İcbari tibbi sığortanın tətbiqi
böyük ictimai rəğbət doğurub
İcbari
tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin
edən, sığorta hadisəsi zamanı əhaliyə icbari
tibbi sığortanın maliyyə mənbələri
hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və
təxirəsalınmaz tibbi yardımın, habelə
sığorta olunanlara xidmətlər zərfində nəzərdə
tutulmuş şərtlər çərçivəsində
tibbi xidmətlərin göstərilməsinə təminat verən
dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər
məcmusudur.
2021-ci ilin aprel ayının 1-dən etibarən
bütün ölkə ərazisində icbari tibbi
sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər
və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərlərində,
həmçinin, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali
də icbari tibbi sığortanın Xidmətlər Zərfinə
daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək
imkanı qazanıb. Vətəndaşlar bu gün 35 ilkin səhiyyə,
6 təcili və təxirəsalınmaz tibbi yardım, 508
ixtisaslaşdırılmış ambulator yardım, 731
laboratoriya, 26 fizioterapiya, 39 invaziv radiologiya və 1205 stasionar
tibbi xidmətdən istifadə edə bilirlər. Xeyli müddətdir ki, tətbiq olunmasına
baxmayaraq, bəzi insanlar icbari tibbi sığortanın onlara
yaratdığı imkanlardan xəbərsizdir. Bu səbəbdən də mütəmadi olaraq əhalinin
icbari tibbi sığorta barədə məlumatlandırmaq
üçün maarifləndirmə tədbirləri həyata
keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyindən verilən məlumata görə, icbari tibbi
sığortanın məqsədi həm səhiyyəmizdə
yeni maliyyələşmə mexanizmi yaratmaq, həm də bu
mexanizmlə vətəndaşlara xidmətlər zərfi
üzərindən pulsuz tibbi xidmətlərin göstərilməsini
həyata keçirməkdir. Əgər əvvəllər
səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdisə,
artıq icbari tibbi sığorta sistemi üzərindən
maliyyələşir. Vətəndaşlara
da xidmətlər zərfi üzərindən pulsuz tibbi xidmətlər
göstərilir. Xidmətlər Zərfində daha
çox yer alan stasionar tibbi xidmət
terapevtik və cərrahi növlərdən ibarətdir. Buraya ixtisaslı həkimin müayinəsi, stasionar
müalicə önü tələb olunan müayinələr,
instrumental və laborator müayinələrin
aparılması, cərrahi əməliyyat, stasionar və ya
reanimasiyada yatış və sair aiddir. Daha dəqiq ifadə
etsək, stasionar tibbi xidmətlərə miokard infarktı,
beyin insultu, ürəyin işemik xəstəliyi, ürək
çatışmazlığı və digər qan
dövranı sistemi xəstəlikləri, eləcə də
mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin,
infeksion və parazitar xəstəliklərin müalicəsi, o
cümlədən, hamiləlik, doğuş və
zahılıq dövründə xəstəliklərin
müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr
zamanı müalicə və digər xəstəliklərin
müalicəsi daxildir. Bu xidmətlər 3500-dən
artıq diaqnozu əhatə edir.
Xidmətlər Zərfi ilə fizioterapiya xidmətləri
də təminata alınır. Bunlara elektroforez, fonoforez,
müalicəvi masaj, maqnitterapiya, vakum terapiya və sair xidmətlər
daxildir. Fizioterapiya xidmətlərinə
sığorta limiti tətbiq olunur. Belə ki, il ərzində hər bir fizioterapiya xidməti
üzrə 10 prosedurdan artıq olmamaq şərtilə həkimin
göndərişi əsasında sığortaolunana xidmət
göstərilir.
Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat
təminata alınıb. Həmin əməliyyatlar sırasına
koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi,
oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar
şuntlama əməliyyatı, ürək qapaqlarının
dəyişdirilməsi və təmiri, anadangəlmə
ürək qüsurlarının cərrahi müalicəsi, eləcə
də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə
əməliyyatları və başqa bir sıra digər əməliyyatlar
daxildir.
Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində
tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb
müəssisələrində göstərilir. Vətəndaş
qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə
müraciət edir, həmin tibb müəssisəsində ona
lazım olan tibbi xidmətin göstərilməsi
mümkün olmursa, müqaviləli tibb müəssisələrində
göndəriş əsasında tibbi xidmətlər göstərilir.
Tibbi xidmətlərə göndəriş vərəqəsi
TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən
verilir.
Müqaviləli tibb müəssisələrinə təkcə
dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar
da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası
göstərə bilmir. Ona görə də
özəl tibb müəssisələri ilə müqavilələr
imzalanır. Özəl xəstəxanaların
seçimi prosesində müəyyən meyarlar nəzərə
alınır. Məsələn, belə
müəssisələr daha geniş spektrdə xidmət təklif
edən xəstəxanalar olmalıdır ki, vətəndaş
ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə
edə bilsin. Hazırda İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi dövlət
tibb müəssisələrində göstərilməsi
mümkün olmayan tibbi xidmətlərin həyata
keçirilməsi məqsədilə 19 tibb müəssisəsi
ilə müqavilə bağlayıb. Beləliklə,
vətəndaş ödəniş etmədən həmin xidmətlərdən
yararlana bilir.
Xidmətlər
Zərfinə rəsmi statistik göstəricilərə əsasən,
son 5 il müddətində əhali
arasında əlillik və ölüm faizi yüksək olan xəstəliklər,
eləcə də sayında davamlı artım müşahidə
olunan sağlamlığın pozulması ilə bağlı
digər xəstəliklər daxil edilib. Bununla belə hər
il İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi vətəndaşların tibb müəssisələrinə
müraciətlərini araşdırır, ən çox rast
gəlinən xəstəlikləri, ən çox müraciət
edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə
daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir.
Bütün bunların nəticəsində də
Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi
ilə bağlı əsaslandırılmış təklifin
təqdim olunması barədə qərar verilir. Hazırda Xidmətlər Zərfində dəyişikliklərin
edilməsi, tibbi xidmətlərin sayının və
çeşidinin artırılması ilə bağlı layihə
hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub.
İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə,
700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi,
ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi
sığorta çərçivəsində göstərilməsi
nəzərdə tutulur. İlkin səhiyyə
xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər
üzrə Agentlik tərəfindən tibb müəssisələrinə
ödənilən 1000-dən çox xidmətin tarifi
artırılıb. Zaur Əliyev deyir ki, onkoloji
müalicələr növbəti illərdən qismən xidmətlər
zərfinə daxil oluna bilər: "Bu barədə bizim Milli
Onkologiya Mərkəzi ilə görüşlərimiz
keçirilib. Gələcəkdə bunu xidmətlər
zərfinə salmağı düşünürük. Bu, 2022-ci ildə nəzərdə tutulmayıb.
Amma növbəti illərdə yəqin ki, qismən
daxil olunacaq".
Bütün vətəndaşların icbari tibbi
sığortanın Xidmətlər Zərfi çərçivəsində
tibbi xidmətlərdən istifadə etmək hüququ var.
Çünki dövlət büdcəsindən bütün vətəndaşlar
üçün icbari tibbi sığorta haqqı
ayrılır.
Həmçinin, 1 yanvar 2021-ci il tarixindən etibarən
"Tibbi sığorta haqqında" qanuna əsasən,
dövlət və neft sektorunda, qeyri-dövlət və
qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi
xarakterli müqavilələr əsasında işləri yerinə
yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərdən
icbari tibbi sığorta haqlarının toplanılmasına
başlanılıb. Ölkə əhalisinin 45
faizini təşkil edən imtiyazlı təbəqə
üzrə isə sığortahaqqı dövlət büdcəsi
hesabına ödənilir. Belə ki, əmək və
ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi
və sahibkarlıq fəaliyyəti ilə məşğul
olmadığı hallarda 18 yaşınadək şəxslər,
23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili
və ya ali təhsil müəssisələrində əyani
təhsil alanlar, pensiyaçılar, sosial müavinət almaq
hüququna malik olan şəxslər, ünvanlı dövlət
sosial yardımı alan ailələrin üzvləri icbari
tibbi sığorta haqqı ödəməkdən
azaddırlar.
