Heydər Əliyev fenomeni və idarəetmənin etnopsixoloji kökləri

 

Hər xalqın etnopsixoloji yaddaşı var. Bu yaddaş əsrlərin süzgəcindən keçə-keçə, xalqın adət-ənənələrinə, münasibətlər sisteminə hopa-hopa, insanların həyat tərzində özünü təzahür edə-edə formalaşır. Xalq bu yaddaşı yaşadanda xoşbəxt olur, inkişaf edir, gələcəyini inamla qura bilir. Bir xalqı məhv etmək istəyəndə onun etnopsixoloji yaddaşını silməyə çalışırlar. Görəsən nə zaman xalqın etnopsixoloji yaddaşını silmək mümkün olmur? Tarix bu suala aşağıdakı müddəa ilə cavab verir - xalqın Ümummilli lideri olanda və lider xalqı etnopsixoloji qanunlara uyğun idarə edəndə! Bu müddəa gözümüzün önündə XX əsrin ikinci yarısından etibarən Ulu öndər Heydər Əliyevin idarəetmə təcrübəsində öz təsdiqini tapıb.

 

Xalqı azadlıq uğrunda mübarizəyə səsləyən çıxış

 

Heydər Əliyevin Azərbaycan Respublikası KP MK-nın birinci katibi seçildiyi 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 yaşı tamam olurdu. Dövlət səviyyəsində keçiriləcək yubiley tədbirində Heydər Əliyev çıxış etməli idi. O vaxta qədər belə təntənəli tədbirlərdə respublika rəhbərləri rus dilində çıxış edərdilər. Hamı Heydər Əliyevin də rus dilində çıxış edəcəyini gözləyirdi.

 

Əhalinin çox hissəsi rus dilində səlis danışsa da, xalq ölkə rəhbərlərinin mötəbər tədbirlərdə rus dilində çıxış etməsini qəbul edə bilmirdi. Bu mötəbər tədbirdə Heydər Əliyev heç kimin gözləmədiyi halda Azərbaycan dilində çıxış etdi. Azərbaycanlılar laylalarda, nağıllarda, dastanlarda, qəzəllərdə, şerlərdə, romanlarda, o cümlədən güzəran həyatında ana dilimizin müxtəlif məna çalarları - məlahəti, cəzbediciliyi, lirikliyi, poetikliyi, axıcılığı ilə tanış idilər, indi isə Heydər Əliyevin səlis nitqində doğma dilimizin natiqlik mədəniyyətinə malik siyasi potensialını duyur, natiqi fəxarətlə dinləyirdilər. Onun ana dilimizdə səlis, aydın, ifadəli, məntiqli çıxışı "Cəngi" sədaları kimi xalqı döyüşə, azadlıq uğrunda mübarizəyə səsləyirdi. Bu yol çətin olsa da, xalq çətinlikdən qorxmurdu, təki vətən toxunulmaz və müstəqil olsun!

 

Öz tarixi ilə öyünməyə haqqı olan xalqımız taleyin hökmüylə uzun illər milli həyat tərzinə yad olan sovet adət-ənənələri ilə yaşamaq, sovet adamı obrazı yaratmaq məcburiyyətində qalmışdı... Sözügedən yubiley tədbirində isə xalqın etnopsixoloji yaddaşını təzələyən Heydər Əliyev həmin gün xalqın mütləq liderinə çevrildi.

 

Adət-ənənələr xalqa qaytarılanda

 

İttifaqa daxil olan xalqların öz adət-ənənələrindən uzaqlaşdırılması, "yeni sovet adət-ənənələri" çərçivəsində yaşamağa sövq edilməsi Sovetlər dönəminin siyasəti idi. Həyata keçirilən bütün işlər buna xidmət edirdi, bu yolla xalqların etnopsixoloji yaddaşını silməyə çalışırdılar. Bütün təbliğat işləri "sovet adamı" yetişdirməyə hesablanmışdı. Repressiya illərinin faciələrini yaşamış insanlar sovet ideologiyasına sığışmayanların aqibətinin necə olacağı bilirdilər. Amma eyni zamanda insanlar öz adət-ənənələrini unutmağın xalqa xəyanət olduğunu da bilirdilər. Azərbaycanlılar ailə çərçivəsində xalqın adət-ənənəsini qoruyub-saxlayır, yetişməkdə olan gənc nəsli öz milli köklərinə sadiq olmağa səsləyirdi.

