Poeziyamızın əziz ünvanı
XALQ ŞAİRİ MUSA YAQUBUN VƏFATINDAN BİR İL ÖTÜR
"Söz uçar, yazı qalar" deyiblər... Bəs nənələrimizin bayatıları, babalarımızın
deyimləri bizə necə gəlib çatdı? Sözün taleyi
onun şəhdindən,
sehrindən asılıdır.
O gözə görünməyən
enerji sözü diri saxlayır, ölməyə qoymur. Əgər yazı-pozu olmasaydı, yazılı ədəbiyyatın
ənənələri vüsət
almasaydı belə,
Musa Yaqubun sözü,
şeiri, harmoniyası
bizi ağuşuna alacaqdı, dildən-dilə
keçib könüllər
oxşayacaqdı, əzbərimizdə
qərar tutacaqdı.
Musa Yaqub özünü
təbiətin ixtiyarına
buraxmışdı, şeiri
qurmurdu, düzəltmirdi,
poeziyada bənnalıq
eləmirdi. O əqlinin və hissiyyatının xəyali iplərini təbiət anaya, dağ babaya, Vaqif Bayatlının təbirincə desək, bacımız çiçəklərə,
qardaşımız ağaclara
həvalə etmişdi.
Xalqla qəliz yox, öz dilində, dədə-baba üslubunda
danışan, sözlə
həyasına sığınıb
rəftar edən şair necə şöhrət qazanmaya bilərdi?!
Musa Yaqubun əbədiyaşarlığının
ən böyük səbəbi dilinin əsrarəngizliyi idisə,
qələm adamı kimi böyük şair ordusunun içindən çevik söz əsgəri kimi fərqlənib baş qaldırması onun təbiətdən zorla yox, sevə-sevə
şirə çəkməsi
idi. O, yaratdığı təbiət şairi obrazının verdiyi şöhrətə sığınıb
özünü bu xəttə məhkum edərək məcbur şeir yazmırdı, sadəcə yazırdı
və konseptuallığı,
fəhmi, müşahidəsi
onun şeirlərinin məxsusi ab-havasını
formalaşdırırdı.
Musa Yaqub sevirdi; qadını, təbiəti,
vətəni, yaradanı,
bütün var olanları, xəlq edilənləri... Musa Yaqub heç vaxt qışqırmırdı.
Nifrət etdiyi nəsnəni
də əzizləyə-əzizləyə
təqdim edirdi. Onun şeirlərini Musa Yaqub pıçıltısı adlandırmaq
olar. Bu pıçıltılar
şairin daxili təlatümlərini də,
narahatlıqlarını da,
hay-harayını da təsvir etməyə qadir idi. Şeirlərindəki gileyi, etirazı
da hansısa ictimai xadim kimi
yox, şair kimi idi. Şairin gileyi məhz bundan gözəl ola
bilməzdi. Musa Yaqubun şeirləri belə də olmalı idi. Yazı masasını daşla, ağacla, kötüklə
əvəzləyən şair
başqa cür yaza bilməzdi.
Ürəyinin qanını mürəkkəbə
çevirərək gül-çiçəyə,
ətraf aləmə sözdən libas geyindirən Musa Yaqub öz şeirləri ilə nəğmə söyləyirdi. Bu avazda
xaric not eşitmək
mümkün deyildi.
Bu nəğmələrin ən
gözəl nəqarəti
isə elə Musa Yaqubun özü idi...
Musa Yaqub bir qadının yanıqlı
sözünün, gözünün
toranlığının qarşısında
vüqarını yerə
vura biləcək qədər cəsarətli,
sinəsi geniş şair idi.
Onun poeziyası həm ədəbiyyatşünaslar, həm də yazıçı-şairlər tərəfindən kifayət qədər təhlil olunub. Dövrünün ən məhsuldar şairi kimi tanınan Musa Yaqubun bənzətmələri orijinal, poetik çalarları yeni, təbi rəvan, nəfəsi ilk bahar yeli kimi idi. Bakir söz demək xoşbəxtliyi ona nəsib olmuşdu.
Ötən ilin bu günü ölkədə yayılan bir xəbər bahar qəlbinə buz xəncər kimi saplandı. Hamımızın sevimlisi Musa Yaqub əbədiyyətə qovuşdu. Musa Yaqub boya-başa çatdığı Buynuzu oxucularına sevdirmişdi. O yerləri insanlar Musa Yaquba görə tanımışdılar. Təsadüfi deyil ki, Buynuza çox vaxt Musa Yaqubun kəndi deyirdilər. Xalq şairi öz kəndinin qəbirstanlığını ən fəxr olunası xiyabanlardan birinə çevirməyi bacardı.
Buynuzun bağrından
bir heykəl ucaldı. Bu sözün,
şeirin, ədəbiyyatın,
neçə-neçə qəlbi
titrədən misraların
heykəli idi - Musa Yaqubun heykəli idi. Bu gün,
yəni mayın 7-si görkəmli ədəbiyyat
adamlarının iştirakı
ilə həmin heykəlin açılışı
olacaq və Xalq şairi məzarı üstündə
anılacaq.
Hələ neçə-neçə nəsil bu ədəbiyyat körpüsünə qədəm
qoyacaq, neçə-neçə ürək
döyüntüləri poeziyanı bağrından sədalanacaq.
Amma Musa Yaqub poeziyası daim yad olunacaq, könüllər
oxşayacaq. Bu dünyadan bir Musa dədə keçdi,
təkcə dünyadan yox,
ürəyimizin içindən keçdi.
Ruhun şad olsun, təbiətin sadiq oğlu!
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 7 may.- S.15.