Bir ömrün hekayəsi
80-ci illərin əvvəli idi. O zaman Bakının müxtəlif
istiqamətlərində hərəkət edən trolleybus
adlı nəqliyyat vasitəsilə hər gün işə
gedirdim. Belə günlərin birində trolleybusa beli
bükük, əynində bəlkə də çəkisindən
ağır kişi poltosu, zərifliyini
itirmiş qadın ayaqlarında böyük
ölçülü yenə də kişi ayaqqabısı, əlində
çətinliklə daşıdığı qara çanta
olan bir qadın mindi. Ona kömək edənlərə
təşəkkür etməyi də unutmayan qadın,
özlüyündə nəsə danışa-danışa
qabaq cərgədə yer alanda, anladım ki, sürücü
onu tanıyır. Yerini rahatlayandan sonra yüksəkdən
danışmağa başladı: "Ömrümün sonuna
bir gün qalmış olsa da, mən atamın kapitalist deyil,
böyük maarifpərvər, millətini sevən, xalqı
üçün hər şeyin yaxşısını istəyən
bir xeyriyyəçi olduğunu sübut edəcəyəm".
Bütün günü rastlaşdığım mənzərədən
fikrimi yayındıra bilməyən mən, axşam hadisəni
evdə danışanda anam dedi: "Bilirsən o kimdi? Hacı
Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevadı,
çantada isə atasına aid sənədləri
daşıyır". O zaman Tağıyevin bir neft maqnatı
olduğunu bilirdim, başqa heç nə. Zamanın
buzları əriyəndən sonra bu milyonçu haqqında
çox məlumatlar öyrənə bildim.
İndi isə bu bənzərsiz malikanənin pillələri
ilə qalxdıqca, milyonçunun həmin səfil
qızını xatırladım. Bu möhtəşəm sarayda
dünyaya gələrək cah-calal içində
böyüyən o xanım zirzəmiyə bənzər kiçik otaqda kimsəsiz kimi
gözlərini əbədi yumduqdan sonra bu qapıdan yalnız
axirət evinə yollanmaq üçün bir cənazə
olaraq daxil olub. Əfsus ki, qəhqəhələri
hopmuş bu divarlar artıq onun evi deyildi, atasından bu millətə
miras qalan və illərdi Milli Azərbaycan Tarixi Muzeyi kimi
tanınan əzəmətli bir məbəd idi. Mən isə bu məbədə rəhbərlik edən
tarix üzrə elmlər doktoru, akademik Nailə Vəlixanlı
ilə görüşə gəlmişdim, özü də
bu görüşün arxasında dinləyəcəyim
ömür hekayəsindən bixəbər gəlmişdim.
Təbiətin
sərt qızı olan qış fəslində sənətkar
ailəsində dünyaya gələn Nailə Vəlixanlı
təhsil səviyyəsi yüksək olan 132 saylı məktəbi
bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin ərəb şöbəsinə daxil olub. Ali təhsili fərqlənmə diplomu ilə
başa vuran gənc məzunun təyinatı Azərbaycan Milli
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutuna verilib.
- ...Lakin bir neçə aydan sonra hiss etdim ki, nə
üçünsə darıxıram və aspiranturaya qəbul
oldum. Anladım ki, heç demə, elmi fəaliyyət
üçün darıxırmışam. Namizədlik, daha sonra doktorluq elmi işlərimi
müdafiə etdim. Elmə olan bağlılıq məni
akademik adına qədər yüksəltdi.
Hazırda akademiyanın həqiqi üzvüyəm,
bir müddət vitse-prezident kimi də
çalışmışam. 21 ildir
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru olsam da, elm həyatımın
ayrılmaz hissəsi olaraq da qalıb, onsuz özümü təsəvvür
etmək belə, çətindi.
Bakı mühitindən əlavə, Nailə xanım
sırf bakılı ailəsində böyüyüb. Ailəsi
haqqında danışdıqca, səsindəki kövrəkliyi
gizlədə bilmirdi. Hiss olunurdu ki, ömrün qürub
çağından astananın o birinə tərəfinə
boylanmaq çox müşküldü. Bu, sanki
çözələnən xatirələrin bir ömür
hekayəsi idi.
