"Günah və cəza"
Hekayə
"Günahkarı
Allah, cinayətkarı hakim cəzalandırır".
A.F.Koni.
Hüquqşünas, ədəbiyyatşünas, hakim
***
Gözlərimi açanda onu üzbəüzdəki
kresloda, mənim üst köynəyimi geyinib (harada
olmadığımızdan asılı olmayaraq, o, həmişə
mənim üst köynəklərimdən birini geyinib, sonra
vanna otağına keçərdi) oturmuşdu, zəndlə
gözlərini qırpmadan mənə baxdığını
gördüm.
Elə üzünə baxıb gülümsəmək,
"Sabahın xeyir, ay mənim nəfəsim, ay mənim
gözümün işığı" - demək istəyirdim
ki, hmm... amma onun o halda olmadığını görüb
özümü saxladım. Bir qədər
təcccübləndim. Qaşlarımı
çatıb, ağzımı açmadan başımı
bulayıb, baxışlarımla soruşdum ki: "Nə olub?
Nə hadisə baş verib?" O isə
gözlərini də qırpmadan, diqqətlə mənə
baxır və sanki baxışları ilə mənə
deyirdi ki: "Eh, nə deyim sənə, heyif səndən,
çox heyiflər olsun, səndən çox şeyi gözləmək
olardı, amma bunu isə heç ağlıma belə gətirə
bilməzdim, heyif".
Amma əsəbi də deyildi. Sifətində təəssüf
qarışıq bir nifrət hissi var idi və bir qədər
də dalğın idi. Gözləri diqqətlə
məndə olmasına baxmayaraq, hiss olunurdu ki, fikirləri
dağınıqdır, başqa yerdədir. Elə bil,
bütün bu illər uzunu etdiyimiz o yerli-yersiz mübahisələrimizdən
bezmiş, usanmış, heç nəyə nail ola bilməyib indi də vəziyyətlə bir
növ barışıb oturmuşdu (Yoox... Əslində,
mübahisələrimizin heç biri yersiz olmayıb. Çünki mübahisələrimizin çoxu
vaxtilə öz yerində olub, səbəbsiz olmayıb).
Bu gün isə elə bil ki, yenə də nəyəsə cəhd
göstərmək niyyətində olub, amma əvvəlcədən
heç nəyə nail ola bilməyəcəyini
başa düşüb, geri çəkilib nə isə
xatırlayırdı və o xatırladığı nə məsələ
idisə, ona heyif deyir və ona təəssüf hiss
keçirirdi. Başa düşdüm ki, bu məsələ
nə məsələdirsə, səhərimiz mübahisə
ilə başlayacaq. Çünki zəndim
məni heç vaxt aldatmayıb.
Yatağımdan qalxmadan, dolabın üstündən bir
siqaret götürüb yandırdım. Yavaş səslə:
- Nə
olub?
- ....
- Nə
olub axı?
Pıçıltaya
bənzər səs ilə:
- ... Hmm... heç.
Sonra çənəsi əsdi, gözləri doldu,
udqundu (onun gözləri dolanda mən dəliyə
dönürdüm). Mənə elə gəldi ki, deyəsən,
boğazında illərdən bəri düyünlənib
qalmış qəhərini boğurdu. Bu qəhəri
ki, mənim yanımda heç vaxt çölə
çıxarmayıb. Daha sonra elə bil ki, sükutlu
bir çığırtıyla, göz yaşlarsız
hönkürtüylə, qəhqəhəsiz
gülüşlə, amma bütün bunları içində
boğaraq, yenə də sakit bir səslə təkrarladı:
-
Heç... Heç nə olmayıb.
Sonra bir qədər
xəfifcə setizə gülümsəməyə
çalışaraq:
- Heç nə olmayıb. Bundan
artıq daha nə olmalı idi ki?.. (Bu sözlərin isə tərcüməsi belə
çıxırdı. - Daha sənə
heç sözüm yoxdur).
Dözmədim. Əvvəlki pıçıltıya bənzər səsimdən
bir qədər artıq tonla:
- Adam kimi
başa sal görüm nə olub? Səhər-səhər
nə başlamısan?