 

Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqın öz adət-ənənələri ilə yaşamaq imkanını genişləndirdi və azərbaycanlılar əsrlər boyu yaşatdıqları Novruz bayramını, Ramazan bayramını, Qurban bayramını... onların rituallarını Ümummilli liderin himayəsi ilə həyata keçirməyə başladılar. Dəfn mərasimlərində, toy şənliklərində adət-ənənələr bərpa olunur, xalqın qan yaddaşı oyanır, yenilənir, özünə qayıdır, o, öz milli irsinin içində yaşamağa başlayırdı. Adət-ənənəni xalqa qaytarmaq - xalqa verilən ən böyük azadlıq idi və müstəqilliyə gedən yolun ilk mərhələsiydi. Bu, eyni zamanda Ümummilli liderimizin xalqın etnopsixoloji mədəniyyətinə münasibəti, adət-ənənəyə, tarixə ehtiramı idi.

 

Müstəqillik illərində isə Heydər Əliyev Novruz bayramının daha təntənəli şəkildə qeyd edilməsini həyata keçirdi. Heydər Əliyevin yaratdığı bu ənənə bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.

 

Həqiqətin müdafiə edilməsi

 

"37-ci il" ifadəsi SSRİ tarixində ümumiləşdirilmiş faciə ili kimi mənalandırılır. Həmin illərdə Azərbaycanın zəkalı, vətənpərvər oğulları bir-birinin ardınca türkçülük damğası altında məhv edilirdi. Həmin dövrdə respublikamıza rəhbərlik edən şəxslərin bir qismi bu hadisələri laqeydcəsinə seyr edirdisə, digərlərinin də kömək etməyə gücü çatmırdı. Onlar həqiqəti müdafiə edə bilmirdilər.

 

Keçən əsrin 60-ci illərində Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması işıq üzü gördü. Bu poema Azərbaycan xalqının etnopsixoloji yaddaşının oyanmasında müstəsna rol oynayan möhtəşəm əsərlərdən biridir. Sovetlər dönəmində belə əsərlərin yazılması ideoloji normalara uyğun olmadığı üçün qadağan edilirdi. "Gülüstan" poemasına görə şairə "millətçi" damğası vuruldu və ev dustağı edildi. Qarşıda onu daha ağır cəzalar gözləyirdi. Amma ev dustaqlığından başqa şair heç bir cəzaya məruz qalmadı. Görəsən nə baş vermişdi? Heç kim bunun sirrini bilmirdi. İllər sonra şair müsahibələrinin birində bu məsələyə aydınlıq gətirdi. Hər gün sürgün ediləcəyini gözləsə də, hiss edirdi ki, onu himayə edən qüvvə var. Çox sonralar şairə məlum oldu ki, onu himayə edən şəxs Heydər Əliyev idi.

 

Respublikamızın əvvəlki rəhbərlərindən fərqli olaraq Heydər Əliyevin şairi, daha doğrusu həqiqəti müdafiə etməyə həm siyasi iradəsi, həm də gücü çatdı. Xalqımızın etnopsixoloji yaddaşında çətinə düşən insana kömək xüsusi önəm daşıyır. Rəhbərliyi dövründə onun insanlara kömək göstərməsi xalqın gözü qarşısında baş verirdi. Heydər Əliyevin bu yanaşması hal-hazırda respublikamıza rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Sosial qayğı iqtisadiyyatın inkişafının təməl daşıdır

 

Qısa zaman kəsiyində insanların həyat fəaliyyətində böyük dönüş yarandı. İnsanlar təsərrüfatın bütün sahələrində daha yaxşı işləməyə başladılar. Tarixi köklərə qayıdış onları inamlı etmişdi. Heydər Əliyev xalq azadlıq və müstəqilliyə doğru aparırdı. Bunun reallaşması iqtisadiyyatın inkişafı ilə sıx bağlı idi.

 

 Azərbaycanın inkişafında onun iqtisadiyyatının möhkəm təməl üzərində qurulmasını vacib sayan Heydər Əliyev tez-tez pambıq sahələrinə, taxıl zəmilərinə, zavodlara, fabriklərə gedir, sadə əmək adamları ilə - fəhlə və kəndlilərlə görüşür, onlara qayğı göstərir, məişəti və problemləri ilə maraqlanır, qarşılaşdıqları çətinliklərin həll edilməsi üçün göstəriş verir, ən əsası isə verdiyi göstərişlərin yerinə yetirilməsinə nəzarət edirdi. O xalqın sosial problemlərinin həllinə istiqamətlənən siyasət qurmuşdu.

