Beynəlxalq Silkway ədəbiyyat festivalı: sevinclər, incikliklər, qalibiyyət...

 

...Bir də "təsirlənmə, yoxsa plagiat" sualina cavab axtarişinda

 

 

Festivallar, müsabiqələr bir çoxları üçün qalibləri, mükafatları ilə maraqlı olsa da, əslində, ən vacib olanı yeni tapıntılar, kəşflər, qurulan ədəbi münasibətlər, yaranan ünsiyyətlərdir.

 

Əlbəttə, məsələyə kim hansı prizmadan yanaşır - bu da vacib məqamdır. Amma aprel ayının 30-dan mayın 2-nə qədər Qubada, "Şahdağ Quba Truskavets" sanatoriyasında keçirilən Beynəlxalq Silkway ədəbiyyat festivalı bir çoxları üçün, xüsusilə mənim üçün məhz bu cəhətdən maraqlı oldu.

 

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi daşıyan festivalın Azərbaycan turunun final mərhələsində 30 gənc iştirak edirdi. Festival öz üzərinə qaliblərin gələcək yaradıcılıq yoluna istiqamət vermək, təbliğini təşkil etmək kimi də vacib bir öhdəlik götürüb və bu onun mahiyyətini daha da artırır. Əslində, bütün dünyada belə bir təcrübə olsa da, bizim ədəbi mühitdə hələ ki bu cür məqsədlərin (aradabir belə məqsədlərlə, niyyətlərlə qarşılaşırıq!) uğurlu nəticəsinin şahidi olmamışam. Amma bu festivalın ilk nailiyyəti (ilk nəticəni!) daha irəliyə aparacağına ümid edirəm.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı ilə baş tutan festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şura, Dünya Gənc Türk Yazarlar Birliyi, "Azərkitab" Kitab Təbliğatı Mərkəzi, "Şahdağ Quba Truskavets" sanatoriyası təşkilati dəstək, "Ədəbiyyat və incəsənət" portalı isə informasiya dəstəyi verirdi.

 

300-ə yaxın namizəddən fərqlənərək son tura gələnlər arasında ədəbi gəncliyin seçilən nümayəndələri də vardı, qismən az tanınan nümayəndələri də. Münsiflər heyəti Ruslan Dost Əli, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Fərid Hüseyn, Faiq Hüseynbəyli, Eminquey, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür, Ulucay Akif, Elvin İntiqamoğlu, Elvin Əlizadə, Murad Muradov, Təvəkgül Boysunar, Gülnar Ümid, Günel Balakişi, Aypara Ayxan, Gülay Tahirli kimi yazarların yaradıcılığını qiymətləndirdi. Təbii ki, bal sistemi ilə. Amma maraqlıdır ki, münsiflərin şifahi olaraq müzakirələr zamanı imzasını səsləndirdikləri favoritlərin adı ilə bal sisteminin nəticələri, demək olar ki, üst-üstə düşdü. Nəticələr kimlərisə qane etməyə bilər... Bu da, əlbəttə ki, belə müsabiqələrdə, gözlənilən haldır. Xüsusilə xanımlardan kiminsə qalib olmaması inciklik səbəblərindən biri kimi dilə gətirildi. Amma... Mətnlərin və ifaların apardığı bir mübarizədə (xanım, bəy seçiminin olmadığl!) məhz festivalın şüarında da deyildiyi kimi, "Sonda ədəbiyyat qalib gəldi". Həm də o səbəbdən ki, bu görüşün, aparılan söhbətlərin xatirəsi və təəssüratı hələ uzun müddət yaddaşlarda qalacaq.

 

Yeri gəlmişkən, qeyd edim ki, həmsədrləri Anar və akademik İsa Həbibbəylinin müşahidə etdiyi Münsiflər Heyətinin sədri Nizami Cəfərov idi. Heyətin tərkibində AYB sədrinin müavini Rəşad Məcid, AYB katibi Elçin Hüseynbəyli, AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, "Söz" layihəsinin rəhbəri Nigar Həsənzadə, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi Şahin Qədirov, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis, bir də mən var idim.

