Pəncərə bədbəxtliyi
Çiçəkli pəncərələr, çiçəksiz
pəncərələr, pərdəli,
pərdəsiz pəncərələr,
qırıq pəncərələr,
parlaq pəncərələr
olduğu kimi xoşbəxt və bədbəxt pəncərələrin
olduğunu hamı bilmir. Siz mənim sözlərimə
şəkk etməyin.
Biz insanlar kimi
yazıq şüşəbəndlərin
də bəxtləri gətirməyə bilir.
Ailə səadəti ilə dolu evdəki ilə yalnız yaşayanların "mənzil"lərinin
pəncərəsi arasında
dünya qədər fərq var. Bəzən də olur ki,
onların bir üzünün bəxti gətirir, digərinin yox. Baxırsan ki, dənizə
doğru açılan
qapıları var, ancaq içəridən kəsafət fışqırır.
Bir gülən üz, nurlu baxış, xoş sima ona
doğrulmur. Qarşısında heç kəs əyləşib kitab oxumur, buxarlandıra-buxarlandıra
çayını içmir,
çiçəklərini sulamır, səmanı seyr etmir. Balaca əllər ona doğru uzanıb yöndəmsiz fiqurlar cızmır, ya kimsə burnunu söykəyib gülməli
hərəkətlər etmir.
Necə deyərlər, bu yazıqların bir üzü gülür, bir üzü ağlayır. Bəzən isə
tam tərsi olur.
Boz divar qarşısındakı pəncərələr
dünyanın bəxtəvəri
ola bilirlər.
Onların qayğısına
qalırlar: vaxtında
silirlər, köhnə
də olsa, pərdəsini asırlar,
rəngbərəng çiçəklər
düzürlər, səhərlər
otağa təmiz hava dolsun deyə
açırlar, baharda
xalçaları qarşısına
sərib havaya verirlər, qışda başına toplaşıb
qarın yağmasına
tamaşa edirlər...
Pəncərələri xoşbəxt etmək
bu qədər asan da olsa, nədənsə, çox insan
"cansız şüşədir" - deyə düşünüb məsələyə
biganə yanaşırlar. Zərrə qədər sevmədikləri
işləri ilə məşğul olaraq
özlərini qapalı otaqlara məhkum
edirlər. Pərdəni sona qədər
çəkib onu da divardan sayırlar. Halbuki
görməyi bacarana hər divarda kiçik də olsa bir pəncərə var. Bu bapbalaca
pəncərədən süzülən işığa
biganə yanaşanlar gün
gəlir ki, nəhənglərini görəndə
yadlıq edirlər, nə məqsədlə bir
küncdə durduğunu anlamırlar. Onu xoşbəxtlər ölkəsinə gedən
körpü, ya da uçuş
zolağının başlanğıcı hesab
edirlər. Sonra da
qısamüddətli də olsa,
qanadlanırlar. Bəlkə də, onlar
hamısı əvvəlki həyatında quş
olduğunu xatırlayıb indi insan olduğunu
unudanlardı... Yoxsa özlərini boşluğa buraxanda filmlərdəki
kimi əllərinin qanada
çevrilib-çevrilməyəcəyini sınaqdan
keçirirlər? Axı indiyə qədər milyonlarla insan bunu yoxlayarkən torpağa
qarışıb. Ya da
üzləşdiyi çətinliyin öhdəsindən gələ
bilməyənlər qaranquşlar kimi yad ellərə köç etmək istəyirlər. Amma yazıq pəncərə neyləsin ki, yerin cazibə qüvvəsi
var? O da istərdi ki, ayaqlarınız yerdən qopan
anda quş kimi uçub buludlara çatasınız, sevmədiyiniz həyatınızı
tərk edib uzaq
ölkələrə qonaq gedəsiniz. Gedib görəsiniz
ki, problemsiz dünya utopik uydurmadan başqa bir şey deyil.
Əmin olun ki, qonşu evlərin eyvanlarına
çırpıla-çırpıla torpağa
çatıb sümüklərinizi qırmaq sizi
incitdiyi qədər onu
da incidir. Çərçivələri
divara taxıldığı gündən
bir addım da yerini dəyişməyən pəncərə
sizə görə, sözün əsl mənasında,
durduğu yerdə işə düşür. Çürüyənə qədər
uğursuz damğasını daşımalı
olur. Uzun müddət
ona yaxın durmağa
qorxurlar, sevdikləriniz hər baxanda sizi xatırlayıb
daha da əziyyət
çəkir. Ona görə də,
yaxşı olardı ki, belə bir qərarı alarkən pəncərənizə
nə qədər haqsızlıq etdiyinizi
götür-qoy edəsiniz. Özünüzü yox,
problemlərinizi atmağı yoxlayasınız. Onda nə pəncərə bədbəxt olacaq, nə də siz...
Gülşən NAİL
525-ci qəzet.- 2022.- 12 may.- S.20.