Günəş bir
olar...
Hər
birimizin içində vətəndaş olaraq Ulu öndər
Heydər Əliyevə bir borc hissi yaşayır... Qüdrəti və xalqa məhəbbəti ilə
Günəş ucalığında dayanan bu dahi insanın
boynumuzda elə haqqı var ki, onu qaytarmağa bir ömür
azlıq edər. Heydər Əliyev elə
bir düha idi ki, bütöv bir xalqın taleyi məhz onun fəaliyyəti,
cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə
həll edildi. Heydər Əliyevin
müdrikliyi, kamalı cahanda bütün əyriliklərə,
naqisliklərə, hətta qara ölümün özünə
belə qalib gəldi.
Hərdən
özümü elə xoşbəxt sanıram ki... Mən onun adını lap uşaqlıq illərimdən
eşitmişdim. Qohum-əqrabaları ilə yaxından tanış idim. Bəziləri
ilə lap bir yerdə böyümüşdük. Ümummilli liderimiz Heydər Əliyev
Naxçıvanda dünyaya gəlmişdi. Bu qədim şəhərdə təhsil
almışdı. İstər orta, istərsə də ali məktəbdə oxuyanda həmişə
yay tətillərində Qarakilsəyə (indiki adı Sisian)
gələr, Comərdlidə, Urudda olar, qohum-əqrəbaları
ilə görüşərdi. Hər iki kənddə
çoxlu uşaqlıq və gənclik dostu var idi. Mənim doğma kəndim
Urudun hüsnünə bir ayrı gözəllik gətirən
Bazarçayı çox sevərmiş. Ən
hündür qayadan çaya tullanarmış. Urudda sonralar həmin qayaya "Heydər
qayası" deyərdilər. Uşaqlıq
dostlarından biri, indi haqq dünyasında olan Sabir Tahirov mənə
danışardı: "Bir gün çaydan
çıxıb yastı qayanın üstündə uzanaraq
özümüzü günə verirdik. Birdən Heydər
dedi: "Kaş adamı aparıb Bağırovun
(M.C.Bağırov - F.X.) yerinə qoyalar". Kimin
ağlına gələrdi ki, bu sözləri ona söylədən
fəhmin gücüdür. Hətta II
Dünya müharibəsi illərində Naxçıvandan
Qarakilsəyə piyada gələr, həmkəndliləri
üçün çiynində-dağarcıqda duz, digər
azüqələr gətirərmiş.
Sonrakı illərdə də Heydər Əliyev ata və
ana yurdunu unutmadı. Onun gənclərə məsləhətlərindən
biri də bu idi ki, ali təhsil aldıqdan
sonra mütləq doğma ocağa qayıtsınlar. Kəndlər boşalmasın. Bir
hadisəni heç unutmuram. Bizim camaat
çox əziyyətlə Qafan və Naxçıvan istiqamətində
qatarla Bakıya gəlib- gedərdilər. İki
gün vaxt itərdi. 1974-cü ildə
Bakı- Sisian avtobuz marşrutunun açılması Heydər
Əliyevin həmvətənlərinə ən böyük hədiyyəsi
oldu. Az sonra Bakı-Gorus təyyarə
xətti işə düşdü. Sevincimizin həddi-hüdudu
yox idi. Düz 45 dəqiqəyə evimizdə
olurduq.
Bu yazımda mənim uşaqlıqdan sevdiyim, bir cəsarətli
xanımı da xatırlamaq istəyirəm ki, onun həyatında
Ulu öndərin böyük xeyirxahlığı olub. Güllər Babayeva - bu
xanımın bioqrafiyasında bu gün çoxuna örnək
ola biləcək hünər nümunələri
var. Mən hələ uşaq ikən onun haqqında əfsanəyə
bənzər söhbətlər eşidirdim. O, ötən əsrin
60-cı illərində Sisian rayon Partiya Komitəsində katib
işləyib. İrəvanda plenum keçirilib.
Profilə görə yığıncaqda ancaq Ermənistanın rayon
partiya komitələri və digər sahələrə rəhbərlik
edənlər, yəni birinci şəxslər iştirak
edirdilər. Sisian rayon Partiya Komitəsinin birinci
katibi hansısa səbəblər üzündən həmin məclisə
gedə bilməyib. Bu iş Güllər Babayevaya
tapşırılıb.
