Əsər necə yaranır?  

 

YAZININ KVİTESSENSİYASI

 

 

"Okean" necə yarandı?

 

Adətən hər bir bədii yazının qələmə alınmasında hansısa bir təkanın rolu olur. Bu, daxili təkan da ola bilər, xarici təkan da... Həmin problem adətən yaradıcılıq psixologiyası kimi tədqiq edilir. Bu da təbiidir. Axı bəzən yazıçının öz əsərini yazarkən keçirdiyi hissləri psixoloqlar tədqiq etməyə çalışırlar. Amma hesab edirəm ki, bəzi yazıçılar bu sahədə heç də psixoloqdan geri qalmırlar. Məsələn, Konstantin Paustovskinin bir çox əsərləri buna yaxşı  nümunə ola bilər. Belə ki, yazıçı qələmə aldığı bir çox qeydlərində öz əsərlərinin meydana gəlmə səbəblərini, yazı prosesini elə dəqiqliklə təsvir edir ki, bu sənədli qeydlər bədii yazı qədər maraq doğurur. Amma onu da unutmaq olmaz ki, bədii əsər, xüsusən hekayə oçerk deyildir...

 

"Okean" adlı bir hekayəm var. Çoxdan yazılıb. Sənədli yazı deyil. Amma bu yazının qələmə alınmasında bir hadisə "təkanverici" rol oynayıb.

 

Hərbi xidmətdən geri dönərkən Uzaq Şərq şəhərlərindən birində vağzalda bilet alarkən bir gənc xanım məndən şəhərdəki hansısa ünvanı soruşdu. Çiynimi çəkib bilmədiyimi dedim. Xanım gülümsəyib dedi ki, yəqin Siz də mənim kimi gəlməsiz. Ötəri-eksklüziv dialoqdan belə məlum oldu ki, bu gənc xanım tibb texnikumuna qəbul olub, əslən Sakit okeanın ortasında yerləşən ada-şəhərdən, daha dəqiq desəm, Saxalindən gəlib bu yerlərə...  Qatarın yola düşməsinə hələ çox qalırdı.

 

Yaxından tanış olduq. Mən öz adımı dedim. O da özünü təqdim etdi:

 

- Almira.

 

Söhbət əsnasında belə məlum oldu ki, bu gənc xanımın soyadı Yunusovadır. Doğrusu, elə bildim ki, azərbaycanlıdır. Amma o, kökən rus olduğunu bildirdi.

 

Vağzaldan çıxıb şəhərə sarı üz tutduq. Lopa-lopa qar yağırdı. Ağ şuba və çəkmə geymiş Almiranın bəyaz sifətinə qonan qar dənələri ulduz qırıntıları kimi parlayırdı. Bu anlarda Almira zərif, bəmbəyaz  Qar qıza bənzəyirdi. Sadəcə olaraq o, qocaman Şaxta babanın yox, yanındakı hərbi geyimli gəncin qoluna girmişdi.

 

Biz isti kafelərdən birinə daxil olub nəsə sifariş verdik.

 

...Sonralar bu təəssürat hekayəyə çevrildi.

 

"Okean" hekayəsində gənc xanım qəhrəmanın ad- familiyası olduğu kimi saxlanılıb... Hekayədə finala yaxın səhnə belə təsvir olunub:

 

"Sarvan vaqona qalxıb kip örtülmüş pəncərənin donmuş şüşələri arxasından qıza əl etməyə başladı. İndi onun ürəyinə ağır bir kədər çökmüşdü; bu kədər hissi ona, nədənsə, vaxtsız yağan qarı xatırladırdı. Sarvan əvvəlcədən duyurdu ki, qızla bu təsadüfi görüş onun yaddaşından heç vaxt silinməyəcək... Yox, bu məhəbbət deyildi. Bu, ötəri bir hiss də deyildi. Bəs nə idi görəsən?

 

Bayırın qaranlığında qızın tutqun silueti zorla seçilirdi...

 

Qatar yola düşdü..."

 

Yeri gəlmişkən, sonralar bu hekayə rus, ingilis, fars və özbək dillərinə tərcümə edilib Kanada, Rusiya, Özbəkistan və İranda nəşr olundu.

 

"Alın yazısı" necə yazıldı?