-
Böyüdüyüm ailə yaşadığım dövrə
uyğun olub. Atam Xalq artisti Məmmədəli Vəlixanlı
Azərbaycan mədəniyyətində iz qoyan sənətkarlardandı.
Anam Asiyə xanım tanınmış Səlimxanovlar
nəsildən olan bəy qızı idi. Ailəsinə
sadiq, çox bağlı, qayğıkeş və mehriban
olan anamın savadı olmasa da, onun bir amalı olub - yalnız
oxumaq. Bizə gəlib ev işlərində
kömək edəndə, mən etirazımı bildirərdim.
Deyərdi ki, bu işi görməyin əvəzinə
bir səhifə artıq yazarsan. Patriorxal
ailəmizdə son söz atamın olardı. Müharibədən sonra ağır dövr olsa da,
zamanla ayaqlaşa bilmişik. Ailədə
iki uşaq olmuşuq - qardaşım və mən. Bu kiçik ailənin sonbeşiyi mən idim.
Qardaşım Aqşin Vəlixanlı atamın yolunu davam elədi,
Əməkdar artist adına qədər
çata bildi, həyatla erkən vidalaşdı. Və bu gün bu ailədən mənə qalan
yalnız xatirələrdi.
"Elm həyatımın ayrılmaz hissəsidir"
deyən Nailə xanımın aspiranturada elmi rəhbəri mərhum
akademik Ziya Bunyadov olub və bunun üçün
özünü şanslı aspirant hesab edir. Əslində
haqlıdı da. Nankor
qonşularımızın yalanlarını üzlərinə
cəsarətlə çırpmağı bacaran bu alimin elmi
irsi, Azərbaycanla bağlı müxtəlif mənbələrdən
etdiyi tərcümələr aktuallığını daima
yaşadacaq.
- Ziya Bunyadovun rəhbərliyi altında müdafiə
etdiyim namizədlik işindən sonra xeyli müddət
akademiyada çalışdım. İllər sonra
doktorluq işimin mövzusu Azərbaycan tarixi ilə
bağlı oldu. O dövrlərdə Azərbaycan
tarixininin yazılması müşkülə
çevrilmişdi. Totolitar rejimin siyasətinə
uyğun gəlmədiyi üçün tariximiz uzun illər
yazılmamış qalmışdı. Biz
bu işə SSRİ-nin süqutundan sonra başladıq,
baxmayaraq ki, uzun illər bu yola çıxmaq arzusu var idi.
Azərbaycan tarixinin yazılması Ulu öndər
Heydər Əliyevin xüsusi tapşırığı idi.
Yeddi cilddən ibarət Azərbaycan tarixinin
hazırlanmasına o zaman Elmlər Akademiyasının
vitse-prezidenti, mərhum akademik Ziya Bünyadov rəhbərlik
etsə də, bunu görmək ona nəsib olmadı, qəddarcasına
törədilən qətl onunla birlikdə arzularını da
gömdü. İkinci cildin məsul katibi
olduğumdan, Tarix İnstitutuna keçməli oldum. Elmi fəaliyyətimdə orta əsrlərə daha
üstünlük vermişəm və bu gün də davam
edirəm, çünki bizə olunan ərazi
iddialarının əksəriyyəti qədim və ən əsas
orta əsrlərə təsadüf edir. O dövrü
obyektiv şəkildə tədqiq etmək çox zəruridir,
çünki onların açılması bizim real tariximizin
gerçəkliyidi. Tarixin bizə qarşı
amansız bir oyunu oldu. Üzünə
qapımızı açdığımız namərdlər
torpaqlarımızda yerbəyer olduqdan sonra bizləri qova-qova
"qonşular"ımıza çevrildilər. Zaman-zaman anladıq ki, çox hiyləgər bir
zümrə ilə üz-üzəyik. İsrarla
qatığa qara deməyi bacaran və üstəlik, buna
dünyanı inandırmağa çalışan bu əcaib
məxluq uzun zaman havadarlarının himayəsi altında at
oynatsa da, 44 günə hər şey burnundan gəldi. Lakin bununla belə, bu istiqamətdə elmi
araşdırmalarım, fəaliyyətim davam edəcək.