 

Əvvəlcə səsləndirilən şeirlər haqqında.

 

Açığı, maraqlı nümunələr dinlədik. Bəzilərini mətbuatdan artıq oxusam da, müəllifin öz dilindən, öz intonasiyasını (və təbii ki, emosiyasını) qatmaqla təqdim etməsi bir başqa təsir gücünə malik idi. Həyəcan da vardı, aktyorluq məharəti və qiraət ustalığı da. Və ya əksinə, gözəl bir nümunəni zəif səsləndirənlər də oldu. Amma bu həyəcanın arasında yenə də yaddaşıma yazılan, xatirimdə qalan nümunələr vardı ki, hansısa gözəl poetik tapıntı olduğundan, hansısa çox səmimi ifadəsi ilə diqqətimi çəkdiyindən, hansısa uğurlu bir şəkildə poetik situasiya yaratmaq gücündə olduğundan fərqli idi. O da dəqiqdir ki, alınan təəssürat, ilk növbədə, müəllifin imzasını yadda saxlayacaq və bundan sonra da bizi onu izləməyə vadar edəcəkdir. Məncə, gənclərin əldə etdiyi ən böyük uğur məhz budur.

 

Şəxsən mən xüsusi olaraq bir neçə imzanı qeyd etmək istəyirəm. Ruslan Dostəli, Səddam Laçın, El Roman, Nigar Arif, Günel Balakişi, Cavid Qasımov, İntiqam Yaşar və Ümid Nəccari.

 

Yazıdan fərqli olaraq, şifahi səsləndirilən mətnlərdə hansısa fikrin yadda qalması mənim üçün çətindir (göz yaddaşım daha güclüdür). Əsas ilk səsləndirmədən aldığım təəssürat olur. Amma həmin günlərdə dinlədiyim şeirlərdən xatirimə yazılanlar vardı.

 

Məsələn, Ruslan Dost Əli daha çox səmimi ifadəsi, ötürdüyü emosional təsirlə, auditoriyanı ələ ala bilməsi ilə fərqləndi. Onun

 

Bircə səhər üzün gülə:

 

məktəbə gedən oğlunun

 

cibinə şeir qoyasan...

 

misraları ilə xatırladığım şeirində əsas məhz səmimiyyət və yaşadıqlarını, hiss etdiyi çıxılmazlıqları tam bir içdənliklə mətnə gətirə bilməsi idi. Bir də buna səmimi ifasını əlavə edərək çatdırması...

 

Yazmağa həvəsin ola,

 

nəyəsə yaraya şeir...

 

Bir ovuc küldən ötəri

 

özünü yandırmayasan,

 

basasan yaraya şeir...

 

Bir daha qeyd edim ki, Ruslan Dostəlinin yaratdığı şeir ovqatı, səsləndirdiyi şeirə qatdığı ifa gözəlliyi, bir də, əlbəttə ki, xalq şeirindən qaynaqlanan təbiiliyi o qədər təsirli idi ki, demək olar, münsiflər heyətinin əksəriyyəti tərəfindən 10 balla qiymətləndirildi.

 

Götürüb üstünə adımı yazdım,

 

bir arxa tulladım, getdi-gəlmədi -

 

Mənim uşaqlığım, ahh... uşaqlığım

 

kağız gəmilərdə batdı, gəlmədi...

 

Məhz elə bu səbəbdən də söhbətlərdə favorit olduğu hiss edilən Ruslan ən yüksək bal toplayaraq birinciliyi qazandı.