 

Səksəninci illərin sonlarında qəfildən xəstələndim. Nitqimdə ləngimə baş vermişdi. Məni Əhmədlidəki "nevroloji" xəstəxanaya apardılar. Səliqə-sahmanlı bir yerdi. Bizim palatada dörd nəfər kişi vardı. Deyir-gülür, zarafat edirdik. Saşa adlı "Kamaz" şoferi, sağlam rus "mujiki" çoxlu lətifələr bilirdi.

 

Qonşu palatada qadınlar müalicə olunurdu. Mən arada dəhlizin başındakı darısqal arakəsməyə (xəstə və həkimlərin qeyri-rəsmi "papiros çəkmək üçün" hesab etdikləri yerə) çəkilib siqaret tüstülədirdim. Bir dəfə gənc, yaraşıqlı, qədd-qamətli bir xanım mənə yaxınlaşıb dilucu salamlaşdı.

 

- Salam. Olar?

 

Görəsən, nəyin "olarını" xahiş edirdi?

 

Ani olaraq anladım ki, yəqin siqaret xahiş edir. Qutunu ona uzatdım. O, bir qədər tərəddüd edib dedi:

 

- Təşəkkür edirəm. Özümdə siqaret var. Soruşuram ki, burada siqaret çəkmək olar?

 

Ətrafa boylanıb dedim:

 

- Məncə, olar. Adətən, adamlar burada çəkirlər. Budur, qab da siqaretlə doludur.

 

Qadın bir də təşəkkür edib, cibindən "öz  qutusunu" çıxartdı. Zərif, uzun, ilik kimi barmaqlarının arasında sıxdığı siqaret giləsini alışdırıb dərindən qullab vurdu. Ətirli siqaretin tüstüsü bir müddət onun başının üstündə halay vuraraq "donub qalırdı". Arada qadın alnına tökülmüş qara-parlaq saçlarını əli ilə yuxarıya sarı "atanda" başının üstündə "donub qalmış" tüstü halayı da ətrafa yayılırdı.

 

Sonrakı günlər söhbət əsnasında məlum oldu ki, mənim "siqaret yoldaşım" ali məktəb müəlliməsidir. Yaxınlarda başında əməliyyat olunacağını gözləyirdi. Zahirən sağlam və xoşbəxt görünən bu gözəl xanım hiss olunurdu ki, öz taleyindən heç də razı deyil.

 

- Mən əməliyyatdan sağ çıxmayacam...

 

Bir neçə gündən sonra həyətdə ağlaşma, hay-küy eşitdim. Kiminsə öldüyünü dedilər.

 

Ağ xalatlı tibb işçiləri iri xərəyin qulpundan yapışıb həyətə sarı tələsirdilər.

 

Sonralar mən qələmə alacağım "Alın yazısı" adlı hekayədə həmin mənzərəni belə təsvir edəcəkdim: "Xərəyi qapının ağzına çıxartdılar. Ağ xalatlı adamlar mələfəyə bükülmüş meyiti qucaqlarına götürüb "təcili yardım" maşınının arxa qapısına yaxınlaşanda külək mələfənin bir ucunu azacıq qaldırdı. O, qadının qırxılmış ağımsov başını gördü. Qadının üzü sakit idi. Ona elə gəldi ki, qadının dodağında gülüşə, istehzaya bənzər tanış bir təbəssüm donub qalıb. Görəsən, qadın kimə gülürdü? Öz ölümünə, yoxsa yaşanmış (bəlkə də yaşanmamış) ömrünə?

 

Maşının qapısı şaqqıltı ilə örtüldü.

 

Xəstəxananın həyətinə sükut çökdü..."

 

Bax, "Alın yazısı" hekayəsi belə yarandı.

 

"Bəyaz rəqs" necə meydana gəldi?

 

Yolum düşən ölkələrdə ilk növbədə kitab dükanlarına baş çəkirəm.

 

İndi iş otağımdakı rəflərə düzülmüş müxtəlif elmlərə və janrlara aid kitabların az qala hərəsinin öz  alınma, "əldə olunma" tarixi var.  Bəzi kitabları isə özüm almamışam, mənə poçtla göndəriblər. Vaxtilə Pribaltikada, Orta Asiyada, Rusiyada yaşayan dost və tanışlardan aldığım kitabları bu gün də saxlayıram. Hətta, bəzən üzünü görmədiyim adamlardan aldığım kitablar da var; məktubla müraciət etmişəm, tezliklə lazım olan kitabı ünvanıma göndəriblər.