Daha sonra həqiqətən heç nə
olmayıbmış kimi qəfil nə düşündüsə
(Sonra bildim ki, indicə, bu saat, qəfil heç nə
düşünüb eləməyib. Verəcəyi
sualı da və deyəcəyi nida işarəli sözü
də, hələ mən yuxudan ayılmamış
hazırlamışdı. Və bəlkə
də, öz rolunu əzbərləyən aktrisa kimi, deyəcəyi
sözləri ürəyində dəfələrlə də
təkrarlamışdı, amma indi isə çətinlik
çəkirdi. Bilmirdi hardan, hansı sözlə,
hansı tonla başlasın), birdən:
- Sənin
geriyə dönüş biletin deyəsən, gələn həftəyədir.
Hə..?
- Həftənin
ikinci günü geriyə dönəcəyəm. Nə olub
ki?.. Niyə soruşursan ki?..
Necə ki?..
Sonra bir qədər
təşvişə düşməyə başladım:
-
İşdən zəng etmişdilər?..
Məni soruşan olub? Hə..?
Dolabın üstündən telefonumu götürüb
qoşmaq istədim. Adətən gecələr telefonu
söndürürəm.
O, bir qədər
qüssə qarışıq, zorla gülümsəməyə
çalışaraq:
-
Yox-yox... Nə danışırsan?
Heç kim səni axtarıb eləməyib.
Nə Bakıdan, nə də işlədiyin ölkədən.
Sən həmişə dövlətin işini
elə sahmana salıb, elə yoluna qoyub, mənim yanıma elə
gəlirsən ki, heç kimin nə xəbəri olur, nə
də ruhu incəyir. Özün dediyin kimi,
"Əşşi, nəyinə lazımdır sonradan ola biləcək başağrısı"...
Yox, əlbəttə, yox.... Sənin
başın gərək heç vaxt ağrımasın.
Hm... Sən heç narahat olma, heç kim
səni axtarıb eləməyib, nə iş yerindən, nə
də ailəndən. Hm... Amma səndən bir xahişim var...
Birdən səs tonunu bir qədər artıraraq, amma əvvəlki
mülayimliyi saxlayaraq, konkret sözlərə keçdi (Aman
Allah, bir vaxtlar mən bu səsin dəlisi idim, hətta
telefonuma da zəng əvəzinə onun səsini
yazdırmışdım. Səsin tonu nə qədər
dəyişirdisə, öz gözəlliyini, öz məlahətini
itirmirdi).
- Sən
bu gün hm... elə bu gün burdan get.
Çıx get. Həftənin ikinci
gününü gözləmə. Hm... Ümumiyyətlə
bəsdir daha.... Yetər artıq hər şey.
Yetər artıq bu qədər təhqirlər.
Bitdi artıq. Sən yuxudan
durana kimi, mən sənin çamadanını
yığmışam. Diplomat çantanı isə...
O, diplomat
çanta sözünü xüsusi vurğu ilə dedi.
Sonra... Hm... Nə isə demək istədi, amma
deyə bilmədi. İki-üç dəfə hə...
deyib yenə nəsə demək istədisə, amma yenə də
deyə bilmədi... Bacarmadı...
- Hə...
diplomat çantanı isə özün
durub yığarsan. Nə bilim, üzqırxan,
diş fırçası, diş pastası, odekalon.
Hm... Bunlar hamısı vanna otağındadır... Bəzi
vacib sənədlər (o, bu sözləri də xüsusi
vurğu ilə dedi). Nə isə... Özün
durub, özün də yığarsan. Səhər
yeməyini də gedib başqa bir yerdə yeyərsən.
Xahiş edirəm. Bu tərəflərdə
nə çoxdur kafelər. Hər
tinbaşı lokanta, kafe var. Gedib qəhvəaltını orda
edərsən.
Zənnimdə yanılmamışdım. Elə hər bir məsələ mənim başa düşdüyüm kimi idi. Səhər-səhər mübahisə ilə başlayacaq. İndi isə deyəsən, köhnə məsələlər xatırlanıb üzə çıxmışdı. Çünki təzə mübahisəyə (özü də belə konkret bir tonda) heç bir səbəb yox idi. Nəyəsə təəssüf etmək, nəyəsə heyifsilənmək, nəyəsə yüngülvari yanıb-yaxılmaq, nədənsə peşmançılıq hiss keçirmək, uzandıqca uzanan, sonu görünməyən və s... və s... mübahisələr. Söhbətimizin axırı elə buna gedib çıxacaqdı.
Mənim bir qədər ona təəccüblə baxdığımı görüb, məsələni daha da konkretləşdirmək, yəni fikrindən daşınmayacağını bildirmək istədi.