 

Festivalda çıxış edən elə şairlər də oldu ki, məhz maraqlı tapıntıları ilə yadda qala bildilər. Məsələn, Nigar Arifin çox bəyəndiyim və həqiqətən də, böyük ağrını ifadə edən "Bax belədir, əzizim, Yol uzundur, zaman dar, Hardan biləydik axı Div boyda arzuların cırtdan ayaqları var..." misraları... "Cırtdan ayaqların daşıya bilməyəcəyi böyük arzular"ın ağırlığı bu şairin ifasında "göründü", öz dəqiq təəssüratını yaratdı və yadda qala bildi.

 

Başqa bir xanım şairə Aypara Ayxan şeirlərini usta bir qiraətçi kimi təqdim etdi. Bu mətnin təəssüratını gücləndirən əsas amil olsa da, onun yazdığı şeirdən "Getdin, intihar etdi qəmzəmdə kəpənəklər" misrasının yaratdığı obraz, bir də "getdin, içimdəki quşlara qəfəs oldum" ağrısı idi. Hə, bir də "Çin səddi arxasında gizlənən tapmaca adam" obrazı. Əlbəttə, o obraz bir az da gücləndirilsə, daha uğurlu olardı.

 

İlk dəfə "Söz" layihəsinin müəllifi Nigar Həsənzadənin təşkil etdiyi "İgidlərin sözü" layihəsində gördüyüm və elə oradan da yadımda qalan Cavid Qasımovun ifasını da bəyəndim. Onun az qala bütün bədənini lərzəyə gətirən həyəcanı oxuduğu qəzələ başqa bir emosional təsir gücü qatmışdı.

 

El Romanın "Mağara - dağların əsnəməsidir. Tərsinə asılmış quş qəfəsidir", Emin Pirinin "İşsiz vaxtlarımda evdən çıxanda, Anamın namaz üstə dediyi duaları qoydum cibimə Yolpulu əvəzi", Fərid Hüseynin "Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm? Açacaqsan - yalan, Yol adlamaq deyil ömür yaşamaq, O tərəfə keçəcəksən - yalan" misraları şeirimizdə maraqlı imzaların maraqlı nişanəsi idi. Müəlliflərinin, onsuz da, var olan imzalarını bir az da möhkəmləndirirdi. Ümid Nəccarinin "Karantin günləri" adlı şeirində yaratdığı gerçəkçi təsvir öz təsir qüvvəsi ilə darıxdırdı məni: "Küçələrdən kimsəsizlik gedib-gəlir. Boylanır pəncərədən bir quşun səsi. Divarlar qəfəs rəngində. Uşaqların sükutu oynayır məhəllədə". Bir də Günel Balakişinin şeirlərindəki səmimiyyət yadımda qaldı.

 

Açığı, bu festivala qədər adlarını qeyd etdiyim şairlərdən bəzilərinin yaradıcılığına az və ya çox bələdliyim var idi. Amma burada tanıdığım Səddam Laçının adını xüsusi qeyd etmək istəyirəm. Özəlliklə də "Bir qadın unutmuşam..." şeirini. Bir də onu vurğulamaq istəyirəm ki, festivalda təsadüfi, zəif, aşağı balla qiymətləndirəcəyimiz nümunə, demək olar ki, yox idi.

 

Münsiflər heyətinin müzakirələrində də fikrimi bildirdim: hekayələrin şeirlərlə eyni anda və eyni müstəvidə qiymətləndirilməsi çətin və az qala, mümkünsüz məsələdir. Və təşkilatçılardan biri olan Varis gələn il bu qaydaya yenidən baxılacağına söz verdi. Amma bununla belə, festivalda Ayxan Ayvazın atasının təyyarə ilə qayıdacağına inanan bir uşağın duyğularını əks etdirən "Sarı göyərçinlər" hekayəsini qeyd etmək istərdirm. Xüsusilə "uşaq vaxtı ona elə gəlirdi ki, bütün təyyarələrin içində atası var" inamı ilə "şəkildə atasının əlindən tutmaq istəyən" uşağın "fotodakı adamın əlləri cibində olurdu" həqiqətinə çırpılan və qırılan ümidləri məni çox təsirləndirdi. Bir də Cavid Zeynallının "Üzündə iki adamın işığını daşıyan" qəhrəmanı diqqətimi çəkdi... 