 

Bu yaxınlarda rəfdəki kitabları qaydaya salarkən göy cildli, iri həcmli bir kitab diqqətimi cəlb etdi. Əslində bu, kitab yox, jurnal idi. Sadəcə olaraq iki, ya üç jurnalı üst-üstə tikib kitab halına salmışdılar. "Kitabın" üstünə göy kartondan səliqəli üzlük çəkmişdilər. Cildin üzərinə isə rəngli karandaşlarla bu sözlər yazılmışdı: Âèêòîð Àñòàôüåâ. «Öàðü-ðû́áà»

 

Amma üst-üstə tikilmiş bu jurnalların adı, nəşr edildiyi tarix qeyd edilməyib. Çox ehtimal ki, bu qalın dərgi "Roman-qazeta"dır. Adətən, "Roman-qazeta"da səs-küy qoparan, məşhur əsərlər nəşr edilirdi. Bizim yazıçılardan da bir çoxunun (M.İbrahimbəyovun, S.Azərinin) əsərləri müxtəlif illərdə bu dərgidə çap olunmuşdu.

 

Yadımdadır, 70-ci illərin sonunda rus yazıçısı Viktor Astafyevin romanı oxucular arasında geniş əks-səda vermişdi. Mən əsəri heç cür əldə edə bilmirdim (Bəli, kitabların da belə bəxtəvər günləri vardı).

 

80-ci illərdə Elmlər Akademiyasında aspirant olarkən dostlarımla Nalçikə istirahətə getmişdim. Dağların başındakı turbazaların birində dincəlirdik. Axşamlar geniş meydançada rəqs təşkil edilirdi. Adətən, buraya daha çox gənclər axışıb gəlirdi.

 

Mən rəqs etməsəm də, orijinal rəqs nümunələri nümayiş etdirənləri maraqla seyr edirdim.

 

Xatirimdədir, rəqs edənlər arasında nisbətən yaşlı bir xanımın göstərdiyi "tryuklar" hamının diqqətini cəlb edirdi. Bu xanım həm Qafqaz, həm slavyan, həm hind, həm də Avropa xalqlarının rəqslərini məharətlə ifa edirdi. Çox zaman yaşıl donda olan bu xanımı biz öz aramızda "yaşıl alov" adlandırır və doğrusu, axşamlar çox vaxt elə bu şən qadının göstərdiyi "nömrələri" izləməyə gedirdik.

 

Növbəti axşamların birində yenə rəqs meydançası gənclərin ixtiyarında idi. Birdən "rəqqas qadın"  qəfildən meydançaya çıxdı. O, indi qıpqırmızı don geymişdi və əsl alova oxşayırdı. Bu alov sanki sehrli ilan kimi qıvrılır, yığılıb-açılır, ətrafa od saçırdı.

 

Arada fasilə oldu. Gecənin aparıcısı növbəti rəqsi elan etdi: "Bəyaz rəqs". Adətən bu rəqs ifa olunanda qadınlar kişiləri oynamağa dəvət edirlər. Heç gözləmədiyim halda "rəqqas qadın" irəli yeriyib əlini mənə sarı uzatdı. Üzrxahlıq edib bildirdim ki, rəqs edə bilmirəm. Qadın gülümsəyib dedi ki, problem yoxdur, öyrənərsən, hələ cavansan. Dostlarım da him-cim etdilər ki, bu cür xanımın təklifini rədd etmək olmaz, irəli çıx...

 

Xanım rəqs edə-edə mənə ürək-dirək verib bildirirdi ki, məsələ heç də onun təsəvvür etdiyi kimi deyilmiş; yəni mən rəqs etməyi bacarırmışam.

 

Sən demə, qadın, rəqqas yox, tanınmış bir pedaqoq imiş. Özü də Sibirdəki iri texnikumlardan birində direktor vəzifəsində işləyirmiş. Mən onun rəqsə bu cür marağının səbəbini soruşarkən qadın gülüb dedi: "Axı bizim texnikumda minlərlə tələbə təhsil alır. Orada hər millətin nümayəndələri var. Elə azərbaycanlılar da az deyil. Mən hətta sizin Fərman Salmanovu da tanıyıram. Çalışıram ki, bu tədbirlərdə bütün xalqların mahnı və rəqsləri səslənsin. Özüm də oxumağı, rəqs etməyi çox sevirəm".