- Yox, əgər sən getməsən, onda mən gedəcəyəm. Sən burdan gedənə qədər, mən uşaqla ayrı bir yerdə qalacağam. Uşağı da götürüb ya oteldə, ya da... nə isə ayrı bir yerdə qalacağam. Hər halda mənim harada qalacağım, mənim öz işimdi.
Mən dünən axşam diplomatik xidmətdə olduğum ölkədən onun yanına Türkiyəyə gəlmişdim. Axşamı bir yerdə, üçümüz qızımızla birgə restoranda oturub şam yeməyi yedik. Bir xeyli şəhəri də gəzdik. Deyib gülürdük. Hələ qarşımda 6 günüm qalırdı. Bir həftəliyə gəlmişdim. Amma indi... Bir gecənin içində nə hadisə baş verib ki?..
- Əşşi, bir əməlli-başlı başa sal görüm, nə hadisə baş verib? Hm... Mən də heç yerə gedib eləyən deyiləm. Qəhvəaltını da elə burada edəcəyəm.
O, bir qədər duruxdu. Yəqin ki, vəziyyətin belə şəkil alacağını gözləmirdi.
- Hə... Lap yaxşı. Onda mən gedərəm.
Ayağa durub yan otağa keçmək istədi. Səsimi qaldırdım:
- Otur oturduğun yerində.
O, əvvəlcə bir neçə an duruxub, sonra isə yavaş-yavaş qayıdıb yerində oturdu.
- Axı, nə olub? Dünən axşam deyə-deyə, gülə-gülə bir xeyli şəhəri gəzdik. Sonra da deyib-gülüb, yerimizə girib yatmışıq. Nə hadisə baş veribsə, yuxuda baş verib? Yuxu görmüsən? Bir adam kimi başa sal görüm nə olub?
O, bir qədər
əsəbi halda:
- Xeyr. Yuxu-filan görüb eləməmişəm. - Sonra bayaqdan bəri əlində hazır tutuduğu bir neçə bükülü kağızı mənə tərəf uzatdı. Götür, qoy çantana. Sənə lazım olar. Bərk saxla. Hm.... Dünən axşam sən pencəyini çıxarıb, kreslonun üstünə atmışdın. Mən səhər durub onu şkafdakı asılqandan asmaq istəyəndə dizim qəfildən sənin şkafda qoyduğun diplomat çantana dəydi. Çanta yerə düşüb öz-özünə açıldı. Vallah, nəyə deyirsən and da içərəm ki, mən özüm çantanı açmamışam. Sən ki mənim xasiyyətimi bilirsən. Ümumiyyətlə, mənim üçün sənin səfirliklə bağlı heç bir sənədin filan maraqlı deyil, heç bir vaxt da maraqlı olmayıb. İçindəki bəzi sənədlər yerə dağıldı... Bir-iki sənəddə həkim möhürünü görəndə, dəhşətə gəldim. Aman Allah, sən necə adamsan?
Sözünün ardını gətirə bilmədi. Yenə gözləri doldu, çənəsi əsdi. Özünü ələ alıb:
- Hm.... İnan mənə, heç götürüb baxmaq belə istəmirdim. Çünki ürəyimə dammışdı ki, nəsə xoşagəlməz bir şey görəcəyəm və yaxud nəsə xoşagəlməz bir şey eşidəcəyəm. Əvvəl bilmədim ki, nə edim. Hamısını yerdən götürüb, yenidən çantana qoymaq istəyirdim. Amma həkimin möhürlü olan sənədlərdə uşağın adını görəndə dəhşətə gəldim. Aman Allah, sən nə cür adamsan? Sən necə insansan? Sən uşağın DNK-sını ən müxtəlif ölkələrdə yoxlatdırmısan. Heç utanmırsan? İşlədiyin ölkədə, Moskvada, Türkiyədə. Təəccüblüdür, bəs nə əcəb bunu Bakıda yoxlatdırmamısan? Dilə-dişə düşməkdən ehtiyat eləmisən? Heç utanmırsan? Birində yoxlatdırdın, 99,9 sözü səni qane etmədi. İkincisi də səni qane etmədi. O, da 99,9 oldu. Yenə də ürəyin sakit olmadı. Üçüncü dəfə də yenə eyni nəticə. Sənin üçün adamların fərqi yoxdu. Sənin fikrincə, hamı diplomatdır, hamı cəsusdur, hamı nədənsə, hardansa bir informasiya toplayır. İlk baxışda özünü hamıya sadəlövh adam kimi göstərirsən. Amma