Qarabağ geyimlərinin möhtəşəm
nümayişi
Mayın
6-da Daş Salnamə Muzeyində Bakı Milli Geyim Evinin
2020-ci ildə 44 günlük
Vətən müharibəsi
nəticəsində qazanılmış
Qarabağ zəfərinə
və Azərbaycan Prezidentinin elan etdiyi 2022-ci il "Şuşa İli"nə
həsr edilmiş
"Qarabağ Azərbaycandır!
Şuşa - Ənənədən Gələcəyə" adlı
dəfiləsi keçirildi.
Geyim Evinin rəhbəri, tanınmış
modelyer Könül Vəlibəyliylə uzun müddətdir müzakirəsini
apardığımız və
bütün hazırlıq
proseslərinə canlı
şahid olduğum dəfilənin, nəhayət,
baş tutması təkcə Azərbaycan mədəniyyətinin təbliği
baxımından yox, həm də məhz Qarabağın, Şuşanın mədəniyyətinin
Azərbaycanın tarixi
köklərlə bilavasitə
bağlılığının nümayişi baxımından
çox mühüm idi.
Mərasimdə millət vəkilləri, sənətşünaslar, modelyerlər,
KİV rəhbərləri, media və ictimaiyyətin digər nümayəndələri
iştirak edirdilər.
Xüsusi zövqlə hazırlanmış,
qədimliklə müasirliyi
özündə ehtiva
edən Qarabağın,
Şuşanın milli
geyimləri, örtükləri,
araqçınları gənc
modellər tərəfindən
Qarabağla bağlı
musiqilərin sədaları
altında nümayiş
etdirildi.
Azərbaycanın məğrur ordusunun böyük Qarabağ zəfəri dəfilədə
də qürurla yad edildi. Belə ki,
kişilər üçün
hazırlanmış Qarabağ
geyimləri tədbirdə
cəngavərlik himnimiz
olan "Cəngi"
sədaları altında
sərgiləndi. Dəfilənin xüsusi geyimi isə jurnalist, zamanında Şuşanın
azadlığını bütün
xalqımıza duyurmaq
qisməti olmuş teleaparıcı Jalə Həsənlinin təqdimatında
göstərildi. Bu, Şuşa zəfərinə
həsr olunmuş Şuşanın milli yay geyimi idi.
Ağ rəngli bu libas həm də torpağın müqəddəsliyinin, saflığının,
təmizliyinin təcəssümü
kimi dəfilə gecəsinin bəzəyinə
çevrildi.
Geyimlərin nümayişindən sonra səhnəyə dəvət olunan Bakı Milli Geyim Evinin rəhbəri
Könül Vəlibəyli
qonaqları salamlayaraq
onların bu dəfilədə iştiraklarını
Azərbaycan tarixinə,
Qarabağ mədəniyyətinə
olan sevgilərinin, sayğılarının nümunəsi
olduğunu dedi. Bakı Milli Geyim Evinin yarandığı
ilk gündən Qarabağ,
İrəvan, Borçalı
kimi tarixi bölgələrimizin geyimlərini
hazırlamaqla bütöv
bir Azərbaycanı təmsil etdiyini deyən modelyer Şuşa zəfərindən
sonra Qarabağ kolleksiyasını yenidən
və xüsusi olaraq hazırlamasından və tezliklə təqdim etmək xəyallarından bəhs
etdi: "Bu gözəl
Qarabağ geyimləri
uzun illərdir dünyanın müxtəlif
ölkələrində sərgilənib.
30 il nisgilini
çəkdiyimiz torpaqlar
azad olunduqdan sonra kolleksiyanı genişləndirmək qərarına
gəldim. Bu gün
təqdim olunan geyimlərdə Qarabağın
ayrı-ayrı bölgələrinin,
xüsusilə azad Şuşamızın milli
naxışları öz
əksini tapıb".
Millət
vəkili Aydın Mirzəzadə çıxış
edərək uğurla
baş tutan, anşlaqla qarşılanan
Qarabağ geyimləri
dəfiləsi üçün
Bakı Milli Geyim Evinin rəhbəri
Könül Vəlibəylini
təbrik edərək,
müasir dövrdə
Qarabağ geyimlərinin
önə çəkilməsinin
vacibliyini vurğuladı.
Dəfilədə qonaq qismində
iştirak edən Əməkdar incəsənət
xadimi, modelyer Fəxriyyə Xələfova
həm təqdimatdakı
çıxışında, həm də təqdimatdan sonra təəssüratlarını bizimlə bölüşərkən
bu cür dəfilələrin, Qarabağın
tarixinə, mədəniyyətinə
həsr olunmuş işlərin daha da geniş vüsət
olmasının önəmindən
danışdı: "Təbii
ki, bunun üçün bu işin həm peşəkarları, həm
də fədailəri
olmalıdır. Milli geyim
hazırlamaq heç də asan deyil,
çox vaxt aparır və peşəkarlıq tələb
edir. Bir milli geyim hazırlayana qədər üç mövsümün
geyimini tikmək olar.
Mən Bakı Milli Geyim Evinin rəhbəri
Könül Vəlibəylinin
həm milli geyimlərimizin yaradılmasında,
həm təbliğatında,
həm də yaşadılmasındakı rolunu
çox yüksək
dəyərləndirirəm və hər zaman onun moda
nümayişlərində iştirak edir, zaman-zaman kolleksiyalarındakı
nümunələri fotosessiyalarımda,
video çəkilişlərdə istifadə etmişəm. Fikrimcə, milli geyim mövzusu
hər zaman aktual saxlanılmalıdır.
