"Heç vaxt kiməsə bənzəmək
istəməmişəm"
BƏHRUZ NİFTƏLİYEV: "ÖZÜMÜ DƏRK EDƏNDƏN "TELEVİZİYAÇI OLACAĞAM" DEYİRDİM"
Onun
iş otağının qarşısına çatanda
alatoranlıqgözlərimi alacalandırdı. Düz
otağının qarşısında bir neçə usta dəhlizin
işıqlarını düzəldirdi. Bir
azdan onun da otağında işıq sisteminə
baxılacağındanmüsahibəmizi anası
tanınmış jurnalist, yazıçı Flora Xəlilzadənin
otağında etməyi qərarlaşdırdıq. Bayaq dəhlizdəki alatoranlıq indi də onun
gözlərində, çöhrəsində yuva salıb.
Bir anlıq bu alatoranlıqdan da gözlərim
alacalanır. Bəli, söhbət MədəniyyətTelekanalının
direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Prezident Təqaüdçüsü, şair,
jurnalist Bəhruz Niftəliyevdən gedir. 8 mayda yubileyini
qeyd edəcək müsahibimlə həyatın gətirdiklərindən,
götürdüklərindən söz saldıq:
- Bəhruz
bəy, 35 yaşın astanasında özünüzü necə
hiss edirsiniz?
-
Döyüşdən çıxmış qalib kimi... Bu yaşa asan gəlib çıxmamışam.
Həm mənəvi, həm də fiziki
mübarizələrim çox olub. Ən
böyük qalibiyyətim isə 35 yaşımı azad,
firavan, xoşbəxt bir insan kimi qeyd etməyimlə
bağlıdır. 5 yaşımdan sonra ad
günümü qeyd edə bilməmişəm.
Qarabağ və Şuşa kimi möhtəşəm
qələbədən sonra 34 yaşımı qeyd etdim və
bu il də 35 illiyimi ürəklə keçirməyi
düşünürəm. Şuşada
doğulmasam, şuşalı olmasam da, ruhən
özümü oralı hiss edirəm. Çünki
uşaqlıqdan bəri bu duyğuylaböyümüşəm,
bu kədərin içində yoğrulub bugünküBəhruz
olmuşam.
- 8 may
tarixiylə barışmısınızmı?
- İşğalla, kədərlə heç vaxt
barışmamışam. Yarımçıq
qalan ad günümü indi də kövrəkliklə
xatırlayıram. Çünki o anda nələrin
olduğunu uşaq ağlımla başa
düşürdüm. Bu bir faciə idi.
Tortun üzərindəki şamlar deyil, ümidimiz
söndürüldü o gün. Amma
bugünküqələbənin həzzi, ləzzəti sanki o
yaraya məlhəm olur. Yəni əslində,
mən indi 5 yaşımdan sonrakı ad günlərimi qeyd
edirəm. Hesabla 7 yaşımı
(gülür).
- Sözləriniz
mənə hörmətli Aqil Abbasın qələbədən
sonrakı ilk ad gününə həsr etdiyim yazının sərlövhəsini
xatırlatdı: “Neçə yaşınız tamam olur, Aqil
Abbas?!”
-
Ağdamdan danışsaq, 5-6 yaşımda qalmışam.
Çox yaxşı yadımdadır Ağdamın
işğalından az əvvəl Flora
xanım məni və qardaşımı götürərək
məhz o qaynar nöqtəyə getmişdi. Niyə?
Çünki biz oranı görək, dərs
çıxaraq, bu ruhla böyüyək. Mən
o yaşımda yanmış bazarı görmüş,
kül iyi verən torpağın nə olduğunu
anlamışam və bütün bunlar yaddaşıma əbədi
həkk olunub. Özü də hərəmizi bir
maşına qoymuşdu ki, birimizin başına bir iş gəlsə,
heç olmasa, digərimiz salamat qalaq. Ağdamın
azadlıq xəbərini eşidəndə yenidən o
günlərə qayıtdım. Şuşa
deyəndə isə ad günü yarımçıq qalan Bəhruz
oluram. Bu gün 8 may tarixində, bəli, həmin
uşağın ad gününü keçirirəm.
- Sonradan
ananızla bu haqda danışıb niyə sualını
verdinizmi?
-
Cavabını bildiyim sualları heç vaxt soruşmuram. Səbəbini çox yaxşı bilirdim. Mən əslən Qərbi Azərbaycandanam, amma
orada göz açmamışam, orayla bağlı heçnə
xatırlamıram. Ağdamı isə
xatırlayıram, Şuşanın işğal
gününü yaşamışam. Flora
xanım bizi vətəndaş kimi, oğul kimi böyütmək,
möhkəm görmək istəyirdi, uşaq kimi
yanaşmırdı. Məncə,
alınıb.