heç kimə də inanmırsan. Axı, belə də yaşamaq olmaz. Axı, sən niyə beləsən? Axı, sən niyə heç kimə inanmırsan?.. Axı, sən belə deyildin. Bütün bu illər uzunu məndən şübhələnmisən. Nə özün adam kimi yaşamısan, nə də ki məni yaşamağa qoymusan. Öz həyatını da məhv eləmisən, mənim də. Həmişə məni fahişə hesab etmisən. Məndən həmişə xəyanət gözləmisən. Nə var-nə var, ərdə olan vaxtlarımda sənlə görüşürdüm. Bəli, ərdə ola-ola. Uşaq idim, cəmisi 21 yaşım var idi. Sənə dəli kimi vurulmuşdum, ağlımı itirmişdim. Axı, sən özün də görürdün ki, sənə dəli kimi aşiq idim. Ailəmi də dağıtdım. Yoox... Peşman deyiləm. Onu heç vaxt sevməmişəm. Əgər həqiqətən fahişə olsaydım, heç ondan ayrılmazdım da... Ölürdü məndən ötrü. Hm... O yazığı da bədbəxt elədim. Nə isə.... Gizlindən sənlə görüşərdim. Heç kim də bunu bilməzdi. Sənə görə atamdan da oldum. Mən hamını atıb, tək bircə səni tutdum. Sən mənim Allahım idin. Atam da bu dünyadan mənimlə küsülü getdi. Peşman deyiləm. Çünki sənə dəli kimi aşiq idim. İnan mənə. Bütün bu illər uzunu mən sənə sadiq olmuşam, sənə xəyanət etməmişəm. Bu da sənin mənə olan münasibətin, gözləri ilə əlində tutduğu kağızlara işarə etdi.
Yox, bu dəfə deyəsən, məsələ ciddi və konkret idi. Bütün bu illər uzunu bir-birimizə əla bələd idik. Nəsə bir mübahisəli məsələ ortaya çıxan kimi, mən həmişə əvvəl-əvvəl öz hikkəmi yeritmişəm, öz sözümü demişəm. O isə çox qısa bir müddətə mənimlə razılaşır, sonra isə bəzən xahişlə, bəzən qəhərlə, bəzən bir-iki damcı göz yaşı ilə, bəzən adamı dəli edəcək o titrək səsi ilə, bəzən də İlahidən verilmiş o baxışları ilə məni sındırırdı. Əvvəlcə guya mənimlə razılaşır, "Yaxşı, qoy sən deyən olsun" deyir, mən isə onun baxışları qarşısında duruş gətirə bilməyib yumşalır, o da öz sözünü çox məharətlə yeridirdi, hələ bir mən üzr də istəməli olurdum. Bir sözlə, o, çox vaxt istədiyinə nail olurdu. Əlbəttə, həmişə yox. Amma çox vaxt. Bəzən, faktlar gətirə-gətirə, bəzən məsləhətlər verə-verə, bəzən də nə isə sübut edə-edə. Bir sözlə, çox vaxt o deyən olurdu.
O, əlini-qolunu ölçmədən əvvəlki sakit səslə nəsə deyir, mən isə ona qulaq asır, amma heç nə başa düşmürdüm. Hə... indi başa düşdüm ki, o, bayaq "diplomat çanta" sözünü niyə belə xüsusi vurğu ilə deyirmiş. O, düz deyirdi. Çantamın şifrəli açarı xarab olduğundan, öz-özündən tez-tez açılırdı. Bura gəlməmişdən əvvəl, iş otağımdakı seyfi bağlayıb, açarları evimdəki seyfə qoyub, evimdəki seyfin açarlarını isə pencəyimin cibinə qoyub gəlmişdim. Amma bu mənasız sənədləri cırıb tullamağı və yaxud da harasa seyfə qoymağı nədənsə unutmuşdum. Çünki bu sənədlər lazımsız sənədlər kimi bütün digər başqa sənədlərin altında qalmışdı və gözə dəymirdi. Çanta isə yerə tərsinə düşdüyündən, elə ilk nəzərə çarpan da bu uşaqla bağlı sənədlər olmuşdu. Çantada elə bir başqa vacib sənəd-zad yox idi. Ola da bilməzdi. Çünki ölkədən-ölkəyə vacib sənəd keçirməzlər. Ələ düşə bilər. Bu sənədlər isə heç kimə lazım deyildi. İndi, artıq heç mənim özümə də lazım deyildi.