Zamanın tələbi ixtisasca şərqşünas
olan Nailə Vəlixanlını Azərbaycan tarixinin tədqiqatçısına
çevirməklə yanaşı, onu bu sahə üzrə
bir pedaqoq və muzey rəhbəri kimi də yetişdirə
bildi. Və bu gün o, qəlbən
bağlandığı bu muzeyə ömrünün 21 ilini həsr
edib.
- Azərbaycan Universitetində dərs dediyim vaxtlar idi. Burada
"Şərq-Qərb" adlı mərkəz fəaliyyət
göstərirdi. Müstəqilliyin ilk illəri
olduğundan, elm və təhsildə yeniliklər labüd idi.
Həftənin şənbə günü
ziyalılar bu mərkəzə toplaşırdı. Hər dəfə bir mövzu qoyular, onun ətrafında
diskussiyalar gedər, çox güclü zəka sahibləri
müzakirələrdə iştirak edərdi. Həmin
yığıncaqların birində o zaman Elmlər
Akademiyasının prezidenti olan mərhum Fərəməz
Maqsudov mənə birbaşa sual verdi ki,
direktor olmaq istəyirsən? Düzü,
heç vaxt vəzifə dalınca qaçan biri olmasam da,
sual mənə çox maraqlı gəldi. Fərəməz
müəllim 2-3 institutun və bir də Tarix muzeyinin
adını çəkərək dedi ki, bu yerlərdə rəhbər
yoxdu. Muzey işindən bixəbər olsam da, ad
mənə çox xoş gəldi və təklifi qəbul
etdim. Bura elə bir vaxtda gəldim ki, muzey
dağılmış vəziyyətdə idi. Zalların yarısı boş qalmışdı,
çünki sovet dövrünün ekzpozisiyaları
yığıldığından etnoqrafiyaya aid nə tapmaq
mümkün olmuşdusa, onların yerinə yerləşdirilmişdi.
2004-cü ildə ölkə rəhbərinin göstərişi
ilə muzey üç il təmirə
bağlandı və sonda həm bizə, həm də
xalqımıza gözəl bir muzey təhvil verildi. 2020-ci ildə muzeyin 100 yaşı tamam oldu, lakin təəssüf
ki, bunu məlum pandemiya səbəbindən təntənəli
şəkildə qeyd edə bilmədik. Yalnız
onlayn formatda beynəlxalq konfransla kifayətlənməli olduq.
Nailə
xanım danışdıqca, mən onun iş
otağını seyr etməyə bilmirdim. Düşünürdüm
ki, qeyri-adi memarlığı olan bu otaq görəsən,
zamanında kimə xidmət edib. Sanki
düşüncələrimi oxuyurmuş kimi Nailə
xanım muzeyin özəlliyindən danışmağa
başladı.
- Milli Azərbaycan Tarixi Muzeyinin özəlliyindən
danışmamaq böyük günah olar. Bu unikal tarixi
binanı özü və ailəsinin yaşayışı
üçün tikdirən, hamının ehtiramla
andığı bir şəxsiyyət olub - Hacı Zeynalabdin
Tağıyev. Mən muzeyə gələndə
burada onun xatirəsinə bir otaq, kabinetində isə bəzi
şəkillər və bir neçə əşya vardı.
Təmirdən sonra düşündük ki,
maarifpərvər və böyük xeyriyyəçi olan bu
şəxsiyyətə məxsus binada onun adını əbədiləşdirmək
vacibdi, çünki XIX əsrin sonu XX əsrin əvvəlləri
kimi bir dövrü Tağıyevin həyatından silmək
qeyri-mümkündü. O dövrdə elə bir sahə
olmayıb ki, orada onun imzası olmasın. Milləti
yolunda misilsiz xidmətləri olan bir şəxsiyyəti
kapitalist adı ilə qara siyahıya salmaq böyük
günah olardı. Və beləcə,
muzey içində muzey yaratmaq qərarına gəldik.
Fikrimizi ölkə başçısına bildirəndə
İlham Əliyev dedi ki, mən Hacı Zeynalabdin
Tağıyevin məzarını bərpa etdirməyi
özümə borc bildim. Babam Əziz
Əliyevin təhsil almasında onun maddi dəstəyi olub.