Plenumun işində o vaxt SSRİ-də ad
çıxarmış, Lenin haqqında bir sıra
yazıların müəllifi kimi tanınmış Marietta
Şaqinyan da iştirak edirmiş. İclas zamanı ermənilər
Şaqinyana belə suallar veriblər: "Bizim
"Böyük Ermənistan" arzumuz nə vaxt
reallaşacaq? Bizim Türkiyə və Azərbaycan
ərazilərinə qatılmış torpaqlarımız nə
vaxt qaytarılacaq?" Maraqlıdır ki.
Şaqinyan soydaşlarına belə cavab verib: "İndi
sovet hökuməti vaxtıdır. Bu məsələləri
hələ ciddi şəkildə qaldırmaq olmaz. Hər
şeyin öz vaxtı var. Amma siz öz körpələrinizin
qulağına hələ beşikdə ikən deməlisiniz:
"Türk sənin düşmənindir. Sən
"Böyük Ermənistan"ın qurucusu olmalısan, sənin
ana torpaqların Türkiyənin və Azərbaycanın ərazisindədir".
Təbii ki, ermənilərin yuxarı eşalonunda əyləşənlər
zənn etmirdilər ki, salonda azərbaycanlı var. Amma
Güllər xanımı təbii ki, tanıyanlar var idi. Hətta biri
"canyanananlıqla" onun qulağına
pıçıldamışdı: "Özünü qoru,
çətin sən Sisiana salamat qayıdasan". Güllər Babayeva soyuq qış günündə
başqaları şübhələnməsin deyə, paltosunu
qarderobdan almadan birbaşa aeroporta getmiş, oradan da təyyarə
ilə Bakiya uçmuşdur. Bakıda SSRİ hökumətinin
rəhbərlərinə teleqramlar vuraraq plenumdakı söhbətlərin
mahiyyətini bildirmişdir. Doğrudur, həmin
vaxt SSRİ hökuməti bu işə dərhal reaksiya verərək
Ermənistan KP MK-nın birinci katibi Koçinyanı
tutduğu vəzifədən azad etdi. Bu məsələlərdə
Güllər xanıma kömək edən də məhz Heydər
Əliyev olmuşdur.
Əslində ermənilər Heydər Əliyevdən
çox çəkinirdilər. Onun qorxusundan azərbaycanlılara
bir kəlmə də turş söz deyə bilməzdilər.
Elə ki, 1987-ci ildə Heydər Əliyev vəzifədən
və Siyasi Bürodan getdi, sanki ermənilərin qurumuş
qanqallarına həyat gəldi. Dərhal
öz şeytan əməllərini həyata keçirməyə
başladılar. İlk torpaq iddiları
Qarakilsədə baş qaldırdı. Əvvəlcə
Uruda məxsus yaylaqlar və əkin sahələri alınaraq
ermənilər yaşayan kəndlərə verildi. Bizim əlehimizə
kitablar çap
edildi, təbliğatlar aparıldı, azərbaycanlılar
incidilməyə başlanıldı. Sonra da... Hər
şey bəllidir. Qarabağ kartını
ortaya ataraq nəinki Zəngəzurda, bütövlükdə
Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı
1988-ci ilin soyuq qış günlərində dədə-baba
yurdlarından min cür vəhşiliklə qovdular. Halbuki Heydər Əliyev vəzifədə
olsaydı və yaxud da ermənilərin dəyirmanına su
tökən namərdlərimiz naxələflik etməsəydilər,
bəlkə də başımıza bu faciələr gəlməzdi.
Xalqın
təkidli tələbi ilə yenidən hakimiyyətə gələn
Heydər Əliyev ölmüş ümidlərimizi cana gətirdi. Anladıq ki, biz
yiyəsiz və rəhbərsiz deyilik. Məhz
son hadisələr və dəmir yumruğun sahibi İlham
Əliyevin qalib davamçı olması əzəmətlə
təsdiqlədi ki, Ulu öndərin ideyaları həmişəyaşardı.
Yenə də xatirələrin işığı məni
keçən əsrə apardı. Heç
unutmadığım əziz günlərdən biri. Ulu öndərlə mən ilk dəfə
göyün yeddinci qatında görüşmüşəm.
