Səhnəmizin "Bəxtiyar"ından
qalanlar
"Yumor, qəhqəhə, hüzur, xoşbəxtlik...
Bunlar sağlamlığa güc
verir. Yaxşı
bir yumor həkimin əlindən qoruyar", - deyib braziliyalı həkim Drauzio Varella. Bugünlərdə teatrsevərlər yumor, hüzur və bu kimi
gözəl hissləri
Musiqili Teatrda yaşadılar. Belə ki,
mayın 6 və 7-i Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bəxtiyar"
musiqili komediyasının
premyerası keçirildi.
Ekranda görməyə öyrəşdiyimiz
bədii film ilk dəfə
səhnə əsəri
kimi nümayiş olundu. Tamaşa böyük rəğbət
qazandı, çox sevildi desək, yanılmarıq. Bunu dəqiqələrlə
çəkən alqışlardan,
fasilə zamanı belə tamaşaçıların
zalı tərk etməyib, maraqla əsəri gözləməsindən
sezmək mümkün
idi.
Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşu
əsasında səhnələşdirilən
tamaşanı ikinci premyerasında izlədik. Xalq artisti
Rəşid Behbudovun ekranda həyat verdiyi, bənzərsiz səsə malik neftçi Bəxtiyarı
səhnədə istedadlı
gənc aktyor, Musiqili Teatrın solisti İbrahim Əlizadə canlandırırdı.
Gözəl səsi və
peşəkar oyunuyla tamaşaçıların könlünü
oxşayan solist böyük rəğbət
qazandı. Dəcəl, ipə, sapa yatmayan, bir o qədər də kövrək Saşanı
isə gözəl və istedadlı aktrisa Mehriban Zaliyeva təqdim etdi.
"Qaynana" filmiylə yaddaşlarda iz qoyan, Ayazın köməyinə gələn
dostu- İlqar obrazı başda olmaqla, illər ərzində həm səhnədə, həm də ekranda canlandırdığı bir-birindən
gözəl, maraqlı
rollarıyla sevdiyimiz Xalq artisti İlham
Namiq Kamal bu dəfə "Bəxtiyar"ın pulgir
Ağabalası kimi tamaşaçı qarşısına
çıxdı. Həyat verdiyi
hər rolu böyük həvəslə
oynayan sənətkarımız
izləyənlər tərəfindən
dəfələrlə alqış
yağmuruna tutuldu.
Bəxtiyar və Saşanın
uşaqlıq dostu Yusifi isə sevilən Əməkdar
artist Əkbər Əlizadə
canlandırırdı.
Tamaşa boyunca görkəmli bəstəkar Tofiq Quliyevin bəstələri
ilə sanki nostalji səyahətə çıxdıq. Canlı orkestrın ifası,
aktyorların maraqla oynaması biz izləyiciləri
də oyunun içində onun bir parçası kimi hiss etməyimizə şərait yaratdı.
Dostlarla birgə izlədiyimiz
"Bəxtiyar" tamaşasının
ilk izləyicilərindən olmaq da bizim
üçün ayrıca
həyəcanverici və
qürurlu idi.
Sözsüz ki, ərsəyə
gələn tamaşaların
arxasında böyük
əmək və zəhməti keçən
peşəkar heyət,
yaradıcı kollektiv
var. Onlardan quruluşçu
dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam
Elşən Sərxanoğlu,
xormeyster, Əməkdar
artist Vaqif Məstanov,
rəqslərin tərtibatçısı
Elvira Əzizova, dirijor
Səməd Süleymanlı,
konsertmeyster Fidan Babayeva, rejissor assistentləri Zaur Əliyev və Afər Tağıyevanın
da adını qeyd etməliyik. Xalq artisti Fatma
Mahmudova, Əməkdar
artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Möylə Mirzəliyev, Rəsmiyyə
Nurməmmədova, Hüseyn
Əlili, Ülviyyə
Əliyeva, Nigar Qarayeva, Zaur Əliyev, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov və başqaları maraqlı,
yaddaqalan obrazlarıyla
əsərə rəng
qatdılar.
Azərbaycan kinematoqrafiyasının incilərindən olan "Bəxtiyar" filmi insanlara o qədər doğmadır ki, bu adı eşidəndə kiçikdən böyüyə hər kəsin üzünə təbəssüm qonur. Elə bədii filmin adı kimi insan da bəxtiyar olur. İzləyən hər kəs bu əsərdə ömründən bir hissə tapa bilər. Yəqin ki, az olmayıb uşaq vaxtı qonşunun bağından xəbərsiz meyvə dərənlər. Sevgisini hələ dilləndirməyib: "Ah, niyə sənin mən, Tuta bilmirəm əllərindən?" - deyənlər az deyildir. Sonra isə qəlbini açıb:
"Sənin bu gün mən,
Gəl tutum əllərindən.
Nə qəşəngsən, nə gözəlsən,
Bu səhər sən, sevgilim", - deyə söyləyib, qovuşanlar da az olmaz.
Onu da qeyd edək ki, tamaşanı izləyənlər sırasında tanınmış sənət nümayəndələri ilə birgə, hər yaşdan sıravi tamaşaçı da görmək mümkün idi. Valideynləri ilə teatra gələn azyaşlılar isə səhnədə olan xoş ab-havanın sehrinə qapılıb səssiz-səmirsiz, böyük bir maraqla əsəri izləyirdilər.
Uğurlu tamaşanın gücü həm də ondan ibarətdir ki, onun möcüzəvi aurasından hələ günlərlə çıxa bilmirsən; qulağından musiqinin səsi, gözündən səhnədəki maraqlı görüntü itmir.
"Əziz dost"
mahnısı ilə sona yetən bu əsərdə dostluq
bağları, saf sevgi
duyğularının təzahürü insanı riqqətə
gətirir. Bu gözəl duyğuları
izləyiciyə ötürə bilən əsərə
"uğurlu" epitetindən
başqası yaraşmaz.
Fidan
TÜRK
525-ci qəzet.- 2022.- 11 may.- S.12.