Qırmızı saçlı qadın
"Uzun sözün
qısası" rubrikasında
bu dəfə Orxan Pamukun 2016-cı ildə yayımlanan "Qırmızı saçlı
qadın" romanından
söz açmışdıq. Yazıya
keçməzdən öncə
onu qeyd edim ki, qısa bir yazıda romanı dolğun şəkildə əhatə
etmək mümkün
olmadığı üçün
əsas məqsədim
roman haqqında sizlərdə
müəyyən bir fikir formalaşdırmaqdır.
Əsər "Həyat" aptekinin təsviri ilə başlayır. Daha doğrusu, bu
aptekdə çalışan
Cemin atası və onlar arasındakı
münasibətlə. Oxucu elə ilk səhifələrdəcə ata-oğul
münasibətindəki gərginliyi
hiss edə bilir. Növbəti səhifələrdə isə öyrənir ki, ata bir
gün ailəsini atıb gedir.
Anası ilə təkbaşına
qalan Cem öz xərclərini ödəmək üçün
Öngörən adlı
bir qəsəbədə
suaxtaran ustaya köməkçi gedir. Bu usta sonrakı günlərdə
onun ən yaxın adamına çevrilir. Cem atasında görmədiyi
şəfqəti Mahmud ustada
tapır. Bu sevginin təsviri ilə Pamuk insanın ata sevgisinə nə qədər möhtac olduğunu göstərir.
Cem Öngörəndə
təkcə ata sevgisi ilə yox, həm də
qadın sevgisi ilə tanış
olur. Qəsəbədə gördüyü qırmızı saçlı
Gülcihana ilk baxışdan
vurulur. Elə burdaca Pamuk belə
bir sual qoyur: İlk məhəbbət bütün
həyatı təyin
edə bilərmi? Yoxsa, tale yolumuza sadəcə tarixin və əfsanələrin gücü
yön verir?
Qəhrəmanımızın məhəbbətinə teatr
aktrisası Gülcihan
da qarşılıq verir və onlar
sadəcə bir gecə birlikdə olurlar. Bu, Cemin həyatına mühüm
təsir göstərən
hadisələrdən birinə
çevrilir.
İkinci hadisə isə Mahmud Usta ilə qazdıqları
quyunun yanında baş verir. O bilmədən
vedrəni quyudakı ustasının başına
salır və kömək etmək əvəzinə, qorxub ordan uzaqlaşır. İlk döydüyü qapı da Gülcihanın qapısı olur. Ancaq məlum olur ki, Gülcihan əri ilə birlikdə qəsəbəni
tərk edib. Kor-peşman qaldığı yerə qayıdan qəhrəmanımız
əşyalarını toplayıb
qatarla İstanbula - anasının yanına qayıdır.
Zahirən həyat heç nə olmamış kimi davam edir. Ancaq onun içində fırtınalar var. Bir gözü qapıdadır,
elə bilir ki, istənilən an qapı açılacaq,
polislər içəri
girəcək. Bir tərəfdən
də ümid. O
ümid ona deyir ki, Mahmud Usta ölməyib.
Bu təlatümlər və yaşadığı
quyu təcrübəsi
yazıçı olmaq
istəyən bu oğlanın qərarını
dəyişərək mühəndis
olmasına yol açır. İllər sonra Cem sahəsində uğur qazanmış mühəndisə
çevrilir.
Hələ tələbəlik illərində
uzaq qohumu Ayşə ilə evlənən qəhrəmanımızın
sakit və kənardan çox xoşbəxt görünən
bir həyatı var. Amma övladının olmaması... İllər keçdikcə övlad
arzusu da ondan uzaq düşür.
Əvəzində xanımı Aişə
ilə birlikdə
"Söhrab" adlı
bir şirkət qurub bütün sevgilərini bu şirkətə verirlər.
"Söhrab" böyüyür, cütlük
isə dünyanı gəzməyə davam edir. Ata-oğul tandeminin ağrısını
daim özü ilə daşıyan Cem illər boyunca Sofoklun "Tiran Edip" tragediyasında Firdovsinin "Şahnamə"sində
keçən "Rüstəm
və Söhrab" hekayəsinin izlərini gəzir, bu haqda xeyli oxuyur,
gəzdiyi muzeylərdə
gözü onların
nişanəsini axtarır.
Bu məqamla Pamuk
"İnsan gec-tez düşündüyünə çevrilir" fikrini haqlı çıxarır.
Ancaq oxucu Cemin öldürülən
oğul, yoxsa öldürən ata olmasını ancaq əsərin sonunda anlayır.
Bilirəm, düşündünüz ki,
axı Cemin oğlu yoxdur. Əslində Cemin oğlu var. Özü də bir gecəlik münasibətdə olduğu
Qırmızı saçlı
qadından.