İcbari tibbi sığorta üzrə sığorta
haqları işçinin əməkhaqqından, yəni
işəgötürən tərəfindən işçiyə
pul və ya natura formasında ödənilən gündəlik
və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin,
mükafatların və digər ödənclərin məcmusundan
ibarət məbləğdən hesablanır.
Qeyri-dövlət və qeyri-neft sektoru üzrə işəgötürən
və işçilərdən əməkhaqqının 8000
manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari
tibbi sığorta haqqı tutulması müəyyən
olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında
işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər
aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2
faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında
icbari tibbi sığorta haqqı ödəyirlər.
İcbari tibbi sığortadan istifadə edən jurnalist Azər Qismət bildirib ki, onun ürəyində aparılan əməliyyat üçün lazım olan vəsait İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə ödənilib: "Hərdən düşünürəm ki, icbari tibbi sığorta olmasaydı, mən neyləyərdim. Ürəyimə 2 stend qoyuldu, 4000 manat pul tutdu. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentlik ödədi. Martın 26-da anamın yıxılması nəticəsində çanaq nahiyəsindən əməliyyat etdirdik. Travmatologiya İnstitutuna apardıq. Həkimlər bildirdilər ki, yaşlı insana mil, yaxud İlizarov aparatı qoyulsa, sümük bitişməyə bilər. Bunun üçün endoplastika tətbiq edilməlidir. Bu da çox bahadır. Sığortaya müraciət etdik. Dedilər ki, sizin ananız pensiyaçı olduğuna görə sığortalanıb. Dediyiniz əməliyyatın pulunu Agentlik ödəyəcək. İnanmadıq. Bir daha izah etdilər ki, endoplastika əməliyyatına bir qəpik də xərciniz çıxmayacaq. Sevindik. Dedik axı həmin əməliyyat üçün Travmatologiya İnstitutunda şərait yoxdur, buna xüsusi cərrahiyyə otağı lazımdır. Agentlikdən bildirdilər ki, həmin əməliyyat üçün özəl klinikalarda şərait var. İstəyirsiz, xəstənizi Bakı Sağlamlıq Mərkəzinə köçürək?" Yenə sevindik. Əməliyyatı orda etdilər. Yenə düşündüm ki, sığorta olmasaydı, o qədər pulu hardan tapacaqdıq. Həkimlər isə sığortadır deyə laqeyd yanaşmadılar. Dedilər əməyimizə görə pulumuzu alırıq, siz zəhmət çəkməyin. Bu günlərdə verilən xəbərdən də sevindim: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"na dəyişikliklər edilməsi nəticəsində 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqı 1000 manata çatdırılacaq. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. Maaş artımı ilə bağlı dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur. Xəstələnənə qədər icbari tibbi sığorta ilə maraqlanmırdım. Öyrəndim ki, işləməyən adamların da sığortası var".
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə də icbari tibbi sığortadan razı qalan insanlardandır:"Atam ağır infarkt keçirtdi. Təcili Tibbi Yardıma zəng etdik. Elə gözəl həkim gəlmişdi ki, biz qaldıq bir kənarda, özü bütün işin dalınca düşdü. Daha sonra ET Kardiologiya İnstitutuna yönləndirildik. Oranın həkimləri atamı təcili müayinə edərək vaxt itirmədən bizi Ege Hospitala yolladılar. Burada bizi İTS qeydiyyatına alıb, həkimə göndəriş verdilər. Ege Hospitala atamı anju edib ürəyinə stend qoydular. Çox şükür, bütün xərcləri qarşılamağa imkan var. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bütün xərcləri qarşıladı. Qeyd edim ki, atam işləmir və heç bir özəl sağlıq sığortası yoxdur. Bir vətəndaş kimi bu sistemi quran şəxslərə, bir övlad kimi bütün əziyyəti keçən həkimlərə sonsuz təşəkkür edirəm".
S.QARAYEVA
525-ci qəzet.- 2022.- 7 may.- S.12.