Bu, çox fərqli
bir prosesdir. Parça seçimi, milli ornamentlərin əksi, əl işlərinin çoxluğu onun əsas xüsusiyyətləridir.
Bununçün də peşəkar
kollektiv lazımdır.
Könül xanım da istedadlı xanımlarımızı
bu işə cəlb edib və illərdir bunu uğurla davam etdirir.
Mən hər zaman söyləmişəm
ki, Azərbaycan milli geyimləri həm öz forması, həm də məna çalarlarıyla dünyanın
ən gözəl geyimlərindəndir. Bugünki dəfilədə də nümayiş etdirilən geyimlər çox xoşuma gəldi. Bu günün
mövzusu Qarabağ milli geyimləri idi. Bu geyimlər
özünəməxsus xüsusi
elementləriylə seçilir.
Çünki zamanında Qarabağ
böyük və güclü xanlıq olub. Orda çoxlu zadəgan
ailələr, bəy
nəslindən olan insanlar yaşayıblar.
Bu da onu
göstərir ki, orda xüsusi geyim hazırlanması prosesi və yüksək sənətkarlıq
da olub. Qarabağ və Şuşa hər
zaman Azərbaycanın
dəb mərkəzlərindən
biri olub.
Mənfur qonşularımız ermənilər
hər zaman mədəni nümunələrimizə,
musiqimizə, mətbəximizə
sahib çıxmağa çalışıb,
özünküləşdiriblər. Amma onlar
heç vaxt Qarabağın muğamını
və geyimlərini təkrarlaya bilməyiblər.
Arxiv görüntülərində onların
geyimləri çox kasad, adi görünür.
Bu, böyük bir faktdır. Bu baxımdan Qarabağ
milli geyimlərinin inkişafı, onların tədqiq olunması, müvafiq elmi işlərin yazılması,
kolleksiya, dəfilələr
hazırlanması çox
böyük bir işdir".
Dəfilənin tanınmış qonaqlarından-
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
rektor müşaviri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Sevil Kərimova da nümayişin sonunda öz təəssüratlarını bizimlə bölüşdü:
"Bakı Milli Geyim Eviylə biz çoxdan tanışıq.
Bizim universitetlə faydalı və çox geniş əməkdaşlıqları
var. Ən əsası
odur ki, Könül xanım bizim tariximizi, ənənələrimizi qorumağa
çalışır. İstər indiki şəraitdə, istər dünya arenasında, istərsə
də, böyük qələbəmizin fonunda
bu bizə lazımdır ki, ənənəni nəinki
yaşadaq, həm də onu gələcəyə
miras olaraq da ən yaxşı
şəkildə ötürə
bilək.
Bugünkü layihə çox uğurlu və lazımlı layihədir. Əslində, Könül xanımın uğursuz layihəsi yoxdur, o, hər zaman gözəl işlər qoyur ortaya. Nümayiş olunan geyimlərdəki ayrı-ayrı elementləri çox bəyəndim. Təkcə geyimlərdə deyil, xalçada, miniatürlərdə tanıdığımız etnoqrafik motivləri çalışıb ki, geyimlərə daşısın. Bu da çox gözəl bir ideyadır. Bizim də ən böyük arzumuz odur ki, bu gözəl geyimləri həm də Cıdır düzündə görək. Əlbəttə, Bakıda, belə bir möhtəşəm muzeydə nümayişi mühümdür, amma yəqin ki, Şuşanın dağlarının, Cıdır düzünün fonunda bu geyimlər bir başqa görünəcək".
Əlbəttə, o gün orda
olan, bir-birindən gözəl, əsrarəngiz,
zərif geyimləri seyr edən hər birimizin qəlbində o
müqəddəs arzu vardı: bu geyimlər özlərinin aid
olduqları torpaqda - əzəmətli
Şuşamızda qürurla sərgilənsin.
Düzdür, qələbədən sonra Könül xanımdan öncə geyimləri
"ayaq açıb" o
yerlərə. Qarabağımızda, Şuşamızda
keçirilən dövlət tədbirlərində, festivallarda ayrı-ayrı sənətçilər
məhz Könül Vəlibəylinin
kolleksiyasına müraciət edirlər. Hətta
sözügedən kolleksiyada daha çox geyimlər
hazırlanmış olsalar da, bir neçəsini həmin
günlərdə Şuşada
keçirilən I Beynəlxalq Kulinariya
Festivalına göndərmişdilər. Təbii ki, bütün bunlar sevindiricidir, tariximizin, mədəniyyətimizin
yaşadılması və təbliğatı deməkdir. Ancaq bütün bunlardan əlavə,
sırf bu geyimlər üçün,
Azərbaycanımızın, Qarabağımızın geyim mədəniyyətinin daha
geniş təbliğinə xitabən Şuşada, Cıdır düzündə moda nümayişlərinin, geyim
sərgilərinin və dəfilələrinin keçirilməsi
əvəzsiz xidmətlərdən olardı. Nə xoş halımıza ki,
artıq bu təmənnalarımız əlçatmaz
xəyal deyil, yaxın gələcəkdə
gerçəkləşməsi üçün
heç bir əngəl
və maneə qalmayan bir
istəkdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 11 may.- S.15.