- Bir
şeirinizdə deyirsiniz ki, “Mən Tanrı deyiləm...” Tanrı kimdir?
-
İçimizdəki vicdan... Hətta daha dərinə
getsək, vicdanımızdakı biz. Bəzən
vicdanımızı da biz idarə edirik.
-
Vicdanınızı yanlış idarə etdiyiniz olub?
- Yox. Çox rahat və ürəklə deyə bilərəm
ki, yaşasın vicdan azadlığı. Bu
cəhətdən çox azadam, rahatam. 35
yaşa qədər vicdanımı heç vaxt
tapdalamamışam. Çünki
hamını aldada, yalan danışa, istədiyin kimi
görünə bilərsən, amma özünlə
baş-başa qalanda özün olursan. Mən
öz qarşımda gözükölgəli deyiləm,
öz gözümə dik baxa bilirəm. Ona
görə ətrafdakı insanlarla bağlı da çox
rahatam.
-
Özünütənqidlə aranız necədir?
- Əla.
Özümü bəyənməsəm uğur
qazana bilmərəm, özümü tənqid etməsəm,
inkişaf edə bilmərəm. Ümumiyyətlə,
özündən çox narazı adamam və bu
narazılıqlar daha çox işləmək, uğura daha
çox nail olmağa gətirib çıxarır.
-
Özünüzdə nəyi dəyişmək istərdiniz?
- Həssaslığı.
Mane olur və mane olduqca da şeirəçevrilir.
Bəzən çıxıb getmək, silib
getmək, imtina etmək lazım olur. Amma hətta
sənin qəlbinə toxunan insanı belə incitməmək
istəyi yaranır ki, o etdi, sən etmə. Mənə görə ən böyük məfhum
insanlıqdır. Qarşındakı
haqsız belə olsa, ona insan kimi yanaşmalısan. Bu xüsusiyyətim mənə çox mane olur, kədərimə
səbəb olur. Amma həm də
dözüm yaradır və bərkidir. Xoşbəxt
olanda çox vaxt yazmaq yadına düşmür. İnsan dara düşdükcə, Tanrını
çağırır ən çox. Şairlər
də kədərləndikcə yazırlar. Amma mən Allahı xoş günümdə də
xatırlayıram. Şükür edən
insanam.
- Bəs
xoşbəxtlik nədir?
- (gülür) Yenə də vicdan rahatlığı. Nəfəs
alarkən özün özünlüyündə əzilmirsənsə,
haqsızlıq etmədiyinianlayırsansa, deməli, sən
xoşbəxtsən. Xoşbəxtlik həm
də özünlə barışıq olmaq,
özünü qəbullanmaq, yaralarınla,
çatışmazlıqlarınla birgə sevməkdir.
Yəni hər şey bizdən başlayır, bizdə də
bitir...
-
Deyirsiniz ki, təkliyini biləcək, təkliyini böləcək
adamın yoxdursa, tənhasan. Tez-tez tənha
olursuz?
- Bütün insanlar, əslində, tənhadır. Elə deyilsə, onda biz niyə öz-özümüzlə danışırıq, niyə bir küncə çəkilib özümüzlə hesablaşırıq? Tənhalıq özünlə qalmaq ehtiyacı və içindəkiləri bölüşə bilməmək aclığıdır. İnsan daim tənha olur. Mən indi də tənhayam. Sadəcəyaxınımdakılarla bölüşə bildiyin məqamlar var. Ən yaxınınla da ən yaxın olmursan, əslində. İnsanın ən yaxını özüdür. Ən pisi də gözlədiyin, umduğun insan tərəfindən anlaşılmamaq, yanılmaqdır, xəyanətdir tənhalıq (ah çəkir). Bax, çəkdiyim ahdır tənhalıq. Verdiyim nəfəsdir. İtirdiklərimdir. Hər qarışı daha da doğmalaşan, doğmalaşdıqca, yaxınlaşdığın torpaqdır tənhalıq ki, altında doğmalarım, şəhidlərim yatır. Tənha gəlib, tənha da gedirsən. Bütün bu ətraf aləm ömrünün bəzəkləridir. Məsələn, ailən, valideynlərin, övladların və sair.
- Ölüm nədir?
- (fikrə gedir) Buna qurtuluş deyək?
- Nədən?