 

Xalqın etnopsixoloji yaddaşında ailə - məişət səviyyəsində ağsaqqalın ailənin hər bir üzvinə qayğı göstərməsi önəmli keyfiyyətlərdən biri sayılır. Heydər Əliyev Azərbaycanı bütöv bir ailə kimi dəyərləndirirdi, ona görə də ölkənin hər bir vətəndaşına qayğı göstərməyi öz fəaliyyətinin kredosu hesab edirdi. Bu onun sosial rifah dövləti yaratmaq strategiyasının bir hissəsi idi.

 

O illərdə göz xəstəliyi pambıqçılar arasında sürətlə yayılmışdı. Xəstəliyin qarşısının alınması üçün Heydər Əliyevin göstərişi ilə Bakıdan rayonlara həkimlər göndərilirdi. Onların arasında akademik Zərifə xanım Əliyeva da var idi. Bu Heydər Əliyevin və ailəsinin xalqa məhəbbətinin bariz göstəricisi idi. Hamı görürdü ki, Azərbaycan xalqının rifahı uğrunda mübarizəni Heydər Əliyevin ailəsi özünün əsas vəzifəsi hesab edir. Bu ənənə günümüzdə Prezident İlham Əliyev və ailəsi tərəfindən də yaşadılır.

 

Lider xalqa dayaq duranda

 

1990-cı ildə xalqımızın azadlıq hərəkatı başladı. Xalq müstəqil yaşamaq istəyirdi. Mitinqlərin miqyası getdikcə genişlənirdi. Xalqın tələbi qarşısında aciz qalan SSRİ rəhbərlərinin əmri ilə yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu ölkəmizdə qırğın törətdi. Hamının gözü qarşısında günahsız insanlar qətliam edildi. Repressiya illərində olduğu kimi, respublika rəhbərliyi bu hadisəni yenə də soyuqqanlılıqla müşahidə etdi... Onların müşahidəçi mövqeyi və xalqın yanında olmamaları sabaha ümidi azaldırdı. Qəfil yayılan bir xəbər insanlarda ümid yaratdı: Heydər Əliyev Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək "20 Yanvar" hadisələrilə bağlı bəyanat verdi. Bu bəyanat qətliama verilən ilk siyasi qiymət idi. Heydər Əliyev xalqa dayaq çıxmışdı! Bundan ruhlanan xalq azadlıq uğrunda mübarizəni davam etdirdi və müstəqillik əldə olundu. Sonra hakimiyyət uğrunda savaşlar gücləndi. Fərdi maraqlar xalqın maraqlarını üstələdi. Nəticədə 1993-cü ildə xalqın tarixinə qara hərflərlə yazılmağa layiq olan bir hadisə baş verdi. Xalq bir tərəfdən qardaş qırğını ilə, digər tərəfdən separatçı qüvvələrin xarici havadarlar tərəfindən fəallaşdırılması nəticəsində ölkənin parçalanması ilə üz-üzə qaldı. Həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslər yaranmış problemi həll etməkdə aciz idilər.

 

Müdrik xalqımız bu problemi yalnız Heydər Əliyevin həll edə biləcəyinə əmin olduğu üçün ölkə rəhbərliyindən Heydər Əliyevin Bakıya dəvət edilməsini tələb etdi. Bakıya gələn Heydər Əliyev problemi qısa zaman kəsiyində həll etdi, xalqı qırğından, ölkəni parçalanma təhlükəsindən qurtardı. Bu hadisədən sonra xalqın bir istəyi var idi: - Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi. Bu arzu 1993-cü il iyun ayının 15-də həyata keçdi. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyun ayının 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, oktyabr ayının 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

 

Xalq bir olsa "Torpaq basılmaz, Vətən bölünməz"

 

Ümummilli liderimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var idi. Ölkənin iqtisadi durumu da acınacaqlı vəziyyətdə idi. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. Belə bir vəziyyətdə qaçqın və məcburi köçkünləri də diqqətsiz buraxmaq olmazdı. Xalqın etnopsixologi yaddaşında kök salmış "çətinə düşən insana kömək" Heydər Əliyevin hər işində qabarıq görünürdü. Əvvəlki rəhbərlər bu müddəaya əməl etməmiş, qaçqınlar və məcburi köçkünlər dövlət qayğısından kənarda qalmışdılar. Heydər Əliyev onlardan fərqli olaraq, tez-tez qaçqın və məcburi köçkünlərlə görüşür, problemlərini həll etmək üçün xüsusi müşavirələr keçirir, müvafiq qurumlara göstərişlər verirdi. 1995-ci ildə Heydər Əliyevin tapşırığı ilə bu problemlərlə daha da ciddi məşğul olmaq üçün Nazirlər Kabinetində xüsusi vəzifə - Baş nazirin müavini vəzifəsi təsis edildi və qaçqınların, məcburi köçkünlərin problemləri ilə əlaqədar hökumət komissiyası yaradıldı.