O danışdıqca, mən başa düşürdüm ki, elədiyim bu bağışlanmaz işimə görə, özümə heç cür bəraət qazandıra bilmərəm. Yox... Əlbəttə, səhv etmişəm, günah iş tutmuşam. Amma niyə belə etmişəm? Nəyə görə belə etmişəm, heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, qanuni ailəmdə heç nəyə o qədər də irad tutmuram. Uşaqların təhsili, əlavə müəllimlər, mütaliələri, həyat tərzləri, məncə, normaldır. Analarının sərt tərbiyə sistemi evdə özünü göstərirdi. O cəhətdən mən arxayın idim. Amma onu görəndə isə, özümdən asılı olmayaraq, hökmən nəyəsə irad tutmalıyam, ya incitməliyəm, ya iradəsinin əleyhinə getməliyəm, ya kobud bir söz deməliyəm, ya geyiminə irad tutmalıyam, nəyə görəsə acılamalıyam. Bilmirəm niyə belə edirəm. Bilmirəm. Amma onu görməyəndə də, səsini də eşitməyən də dəliyə dönürəm. Yuxum ərşə çəkilir. Mən hər onun yanına gələndə, ya da ki, o, mənim yanıma gələndə biz bir yerdə oluruq. Bu, məlumdur. Ayrı olduğumuz günlərdə isə ya telefonla, ya skaypla, ya telefondakı yazışmalarla, hər dəqiqə, hər saniyə bir yerdə oluruq. Daha nə bilim nə. Əlqərəz. Bizimki lap müsibət idi. İşimiz Allaha qalmışdı. Biz bir-birimizin dəlisi idik. Bu, bir-birimizə qarşı vəhşi bir istək idi. O da gülə-gülə həmişə deyirdi ki, səni də, məni də ya dəli eləmək, ya öldürmək çox asan məsələdir. Əgər kimsə mənə zəng edib desə ki, Allah eləməmişkən, sən ölmüsən, ya da ki, ölüm ayağındasan, mənim ya ürəyim partlar, ya da dəli olaram. Yox, əgər eyni sözləri sənə desələr, telefonun dəstəyi əlində qalar. "Mənə heç nə olmaz, dözərəm, özünə çox da güvənmə" - deyirdim.
- Bax...
Yoxlaram a... Onda görərsən.
- Yox... Qələt eləyərsən. Yaxşı-yaxşı,
bəsdir.
Belə zarafatlarımız çox olurdu.
O
danışırdı. Gözləri
dolub-boşalırdı. Mən isə
gözlərimi ondan çəkmirdim. - Aman Allah, bu nə
gözəllikdir onda. - Ya Rəbbim, yaratdığına min
şükür. O danışırdı. Mən
isə fikirləşirdim, görəsən, nəyisə dəyişmək
olacaqmı? Əlbəttə, dəyişməyinə
dəyişəcəyəm. Çətini
üzr istəyib, bir-iki kəlmə xoş söz deməkdir
və yaxud da - Ay, ürəyim sancdı, tez ol mənə dərman
ver, tez elə halım pisləşdi deməkdi. O da dərhal
hər şeyi yaddan çıxardıb, başıma
fırfıra kimi fırlanasıdır. Amanın
günüdür, təki mənə heç nə
olmasın. Amma axı indi mən də bu
mübahisədə nəsə etməliyəm. Qabaqdangəlmişlik etməliyəm. Onun özünü nədəsə borclu
çıxarmalıyam. Ona nə isə
irad tutmasam, onu nədəsə incitməsəm, olmaz. Sonra da onun inciməsini, küsməsini görüb,
özümü danlamasam, olmaz. Bu, bizim
sanki həyat tərzimiz idi. Bir-birimizi nədəsə
ittiham etmək. Biz sanki bundan ötrü
dünyaya gəlmişdik. Bir-birimizlə
mübahisə etmək, bir-birimizi borclu çıxarmaq,
küsmək, barışmaq, bir-birimizsiz qala bilməmək,
mübahisələr, mübahisələr, mübahisələr.
Hətta gülməli çıxsa da deməliyəm ki, onun
təşəbbüsü ilə yəhudidən tutmuş
qaraçıya qədər, hindlidən tutmuş tibet baxıcılarına qədər
özümüzə baxdırmışdıq (Mən
heç vaxt belə məsələlərə
inanmamışam. O isə belə məsələlərdə
yaman inanclı idi). Hamısı da bizə
baxıb yazıqları gəlmişdi. Bir-birimizdən
ayrılmağı məsləhət görmüşdülər.