 

Festival uğurla başa çatdı. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad dərsi keçdi. Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları", Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi "Dünya ədəbiyyatının mədəniyyətdə rolu" mövzusunda çıxışlar etdilər. Gənclər suallar verdilər. İncikliklər dilə gətirildi. Sevgilər də həmçinin. Maraqlı fikir mübadilələri aparıldı.

 

Bu festival çərçivəsində daha bir görüşü də qeyd etmək istəyirəm. Bu da Qubadakı "Azərkitab" mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü və şair Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatı ilə təltif edilməsi idi.

 

Sonda qeyd edim ki, 1-ci yeri Ruslan Dost Əli, 2-ci yeri Ulucay Akif, 3-cü yeri Cavid Qasımov qazandı. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqləndi. Hər birini təbrik edirəm. Öz adımdan isə təşkilatçılara, xüsusilə Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun təşkilat komitəsinin həmsədrləri Əlibala Məhərrəmzadəyə və Varisə ədəbiyyat adına gördükləri iş, çəkdikləri əziyyət üçün təşəkkürümü bildirirəm.

 

 ***

 

Bu yazını tamamladığımı düşünsəm də, sonradan bir neçə məqama da toxunmaq istəyimi boğa bilmədim. Bu da münsiflər heyətində olduğumdan müşahidə etdiyim çox maraqlı məsələlərlə bağlıdır.

 

Festivalda münsiflərin seçdiyi namizədlərdən başqa, festival iştirakçılarının öz aralarında müəyyən etdikləri bir namizəd də olmalı idi. Bizi heyrətləndirən də bu seçimin inanılmaz nəticələri oldu.

 

Heyrətə səbəb olan da bu idi ki, obyektivliyi qorumağın nə qədər çətin bir iş olduğu mənzərədən çox dəqiq görünürdü. Hətta gənclərin bəzilərinin necə "yüksək səviyyədə" subyektiv olduqları, özlərinə bal verə bilməyən iştirakçıların necə qruplaşdıqları, bəzilərinin "özünüzə bal verməyin" xəbərdarlığına baxmayaraq, özlərinə 10 bal verdikləri, rəqib bildikləri (həqiqətən də, güclü olan) namizədi 0, 1, 2 balla qiymətləndirdikləri açıq-aşkar mübarizənin göstəricisi olsa da, təəssüf hissi doğurdu. Ədalətli olmadığından. "Mən"i qabağa ötürdüyündən. Əlbəttə, "bu mübarizədir və mübarizədə hər yol mübahdır", - deyə bilərsiniz. Amma iş orasındadır ki, nəticə çaşqınlıq yaratdı... Yeganə olaraq bir nəfər - El Roman (o da belə başa düşdüyümüzə görə, heç bir qruplaşmada olmadığından!) hər kəsdən yüksək bal toplaya bildi və qalib oldu. Bi qalibiyyət həm də Sözün, Ədəbiyyatın başqa maraqlar üzərində qalibiyyəti idi. Bax bu, həqiqətən, maraqlı müşahidə idi...

 

Daha bir məqam isə plagiat məsələsi ilə bağlıdır. Bəlkə də, festivalda "mübarizədə hər yol mübahdır" düşüncəsinin təsirini hiss etməsəydim, qiymətləndirmədə bir neçə dəfə "plagiatdır" yazısına rast gəlməsəydim, təəssürat yazımın bu hissəsi də olmayacaqdı. Amma... çıxışlardan sonra, görüşlərdə, xüsusilə də nəticələr elan edildikdən sonra gənclərlə aramızda olan söhbətlər zamanı toxunulan bir neçə fakt da məni bu yazıya sözardı olaraq bunu yazmağa vadar etdi.