1994-cü ildə böyük bir nümayəndə
heyəti Heydər Əliyevin rəhbərliyi ilə Türkiyəyə
- Məhəmməd Füzulinin 500 illik yubiley mərasiminə
gedirdı. Allahın bir lütfi idi ki, mən
də o heyətə salınmışdım. Bizi aparan təyyarə göyə qalxandan bir qədər
sonra jurnalistləri Heydər Əliyevın yanına dəvət
etdilər. Bizimlə elə səmimi və mehriban
görüşdü ki... Hər birimizin əhvalı
ilə maraqlandı. Sonra da əlavə
etdi ki, indi sizə sualı özüm verəcəm,
görüm dilimizin incəliklərini necə bilirsiniz. Qəribədir ki, bəzi həmkarlarım
karıxıb qalmışdılar. Hətta
"gılıf" sözünün mənasını da
bilməyənlər oldu. Mənə
verdiyi sual indiyə kimi yadımdan çıxmayıb. "Kır-kıra nədir?" Cavabım:
"Bizim evdə var idi, nənəm onda qovurğa çəkərək
qovut düzəldirdi". Razılıqla
gülümsədi.
Bir jurnalist kimi uzun illər Azərbaycanın görkəmli
ədəbiyyat, mədəniyyət nümayəndələri
ilə apardığım söhbətlərdə həmişə
heyrətə gəlmişəm. Əksəriyyətinin fikri bu olub
ki, "Məni
Heydər Əliyev xilas edib". Yadımdadı
ki, unudulmaz yazıçımız Ələviyyə Babayeva
necə ehtiramla deyirdi ki, Heydər Əliyev olmasaydı, bir
Allah bilir ki, mən maddi çətinlikdən
ölmüşdüm. Bu etirafın ahəngində
çox mətləb var.
Məmməd Araz Heydər Əliyevin dəyərləndirdiyi
şairlərdən biri idi. Təsadüfi deyil ki, dövlət
müstəqilliyimizin bərpasından sonra təsis edilən
"İstiqlal" ordeni ilə ilk dəfə üç
böyük şair təltif edildi: Bəxtiyar Vahabzadə, Məmməd
Araz və Xəlil Rza Ulutürk... Hətta
müsahibələrinin birində Ulu öndər şairin
sözlərinə yazılmış "Dünya sənin,
dünya mənim, dünya heç kimin..."
mahnısını çox sevdiyini demişdi. Məlumdur ki, Məmməd Araz uzun müddət
"Azərbaycan təbiəti" jurnalının redaktoru
olmuşdu. Maliyyə çətinliyi
ucbatından jurnalın nəşri birdən-birə
dayanmışdı. Onsuz da xəstəlikdən
əziyyət çəkən şairə bu hal ağır
təsir etmışdi. Elə oldu ki,
Respublika sarayında (indiki Heydər Əliyev sarayı - F.X.)
Rəsul Rza ilə bağlı bir yubiley mərasimi
keçirildi. Ulu öndər də, Məmməd
Araz da salonda idilər. Fikirləşdim ki, kaş Heydər
Əliyev Məmməd Arazı görərdi, görüşərdi...
Tədbir sona çatdı. Bir
də gördüm ki, Ulu öndər gedir. Necə oldu, bilmirəm, çox həzin səslə
"Cənab Prezident, Məmməd Araz da burdadı",
eşidilmədi. Yenidən səslədim,
səsim ünvana çatmadı. Həyəcanla səsimi
bir balaca qaldırdım: "Cənab Prezident, Məmməd
Araz burdadı..." Allahım, qapıya çathaçatda
Heydər Əliyev geriyə çevrildi və birbaşa Məmməd
Arazla görüşdü... Səhhəti,
problemi ilə maraqlandı. Təbii ki, Məmməd
Araz ancaq zəif ahənglə təşəkkür etdi.
Bilmirəm, mən bunu necə bacardım,
müdaxilə etdim, "Cənab prezident, əslində
şairi üzən məsələ var". Dərhal xəbər
aldı: "Nə olub?" "Uzun illər
çalışdığı "Azərbaycan təbiəti"
jurnalının nəşri dayanıb..." Bir
qədər söhbət etdik. O zamankı təbii sərvətlər
və ekologiya nazirini çağırıb
tapşırıqlarını verdi (Bu
şəkil də o görüşdən yadigardı - F.X.)