Bir-birinizdən vaxtında ayrılmazsanız,
bir-birinizi öldürəcəksiniz, bir-birinizin
axırına çıxacaqsınız demişdilər.
Niyə? Bilmirəm. Baş aça bilmirəm. O, mənsiz, mən
də onsuz qala bilmirdik. Bir-birimizi görəndə də...
O
danışır və get-gedə səsini
qaldırırdı.
- Yaxşı, bəsdir yavaş
danış, uşaq oyanar, eşidər, ayıbdır.
- Nə?.. Uşaq? Nə
yaman uşağın qayğısına qalan olmusan. Yadına uşaq düşüb? Uşaq türkcə (O, həmişə Azərbaycan
dilinə türk dili deyərdi. Bakıda
yaşadığı vaxtlarda Azərbaycan dilində iki kəlmə
danışa bilməyən o, indi türk dilində dil-dil
ötürdü. Özü də
çox qəribədir. Bakıda Azərbaycan
dilində səhvlə danışmağı mənə ləzzət
edərdi. Mən gülərdim. Onun səhvləri çox şirin alınardı.
Amma türkcə belə səlist, rəvan
danışmağı indi məni valeh edirdi) bilmir.
Aha, əlimə
girəvə düşdü. İndi söhbətin
səmtini dəyişə bilərəm. Hətta
onun özünü borclu da çıxarda bilərəm.
Əla bəhanə idi. Qalxıb
çarpayı da oturdum. Hətta səsimi bir qədər
qaldıraraq da:
- Axı,
uşaq niyə bizim dili bilmir? Axı, niyə bu
dili bilməsin? Niyə uşaqla məşğul
olmursan? Əlbəttə, uşaq evdə
səninlə rus dilində, məktəbdə isə ingilis
dilində danışmalıdır (Uşaq Amerikan məktəbində
oxuyurdu. Və o, uşağın gələcəkdə
Amerikada ali təhsil almağını arzulayırdı).
Uşaq həftənin 5 gününü məktəbdə
qalırdı və bütün günü müəllimlərlə,
rəfiqələri ilə ingilis dilində, iki gün də,
yəni şənbə-bazar günləri anası ilə rus
dilində danışırdı. Mən səsimi
qaldıranda o, səsini aşağı salırdı.
- Sən
belə tərbiyəni, evində o biri qanuni övladlarına
keç. Bəs sən mənə məktəb
üçün illik təhsil pulunu göndərəndə,
bilmirdin ki uşaq nə dildə təhsil alır və harada
oxuyur? Hər şeyə, ancaq mən cavab
verməliyəm? Uşaq mənimdir, mən
bilərəm.
- Mən
də atasıyam.
-
Görürəm necə atasan. Hər şeydən
şübhələnən ata, heç nəyə inanmayan
ata.
Sonra hər
bir şeydən bezmiş halda... Səsini bir az
aşağı saldı... Sözünə ara
verdi. Xahişə bənzər yalvarışlı bir səslə:
- Sən
başa düşürsən, ya yox? Mən səni
görmək istəmirəm. Başa
düşürsən görmək istəmirəm.
Çıx get. Get... Xahiş edirəm, get...
Səs-küyə o biri otaqdan uşaq qaça-qaça
gəldi. Mənə baxıb gülümsündü.
- Nə
olmuş babaciyim?
- Oho.... Yavuq gəl, yavrum, qızım. Öyle
bir şey olmadı ki. Hiç merak etmə.
Korkma.
- Baba, ben
vallah türkçeyi anlıyorum. Ama hepsini yok.
Türkce bana zor geliyor.
Uşağın üzündən-gözündən
öpüb yerə qoymaq istəmirdim. Uşağa elə
diqqətlə baxırdım ki, elə bil birinci dəfə
idi görürdüm. Bu nədir belə?
Aman Allah, bu ki eynən mənim anamdır. Ala
gözlü, sarışın saçlı, ağ
bəniz, nazik dodaqları, baxışları. Ay aman... Bəs mən indiyə kimi buna niyə fikir verməmişəm.
Uşağın barmaqları da eynən
anamınkı idi. Nazik, uzun. Uşağı bağrıma basıb yerə qoymaq
istəmirdim. Heç öz doğma
anasına belə bənzəyişi yox idi. Anası əsmər bənizli, qonur gözlü idi.