 

Heç kəsə sirr deyil ki, söz sənəti özü ilə təsirlənmə, təsirə düşmə, "bir misranın, bir şeirin havasında azıb qalma" kimi situasiyaların da yaranmasına səbəb olur. Məsələn, Ruslan Dost Əlinin şeirindən aldığımız gözəl təəssürat altında olmağımıza baxmayaraq, müəyyən anlar oldu ki, onun misralarından, şeirinin ritmindən, havasından şair Qulu Ağsəsin "nəfəsi" duyuldu.

 

Şəxsən mən bunu çox təbii hesab edirəm. Mümkündür. Zaman-zaman müasir şeirimizdə güclü təsir gücünə malik Vaqif Səmədoğlunun da, Ramiz Rövşənin də, Salamın da.... bu cür "hava"larının duyulduğu mətnlər yaranıb. Yaranacaq da... Şair özünü bütünlüklə təsdiqləyənə, öz "hava"sına düşənə kimi bu ola bilər...

 

Amma... Bu məsələyə toxunmağımın əsas səbəbi başqadır...

 

Söhbətlər zamanı qeyd edilən, diqqətimi çəkən iki paralel haqqında danışmaq istəyirəm.

 

İddiaçı tərəfin kim olduğuna toxunmadan (bu başqa "kruq"larda da, yəqin ki, müzakirə edilib və əsas olan bu deyil!) həmin məqamları açıqlayıram.

 

Ümid Nəccarinin "Karantin günləri" şeiri ilə Nigar Arifin karantindən bəhs edən "Adamların yağışı" şeirləri arasında olan oxşarlıq və təsirlənmə məsələsi haqqında irəli sürülən fikir məni xeyli məşğul etdi. Söz verdiyim kimi, hər iki şeiri diqqətlə oxudum.

 

Əslində, Ümidin şeirində bir təsirlənmə, "hava", melodiya, ritm oxşarlığı var idi. Amma Nazim Hikmətin "Ben bir ceviz ağacığım Gülhane parkında" şeiri ilə idi. Bütün deyil, hansısa məqamda, hansısa "döngə"də. O qədər! Nigarın Arifin şeiri ilə olan mövzu eyniliyi isə bu iki mətnə eynilik bir yana, heç oxşarlıq da qazandıra bilməmişdi. Niyə?

 

Çünki ritm, melodiya fərqliliyi ilə bərabər, şeirlərin ideyası, məzmunu, ifadə texnologiyası, obrazları çox fərqlidir.

 

Ümid Nəccari karantin şəhərini təsvir edərkən poetik qəhrəmanının tənhalığını, kimsəsizliyini yaratmaq üçün

 

Tanımıram kimsəni

 

Tanımırlar məni

 

- deməklə kifayətlənmir, eyni zamanda da "Ağ yaşmaqlılar yanımdan keçir bulud kimi" ifadəsi ilə maraqlı, sirli, sehrli və dumanlı bir mənzərəni təsvir edə, canlandıra, aurasını oxucuya ötürə bilir. Bu tənhalığın təsvirini daha uğurlu bir şəkildə davam etdirərək:

 

Küçələrindən kimsəsizlik gedib-gəlir

 

Boylanır pəncərədən bir quşun səsi.

 

Divarlar qəfəs rəngində

 

Uşaqların sükutu oynayır məhəllədə.

 

- yazır. "Pəncərədən boylanan quş səsi", "məhəllədə oynayan uşaqların sükutu" karantin şəraitinin "küçələrdə gedib-gələn kimsəsizlik" obrazına vurulan əsaslı, gücləndirici ştrixlərdir. Həm də yetərli qədər güclü ştrixlər. Hər biri bir poetik obraza çevrilə bilən ştrixlər... .