- Pessimist kimi düşünsək, yaşamaqdan, əzabdan, qayğılardan. Optimist kimi düşünsək, mübarizə aparmaqdan uzaq düşməkdir. Sondur da yəni. Deyəcəksiniz, bəs o dünya? O dünya elə içimizdədirdə. Sən cənnəti burda yaşamadıqdan, hiss etmədikdən, birinə cənnəti yaratmadıqdan sonra o biri dünyanın davasını niyə edirsən? Niyə yaxşılığı içimizdəkivicdana görə yox, Allah qorxusundan edək? Bu, təmənnalı yaxşılıqdır, sünidir. Əsl sevgidə təmənna yoxdur. Mən Allahdan qorxmuram, Allahı sevirəm. O, qəlbimizin ən dərinində, ovcumuzda, kirpiyimizin yaşında, vicdandadır. Onu göylərdə yox varlığımızda axtaraq məncə. Ruhumuzun da sahibi oldur axı. Elə yaşamalısan ki, səndən sonra qalanlar sənin əməllərinlə, qoyub getdiklərinlə fəxr eləsinlər, ondan faydalansınlar.
- Şeir və qələm olmasaydı, Bəhruz bu düşüncələrin burulğanından necə çıxardı?
- Ürəyi partlayardı yəqin. Uzun müddət şeirdən, sözdən qaçmışam, yazdıqlarımı atmışam. Bir dəftərim vardı. Bir gün hələ məktəb dönəmində o, evdə ifşa olundu və valideynlərim çox təccübləndi ki, bu yaşda bunları yazmaq mümkün deyil. Sən nə yaşayırsan, nə hiss edirsən ki, bunları yazırsan? Yaxşı ki, yaza bilirəm və bunu zamanla qəbul etdim. Əslində, özümü qəbul etməyimə də səbəb sözünə, qələminə güvəndiyim insanların yazdıqlarıma olan xoş yanaşmaları oldu. Bəlkə də az sayda şairlərdənəm ki, kitabım yoxdur, amma Yazıçılar Birliyinin üzvüyəm. Çünki şeirlərim, qələmim gətirib çıxartdı ona. Bəlkə də az sayda şairlərdənəm ki, şeirlərim oxunur və məndən kitab tələb edilir. Mən də “hələ baxaram” deyirəm.
- Nəyə baxacaqsınız?
- Bilmirəm. Düşünürəm ki, o kitab çox möhtəşəm olmalıdır.
- Mükəmməlliyətçisiz?
- İşimdə, elmdə, yazıda hə. Ya yaxşı edəcəksən, ya da etməyəcəksən. Çünki orda sənin adın, soyadın yazılır. Uğura layiq olmağın yolu da budur. Amma mənə olan davranışda mükəmməlliyətçi deyiləm. Yəni, mənəvialəmdə , mənə yanaşmada “eybi yoxdur” deyə bilirəm, amma o biri sahələrdə yox.
- Televiziya və ədəbiyyat yolunuz Flora Xəlilzadənin oğlu olmaq öhdəliyindən idi, yoxsa, daxili ehtiyacınız?
- Özümü dərk edəndən
televiziyaçı olacam deyirdim. 16-17 yaşımda anamla
söhbət edərkən dedim 3 sahəyə çox
marağım var: rejissorluq, memarlıq və jurnalistika. Dedi, bala, kim
olursan ol, jurnalist olma. Heç vaxt
qarışmayıb ixtisasıma, seçimimə. Yəqin ki, düşünüb məni doğru
yetişdirib və verdiyim qərarlar da doğru olacaq. Bu, valideynin özünə güvənidir, əslində.
Mənsə, bütün bu istəklərimi
televiziyada görürdüm. 11-12
yaşımda artıq “Pəncərə” verilişini
aparırdım. Burda mən rejissorluq da
edirəm, memarlıq da, jurnalistlik də. Televiziyanı
sevirəm və aid olduğum yerdəyəm. Bu da xoşbəxtlikdir. Atam
Allahverdi müəllim də bu sahənin adamı olub. Təbii ki, ailə mühitim işimə təsir
edib. Çünki televiziyaya gələndə
artıq hazır idim, nəyi, necə edəcəyimi bilirdim.
Amma heç vaxt Flora Xəlilzadənin
adından istifadə etməmişəm. Xoşbəxtəm
ki, bu cəmiyyətdə məni tanıyırlar, dəyər
verirlər və sonra öyrənirlər ki, kimin oğluyam.
Bu, valideyn üçün də fəxarətdir.
- “O” adlı verilişinizlə insanların daxili
dünyasına səyahət edirsiniz. Belə bir veriliş
yaratmaq ideyası və ehtiyacı hardan qaynaqlandı?