Uşaq eynən anam idi. O da bunu bilirdi. Bilirdi ki, eynən anamdır. Elə
onun üçün də əsəbləşirdi. Mənim
uşağa belə diqqətlə baxdığımı
görüb, ona əsəbi halda ingilis dildə:
- Get
öz otağına, əynini geyin, biz gedirik.
Uşaq dinməzcə mənə baxıb heç nə
demədi, üzümdən öpüb qucağımdan
düşdü, öz otağına getdi. O, uşağa belə deməklə,
sanki mənə deyirdi ki, sən uşağın anana belə
oxşamasını indi görürsən? Niyə
əvvəllər fikir vermirdin? Niyə ona
qarşı belə laqeyd idin?
***
Əslində, mən bu uşağın olmasını
istəmirdim.
Qətiyyən istəmirdim. O isə təkid
edirdi, yalvarırdı. Hər gün mübahisə
olur və səngimək bilmirdi. Mən yox
deyib durur, o isə məni dilə tutmağa
çalışır, yalvarırdı. Qəhərlənir,
göz yaşı tökür, "Axı, mən də insanam.
Axı, mən də qadınam, mən də ana
olmaq istəyirəm. Axı, niyə bunu mənə
çox görürsən. Axı, mənim
də öz arzularım var" - deyir, nəticədə mən
birtəhər yumuşalıb və
razılaşırdım. Evə qayıdıb bir qədər
götür-qoy edib "Əşşi, nəyimə
lazımdır, sonradan ola biləcək
başağrısı" - deyə fikirləşir, ertəsi
gün görüşəndə isə, yenə də eyni
sözlər, eyni ifadələr, eyni göz yaşları, əvvəl
narazılıq, sonra istər-istəməz razılaşmaq və
mənim yumşalmağım. Vəssalam.
Bir qızımız dünyaya gəldi. O, uşağa bu dünyadan
vaxtsız köçdüyü anasının adını
qoymaq istəyirdi. Yox... Mən razı
olmadım. Çünki adı xristian
adı idi (anası rus idi). Dünyasında razı ola bilməzdim. Mənim adım
hara, mənim familiyam hara və xristian adı hara? Uşağın adı azərbaycanlı adı
olmalı idi. O isə yalvarırdı. Mən
razı olmadım. Mən uşağın
adını rəsmi sənədlərdə Azərbaycan
adı yazdırdım. Və onu bununla
razılaşmağa məcbur etdim. O, birtəhər
razılaşdı. Amma evdə uşağı
anasının Azərbaycan dilinə tərcümə
olunmuş adı ilə çağırırdı. Bu uşaq onun üçün hər şey idi,
bütöv bir dünya idi.
Mən gözlərimi naməlum bir nöqtəyə
dikib durmuşdum. Onun səsi məni fikrimdəm
ayırdı.
- Əgər sən getməyəcəksənsə, onda
mən gedirəm. İnan fikrimdən dönməyəcəyəm.
İndi başa düşdüm ki, heç nəyi dəyişmək
mümkün olmayacaq. Bəlkə də, gələcəkdə
nəsə etmək mümkün oldu. Əlbəttə,
olacaq. Amma güman etmirəm ki, əvvəlki
münasibətlərimiz bərpa olunsun. Mən
bilirdim ki, o, məndən buna bənzər çox işlər
görmüşdü və dözmüşdü də.
Amma... bu qədər də yox.
Mən heç nə demədən durub vanna
otağına keçdim. Əl-üzümü
yuyub çıxanda, onların çöl qapıdan
çıxmağa hazırlaşdığını
gördüm. Əl atıb əlindən
tutdum.
- Siz
heç yana getmirsiz, mən özüm
gedirəm.
-
Çox gözəl. Qayıdıb oturdular.
Mən hava limanına zəng edib, açıq
tarixdə qalmış uçuş biletimi bu gün axşama
təsdiqlədim. Sonra diplomat
çantamı yığdım, həmin o mənasız DNK
kağızlarını cırıb tulladım. Arxadan onun olduqca sərt və soyuq səsini
eşitdim.
-
Cırılmış vərəqləri bura atma, gedib
çöldə harda istəsən, orda da atarsan.
***
Öz-özümə nifrət edirdim. Ona görə
də bu barədə düşünmək belə istəmirdim.
İndi isə vaxtımı öldürmək
üçün bütün şəhərin küçələrini
ölçməli idim. O küçə sənin, bu
küçə mənim. Arada yağış
da atırdı. O kafedən bu kafeyə, bu kafedən o
kafeyə gəzirdim. Bircə tanış-bilişə
rast gəlməyim. Gün isə bitmək
bilmirdi.
