İşğaldan qurtulan su
ehtiyatlarımız
"AZAD
EDİLƏN RAYONLARIN SU TƏSƏRRÜFATI
KOMPLEKSİNİN YENİDƏN QURULMASI NƏZƏRDƏ
TUTULUR"
İşğaldan azad olunan ərazilərdə 14 çaydan, göllər və o cümlədən, yeraltı sulardan ibarət su ehtiyatları təxminən 2,6 milyard kubmetr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarının 25 faizə qədərini təşkil edir. Beləliklə, Azərbaycan nəinki torpaqlarını, həm də su ehtiyatlarını erməni işğalından azad edib.
İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər kimi böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegetasiya dövründə, çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 su anbarı mövcuddur. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin ediləcək. Bundan başqa, 11 təbii su hövzəsinin üzərində su stansiyaları quraşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, indi əsas hədəf işğaldan azad edilmiş ərazilərdəki sulardan səmərəli istifadə etmək, bu ərazilərdəki su mənbələrinin ümumi suvarma təsərrüfatına inteqrasiya olunmasıdır.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 14 əsas çay var. Onların hamısının suyundan istənilən məqsəd üçün istifadə oluna bilər. Həmin çayların suyundan içməli su kimi istifadə etmək üçün müvafiq təşkilatlar tərəfindən işlər görülür. Qarabağın əsas çayları olan - Tərtərçay, Həkəriçay, Bəsitçay, Levçay, Zabuğçay, Tütqun çay və digərlərinin sularının mineral tərkibi müvafiq normalara uyğundur.
Məlum olduğu kimi, Azərbaycan bu yaxınlarda Fərrux dağına nəzarətin bərpası ilə Ağdam rayonunun su təminatında strateji paya malik Xaçınçay su anbarının tam təhlükəsizliyini təmin edib.
Prezident İlham Əliyev öz çıxışında bu mövzuya toxunarkən olduqca mühüm fikirlər səsləndirmişdi: "Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd - bax, bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını, məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən, su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir. Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun sözlərinə görə, işğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur.Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib: "Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir. Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur".
F.Mütəllimov bildirib ki, Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır: "Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km2, uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür. Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyunun artmasında yeraltı sular müəyyən rol oynayır. Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədən yüksək olmur. Suyu hidrokarbonatlı-kalsiumludur. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur".
Nazirliyin əməkdaşının dediyinə görə, rayonun ərazisindən irili-xırdalı çoxlu çay axır, ən böyük çayları Tərtər və Xaçındır: "Uzunluğu 200 km olan Tərtərçay Kür çayının Azərbaycandan keçən hissəsində ən çox sululuğa malik qoludur. Mənbəyini dağ bulaqlarından götürür, əsasən yeraltı sular hesabına formalaşır".
Qarabağ ərazisində ən böyük su anbarı Sərsəngdir. Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Anbarın bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı, bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır. Sərsəngdən götürülən su ilə 14 min hektar Ağdərə, 24 min hektar Tərtər, 29 min hektar Ağdam, 6 min hektar Yevlax, 7 min hektar Goranboy, 2 min hektar Ağcabədi rayonu ərazisində torpaqları suvarmaq imkanı var.
Anbardakı mövcud 6 klapan vasitəsilə Tərtər çayına saniyədə 30 kubmetr su buraxmaq mümkündür. Suyun hündürlüyü təhlükəli həddə çatdıqda isə qəza sistemi vasitəsilə bu həcmi saniyədə 740 kubmetrə qədər artırmaq imkanı var.
Ermənistan işğal dövründə Azərbaycana qarşı ekoloji terror həyata keçirib. Sərsəng və Suqovuşan su anbarlarından Azərbaycanın digər ərazilərinə su buraxmamaqla yanaşı, kiçik çayların axarlarını dəyişəkdən belə çəkinməyiblər. Məsələn, Köndələnçay su anbarına qədər Köndələnçaya indi rus sülhməramlılarının nəzarətində olan bölgədən bir çay da axıb tökülür. Ermənilər Qırmızı Bazardan Füzuliyə tərəf gedən ərazidə çayın üstündə 3 su anbarı tikmişdilər. Qış aylarında gələn su axınlarını da kiçik kanallarla öz nəzarətlərində olan ərazilərə buraxıb, Füzulinin kəndlərinə tərəf gəlməsinə imkan vermirdilər. İndi Köndələnçay üzərindəki 3 su anbarı azad olunduqdan sonra Aşağı Mahmudbəyli və digər onlarla kəndlərdəki minlərlə hektar ərazinin suvarılmasına imkan verəcək. Xaçınçay su anbarının azad olunması da həmçinin. Füzulinin aşağı hissəsindəki ərazidən keçən Quruçayın qarşısını iri beton lövhələrlə kəsmişdilər. O çay Horadizdən keçib gəlib Araza tökülməliydi, amma ermənilər imkan vermirdilər.
Qubadlıda, Laçında da onlarla su anbarı var, onların əhəmiyyəti çox böyükdür. Hazırda o anbarın ikisindən rus sülhməramlılarının nəzarətində olan ərazidəki ermənilər elektrik enerjisi almaq üçün istifadə edirlər. Bu enerji Xankəndinin təminatına yönəldilir. Oradan həmçinin, Xankəndinə su da verilir. Qalan anbarlar Azərbaycanın nəzarətindədir və hazırda onların bərpası istiqamətində işlər aparılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 7 may.- S.20.