Rusiya müttəfiqlərini itirir
Belarus prezidenti Aleksandr
Lukaşenko Associated Press agentliyinə
müsahibə verib və Rusiyanın Ukraynadakı hərbi əməliyyatının uzandığını
bildirib. Belarus prezidentinin
bu müsahibəsi geniş müzakirəyə
səbəb olub.
Çünki Belarus prezidentinin müsahibəsində diqqətçəkən
çoxsaylı məqamlar
var.
Aleksandr Lukaşenko Ukraynada baş verənlərdən
danışarkən müharibə
ifadəsini işlədib
ki, bu da
Moskvanın rəsmi yanaşmasından fərqlidir. Məlum olduğu
kimi, rəsmi Moskva Ukraynaya qarşı hərbi təcavüzünü "müharibə"
yox, "xüsusi hərbi əməliyyat"
adlandırır. İndi isə
Rusiyanın ən yaxın müttəfiqi olan dövlətin başçısı "müharibə"
ifadəsindən istifadə
edir və hərbi əməliyyatların
uzanmasından şikayətlənir.
Üstəlik, Lukaşenko Qərbə
doğru bir sıra reveranslar edərək Rusiyanın nüvə silahından istifadə etməsinin qəti əleyhinə çıxdığını, Belarusun hərbi münaqişəyə qoşulmayacağını
bildirib. Belarus prezidenti müharibəni dayandırmaq, sülhə
nail olmaq üçün
çox çalışdığını
da vurğulayıb.
Belarus prezidentinin bu
müsahibəsi rəsmi
Minskin Moskvadan məsafə saxlamaq üçün ilk ciddi addımı kimi dəyərləndirilə bilər. Belə görünür
ki, Lukaşenko bu müsahibə ilə Qərbə mesajlar verməyə çalışıb. Qərbin münasibətindən
asılı olaraq
Belarus prezidenti növbəti
addımını müəyyən
edəcək. Əgər Qərbdən
təqdiredici reaksiya görsə, Lukaşenko müttəfiqi ilə yollarını ayırmağa
başlayacaq.
Aleksandr Lukaşenkonun bu addımı Rusiyanın müttəfiqlərini itirməyə
başladığını da aydın göstərir. Çünki Belarus Rusiyanın ən yaxın müttəfiqidir
və bu iki respublika ittifaq dövləti yaratmaq haqqında saziş imzalayıblar.
Ukraynaya qarşı müharibədən
əvvəl və hərbi əməliyyatın
ilk günlərində Lukaşenko
tamamilə fərqli mövqe sərgiləyərək
Moskva ilə bərabər hərəkət
etdiyini göstərirdi.
Görünür, Rusiya rəhbərliyi
kimi, Lukaşenko da Ukraynanın müqavimət göstərə
bilməyəcəyini, Qərbin
qətiyyətli davranmayacağını
və hərbi əməliyyatların bir
neçə günə
başa çatacağını
ehtimal edirmiş.
Buna görə də müharibənin ilk
günlərində Lukaşenko
Rusiyanın hərbi əməliyyatlarını birmənalı
dəstəkləyir, müharibəyə
qoşula biləcəklərini
ifadə etməkdən
belə çəkinmirdi.
Lukaşenkonun Associated Press-ə müsahibəsi
isə Belarus hakimiyyətinin
mövqeyinin dəyişdiyini
göstərir. Bu isə təsadüfi deyil.
Müharibədən əvvəl və hərbi əməliyyatların
ilk günləri böyük
əksəriyyət kimi,
Belarus da Ukraynanın Rusiya hərb maşınının qarşısında
dayana bilməyəcəyini
düşünürdü. İndi isə
müharibənin 72-ci günü
arxada qalıb və Rusiya hələ də Ukraynanın heç bir böyük şəhərini ələ
keçirə bilməyib.