 

Heydər Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilmiş işlər sayəsində onların sabaha ümidi artdı. Bu işlər hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə qaçqın və məcburi köçkünlərə diqqət daha da artır, binalar tikilir, onların mənzil şəraiti yaxşılaşdırılır... Bütün bu işlər xalqı ölkə rəhbərinin ətrafında daha sıx birləşdirir. Bu öz təzahürünü 44 günlik II Qarabağ savaşında tapdı. Hamı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində ürəkdən iştirak etdi. Bu müharibədə daha bir həqiqət öz təsbitini tapdı: Xalq bir olsa, "Torpaq basılmaz, Vətən bölünməz". Heydər Əliyev siyasəti xalqı ölkə rəhbərinin ətrafında sıx birləşdirmişdi.

 

Özünümüdafiə dəstələrindən nizami ordu quruculuğuna gedən yol

 

Etnopsixoloji yaddaşda xalqımız həmişə at belində, əlində qılınc Vətənini, torpağını, evini, ailəsini qoruyub, düşmən qarşısında əyilməyib, namusu, qeyrəti həmişə üstün tutub. XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı işğal edəndə bu çar Rusiyasına asan başa gəlməmişdi. Xalqın igid oğulları özünümüdafiə dəstələri ilə Rusiya imperiyasının qoşunlarına qarşı mərdliklə vuruşmuşdular. Müstəqillik illərində lentə alınmış "Cavad xan" filmi bu hadisələrə həsr olunub. Amma təbii ki, özünümüdafiə dəstələri ilə nizamlı orduya qarşı vuruşub qalib gəlmək mümkün deyildi.

 

Xalqımızın döyüş hünərini, cəsarətini görən Çar Rusiyası özünə gələcəkdə problem yaratmamaq üçün azərbaycanlıları hərbi işdən uzaqlaşdırmaq siyasətinə üstünlük verirdi. Bu siyasət SSRİ dövründə də davam etdirildi. Buna baxmayaraq, Böyük Vətən müharibəsində azərbaycanlı gənclərin qəhrəmanlığı SSRİ-i tarixinin şərəfli səhifələrinə yazıldı. Amma yenə də hərbi kadr hazırlığından azərbaycanlıları uzaq saxlamağa çalışırdılar.

 

Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbərlik etdiyi dövrdən etibarən ölkəmizdə hərbi kadrların yetişdirilməsi məsələsinə xüsusi diqqət göstərməyə başladı. Qısa müddət ərzində hərbi məktəblərdə təhsil alanlar arasında azərbaycanlıların sayı artdı, Bakının Zığ qəsəbəsində Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəb təsis edildi. Hərbi təhsil müəssisələri xalqımız müstəqillik əldə etdikdən sonra daha da çoxaldı və inkişaf etdi. Bakıda müxtəlif təyinatlı bir sıra Ali Hərbi məktəblər yaradıldı. Bu məktəblərin yaradılması Azərbaycanın hərbi potensialının artmasında mühüm rol oynamaqla bərabər, xalqın etnopsixoloji yaddaşındakı igidlik səlnamələrini yenidən dirçəltdi və beləliklə də, yeni qəhrəmanlıq səhifələri yazıldı.

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli zabit kadrlarının hazırlanması istiqamətində həyata keçirilən işlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Bu məktəblərin strukturu daha da təkmilləşdirildi və müasir standartlara cavab verən yeni hərbi məktəblər formalaşdı. Aparılan islahatlar hərbi kadrların hazırlanması işində misilsiz rol oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın etnopsixoloji yaddaşına həkk olunmuş qəhrəmanlıq səlnaməsinin yeni səhifələri II Qarabağ savaşında yazıldı. 44 gün ərzində ordumuz işğal olunmuş torpaqlarımızı azad etdi. Dünyanın bir çox ölkəsi bu müharibədə ordumuzun istifadə etdiyi strategiya və taktikanı yüksək qiymətləndirdi.