 

"Karona küçəsi", "Kovid 19 döngəsi" "qibləsi yalnızlıq olan tənha ölənlər"in məskənidir. "Qibləsi yalnızlıq olmaq" ağrılı, dəhşətli bir durumdur. Bunu hər kəs o günlərdə öz canında olmasa da, yaxınında duydu, şahidlik etdi, yaşadı. Bu tənhalığın ağrısı şeirdə Təbrizin xatırlanması ilə bir qədər də gücləndirilir. Həm də tək Təbriz yox, onun xəbər alındığı Ana obrazı ilə. Telefonun o üzündə qalan ana və Təbriz bu yanda olan poetik qəhrəmanın tənhalığını, "kölgə" qədər yalnızlığını bir qədər də dərinləşdirir.

 

Mən bir ögey kölgə

 

Bu şəhərin soyuq küçələrində...

 

Təsirlidir! Bu şeirlə Nigar Arifin şeiri arasında eyni mövzu haqqında yazmaq istəyindən başqa bir eynilik görə bilmədim.

 

Bu şəhərdən qopub gedir adamlar,

 

İzlərini yağış yuyur, qar yuyur...

 

....Bu şəhərin gözlərindən yağır-yağır adamlar,

 

İslanır ürəyində

 

qaçıb gedə bilməyən

 

fağır-fağır adamlar...

 

Əvvəla, şeirin intonasiyası, ritmi, melodiyası fərqlidir. Obrazları da həmçinin. Şeirin qəhrəmanı bir yox, çox olan "adamlar"dır.

 

Düzdür, bu şeirin də qəhrəmanı anası ilə danışır. Amma telefonla deyil, xəyalən və ümidlə.

 

Deməli, şəhərlər də xəstələnə bilirmiş,

 

ölkələr də...

 

Nə deyim axı?

 

Narahat olma, ana, narahat olma,

 

Yaxşı olar axırı...

 

Bəlkə də, ən yaxşı peyvənd sevgidi...

 

sənin dediyin kimi...

 

İkinci paralel Nərgiz İsmayılova ilə Aypara Ayxanın şeirləri arasında aparılmışdır. Bu məqamda qeyd edim ki, açığı, Nərgiz İsmayılovanın müsabiqəyə nəsrlə qatılması və romanından parça oxuması (məncə, yanlış idi!) onu qaliblər cərgəsinə daşımasa da, bu xanımın istedadı ilə bağlı müsbət fikirlər orada da çox səsləndi. O ki qaldı paralelə... Onun mətni ilə Ayparanın mətni arasındakı oxşarlığı plagiat adlandıranlar da vardı.

 

Amma... Plagiat ağır və ciddi bir sözdür. Eyniyyət tələb edir. Xüsusilə ifadədə. İdeya, obraz oxşarlığını plagiat adlandırmaq olarmı? Xeyr. Çünki eyni ideyanın fərqli təcəssümü, fərqli reallaşdırılması mümkündür. Zaman-zaman bunu bütün ədəbiyyatlar yaşayır. Plagiatı plagiat edən eyniyyətdir: ifadə, obraz, intonasiya, təsvirin birlikdə eyniyyəti. Mən belə düşünürəm.

 

Nərgizin "Metakədər"i ilə Aypara Ayxanın ifa etdiyi şeirlər arasında "plagiat" iddiası isə məni mətnləri bir daha gözdən keçirməyə, bu dəfə "qulağa" deyil, "gözə" istinad etməyə vadar etdi. Bu dəfə də fərqli üslublarla qarşılaşdım.

 

Lakin eyni olan obrazlar vardı. Sadəcə, obrazlar.