 

O, arada oxuduğu kitablardan sitatlar gətirirdi. Bir dəfə söhbət hərlənib-fırlanıb Viktor Astafyevin yeni əsərinin üstünə gəldi. Mən həmin əsər barədə mətbuatda çox oxumuşdum. Amma əsərin özü ilə tanış deyildim. Qadın söz verdi ki, öz evlərinə qayıdan kimi arzusunda olduğum kitabı göndərəcək...

 

Hərə öz vətəninə yola düşdü. Bir gün məhəllə poçtalyonu qapını döydü. Əlindəki bağlamanı irəli uzatdı. Baratı açıb baxdım. Xanımın vəd etdiyi kitab idi. Âèêòîð Àñòàôüåâ «Öàðü-ðû́áà».

 

Təəssüf ki, indi həmin kitabı göndərən qadının adını unutmuşam. Amma rus yazıçısı Viktor Astafyevin adı nə zaman çəkilirsə, daim qeyri-ixtiyari, assosiativ olaraq həmin qadını xatırlayıram.

 

P.S. Sonralar mən "Bəyaz rəqs" adlı hekayəmdə öz müşahidələrimdən bəzilərini qələmə almağa çalışdım. Təbii ki, orada baş verən hadisənin məğzi, fabulası və məzmunu tam fərqli bir axarda idi. Axı mən oçerk yox, bədii əsər yazmışdım.

 

"Dekret yeri" necə yarandı?

 

Məlum məsələdir ki, bədii əsərin meydana gəlməsində daha çox təxəyyülün rolu olur. Əsərin səviyyəsi isə, təbii ki, istedadla bağlı bir məsələdir. Amma orası da var ki, bəzən yazıçının şəxsi müşahidəsi və ya tərcümeyi-halı ilə bağlı nəsnələr də bu və ya digər əsərin meydana gəlməsinə "təkan" verir.

 

Mən vaxtilə öz qeydlərimdə "Alın yazısı", "Okean", "Bəyaz rəqs" adlı hekayələrimin qələmə alınmasına səbəb olan başlıca "amillərdən" bəhs etmişdim.

 

İndi isə "Dekret yeri" adlı müxtəsər bir hekayəmin yaranmasında hansı "həyat faktının" rol oynaması barədə elə müxtəsərcə söz açmaq istəyirəm.

 

Təyinatımı Saatlı rayonuna vermişdilər. Maarif şöbəsinin (indi Təhsil şöbəsi adlanır) müdiri, təcrübəli pedaqoq Qoçəli Pənahov mənim hələlik Adıgün kəndindəki orta məktəbdə fəaliyyətə başlamağımı tövsiyə etdi. "Hələlik" və "tövsiyə etdi" ifadələrinə müraciət etməyim təsadüfi deyil. Zira müdir vurğulamışdı ki, sən həmin məktəbə dekret yerinə gedirsən. Bir müddət adı çəkilən yerdəki məktəbdə işlədim. Yerli əhali sürgündən qayıtmış Mehseti türkləri idi. Bir gün dekretə çıxmış xanım öz yerinə qayıtdı. Şöbə müdirinin tösiyəsi ilə rayondakı səkkizillik məktəbə gedəsi oldum. Yenə dekret yerinə. Az sonra məni başqa bir yerə dəyişəsi oldular. Yenə məlum səbəbə görə. Günlərin bir günü xəbər gəldi ki, "dekretçı" öz yerinə qayıdır. Mənim Mollaəzizli məktəbinə dəyişməyim barədə sərəncam verildi. Yenə dekret yerinə. Bir müddətdən sonra təzəcə istifadəyə verilmiş M.Əzizbəyov adına orta məktəbdə fəaliyyətə başladım...

 

Elə o vaxtdan demoqrafik yüksəlişimizin təbliği ilə məşğulam.

 

Bax, "Dekret yeri" belə yarandı...

 

 

Firuz MUSTAFA

 

525-ci qəzet.- 2022.- 11 may.- S.16;17.