Bu həqiqət günlərin
birində gələn
məktubla əyan olur. Sonradan bəlli olur
ki, sən demə, Gülcihan bir vaxt Cemin
atasının sevgilisi
olub, Cemə də meylinin əsas səbəbi onun atasına oxşarlığı olub.
Qadın
Ənvər adı verdiyi oğlunu öz əri ilə bir damın
altında böyüdür.
Həqiqəti həm ərindən,
həm oğlundan illər boyu gizlədir. Ancaq yalançı ata sanki bu ögeyliyi
hiss edib ömrünün
sonuna kimi Ənvərə qarşı
laqeyd olur. Nəticədə uğursuz, depressiv,
həyatda özünü
tapa bilməyən bir oğul yetişir.
Oğlunun pulsuz və
uğursuz bir şəkildə ömrünü
başa vurmasını
istəməyən Gülcihan
həqiqəti deyərək
Ənvəri övladlıq
iddiası ilə bağlı məhkəməyə
müraciət etməyə
razı salır.
Cem özündən
bu düşüncəni
nə qədər uzaq saxlasa da,
övladını görmək
istəyinə qarşı
çıxa bilmir. Bu istək onu illər sonra Öngörənə aparır.
Bu torpaqlar onun
üçün təkcə
heç vaxt görmədiyi oğlu yox, həm də
bir vaxt ata yerinə qoyduğu Mahmud ustanı quyuda qoyub getdiyi
yer idi.
Cem qəsəbədə
olarkən öyrənir
ki, sən demə ustasını qoyub qaçandan sonra ustası ölməyib, şikəst
qalsa da, işini davam etdirib. Hətta illər sonra
bu həqiqəti öyrənmək belə
illərlə içində
ağrıya çevrilmiş
o quyunu görmək istəyinə əngəl
olmur. Gecəyarı həmin yeri
görməyə gedən
Cem elə ordaca naməlum bələdçisi - Ənvər
tərəfindən öldürülür.
Əsər Cemin "Əslində yazıçı
olmaq istəyirdim"
cümləsi ilə başlayıb Gülcihanın
"Unutma, əslində
atan da yazıçı
olmaq istəmişdi"
cümləsi ilə bitir. Məhz, bu iki cümlə arasında uzanan yoldur ata
ilə oğlun hekayəsi.
Mən bu əsəri oxuyarkən ata məfhumunun bir insanın həyatında tutduğu yerin mahiyyətini bir daha başa
düşdüm. Bütün dövrlərin aktual
problemi olan "atalar və oğullar" Pamukun qələmi ilə bir başqa cür yazılıb.
Əsərdə verilən digər bir mesaj isə
zaman keçdikcə gizli qalan günahların
insanın içində
necə bir ağrıya çevrilməsidir. İllərlə ustasını quyuda qoyub qaçan Cem əslində, qaçdığı cəzadan
da ən ağır cəzanı özünə verir, vicdanın hökmü ilə.
Əsərdəki digər bir istiqamət Şərq və Qərb dilemmasıdır. Oxucu roman boyu hər iki
mədəniyyətin ruhunu
hiss edir. Yazıçı isə hər
iki mədəniyyətin
cizgilərini bütün
müsbət və mənfiləri ilə birgə təsvir edir. Qərb adamının fərd
olmaq arzusu oğulun atanı öldürməsi ilə
nəticələnirsə, Şərq adamının
itaət yazısı
atanın oğlu öldürməsi ilə
nəticələnir.
Və ən əsası, mən bu əsərdə Pamuk sevgimin izahını tapıram. Özü də Gülcihanın dilindən deyilən bu cümlələrdə: "Ədəbsizcəsinə söz atan, ya dərhal mənə aşiq olan, ya da cinsi xəyallara qapılan bütün o arsız kişilər mən səhnədə Söhrabın anası Təhminənin ərinin oğlunu öldürdüyünü görüncə fəryad qoparanda son dərəcə qorxunc bir sükuta dalırdılar. Ağlayarkən izdiham üzərindəki gücümü hiss edər, bütün həyatımı aktrisalığa həsr etdiyim üçün xoşbəxt olardım".
Pamukun siyasi düşüncəsi, tutduğu mövqe ilə barışmayan insanların belə, onun əsərlərini gizli-gizli, sevə-sevə oxuduqlarının az şahidi olmamışam. O kişilər qırmızı saçlı qadının sənətinə necə uduzurdusa, biz də Pamukun qələminə elə uduzuruq.
Bilmirəm, bu əsər
sizə necə təsir edəcək, sizdə hansı izlər
buraxacaq, amma şəxsən
mən əsəri bitirən kimi
saçlarımı qırmızıya boyadım...
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 11 may.- S.20.