Axşamüstü hava limanına gəlib
çatdım. Elə taksidən düşüb
özü açılıb-örtülən şüşə
qapılara yaxınlaşırdım ki, arxadan bir taksi
maşınının birzə tərəf sürətlə
yaxınlaşdığını gördüm. Maşın mən tərəfə
çatar-çatmaz onun maşının arxa
oturacağından çıxıb mənə tərəf
qaça-qaça gəldiyini gördüm. Məni çağırırdı, "Getmə
dayan, gözlə məni" - deyirdi.
Təəccübləndim. Sevindim. Elə bil ki, dünyanı mənə verdilər.
Çantamı yerə qoyub, qollarımı
açıb onu qucaqlamaq istəyirdim. Bağışla
demək istəyirdim. O, mənə yaxınlaşdı.
Üzündən öpmək istəyirdim ki, üzünü
yana qaçırtdı.
- Yox, dayan lazım deyil. Əli ilə
arada məsafə saxladı. Sən dərmanını
unudub evdə qoymusan. Onu gətirmişəm.
Axı, 100 dəfə demişəm sənə,
dərmansız çölə çıxma. Şərfin də evdə qalıb, onu da unutmusan.
Siz tərəflər soyuq olur axı. Təyyarədən çıxıb, maşına
minənə qədər soyuq səni alar. Lap uşaq kimisən. Şərfi
boynuma doladı. Yenə gözləri
dolmuşdu. Sonra yavaş səslə:
- Bayaq evdə
sənlə mübahisə edəndə, yaman qoxrmuşdum, rəngin
ağappaq ağarmışdı. İndi necə,
normalsan? Sonra nə düşündüsə:
- Eh, nə
deyim sənə. Öz həyatını da
puç elədin, elə mənim də həyatımı.
Məhv olduq.
Pəncəsi
üstə qalxıb, həmişəki kimi sol üzümdən
öpüb:
- Nə
isə özündən muğayat ol, yaxşı yol - dedi və
tələsik gəldiyi maşına tərəf getdi.
Mən
onun arxasınca bir xeyli baxdım... Odsuz-alovsuz
tüstülənirdim. Başa
düşürdüm ki, həyatımda heç nəyi dəyişib
eləyən deyiləm. İctimai rəyi
nəzərə alıb, elə həyatımı belə də
başa vuracağam. Düşünürəm
ki, əgər cinayət məcəlləsində elədiyim
işə görə cinayət işi açılsaydı,
məni hansı cəza gözləyərdi?
Ömürlük cəza, yoxsa güllə cəzası?..
Mənzil başına gəlib çatanda artıq səhər
açılırdı. Duş qəbul edib yatağıma
uzandım.
Oyananda artıq günortaya yaxın idi. Yoldaşım çamadanı
açıb bütün kostyumlarımı, köynəklərimi
asılqandan asmışdı və birdən:
- Sənin
kostyumlarının üstündə ağzı bağlı
bir konvert gördüm. Bilmədim nədir.
Götürüb sənin iş masanın üstünə
qoymuşam.
- Nə
konvertdir elə?
- Bilmirəm,
açmamışam.
Saymazyana
iş otağına keçdim. Yoldaşımın
dediyi kimi, masanın üstündə ağzı bağlı
bir konvert var idi. Götürdüm. Heç nə başa düşmədim. Bu nə konvert idisə, o qoymuşdu. Axı, orda olanda mənə demişdi ki, sən
yuxuda olanda çamadanını yığmışam. Bu konverti də elə o qoyub. Konvertdə
bir vərəq var idi.
***
"...
İldə... Gündə... Səhər saat
3:30 doğulan körpə qız uşağıdır.
Normaldır. Çəkisi 2
kq 900 qr. Boyu 51 sm. Bütün xarici əzaları normaldır.
Daxili orqanlar normaldır. Yeni
doğulan körpə dekstrokordiyadır. Yən,
ürəyi döş qəfəsinin sağ tərəfində
yerləşir. Bu isə, təbiətdə
nadir haldır. Tənəffüsü
normal, ürək döyüntüsü normaldır".
Elə bil, başıma bir vedrə soyuq su
tökdülər. Aman Allah, bu mənim cəzammı? Uşağın
ürəyi sağ tərəfdə yerləşir. Eynən...
İsfəndiyar
VAHABZADƏ
525-ci qəzet.- 2022.- 11 may.- S.22-23.