 

Şəhid və qazilərimizin valideynləri Vətən uğrunda canlarını qurban vermiş və etnopsixoloji yaddaşımızın igidlik səlnaməsinə yeni qəhrəmanlıq səhifələri yazmış övladları üçün başlarını uca tutdular. Xalqın sevincinə kədər qatmadılar, "Vətən sağ olsun" dedilər. Şəhid ailələri və qazilər həm Prezidentin, həm dövlətin, həm də xalqın xüsusi diqqət və qayğısı ilə əhatə olundu. Xalqın etnopsixoloji yaddaşında şəhid ailələrinə və qazilərə hörmət və ehtiram prioritetdir.

 

Ata vəsiyyəti

 

Xalqın etnopsixoloji yaddaşında "ata vəsiyyəti" anlayışı var. Bu anlayış mahiyyəti etibarı ilə atanın başladığı işlərin davam etdirilməsini özündə ehtiva edir.

 

Heydər Əliyev Azərbaycana istər birinci, istərsə də ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun inkişafı üçün misli görünməmiş işlər həyata keçirtdi. Onun gördüyü işlərin mahiyyətini dərk edib dəyərləndirmək üçün bizə hələ çox illər lazım gələcək. Lakin bir məsələ aydındır. Birinci dəfə ölkəyə rəhbərlik etdiyi zaman Heydər Əliyevin müdrik idarəçilik siyasətindən SSRİ məkanında yararlanmaq üçün onu Moskvaya dəvət etdilər. Moskvaya getdikdən sonra Azərbaycanda Heydər Əliyevin həyata keçirdiyi işləri davam etdirən tapılmadı: ölkə parçalanma və qardaş qırğını ilə üz-üzə qaldı.

 

Heydər Əliyev ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə isə xalqa özünün başladığı işləri davam etdirə biləcək yeni lideri - İlham Əliyevi təqdim etdi. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyinə bu gün hər bir azərbaycanlı şahiddir. Azərbaycanın gündən-günə inkişafı, ölkədə mövcud olan sabitlik, beynəlxalq aləmdə nüfuzumuzun davamlı olaraq artması, Azərbaycan Prezidentinin dünyanın siyasi aləmində liderə çevrilməsi bu siyasətin qüdrətinin nümunəsidir.

 

Heydər Əliyev öz çıxışlarında işğal olunmuş torpaqlarımızın azad ediləcəyini xalqa dəfələrlə bəyan edirdi. Amma ömür vəfa etmədi. Torpaqlarımızın işğaldan azad edilməsini o İlham Əliyevə vəsiyyət etdi. Hər bir azərbaycanlı Ali Baş Komandanın qürurla "Mən ata vəsiyyətini yerinə yetirdim!" deyərkən sevincdən gözlərinin yaşardığını gördü. İlham Əliyev öz idarəçilik fəaliyyətində etnopsixoloji köklərə bağlı olduğunu sübut etdi. Bu fikir İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızda etdiyi çıxışlarda və həyata keçirdikləri möhtəşəm quruculuq işlərində özünü bir daha təsdiqlədi. Xalq Heydər Əliyevin "Mən ona özüm qədər inanıram!" fikrinin mənasını indi daha aydınlığı ilə anladı.

 

Son söz əvəzi

 

Hər birimiz Heydər Əliyev kimi dəmir iradəli, qüdrətli bir insanın "Azərbaycan" şeirini deyərkən gözünün yaşardığının şahidi olmuşuq. "Nələr çəkmiş başın sənin" misrası Azərbaycan tarixinin ümumiləşdirilmiş ifadəsi kimi səslənir, desək, səhv etmərik. Heydər Əliyev bu tarixi dərindən bilirdi, bu tarixdə qəhrəmanlıq salnamələri ilə yanaşı faciələr də az deyildi. Ulu öndərin və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyəti etnopsixoloji köklərə bağlı olduğu üçün Azərbaycan tarixinə yeni şərəfli səhifələr yazıldı. Bu təcrübə bizim hər birimiz üçün örnəkdir. Hər birimiz etnopsixoloji köklərə bağlılığın nəyə qadir olduğunu gördük. Buna görə də çalışdığımız bütün sahələrdə etnopsixoloji mədəniyyətə üstünlük verərək, Azərbaycanın inkişafı naminə "Güc birlikdədir!" şüarı altında fəaliyyət göstərməliyik. Bu şüar altında Ali Baş Komandanın rəhbərliyi ilə biz Azərbaycan tarixinə hələ çox şərəfli səhifələr yazacağıq.

 

 

Hikmət ƏLİZADƏ

Pedaqoji elmlər doktoru, professor

 

525-ci qəzet.- 2022.- 11 may.- S.10-11.