Üstəlik, böyük itki
verən Rusiya ordusu Ukrayna ordusunun əks-hücumunun
qarşısını almaqda
da çətinlik çəkir. Bütün bunlarla
bərabər, Qərb
dünya tarixində ən böyük hərbi ittifaq yaratmağa nail olub. Bir yandan da iqtisadi
sanksiyalar Rusiya iqtisadiyyatın sürətlə
dağıdır və
Moskva artıq Minsk üçün cazibədarlığını
itirir. Belarusda anlayırlar ki,
müharibə hətta
Rusiyanın üstünlüyü
ilə başa çatsa da, bu, "Pirr qələbəsi"ndən daha
ağır olacaq.
Qərb uzun müddət sanksiyaları tətbiq etməkdə davam edəcək və bu, Rusiyanın iqtisadiyyatını tamamilə
çökdürəcək. Belarus da Rusiya
ilə birlikdə sanksiyalara məruz qalıb və ölkə iqtisadiyyatı
sürətlə dağılmaqdadır.
Sosial-iqtisadi vəziyyətin dözülməz
hala çatması vətəndaşları sərt
etiraz aksiyalarına sövq edə bilər. Ukraynadakı
müharibə isə
sosial partlayışı
vətəndaş müharibəsinə,
Belarus və Rusiyada partizan müharibəsinə
səbəb ola
bilər.
Rusiyanın müttəfiqlərini itirməyə
başladığı Lukaşenkonun
müsahibəsindən əvvəl
də müşahidə
olunurdu. Qazaxıstan rəsmiləri Avrasiya
İqtisadi Birliyində
Rusiya müttəfiqliyin
artıq zərərli
olmağa başladığını
ifadə etməkdən
çəkinmirlər.
Avrasiya İqtisadi Birliyi hələ 2015-ci ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Moskvanın Qərblə münasibətlərinin soyumasından sonra cəlbediciliyini itirməyə başlamışdı. Lakin indi vəziyyət çox fərqlidir. Avrasiya İqtisadi Birliyinin Ümumi Daxili Məhsulunun 87 faizini təşkil edən Rusiya sərt sanksiyalara məruz qaldıqdan sonra bu ittifaq ancaq zərər verə bilər. Rusiya ilə yanaşı, Avrasiya İqtisadi Birliyinin digər üzvü Belarusa da sanksiyalar tətbiq olunub. Ona görə də Qazaxıstan çox ciddi təzyiqlər altındadır və Rusiya ilə ittifaq ona çox böyük zərər verir. Məlumatlara görə, Orta Asiya respublikaları Rusiyadan ayrılmağa, Çinlə yaxınlaşmağa çalışırlar.
Müşahidəçilər Rusiyanın ənənəvi müttəfiqləri olan solçuların ilk dəfə olaraq Moskvadan məsafə saxlamağa çalışdıqlarını qeyd edirlər. Bütün dünyadakı solçuların "Kəbəsi" hesab olunan Moskva son yüz ildə ilk dəfə olaraq solçu qüvvələrin dəstəyini itirib. Bir qayda olaraq Avropadakı solçu qüvvələr, Latın Amerikası və Asiyadakı solçu iqtidarlar Rusiyanı bütün qarşıdurmalarda dəstəkləyiblər. İndi isə heç bir solçu partiya və ya hökumət Rusiyanı dəstəkləmir.
Rusiyaya rəğbət bəsləyən və Moskvanın təbliğatında önəmli rol oynayan məşhur şəxslər də artıq əks mövqe tutmağa başlayıblar. Bir zamanlar Rusiya vətəndaşlığı almaq üçün növbəyə duran məşhurlar indi Rusiya ilə heç bir əlaqələrinin olmadığını nümayiş etdirməyə çalışırlar.
Belə görünür ki, Rusiya tamamilə təklənib. Hərbi ekspertlərin son iki yüz illik tarixdəki müharibələr üzərində apardıqları araşdırma Rusiyanın təkbaşına iştirak etdiyi müharibələrin heç birində qalib ola bilmədiyini üzə çıxarıb. Görünür, Rusiyanın siyasi müttəfiqləri də artıq bu gerçəkliyi dərk ediblər və Moskva ilə yollarını ayırmaq niyyətindədirlər.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 7 may.- S.11.