, məhv ediblər. Şükriyyə xanım sürgündən qayıtdıqdan sonra ona Bakıda yaşamağa icazə verməmişdilər və o, uzun müddət Əhməd Cavadın doğma elində - Şəmkirin Seyfəli kəndində yaşamağa məcbur olmuşdu.

 

Hazırda muzey kompleksinə çevrilmiş düşərgəni gəzdikcə qulaqlarına ac, xəstə uşaqların ağlamaq səsi, qadınların iniltisi,  gözətçilərin itlərin hürüşməsinə qarışmış amiranə səsləri gəlir. Qadınları düşərgəyə gətirən bərpa olunmuş  vaqon, gözətçi məntəqəsi, tikanlı məftillər bir anlığa göz önündə o müdhiş illəri canlandırır. Muzey kompleksini iki heykəldən ibarət kompozisiya tamamlayır. Birinci - kişi heykəli "ümidsizlikgücsüzlük", ikinci - qadın heykəli isə "ümid və mübarizə" adlanır. Birinci heykəldə sındırılmış iradə, azadlığa çıxmağın mümkünsüzlüyü təsvir edilsə də, qarşıdakı qadın heykəli başını dik tutaraq məğrur baxışlarla uzaqlara baxır, azadlığa yol axtarır. Onun sifətində yorğunluğun, əzab-əziyyətin izləri var. Ancaq o sınmayıb, qamətini əyməyib. Çox qəmli, qüssəli bir səhnə...

 

Qarşıdan müstəqillik tariximizin növbəti ildönümü gəlir. Bu 44 günahsız, repressiya olunmuş, ailələrinə, vətənə sədaqət nümayiş etdirmiş qadınlarımız bizim tariximizin mühüm bir səhifəsidir. Biz onları heç zaman unutmamalıyıq. Muzey kompleksində Qazaxıstandakı səfirliyimizin təşəbbüsü ilə xatirə lövhəsi qoyulub. Lakin güman edirəm ki, Gəncə və ya Şəmkir şəhərində bu məğrur, unudulmuş qadınlarımızın xatirəsinə heykəl ucaltmaq yaxşı olardı. Milli-mənəvi dəyərlərimizlə, mədəni irsimizlə bağlı bir çox mühüm işlərə uğurla imza atmış Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyeva bununla əlaqədar müraciət və təşəbbüsə də, inanırıq ki, özünəməxsus yüksək diqqət və həssaslıqla yanaşar.

 

 

Zakir BİNNƏTLİ

 

525-ci qəzet.- 2022.- 7 may.- S.21.