 

Məsələn, sevgilisinə "250 milyon uşağı ac saxlayan dünyanın Uşaq bayramı kimisən..." - deyə orijinal bir ifadə edən Nərgiz "Ömrümün uzunluğuna ikrahla gülür bütün kəpənəklər", - yazaraq kəpənəkləri maraqlı bir obraza çevirə bilir. Bu obraz yadda qalır. Fərqlənir. Şeirimizdə olan "kəpənəklər", "kəpənək qanadları" arasında öz görkəmində görünür. Eynilə duyğularının, yaşantılarının şahidi olan çobanyastığı kimi:

 

Bu gün bütün çobanyastıqlarının

 

ləçəkləri bozdur.

 

Bütün ümidlərin adı "O"...

 

Bütün eşqlərin adı xəyanət!

 

Tanrı boz gedişlərdən qorusun...

 

....Nə?

 

Çobanyastığı?

 

Çobanyastığı bəyəm səndən ağıllıdı?

 

Sevir?!

 

Sevmir?

 

Eh... Həmişə belə olub,

 

Bir ovuc skeptik düşüncə yağmuru...

 

Bir ovuc vecsizlik sarır beynimi

 

Keyiyir hər şey...

 

Əslində, hər şey yalandı,

 

Bəlkə də, elə boz da yalandı...

 

Ən zərif ləçəkləri mən səndə gördüm,

 

ey çobanyastığı?

 

Bu obrazın da içində mövcud olduğu situasiyanın, mənzərənin təsvir "soyuqluğu", "bozluğu", "skeptik düşüncə yağmuru" arasında öz fərqliliyi var.

 

Aypara Ayxanın şeirində də çobanyastığı sevgi təsdiqi arayan poetik qəhrəmanın tərəfdaşına, sirdaşına, təsəllisinə çevrilir:

 

Savaş meydanını xatırladır indi

 

sualların hücumuna məruz qalmış beynim

 

Sevir-sevmirlərimlə

 

bezdirdiyim çobanyastıqları

 

qürur dərsi keçir mənə,

 

- deyir.

 

Təsvirə gətirilən mənzərə eynidir. Hər ikisində sual, hər ikisində arayış. Lakin eyni prosesin fərqli ifadəsidir bu. "Skeptik düşüncə yağmuru" ilə "Sualların hücumuna məruz qalmış beyin" ifadələri bir-birinin "səhəd"inə çox yaxınlaşmış olsa belə...

 

Mətnində "Çəkdiyim siyah tabloya anidən sıçramış sarı rəng kimisən", - deyə çox maraqlı bir bənzətmə edən Nərgizdə "oğurlanan" obraz kimi növbəti obraz "qəmzələr" hesab edilir. Hər halda, mən belə anladım. Amma... "Günəşin şüaları dolmuşdu qəmzələrinə, o rəsmdə kiməsə bax beləcə gülmüşdün", - yazıb Nərgiz İsmayılova. Aypara Ayxanda isə bu:

 

Getdin, ruhuma əsdi yenə soyuq küləklər

 

Heç nəyə yaramayan quruca nəfəs oldum.

 

Getdin, intihar etdi qəmzəmdə kəpənəklər

 

Və getdin, içimdəki quşlara qəfəs oldum.

 

Bəli, qəmzələr yadda qalır, kəpənəklər (Nərgizdə olduğu kimi!) poetik obraza çevrilir. Lakin yaradılan təsvir - poetik mənzərə, təəssürat, ifadə və nəticə fərqlidir.

 

Mən bu yazıda bu xırdalığa nə üçün vardım?

 

Bir narahatlıq məni bu məqama toxunmağa vadar etdi. Plagiat ağır yükdür və ciddi sözdür. Elmi, məntiqi dəyərləndirmə, əsaslı sübut tələb edir. Belə bir (yüzdə yüz) sübut olmadıqda isə bu "yük"ü daşımağa qalxışmağa dəyməz. Hətta gənclik çılğınlığı ilə belə... Xüsusilə də şeirimizdə istedadlı nümayəndələrimiz bu qədər çox olduğu halda.

 

 

Nərgiz CABBARLI

 

525-ci qəzet.- 2022.- 7 may.- S.18-19.