- “O”
verilişini sadəcə bir aparıcı kimi təqdim
etmirəm , mən “O”-nu həm
də yaşayıram. Orda hər sənətdən,
hər sahədən insanlar görə bilərsiniz. O, əslində,
mənim özüməm, düşüncələrimdir. Mənə maraqlı olan insanları
çağırıram və mənə maraqlı olan
sualları verirəm. Sanki onlarla
kameraların önündə yox, ikilikdə söhbət
edirik. Bu sosial-psixoloji proqramda məqsədim
sosial mesajlar ötürmək və insanlara
insanlığı aşılamaqdır ki, fərdlər
özlərini olduğu kimi qəbul edə bilsinlər,
pessimistliyə qapılmasınlar. Çünki
bu cəmiyyətin əsas problemi insanlığı dərk
etmək, onun üçün mübarizə aparmaqdır.
- “Yadigarlar” verilişiniz isə fərqli
konsepsiyadadır.
- “O” mənim özümə, “Yadigarlar” isə görkəmli
şəxslərə olan duyğularım, fikirlərimdir. Bu, mənim ədəbiyyat
və şəxsiyyətlərı sevgimin göstəricisidir.
- Bu şəxsiyyətlərdən
bənzəmək istədiyiniz və ya bənzədiyinizi
düşündüyünüz varmı?
- Sevdiyim
şairlər, yazıçılar, müğənnilər,
şəxsiyyətlər var, amma heç vaxt heç kimə
bənzəmək istəməmişəm. Məsələn,
Flora xanımın yazılarını oxuyaraq
böyümüşəm, amma yazılarım ona bənzəmir,
tamam fərqlidir. İnsan özü
olmağı bacarmalıdır. Nümunə
götürə bilərsən, amma başqası olmaq
yolverilməzdir.
- Bəs
özünüzü kimləsə müqayisə etmək?
- Burda iki
nüans olur. Bəziləri
düşünür ki, onda yaxşıdır,
başından vurum, məhv edim, mən önə
çıxım. Bəziləri isə
deyir, onda yaxşıdır, çalışım mən də
yaxşı olum. Bu, ədalətli rəqabətdir
və mən də bunun tərəfdarıyam. Amma
hamının bir güc meyarı var. Heç vaxt boyundan
yuxarı atlamaqla nəyəsə nail ola
bilməzsən. Məsələn, bizim sahədə
ya istedad var, ya da yoxdur. Əgər
istedadın varsa, gec-tez mütləq parlayacaqsan. Mane olmaq istəyənlər, arxancadanışanlar sənin
öndə olduğunu etiraf edənlərdirəslində.
Əsas odur, sən vicdanla çalış.
- Oğul Bəhruzla danışdıq, indi istərdim
ata Bəhruzu dinləyim. Bir qız övladınız var. Allah
saxlasın.
-
Qızım hansı yaşdadırsa, onunla o yaşda ola bilirəm.Onun hər hərəkətindən,
şıltaqlığından, sevgisindən sevinirəm. Onun sevgisi o qədər saf, təmənnasız,
böyükdür ki, dünyanın ən möhtəşəm
nemətidir. Məncə, insanı insan edən
və onu həyata bağlayan valideynlər və
övladdır. O məhəbbətdən o yana heçnə yoxdur. Çünki
hər ikisində təmənnasızlıq var. Hətta bunu
ölçsək, valideyn sevgisi daha alidir. Çünki o, fitrətən gəlir, belə
yaranır. Övladın isə sevgisini
özün qazanmalısan. Qazandınsa, demək,
xoşbəxt valideyinsən və xoşbəxt şəxsiyyət
yetişdirə biləcəksən. Sevgi bütün
yoxluqlara məlhəm, çarə ola
bilir. Ata olmaq möhtəşəm duyğudur. Onu sevirəm !
-
Özünüzü gələcəkdə harda
görürsünüz?
- Layiq
olduğum yerdə görüm, bəsdir. Hara
layiq olduğumu zaman göstərər. Bunun
üçün mənim üzərimə düşən isə
işləmək, yeni layihələr təqdim etmək və
xoş sözə, müsbət fikrə layiq olmaqdır.
Uğuru əldə etmək üçün
xüsusi heç nə etmirəm. Aid
olduğum yerdəyəm və vicdanla işləyirəm.
Uğurun açarı da budur. Gözüm yuxarıda deyil, qəlbimdədir.
P.S.
Müsahibədən sonra həmsöhbətimin üzündəki
alatoranlıq çəkilmişdi. Dəhlizə
çıxanda təmir bitmiş, hər tərəf
işıqlı idi. Yanımca
addımlayan Bəhruz bəyə yenidən nəzər salanda
onun da üzündə qəribə işığın
parladığını gördüm. Fikirləşdim
ki, bəlkə də bu, müsahibədən daha çox
özünün də dediyi kimi “ehtiyacduyduqlarını
bölüşməyin rahatlığı” idi.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 7 may.- S.17.