H.Z.Tağıyev iqamətgahını tərk
edəndən sonra onun əşyalarının siyahısı
vardı. Onların çox hissəsi
olmasa da, nələrsə qalmışdı. Təmir olunan bəzi mebellər, əlimizdə olan
fotolara əsasən onların bənzərini hazırladaraq,
Tağıyevin Mənzil Muzeyini yaratdıq. 10 otaqdan ibarət bu mənzil muzey Şərq
zalı, kitabxana, yemək, yataq və digər otaqlara
ayrılıb. Düşünürəm
ki, bu, onun kimi bir şəxsiyyətin ruhuna qarşı bizim mənəvi
borcumuzdu. Bu ilin yanvar ayında
H.Z.Tağıyevin heykəlinin açılışı
özünün həm məkan, həm fərqli qoyulması
baxımından millətin ona sonsuz ehtiramının təcəssümüdür.
Vətən məhəbbəti elə bir hissdi ki, onu
sözlə ifadə etmək olmur. Vətənimi sevirəm
demək, bir etirafdı, bəslədiyin məhəbbətin təzahürü
deyil. Bu hiss əməli sübuta söykənib. Tağıyevin Vətənə olan məhəbbəti
yalnız onun əməli sübutlarında təzahürünü
tapıb.
Səlis danışığı,
görünüşü ilə bir ziyalı, əsl
xanım, alicənablıq təsiri bağışlayan
müsahibim söhbətini elə bu tərzdə də
başa vurmağı bacardı.
- Böyüyüb boya-başa çatdığım ərazidə əsas yəhudilər, ruslar yaşayırdı deyə, məktəb yaşına qədər yalnız rus dilində danışa bilirdim. Məktəb vaxtı çatanda atam məni birmənalı olaraq Azərbaycan məktəbinə yazdırdı. Bu gün atama o qədər minnətdaram ki, sözlə ifadə etməyə acizəm. Düşünürəm ki, rus təhsilli olsaydım, tamam başqa sahə üzrə gedərdim. Lakin atam bu addımı ilə mənim əsi ziyalı mühitində yetişməyimə səbəb oldu. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Həm sovet dövründə, həm də müstəqil Azərbaycan gənclərinə dərs demişəm. Və hər iki dövrün gəncləri arasında bilik səviyyəsinə görə fərqin olmadığını görmək məni çox sevindirirdi. Gənclərimiz o qədər vətənpərvər idilər ki, bizə qarşı haqsız torpaq iddiası qalxanda, hamı vuruşmağa hazır idi. Nəticədə elə o gənclərin həm özləri, həm övladları 30 il çəkən bir münaqişəyə 44 gün ərzində son qoydular. Bu qüruru yaşamaq hər şeyin fövqündədi.
Səmimi bir etiraf etmək istəyirəm. Bu gün
çox inkişaf etmiş bir cəmiyyətdə
yaşayırıq. Amma insanlar arasında əvvəlki
istilik, qaynayıb-qarışmaq, gediş-gəliş soyuyub.
Mobil telefonlar, sosial şəbəkələr,
internet üzərindən görüntülü əlaqələr
məkan baxımından qənaətbəxş olsa da,
insanların keçmişdəki ünsiyyətini geridə
qoymağı bacarıb. Əslində bunu
dövrün, zəmanənin üstünə
yıxmağı, özümüzə haqq qazandırmaq kimi
qəbul edirəm. Elə məqamlar, elə
hisslər, elə yaşananlar var ki, onları bir adət kimi
qorumağı vacib bilirəm, çünki belə özəlliklərin
dəyəri ölçülməzdir.
P.S.
Söhbətimiz bitmişdi və mən artıq bir az əvvəl qalxdığım bu möhtəşəm
iqamətgahın pillələri ilə aşağı
enirdim. Gözlərimin özündə bir milyonçunun səfil
qızının siması, qulağımda isə onun:
"Ömrümün sonuna bir gün qalmış olsa da, mən
atamıın kapitalist deyil, böyük maarifpərvər,
millətini sevən, xalqı üçün hər şeyin
yaxşısını istəyən bir xeyriyyəçi
olduğunu sübut edəcəyəm" sözləri səslənirdi.
Tamilla M-zadə
525-ci qəzet.- 2022.- 11 may.- S.14