Bir görüşü də heç unuda bilmirəm. Yenə
Türkiyədə idik. Süleyman Dəmirəlin
70 illik yubileyi idi. Protokola əsasən
bir-bir otağa daxil olub, hər iki Prezidentlə
görüşüb, təbrikimizi
çatdırırdıq. Növbə mənə
çatdı. Yanaşı
dayanmışdılar. "Türk
dünyasının iki böyük günəşinə
eşq olsun" deyə öz təbrikimi yetirdim. Ulu
öndərlə görüşəndə, üzündə
qəribə təbəssüm gördüm, əlimi
sıxıb dedi: "Günəş bir olur axı..." O səs,
o gülüş hələ də qulağımda səslənir. Həyat sübut etdi ki, həqiqətən
də Günəş bir olur...
1999-cu ilin fevral ayında Prezident Aparatında keçirilən
bir iclasda EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi Məşədixanım Nemətova
öz çıxışında urudluların sarı siminə
toxundu.
Unudulmaz Məşədixanım yana-yana bir həqiqəti
açıqladı:
- Zəngəzur Azərbaycan torpağıdır. Mən bunu
sübut etmək üçün dəridən-qabıqdan
çıxdım. Zəngəzurun Urud kəndindəki
qəbiristanlıq böyük bir məsələnin
üstünü açdı. O vaxta qədər
bütün tarixçilər yazırdılar ki, islam gələndə xristian olan alban
tayfaları Qriqorian xaçını qəbul edib erməniləşdi
və gürcü xaçını qəbul edib
gürcüləşdi. Rəhmətlik Ziya
Bünyadov "Azərbaycan VII-XII əsrlərdə"
kitabında yazırdı ki, bəs bunların türkləşən,
islamı qəbul edəni olmadımı? Bax
bunu Urud qəbiristanlığı açdı. Orada
XI-XVI əsrlərə aid qoç heykəli və
sandıqça formalı qəbir daşları var idi... Onlardan ikisinin üzərində
yazılmışdı ki, "Min övladi ağvan", yəni
biz alban nəslindənik. Qəbirüstü
daşlarda isə "Quran" ayələri, hədislər,
müsəlman adları yazılmışdı. Demək, alban tayfalarının türkləşən,
islamı qəbul eləyəni də olmuşdu". Məşədixanıma
diqqətlə qulaq asan Ulu öndər Heydər Əliyev ona
belə müraciət etdi:
- Urud kəndində olmusunuz, çox gözəl kənddir".
Həyat qəribə təzadlarla doludur. Elə
ataların da bu qəribəliklə bağlı kəlamı
var: "Torpağın üzü soyuqdur". İnsan haqq
dünyasına qovuşan kimi bəzən unudulur. İllər
təsdiqlədi ki, Heydər Əliyevə olan dərin məhəbbət
millətin varlığı qədər əbədidir. Nə
ayrılığın məsafəsi, nə torpağın
soyuqluğu bu böyük şəxsiyyəti qəlbimizdən
çıxara bildi. Heydər Əliyev həmişə bizimlədi.
Onun nurlu ideyaları xalqın, millətin qolundan tutaraq ağ
günlərə aparır. Qərinələr keçə, əsrlər
ötə, Heydər Əliyevin bənzərsizliyi, əvəzsizliyi
duyulacaqdır. Qəhrəmanlığın, hünərli
olmağın, sevilməyin, fədakarlığın
yolları müxtəlifdir. Millətin inandığı,
sevdiyi şəxsiyyət olmaq bəlkə də çətin
deyil. Amma onun qəlbində əbədi qalmaq çox çətindir.
Heydər Əliyev doğma xalqının xoş gələcəyi
naminə elə cəsarətli addımlar atdı, qeyri-adi
xarüqələr yaratdı, mübarizə apardı ki, onun
yolu ilə getmək labüdləşsə də, onun
özü olmaq heç bir vaxt mümkün deyil. Heydər Əliyev Allahın Azərbaycan xalqına
bağışladığı hikmət dəryası idi.
İstər əməllərində, arzularında, istərsə
də xalqa xidmətində, zəkasında bütün zirvələri
fəth edən Heydər Əliyev məhz Günəş
ucalığında dayanaraq bizim indi də yolumuza işıq
saçır.
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2022.- 7 may.- S.6;7.